XALQIN ŞAİRİNİN XATİRƏSİ ANILDI


 

XALQIN ŞAİRİNİN XATİRƏSİ ANILDI

 

Azərbaycanımızın Qərb ucqarında yerləşən və Qərb qapısı adlanan Qədim Qazax yenə şeir-sənət aləminin bəzəkli çələnginə bürünmüşdür. El-obanın tarixi ənənəsinə uyğun olaraq Şairlər vətənində bu dəfəki şərafət və fəxarət çələngi Azərbaycan şeirinin bayraqdarlarından biri – görkəmli Xalq şairi Osman Sarıvəllinin doğum-anım günü şərəfinə bəzəmişdi Qazax elatı.

 

Bu da təsadüfi deyildi. Əvvəla, Osman Sarıvəlli dahi Xalq şairimiz Səməd Vurğundan sonra ən çox sevilən şairlərimizdən biridir və bir də Osman Sarıvəlli torpağı, ana yurdu, doğma diyarı və bu diyarın el-elatını, toy-büsatını, həyatın səsini-sözünü deyən, xalqın arzusunu, istəyini duyan sənətkar olmuşdur. O yazır:

 

...Göylərə uçsam da, bağlıyam yenə

Əziz, doğma yurda, doğma Vətənə.

Min eldə min nemət dadsam da, mənə

Şəkərdi bu yerlər, baldı bu yerlər.

 

Şair eldən alır öz nəfəsini,

Gəldim eşitməyə elin səsini,

Könlümün dil açan kəmənçəsini,

Zərif əllərilə çaldı bu yerlər.

 

Kim minib Qazaxın dilboz atını,

Götürüb toyların şal-xalatını,

Şeirin, sənətin mükafatını,

Hər zaman, hər yanda aldı bu yerlər.

 

Bəli, doğrudan da Osman Sarıvəlli öz səsini, həvəsini və nəfəsini eldən alan, ruhunu kəndə-kəndistana- ana yurda bağlayan söz sərrafı olmuşdur. Və bütün həyatı boyu yaradıcılıq rübabını bu sevgini çalıb-çağırmağa kökləmişdir.

Sazın-sözün, sənətkarın qədrini bilib, hörmətini əziz tutan Qazax elatı da sevimli şairin doğum gününü (O.Sarıvəlli 1905-ci ilin 17 dekabrında dünyaya göz açmışdır) şairin adına layiq, sevgi ilə qarşılayırdılar. Bu işdə Qazax Rayon İcra Hakimiyyəti, xüsusən də Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov böyük fədakarlıq və əsl vətəndaşlıq nümayiş etdirmişdir.

Cənab R.Babaşov bir icra başçısı kimi rayona ayaq basdığı ilk günlərdən çox hörmətli Prezidentimiz cənab İlham Əliyevin xüsusi göstərişi ilə rayonda abadlıq və yenidənqurma işlərinə, kənd təsərrüfatının inkişafına, əhalini narahat edən sosial problemlərin həllinə və xalqın mənəvi saflığının, onun tarixinə, varislik adət-ənənəsinə böyük sevgi-sayğı göstərir.

Məhz bu anım günü də hörmətli Başçının şəxsi təşəbbüsü ilə böyük el bayramı kimi qeyd edilmişdir. Anım günündən xeyli əvvəl, o, şəxsən Osman Sarıvəllinin dəfn edildiyi məzarlığa getmiş, orada şairə ehtiram əlaməti olaraq, dəfn edildiyi ərazi abadlaşdırılmış, qəbirüstü abidəsi yenisi ilə əvəz edilmiş, əraziyə bəzək kolları və gül-çiçək əkilmiş, qəbiristanlığa gedən yol büsbütün yenidən qurulmuşdur. Bu işdə hörmətli Başçıya bütün Şıxlı camaatı və rayonun əlaqədar tikinti təşkilatları yaxından kömək etmişdir.

Anım günü rayon ictimaiyyətinin və Şıxlı camaatının iştirakı ilə Xalq şairinin məzarı önündə başladı. Şairin və onun ailə üzvlərinin – sevimli həyat yoldaşı Sayalı xanımın və dünyadan vaxtsız köçmüş üç oğlunun – texnika elmləri doktoru Afər Qurbanovun, fəlsəfə elmləri doktoru, professor Rafiq Qurbanovun və rəssam Seyran Qurbanovun qəbirüstü abidələri önünə gül dəstələri qoyuldu, ruhlarına dualar oxundu. Məktəbli şagirdlər şairin şeirlərindən parçaları əzbər söylədilər.

Anım günündə dünyadan vaxtsız köçmüş istedadlı şair Eldar Nəsiblinin də məzarı üstünə gül dəstələri qoyuldu və el aşıqları onun "Bura Qazaxdır, oğlum” şeirini söylədilər. həmin gün dahi Xalq şairi Səməd Vurğunun və Molla Pənah Vaqifin abidələri önünə gül dəstələri qoyulub, Səməd Vurğunun ev muzeyi ziyarət edildi.

Xalq şairi Osman Sarıvəllinin anım gününün son akkordu möhtərəm prezidentimiz cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə tikilib istifadəyə verilmiş və Qazax camaatına hədiyyə edilmiş "Ədəbiyyat evi”nin geniş salonunda vuruldu. Böyük şairə ehtiram göstərən eloğluları – Bakıdan təşrif buyuran akademik Teymur Bünyadov, akademik Nizami Cəfərov, professor İlham Pirməmmədov, professor Kanal Rüstəm, şairlərdən Barat Vüsal, Musa Ələkbərli və qeyriləri çıxış edərək, Osman Sarıvəllinin anadan olduğu xoş gün münasibətilə ürək sözlərini və şairlə bağlı xatirələrini söylədilər. el aşıqları şairin şeirlərini şövqlə ifa etdilər.

Sonda Türkiyə Respublikasından doğma yurda dəvət edilmiş Ərzurum Universitetinin professoru, fəlsəfə elmləri doktoru Babək Qurbanov sevimli atası haqqında xatirələrini danışdı və Osman Sarıvəlliyə el bayramını andıran xatirə gününün böyük zəhmət və möhtərəm şairə məhəbbət duyğuları hesabına yüksək əhval-ruhiyyə ilə keçirdiyinə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov cənablarına dərin təşəkkürünü bildirdi.

Həmin el şənliyində Osman Sarıvəllinin mənəvi varisi kimi mən də çıxış edib, şairə və onun həyat yoldaşı, çox hörmətli Sayalı xanıma Tanrı duaları oxudum və Sayalı xanıma həsr etdiyim şeiri oxudum:

 

 

 

Sayalı bibi

 

Salam, ey Tanrının bəxtəvərləri! -

Əziz Osman əmi, Sayalı bibi!

Olmusuz həmişə dilim əzbəri,

Sizi anlayalı-duyalı, bibi, –

Sayalı bibi.

 

O vaxtlar kim idim? - Bir kənd uşağı,

Nə solu tanırdım, nə də ki, sağı.

Mənə həyan durdun anam sayağı,

Qapınıza ayaq qoyalı, bibi, –

Sayalı bibi.

 

Mənə oğul dedin candan-ürəkdən,

Ayırmadın bir an balan Babəkdən,

Lap soydan-soyaddan, nəsildən-kökdən,

Haqdan-halallıqdan, mayalı bibi –

Sayalı bibi.

 

Binadan bəxtəvər, bəxti ağ idin,

Qohuma-qardaşa sən dayaq idin,

Osman əmiyə də şam-çıraq idin,

İlahidən nurlu-ziyalı bibi –

Sayalı bibi.

 

Gəlsə də evinə gündə yüz qonaq,

Nə üz turşudardın, nə də qaşqabaq.

Sevinc paylayardın hamıya ancaq,

Sayğılı, qayğılı-qayəli bibi –

Sayalı bibi.

 

Təbəssümün dərmanıydı hər dərdin,

Onu müdam üstümüzə səpərdin,

Asta danışardın, sakit gülərdin,

Ülfətli, ismətli, həyalı bibi, –

Sayalı bibi.

 

 

 

Sən idin meyarı namus-arın da,

İnamın, ilqarın, etibarın da.

Lalə gül açardı yanaqlarında,

Qüdrətdən xınalı, boyalı bibi –

Sayalı bibi.

 

Sənsən "Şux gözəli” şair Osmanın,

"Eşqimin əzəli” – deyir Osmanın.

Qayım-qədim olsun əhdin-peymanın,

Cənnətdə tapasız vüsalı, bibi –

Sayalı bibi.

 

Sizi duyan dostum, görüm var olsun!

Yurda həyan olsun, elə yar olsun!

Havadar, vəfadar, iqtidar olsun,

Şöhrəti bəzəsin mahalı, bibi –

Sayalı bibi.

 

Əfşan dayanıbdır yenə qarşında,

Sevginiz də ürəyimin başında.

Yatdığınız bu torpağın daşı da,

Mənə olub zərdən bahalı, bibi –

Sayalı bibi.

 

Məmməd ƏFŞAN,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}