Rəhbərə “rəhmət” oxutduran rəhbər

 

Yaxud şəxsiyyətə pərəstiş = talon sistemi...

Dəniz qonşumuz Türkmənistandan həyəcanlı xəbərlər gəlir. Təsəvvür edin, dünənədək "qazın, işığın havayı” olduğu məmləkət kimi başqa ölkələrə örnək göstərilən bu türk diyarında un qəhətə çəkilib, ərzaq sürətlə bahalaşır. Sanki müharibə dövründəki kimi əhalisi qıtlıq yaşayır.

"Azadlıq” radiosu xəbər verib ki, hətta heyvanlar üçün nəzərdə tutulan kəpəyi adamlar qida üçün istifadə edirlər və həmin kəpək üçün uzun növbələr yaranmağa başlayıb. Şəhərlərin birində çəkilmiş videodan görünür ki, qadınlar və uşaqlar kəpək üstündə dalaşır. Bildirilir ki, fevralda unun qiyməti iki dəfə artıb. Digər qida məhsulları da 70-100%  bahalaşıb. Dövlət mağazalarında un əhaliyə talonla (5 kilodan artıq olmamaqla!) verilir. Bu talonlar üçün də 5 dövlət müəssisəsindən ərizə almaq lazımdır. Bundan sonra isə 5 kilo unu əldə eləməkdən ötrü 10-15 gün (!) növbələrdə durmalısan.

Beləcə, Türkmənistan sanki XXI əsrdən XX əsrin 30-cu, ən yaxşı halda 60-70-ci illərinə, yəni geriyə "sıçrayış” edib. Başqa xalqlar qabağa gedir, türkmənlər isə... un tapmır, aclıq keçirirlər. Halbuki, Türkmənistan dünyanın ən zəngin neft-qaz ölkələrindən biridir. Burada indiyədək 144 neft-qaz yatağı aşkar edilib ki, onların da 40-ı hal-hazırda istismardadır. Hələ Xəzərin Türkmənistan sektorundakı zəngin balıq və kürü ehtiyatlarını demirik. 

Əhalisi isə cəmi 5 milyondur. Gəl ki, ölkə rəhbərliyi, saçını daim qaraya boyayıb "cavan” qalmağı sevən həkim-prezident Qurbanqulu Berdımuhəmmədov 5 milyonun (onun da yarısı yəqin ki, ölkədə yoxdur!) adi ərzaq ehtiyacını qarşılaya bilmir, çıxış yolunu sovetin talon sisteminə keçiddə görür.

İbrətamizdir. Bir ölkənin nefti-qazı doğrudan da hələ onun xalqı üçün xoşbəxtlik demək deyil - əgər təbii ki, həmin ölkə 30-cu illərin qafası ilə idarə olunursa, orada tərəqqiyə yox, şəxsiyyətə pərəstiş varsa. Şəxsiyyət pərəstiş olan yerdə isə əlbəttə ki, talon sistemi var!.. 

Türkmənistanda yaşanan acınacaqlı durum bu sadə gerçəyi də təsdiqləyir ki, hər hansı ölkənin ən qiymətli və əvəzsiz sərvəti onun təbii qaynaqları deyil, azad, işgüzar, bacarıqlı insanlarıdır! Yetər ki, insana özünü, ailəsini dolandırmaq, potensialını, istedadını ortaya qoymaq üçün minimal şərait, normal biznes mühiti, azad iqtisadi rəqabət şəraiti yaradasan, iqtisadi islahatların önündə əngəl olmayasan, mülkiyyətin toxunulmazlığına təminat verəsən.

O zaman ölkənin neft-qazına ehtiyac qalmayacaq. Misal: Türkmənistandan ərazicə təxminən 10 dəfə kiçik olan Avropa ölkəsi Hollandiyanın neft-qazı yoxdur. Ancaq təkcə kənd təsərrüfatından ildə 80 milyard dollar gəlir götürür, vətəndaşı türkməndən on dəfələrlə yaxşı yaşayır. Nəyin sayəsində? Şəksiz ki, ən əvvəl modern idarəçilik sayəsində, azad insanları, azad iqtisadiyyatı hesabına. Deyilə bilər ki, Türkmənistanda əkinə yararlı torpaqlar çox deyil. Ancaq əhalisi də Hollandiyadan (16 milyon) 3 dəfə azdır. Qiymətli təbii qaynaqları da ki, öz yerində...

Məsələ də ondadır ki, insanların əlindəki buxovlar götürülməyincə, vətəndaşın problemini onun yerinə dövlət həll eləməyə çalışınca, şəxsi mülkiyyətə zəmanət verilməyincə, sağlam iqtisadi rəqabət olmayınca, durum yuxarı-aşağı Türkmənistandan ciddi fərqlənməyəcək. Bundan yayınmaq üçünsə öncə rəhbərin özü təfəkkürcə azad, modern insan olmalıdır. Bacarıqsız, əfəl millətlər yoxdur. Yalnız özünü və tayfasını düşünən bacarıqsız rəhbərlər var.

Çoxları gözləyirdi ki, ilin aylarını belə, öz qohum-qardaşının, anasının adına rəsmiləşdirən Türkmənbaşı (Saparmurad Niyazov) öləndən sonra Qurbanqulu bəy islahatçı rəhbər olacaq, Türkmənistanı irəli aparacaq. Əfsus, olmadı. O, hətta Türkmənbaşından da 2 çömçə betər şəxsiyyətə pərəstiş mühiti yaratdı və... sələfinə "rəhmət” oxutdurdu. Hər halda, Niyazovun dövründə insanlar talona otdurdulmamışdı... 

Hələ üstəlik, Xəzərdə Azərbaycanın "Kəpəz” yatağına iddia edirlər. Çifayda, əgər digər 40 yataq kimi, onun da türkmən xalqına xeyri dəyməyəcəksə...



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}