Ermənistan hakimiyyəti təslim olur: Paşinyan azadlıqda və yenə küçələrdə

 

Bir neçə dəqiqə əvvəl Ermənistanda Serj Sərkisyanın baş nazir postunu tutmasına qarşı güclü xalq etirazlarını başlatmış deputat Nikol Paşinyan İrəvanda təcridxanadan buraxılıb.

Onunla birlikdə tərəfdaşları-deputatlar Sasun Mikaelyan və Ararat Mirzoyan da buraxılıblar. Paşinyan təcridxanadan çıxan kimi nümayişçilərə qoşulub və arası kəsilməyən alqışlarla qarşılanıb. O bildirib ki, təcridxanada baş nazirin müavini Karen Karapetyanla danışıqlar aparıb və danışıqların nəticələrini bu gün axşamkı mitinqdə açıqlayacaq.

*   *   *14:13

Bu dəqiqələrdə Ermənistanın keçmiş baş naziri və indiki vitse-premyeri Karen Karapetyan bəyan edib ki, Baş prokurora etiraz hərəkatının liderləri-deputatlar Nikol Paşinyan, Sasun Mikaelyan və Ararat Mirzoyanın toxunulmazlığının ləğv edilməsinə dair parlamentə göndərdiyi təqdimatı geri çağırmaq üçün müraciət edib. Xəbər verildiyi kimi həmin deputatlar ötən gün polis tərəfindən saxlanılıblar, prokurorluq onların barəsində cinayət işi qaldırmağa hazırlaşırdı.

Lakin Paşinyanın və tərəfdaşlarının saxlanılması tamamilə hakimiyyətin əleyhinə işləyib, ötən gün axşam İrəvanın Respublika meydanına 160 minə yaxın nümayişçi çıxıb. Bu gün səhərdən isə İrəvanın küçələri yüz minlərlə etirazçının nəzarətindədir.

"Bu gün biz qərar qəbul etdik və mən Baş prokurora müraciət etdim ki, toxunulmazlığın ləğvi barədə vəsadəti geri çağırsın. Və mən indi cənab Paşinyanla görüşə gedirəm, çalışacam danışıqlar aparaq və həll yolu tapaq. Sabahkı gün (24 aprel-"soyqırım” günü) olduqca mühümdür və mən əminəm ki, biz yaranmış vəziyyətdən asılı olmayaraq məntiqi həll yolu tapa biləcəyimizi bütün dünyaya sübut edəcəyik”-Karen Karapetyan bildirib.

Bu gün Ermənistan prezidentinin iqamətgahında baş nazir Serj Sərkisyan, baş nazirin müavini Karen Karapetyan və spiker Ara Babloyanın iştirakı ilə müşavirə olub. Müşavirədə hansı qərarın qəbul edildiyi məlum deyil. Ötən gün Serj Sərkisyan İrəvandakı "Armenia-Mariott” otelində Paşinyanın ayağına gedib və onunla görüş keçirib. Lakin Paşinyan bildirib ki, Sərkisyanla ancaq onun istefasının şərtlərini müzakirə edə bilər. İndi vitse-premyer Karapetyanın Paşinyana hansı təkliflərlə getdiyi maraq doğurur, istisna deyil ki, Sərkisyan artıq növbədənkənar parlament seçkilərinin keçirilməsinə razılaşıb. Çünki etiraz hərəkatı hər saat böyüməkdədir və əsgərlər, müəllimlər, həkimlər, dövlət qulluqçuları bir-birinin ardınca xalqın tərəfinə keçir.

*   *   *13:30

Bu dəqiqələrdə İrəvanda nümayişçilərin bir qrupu parlament və hökumət binalarının, o cümlədən prezident iqamətgahının yerləşdiyi Baqramyan prospektinə daxil olub. Minlərlə nümayişçi prospekti tikanlı məftillərlə bağlamış polis kordonu qarşısında dayanıblar və deputatları xalqın tərəfinə keçməyə çağırırlar. Onların arasında 2016-cı ilin aprelində Qarabağda gedən döyüşlərin iştirakçıları, bu döyüşlərdə ölənlərin ailə üzvləri də yer alır.

"Biz deputatlarla görüşmək istəyirik, onlara demək istəyirik ki, bu gün hamı küçələrə çıxıb. O cümlədən polislərin və deputatların uşaqları, ailə üzvləri. Biz onları xalqın qarşısına çıxmağa çağırırıq”, - aprel döyüşlərinin iştirakçılarından biri deyib. Nümayişçilər habelə Ermənistan Polisinin rəhbəri Vladimir Qasparyana müraciət edərək nümayişlərdə saxlanılmış gəncləri, aprel döyüşlərinin iştirakçılarını azadlığa buraxmağa çağırıblar.

*   *   *12:56

Bu dəqiqələrdə İrəvan küçələrində dramatik vəziyyət hökm sürür. Belə ki, nümayişçilərin iki böyük dəstəsi öndə xalqın tərəfinə keçən əsgərlər olmaqla Sayat Nova prospektində birləşiblər.

Bir dəstə İrəvan Dövlət Universitetinin əsas binası istiqamətindən hərəkət edib, digər dəstə isə Xancyan küçəsi istiqamətindən irəliləyib.

Nümayişçilərin qarşılaşması prospektdə böyük izdihama səbəb olub, etirazçıların sayı durmadan artır. Əsasən tələbələrdən və gənclərdən ibarət kütlə Serj Sərkisyanın istefasını tələb edir.

Etiraz hərəkatının lideri Nikol Paşinyanın həbs edilməsi belə kütlənin əzmini qıra bilməyib. Nümayişçilər polislə toqquşmaya girmədən olduqca intizamlı hərəkət edir, polis kordonları ilə bağlanan küçələrdən dönüb başqa küçələrə istiqamət alırlar.

Ermənistanın digər iri şəhərlərində də izdihamlı aksiyalar keçirilir. Parlamentin spikeri Aro Babloyan Nikol Paşinyan və onun fraksiyasından olan digər deputatların saxlanıldığı təcridxanaya yollanıb. O, etirazçıların liderləri ilə danışıqlar aparmağa ümid edir.

*   *   *12:12

Yerevanda hərbçilər etiraz aksiyasında iştirak edən tələbələrə qoşulublar. Sozcu.info  xəbər verir ki, bu barədə "Azadlıq” radiosu məlumat yayıb.

Aşağıda təqdim etdiyimiz videodan da göründüyü kimi, nümayişçilərin cərgəsində hərbçilər tələbələrlə birgə addımlayırlar.

*   *   *11:55

Hazırda Yerevanın küçələrində on minlərlə insan etiraz aksiyası keçirir. Canlı yayımdan da göründüyü kimi, etirazçıların arasında tələbələr də var. Tibb universitetinin tələbələri aksiyaya ağ xalatlarla qoşulublar.

Sozcu.info  Ermənistan KİV-lərə istinadən xəbər verir ki, tələbələr Yerevan Dövlət Universitetinin qarşısına toplaşaraq, müəllimləri də onlara qoşulmağa səsləyirlər.

*  *  *10:53

Ermənistanda Serj Sarkisyanın baş nazir təyin edilməsinə etiraz edən kütlə bu gün səhər yenidən ölkə paytaxtının küçələrinə çıxıb.

Sozcu.info RİA "Novosti”yə istinadən xəbər verir ki, aksiyalar Yerevanda eyni zamanda bir neçə yerdə keçirilir. Bunlardan biri Yerevan Dövlət Universitetinin qarşısında başlayıb.

Xatırladaq ki, etiraz aksiyalarının liderləri həbs edilib. Buna baxmayaraq, yüz minlərlə insan küçələrə çıxaraq Sarkisyanın istefasını tələb edir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}