Ekspert 40 min imza toplamağa QƏRAR VERDİ

Ekspert 40 min imza toplamağa QƏRAR VERDİ

 

Elçin Qurbanov: "Milli Məclisin öz səlahiyyətindən xəbəri yoxdur”

"Rüşvət və korrupsiya ilə mübarizə aparmaq üçün cəmiyyətdə pul-mübadilə mədəniyyəti yaradılmalıdır. Bu işdə Vergilər Nazirliyinin xüsusi xidmətləri olmalıdır”.

Sözçü info xəbər verir ki, Auditorlar Palatasının üzvü Elçin Qurbanovun Vergi Məcəlləsinə dəyişikliklə bağlı hazırladığı təklifdə belə deyilir.

Təklifə görə, Mülki hüquqlar insanların mütləq hüquqlarına daha çox uyğunlaşdırılmalıdır, nəinki nisbi hüquqlarına:

"Təbii hüquq fəlsəfəsi hər kəsin insan olduğundan irəli gələn ona təbiətin bəxş etdiyi mütləq hüquqlara malik olduğunu ( yaşamaq, əmək, ailə və .s), bu hüquqların həyata keçirilməsində heç bir məhdudiyyətin qoyulmadığını irəli sürdüyü kimi, mülkiyyət hüququnun həyata keçirilməsi də təbii ehtiyac normalarına uyğunlaşdırılmalıdır.

Pul siyasətinin düzgün təşkili üçün hökmən pul –mübadilə mədəniyyəti normaları yaradılmalıdır. Dövlət pul siyasətində yalnız sosial-iqtisadi nəticələri deyil, mənəvi nəticələri də nəzərə almalıdır. Mənəvi nəticələr isə ədalətsizliyə, qanunsuzluğa və cinayətlərə aparan amillərin yaranma mənbəyidir. Pul amili ən kiçik cinayətkar qruplaşmalardan tutumuş, ən böyük və qlobal cinayətlərə qədər bütün layihələrin önündə və sonunda əsas səbəb kimi dayanır. Biz korrupsiya ilə ciddi mübarizə aparmaq istəyiriksə, milli fəaliyyət planında milli qanunvericiliyin milli psixologiya ilə uyğunlaşdırılmasına diqqət yetirməliyik.

Hətta pula, qızıla, gümüşə və başqa maddi qiymətlilərə xüsusi önəm verən və dövlət xəzinəsinin əsas dəfinəsi kimi qəbul edən Proteksionizm (Merkantilizm) cərəyanının yaradıcısı Antuan Monkretyen de Vatteville qeyd edirdi ki, dövləti qızıl və gümüşün çoxluğu deyil, insanların yaşayışı üçün lazım olan (qida , geyim , enerji və .s) resursların bolluğu varlı edir. Bu həm də vətəndaşların xoşbəxtliyi deməkdir. Əks halda isə pul sərvətinə yaranan ehtiras insanların tərbiyəsinə pis təsir edir və nəticədə xəyanət, yalan və əxlaqi aşınma baş verir. Bugünkü bürokratik ünsürlərin rüşvətxorluq və korrupsiya əməllərinin qarşısı alınmazlığında əsas səbəb elə budur.

Əlbəttə ki, ən yaxşı mübarizə forması təbliğatdır, amma milli psixologiyanı nəzərə alsaq, bu gün təbliğatla yanaşı inzibatçılığın da özünəməxsus rolunun olduğu təkzibedilməzdir. Bu işdə dövlətin pul siyasətini müəyyən edən və həyata keçirən Mərkəzi Bankın və iqtisadiyyatı tənzimləmə aləti kimi vergi siyasətinin xüsusi rolu ola bilər. Hesab edirəm ki, cəmiyyətdə pul mübadilə mədəniyyəti yaradılmalıdır və bunun üçün xüsusi konsepsiya müəyyən edilməlidir.

Belə bir mədəniyyətin nəyə görə lazım olduğunu sadə misalla izah etməyə çalışaq. Gəlin, tikinti sahəsinə nəzər salaq; hansı ki, vətəndaşların mənzil hüququnun gerçəkləşdirilməsi ilə bilavasitə əlaqəlidir. Kimlərsə beşotaqlı mənzilə ehtiyacı olduğu halda, birotaqlı mənzil belə, əldə edə bilmir. Kimlərsə bir mənzilə ehtiyacı olmasına baxmayaraq, onlarla, hətta yüzlərlə mənzilə sahibdir. Daha asan gəlir əldə etmək üçün mənzilləri icarəyə verirlər və gəlirlərini asanlıqla vergidən yayındırırlar. Bu da məzil bazarında tələb və təklifin qeyri-təbii və ədalətsiz vəziyyətini formalaşdırır.

Əslində tələb azaldıqca, təklif aşağı düşməlidir. Bununla da mənzil qiymətləri tədricən hər kəs üçün əlçatan olmalıdır. Amma təəssüflər olsun ki, belə deyil. Bu elə pul-mübadilə mədəniyyətinin olmamasından irəli gəlir. Ehtiyac normalarından kənara çıxmaq digərlərinin ədalətsiz maneələrlə üz-üzə qalması ilə nəticələnir. Belə ehtiyac normalarının düzgün tənzimlənməməsi məsələnin inzibati yollarla nizamlanmasına zərurət yaradır.

Mövcud mənzərə Azərbaycan reallığı üçün monetarçıların tənqidlə yanaşdığı Keyns baxışlarının daha düz olduğunu sübut edir. Keynsin tələb inflyasiyası barədə fikri Azərbaycanın milli psixologiyasına uyğun nəticələrlə üst-üstə düşür. Çünki Azərbaycan xalqı üçün müəyyən olunmuş tələb ola bilməz. Məcmu gəlir artdıqca tələb də artır , hətta məcmu gəlirin həddi defisit də yarada bilər. Odur ki, Monetaristlər belə vəziyyətdə haqlı deyillər.

O ki qaldı probelmin həllində Vergilər Naziriliyinin üzərinə düşən məsuliyyətə, hesab edirəm ki, əvvəlcə qanunvericiliyə müvafiq dəyişiklikliyin edilməsi vacibdir. Sahibliyində iki və daha artıq mənzil olan fiziki şəxslərin əmlak vergisi bələdiyyə büdcəsinə deyil, dövlət büdcəsinə ödənilməlidir. Bir şəxsin iki və daha artıq mənzilinə tətbiq olunan əmlak vergisinin hesablanmasında VM-in 198.1.1. maddəsində nəzərdə tutulmuş azaldılan 30 kv metr ərazisi də vergiyə cəlb olunmalıdır və hər kv metr ərazisinə hesablanan (0,40 manat) vergi mənzilin sayı qədər artırılmalıdır. Məsələn, ikinci mənzilinə görə iki dəfə, üçüncü mənzilinə görə üç dəfə və bu qayda ilə qeyri-sahibkarlıq məqsədləri üçün nəzərdə tutulan əmlaka, əsas vəsaitlərə vergilər artırılmalıdır ki, bu iyrənc ənənəyə son qoyulsun, pul vəsaitləri ictimai məhsulun yaranmasında aktiv iştirak etsin, insanlar pulu daha çox dövriyyə aktivlərinə yönəltsinlər, nəinki əsas vəsaitlərə. Odur ki, Vergi Məcəlləsinə aşağıdakı dəyişikliklərin edilməsi zəruridir. (təklif olunan redaksiya variantı qırmızı kursivlə yazılanlardır)

Maddə 200. Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası

200.1. Binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır.

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan iki və daha artıq binalara və onların ərazisinə görə əmlak vergisi dövllət vergi orqanları tərəfindən hesablanır.

Maddə 200. Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası

200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.

200.4. Bələdiyyələr və dövlət vergi orqanları əmlak vergisi məqəsədləri üçün fiziki şəxslərə tədiyyə bildirişini avqust ayının 1-dən gec olmayaraq verməlidirlər.

200.6. Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.

200.6. Fiziki şəxslərin əmlak vergisi yerli ( bələdiyyə) büdcəyə, bu məcəllənin 200.1. maddəsi ilə müəyyən edilmiş hallarda isə dövlət büdcəsinə ödənilir.

Çox təəssüflər olsun ki, mən Az. Res. Milli Məclisinə çoxsaylı layihə və təkliflərlə müraciət etsəm də, Milli Məclis həmin müraciəti baxılması üçün Vergilər Nazirliyinə ünvanlayır. Məlum olduğu kimi, qanunvericilik təşəbbüsü hüququna Vergilər Nazirliyi deyil, Milli Məclisin deputatları və konstitusiyanın 96-cı maddəsi ilə müəyyən edilmiş digər subyektlər malikdirlər. Belə görünür ki, Milli Məclis öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyil. Ona görə də çox çətin və əziyyətli olsa da, qanunvericilik təşəbbüsü hüququndan 40 min seçki hüququ olan vətəndaşla birgə istifadə etmək tərəfimizdən daha məqsədəuyğun hesab edilir”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}