“Fazil Məmmədov zəlzələsi” kimləri kürsüsündən salacaq?

“Fazil Məmmədov zəlzələsi” kimləri kürsüsündən salacaq?

 


Bir neçə icra başçısının fəaliyyəti yoxlanılacaq

18 ildən artıq bir müddətdə ölkənin vergi orqanına, 1999-cu il iyun ayının 20-dәn  Baş Dövlәt Vergi Müfәttişliyinə, 2000-ci il fevral ayının 11-dәn isə  Azәrbaycan Vergilәr Nazirliyinə rəhbərlik edən Fazil Məmmədovun dekabrın 5-də qəflətən vəzifəsindən uzaqlaşdırılması məmur təbəqəsində kiçik də olsa zəlzələ effekti yaradıb. Məlumatlara görə, vəzifəsindən qəfil kənarlaşdırılmış, artıq həbs təhlükəsi ilə üzləşmiş Fazil Məmmədovun kadrlarının da başı üzərini qara buludlar alıb. Bu ilk öncə Vergilər Nazirliyinin rəhbər heyyətinə və Fazil Məmmədovun kadrlarının rəhbərlik etdiyi rayonların icra başçılarına aiddir. Sabiq vergilər nazirinin kadrlarının rəhbərlik etdiyi rayonların sırasına paytaxtın Binəqədi rayonu, Fazil Məmmədovun ata yurdu Şəmkir, onunla qonşu olan Gədəbəy  və İsmayıllı rayonları daxildir.

Fazil Məmmədovun qəfil istefaya göndərilməsindən sonra karyerası təhlükə altına düşən məmurların siyahısına Binəqədi rayon icra hakimiyyətinin başçısı, sabiq nazirin bacısının həyat yoldaşı Xaləddin İsgəndərov başçılıq edir. Qeyd edək ki, Xaləddin İsgəndərov üçün bu təhlükənin artmasının başqa səbəbləri də var. Belə ki, Xaləddin İsgəndərov icra başçısı olduqdan sonra qaynına arxayin olaraq paytaxt meri Hacıbala Abutalıbov da daxil olmaqla bir çox iri vəzifəli məmurların maraqlarına toxunmaqdan çəkinməyib. Həmin məmurların indi onunla haqq-hesab çəkmək istəyəcəkləri də çox təbii haldır. Onu da qeyd edək ki, Xaləddin İsgəndərov icra başçısı təyin edilməzdən əvvəl uzun müddət Vergilər Nazirliyinin regional qurumlarında rəhbər vəzifələr daşıyıb. Bu vəzifə o heç şübhəsiz ki, qaynı Fazil Məmmədovun vergilər naziri olması sayəsində təyinat ala bilib. Əks halda 1992-2001-ci illərdə "Azər” təsərrüfat hesablı müəssisənin direktoru olan Xaləddin İsgəndərovun qısa müddət ərzində, 2001-2003-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin böyük referenti vəzifəsində çalışdıqdan sonra 2003-cü ildə Vergilər Nazirliyinin Yevlax şəhərində yerləşən 11 saylı Ərazi Vergi İdarələrinin rəis müavini təyinatı mümkün olmazdı. 11 saylı Ərazi Vergi İdarəsi ilə yanaşı 14 saylı Ərazi Vergi İdarəsinin də, Bakı şəhəri Vergilər Departamentində, Vergilər Nazirliyi yanında Xüsusi rejimli Vergi Xidməti Departamentində müxtəlif rəhbər vəzifələr qazana bilməsi də onun Fazil Məmmədovun bacısının həyat yoldaşı olması ilə bağlıdır. Daha sonra Binəqədi rayon icra hakimiyyətinin başçısı təyin olunması da Fazil Məmmədovun təqdimatı və himayəsi nəticəsində mümkün olmuşdur.  İndi Fazil Məmmədov nazir vəzifəsindən qəfil kənarlaşdırıldıqdan və haqqında ciddi ittihamlar səsləndikdən sonra Xaləddin İsgəndərovun uzun müddət vəzifəsini qoruya bilməsi mümkün görünmür.

Xaləddin İsgəndərovdan sonra karyerası təhlükə altına düşən məmurların siyahısında Şəmkir rayonunun "Memati” ləqəbli icra başçısı Alimpaşa Məmmədov adı gəlir. Alimpaşa Məmmədovun Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi və Fazil Məmmədov ata yurdu olan Şəmkirin icra başçısı olması bu şəxsin sabiq nazirə nə qədər yaxın olduğunu göstərir. İndi də vurulması gözlənilən məmurların siyahısında onun adının ikinci olması çox təbiidir.

Gədəbəy rayonu icra hakimiyyətinin başçısı Ramiz Yediyarov da Fazil Məmmədovun kadrlarından hesab olunur. 1997-ci ildən dövlət vergi orqanlarında çalışan Ramiz Yediyarovun bu orqanda vəzifə yüksəlişi Fazil Məmmədov Dövlət Vergi Müfəttişliyinin rəisi təyin edildikdən sonra başlamışdır. Belə ki, Ramiz Yediyarov 15.03.2000-ci ildə Şəki şəhəri üzrə Dövlət Vergi Müfəttişliyinin hüquqi şəxslərin vergiyə cəlb edilməsi şöbəsinin dövlət vergi müfəttişi vəzifəsindən  11 saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələr şöbəsinin rəisi vəzifəsinə tədricənyüksəlmişdir. Bu həmin Ərazi Vergilər İdarəsidirki, hazırda Binəqədi rayon icra başçısı olan Xaləddin İsgəndərov uzun müddət rəis müavini olub. Sonradan onların birgə əməkdaşlığı Ramiz Yediyarov Bakı şəhəri Vergilər Departamentinin 2 saylı filialının rəisi və  Bakı şəhəri Vergilər Departamentinin rəis müavini vəzifələrində işləyəndə də davam edib

 Fazil Məmmədova görə karyerası təhlükə altına düşən icra başçılarından biri də ismayıllı rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqovdur.

Sabiq nazir Fazil Mәmmәdov 1989-cu ildә  Maliyyә-Kredit Texnikumuna müəllim qəbul olunması Mirdamət Sadıqovun 1988-ci ildə Bakı Maliyyə-Kredit Texnikumunun direktoru olması sayəsində mümkün olub. Fazil Məmmədovla Mirdamət Sadıqovun şəxsi münasibətləri həmin tarixdən başlayır bə bu gün də davam edir. Fazil Məmmədov Dövlət Vergi Müfəttişliyinin rəisi təyin edildikdən dərhal sonra Mirdamət Sadıqov Bakı şəhəri Nəsimi rayonu üzrə Vergilər İdarəsinin rəisi təyin olunub. 2000-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə Vyana şəhərində ixtisasartırma və təcrübə mübadiləsində iştirak etməsinə, 2007-2008-ci ilərdə Vergilər Nazirliyinin Vergi Siyasəti və Vergi Qanunvericiliyi Strateji Araşdırmalar Mərkəzinin Baş İdarə rəisi vəzifəsində işləməsinə görə də Mirdamət Sadıqov Fazil Məmmədova borcludur. Görünür, buna görədir ki, bu gün Fazil Məmmədov İsmayıllıda on hektarla torpaq sahəsini ələ keçirə bilib. İndi Fazil Məmmədov vurulduqdan sonra Mirdamət Sadıqovun da karyerasının təhlükə altına düşməsi çox gözləniləndir. Bu yazıda adları sadalanan icra başçılarının hər birinin faəliyyəti ilə bağlı xüsusi araşdırma aparmağa çalışacağıq.

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}