"Elton müəllim zəng elədi, dedi ki, bu məsələni həll edin" - Ziya Məmmədovun qardaşı oğlu ilə bağlı qalmaqal

"Elton müəllim zəng elədi, dedi ki, bu məsələni həll edin" - Ziya Məmmədovun qardaşı oğlu ilə bağlı qalmaqal

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəmə iclası davam etdirilib.

Sozcu.info "Report"a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nadir İsmayılov ifadə verib.

O bildirib ki, "Zaminbank"ın Müşahidə Şurasının sədri vəzifəsində çalışıb və R.Heybətovla eyni binada yaşayıb: "Rövşən məni Elnurla tanış etdi. Bankdan pulköçürmə ilə bağlı maraqlandı. Onda mən bankın Müşahidə Şurasının sədr müavini işləyirdim. Ona pulköçürməni izah etdim. Daha sonra onları görmədim. Elton müəllim zəng elədi, onunla görüşdüm. Dedi ki, bu məsələni həll edin. Sonra bankda Rövşənlə görüşdüm, ona dedim sənə ayıbdı, biz dost olmuşuq. Rövşənin yaşadığı binanı biz tikmişdik, o da dedi pulun əvəzində 4 otaqlı evimi verirəm. Bunu da Elton müəllimə dedim. Rövşən evinin baha olduğunu deyib əlavə pul istədi, iş uzandı".

N.İsmayılov "Zaminbank"la Türkiyəyə pul köçürülmədiyini deyib.

Məhkəmə prosesi davam etdirilir.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs qismində sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədov tanınır.

E.Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, R.Heybətovun onun etibarından sui-istifadə edərək külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib. R.Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.

İttiham aktına görə, E.Məmmədov işlə bağlı R.Heybətova 200 min dollar verərək Türkiyəyə göndərib. R.Heybətov orada avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman isə pulun üzərində olmadığını görüb. E.Məmmədov isə buna inanmayaraq R.Heybətovun pulu mənimsədiyini bildirib və polisə şikayət edib.

İttihama görə, R.Heybətov E.Məmmədovun 210 min dollar pulunu dələduzluq yolu ilə ələ keçirib.

Xatırladaq ki, E.Məmmədov "Best of the Best" promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}