Eldar Namazov iqtidarı müharibəyə çağırdı:"Qarabağ danışıqları başlasa belə, ciddi effektli olmayacaq, ona görə..."

Eldar Namazov iqtidarı müharibəyə çağırdı:"Qarabağ danışıqları başlasa belə, ciddi effektli olmayacaq, ona görə..."

 

"Azərbaycan ordusu Dağlıq Qarabağı azad etməyə tam hazırdır. Bu yaxınlarda keçirilən genişmiqyaslı təlimlər də məhz belə bir əməliyyatın keçirilməsinə hazırlıq mərhələsi idi".

Sözçü info  xəbər verir ki, bu sözləri Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri Eldar Namazov "Yeni Müsavat”a geniş müsahibəsində deyib.

O bildirib ki, bu fakt Azərbaycan diplomatiyası üçün yeni imkanlar yaratsa da, təəssüf ki, danışıqlar yenə də dalana dirəndi: "Müharibə ehtimalı çox yüksəkdir, hətta 90 faiz əminəm ki, Azərbaycan ordusu ikinci hərbi əməliyyat keçirməyə hazırlaşmalıdır. Bu fikirlərin üzərində indi də qalıram. Azərbaycan ordusunun erməni ordusunun üzərində üstünlüyü şəksizdir. Torpaqlarımızın azad olunması işi yenə də Azərbaycan ordusunun üzərinə düşəcək. Mən əminəm ki, ordumuz belə bir əmr alanda bu vəzifəni layiqində yerinə yetirəcək”.

E.Namazov son günlər erməni tərəfinin yenidən hədələyici bəyanatlarla çıxış eləməsinə də toxunub və bildirib ki, bunun öz səbəbi var:

"Bu yaxınlarda Rusiyanın Müdafiə Nazirliyi ilə sıx əməkdaşlıq edən, faktiki olaraq Rusiyanın hərbi nazirliyinin analitik mərkəzinin böyük bir təhqiqatı işıq üzü gördü. Strategiyaların və Texnologiyaların Araşdırma Mərkəzinin rəhbəri Rusiya müdafiə naziri yanında İctimai Şuranın üzvüdür.

Bu mərkəzin çap elədiyi böyük bir kitabda açıq-aydın göstərilib və faktlarla sübut edilib ki, Ermənistan ordusunun Azərbaycan ordusu qarşısında heç bir şansı yoxdur. Həm sırf hərbi-texnoloji, həm iqtisadi, həm demoqrafik potensial baxımdan Azərbaycan Ermənistandan qat-qat üstündür, növbəti hərbi savaşda Ermənistan ordusu Azərbaycan ordusuna məğlub olacaq. Məhz bu araşdırma işıq üzü görəndən sonra erməni tərəfindən isterik bəyanatlar verilməyə başlayıb. Erməni generalın və digər erməni rəsmilərin bu cür bəyanatları boş söhbətlərdir. Aprel döyüşlərindən sonra ermənilər hətta bəyanat verirdilər ki, onlarda guya nüvə bombası var. Açıq savaşda uduzan tərəf həmişə bu cür isterikada olur və möcüzəyə inanmağa başlayır. Necə ki, Hitler 1945-ci ildə Sovet ordusu Berlinə yaxınlaşanda hamını inandırmağa çalışırdı ki, onların sehrli silahı var, o silahı işə salacaqlar və Sovet ordusunu Berlinin ətrafında məğlub edəcəklər, indi də erməni generalların bəyanatları məğlubiyyətin astanasında olan tərəfin isterik açıqlamalarına bənzəyir. Ona görə də ermənilərin bu cür bəyanatlarına fikir vermək lazım deyil. Azərbaycan ordusu Dağlıq Qarabağı azad etməyə tam hazırdır. Bu yaxınlarda keçirilən genişmiqyaslı təlimlər də məhz belə bir əməliyyatın keçirilməsinə hazırlıq mərhələsi idi. Siyasi baxımdan bu qərar nə vaxt veriləcək, bunu mənim üçün demək çətindir. Ona görə ki, burada çox amilləri nəzərə almaq lazımdır. Həm beynəlxalq durum, həm başqa ciddi amillər məsələsi var”.

Politoloq bildirib ki, müharibə dövrünün siyasəti, diplomatiyası tam fərqlidir. XİN rəhbəri E.Məmmədyarovun dinc dövr üçün çox yaxşı diplomat olduğunu vurğulayan E.Namazov ölkəmiz üçün hazırda "hərbi diplomatiya” gərəkdiyini açıqlayıb:

"1994-cü ildə atəşkəs imzalanandan sonra dünyada belə bir fikir formalaşmışdı ki, Ermənistanın ordusu Azərbaycan ordusundan qat-qat güclüdür. Bunu müharibənin nəticəsi ilə əsaslandırırdılar. Azərbaycan diplomatiyası üçün bu çox əlverişsiz şərait idi. Ancaq buna baxmayaraq, başqa amillərdən, xüsusən də neft amilindən istifadə edərək Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan diplomatiyası o dövrdə ciddi uğurlar əldə edə bildi. Bilirsiniz ki, Ermənistanda çox ciddi siyasi böhran yaşandı, Levon Ter-Petrosyan hakimiyyətdən getməli oldu.

Ona görə ki, onlar ATƏT-in sammitində Dağlıq Qarabağla bağlı çox ciddi bir zərbə almışdılar. ATƏT-ə daxil olan bütün dövlətlər bəyan etmişdilər ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində muxtariyyət statusu almalıdır. Bunu Ermənistanda hüquqi soyqırım kimi qələmə verdilər və hakimiyyəti suçlamağa başladılar ki, diplomatiyada Azərbaycana uduzub. Mitinqlər başlandı və Ter-Petrosyan hakimiyyətdən getməli oldu. O dövrlərdə diplomatiyamızın ciddi uğurlarından biri ilk dəfə olaraq ATƏT-in tarixində ATƏT-in sülhməramlı qüvvələrinin formalaşması və Qarabağ konfliktinin həlli üçün ondan istifadə edilməsi haqqında qərar qəbul olunması idi. O dövrə qədər ATƏT heç bir konfliktə görə belə bir qərar qəbul etməmişdi. Məhz Azərbaycan diplomatiyasının səyləri nəticəsində biz bu işdə bir çox dövlətlərin dəstəyini ala bildik. Ermənistanın və Rusiyanın müqavimətinə baxmayaraq, ATƏT belə bir qərar çıxardı. Yəni bu cür nümunələr gətirə bilərəm ki, o vaxtlar biz Azərbaycan ordusunun gücünə arxalana bilməsək də, Qarabağ məsələsi ilə bağlı çox fəal xarici siyasət yürüdürdük. İndi 2016-cı ilin aprel döyüşlərindən sonra vəziyyət tam fərqlidir. Yəni Azərbaycan ordusu Azərbaycan diplomatiyası üçün gözəl bir şərait yaratmışdı.

Azərbaycan ordusu üstünlüyünü nümayiş etdirəndən sonra bunu Vaşinqtonda da, Moskvada da, Brüsseldə də, Parisdə də etiraf eləməyə başladılar ki, Azərbaycan ordusu Qarabağı azad eləyə bilər, buna qadirdir. Belə bir şəraitdə hesab edirəm ki, "ənənəvi diplomatik strategiya aparmaq üçün biz danışıqlara getməliyik, ermənilər danışıqlara gəlmir görək harada biz onlarla görüşə biləcəyik, şəkil çəkdirib danışıqların davam etdiyini nümayiş etdirəcəyik” kimi strategiya artıq yerimir. Bu strategiya aprel döyüşlərinə qədərki dövrü əhatə edən bir yanaşma idi. İndi tamam başqa yanaşma lazımdır. Müharibə vəziyyətində olan və ordusu öz üstünlüyünü nümayiş etdirən bir tərəfin çox fəal, sərt diplomatik strategiyası olmalı və tətbiq edilməlidir”.

Ermənistanda idarəetmə formasının dəyişdiyini və koalision hökumətdən güzəşt almağın çətinliyini vurğulayan E.Namazovun sözlərinə görə, seçki prosesindən sonra Qarabağ danışıqları başlasa belə, ciddi effektli olmayacaq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}