“Sosial evləri” gözdən salan FIRILDAQ - GİLEY

 

Sosial ev sahibi olmaq istəyən Binəqədi rayon sakini özünü Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) əməkdaşı kimi təqdim etmiş şəxs tərəfindən aldadılıb. 


Bu iddia ilə bağlı "Cümhuriyət” qəzetinə müraciət edən Müslüm Quliyev başına gələnləri ictimailləşdirməklə başqalarının da bu məsələdə daha ehtiyatlı davranmalarını istəyib. Şikayətçi qeyd edib ki, sosial binadan mənzil almaq üçün əmlakla bağlı elanlardan Könül Kərimovanın koordinatlarını tapıb. Xanım özünü MİDA-nın əməkdaşı kimi təqdim edərək Müslüm Quliyevdən ev təşkil edilməsi qarşılığında ilkin ödəniş kimi 1000 manat tələb edərək məbləği köçürmək üçün kart hesabı verib: 

"Könül Kərimova məndən lazım olan sənədləri tələb etdi və sosial evlərin satışının bitməsinə az müddət qaldığı üçün tələsdirdi. Bilirdim ki, evlərin satışa çıxarılması mayın 18-də baş tutacaqdı. O, mənə mənzil vəd verəndə anladım ki, qarşılığında nəsə etməliyəm. Ümumiyyətlə, hər kəs bilir ki, qarşılıq üçün "hörmət” rol oynayır. Miqdarını soruşdum. 1000 manat olduğunu dedi. Evin ilkin ödənişi 6530 manat edir. Xanım bildirdi ki, 1000 manat ilkin ödənişin 10 faizini təşkil edir. Vəd etdi ki, bizi növbəyə salacaq və asan imza kartı verəcək. Evdən bütün sənədləri topladıq və bankdan rekvizit kartı aldıq.

Görüşəndə Könül xanım dedi ki, rekvizit kartını və şifrəsini mənə verəcəksiz, məbləği isə içinə yükləyəcəksiz. Amma evi hələ ki görmək olmaz. Yaxın qohumumla bu məsələni müzakirə etdik. Məsələni biləndən sonra qohumum o xanımın konkret dələduz olduğunu dedi. Verdiyi hesab nömrəsini yoxladıq, düzgün deyildi. Özünə dedik, bu dəfə hesabının fotosunu çəkib atdı və məbləği ora köçürməyimizi istədi.

Yenidən yoxlayan zaman məlum oldu ki, hesab kartı heç kimin adına deyil. Yəni sadəcə depozit hesabıdı və heç kimin də adına deyil. Kart kimdədirsə, istədiyi yerdən pulu çıxarıb xərcləyə bilər. Bu məsələnin fırıldaq üzərində qurulduğunu zənn edib Könül xanımdan sənədlərimizi tələb etdik. O, isə sənədləri verməyəcəyini və görüşmək istədiyini bildirdi. Razılaşdıq ki, "Gənclik” metrostansiyasının yanında görüşək. 2 saatdan çox gözlədim, gəlmədi, əlaqə saxladım, bu dəfə məni "20 Yanvar” metrostansiyasına çağırdı. Orada da 4 saatdan çox gözlədim, amma eyni vəziyyət burda da yaşandı. Dəfələrlə əlaqə saxladım, nömrəmi əngəllədiyinin fərqinə vardım. İş elanlarından digər nömrələrini əldə etdim və yazışma ilə sənədlərimin gətirilməsini tələb etdim. İndiyədək sənədlərimi ondan ala bilmirəm və o sənədlərin aqibətindən də xəbərim yoxdur”. 

Şikayətçi qadın makler barədə araşdırmalar aparıb. Məlum olub ki, o, çoxlarına ev vəd edib: "Ev alqı-satqıları ilə bağlı elanlarda yalnız bu xanımın adını görmək olar. Ən çox Günel adı ilə qeydiyyatdadır. Amma elanda Günelin əlaqə bölməsində Könül Kərimovaya məxsus nömrələr yer alır. Açıq-aydın görünür ki, bu qadın "moşennik”dir. İndi mən "atlı olmuşam, o piyada”. Nə onu tapa, nə də sənədlərimi ala bilirəm. İstəyirəm ki, bu məsələ mətbuatda dərc olunsun və məndən başqaları aldanmasın. Düzdür, maddi ziyan çəkməmişəm. Amma kimlərsə bu məsələdə aldana bilər. Çünki bu qadın konkret olaraq bəladır”. 

Şikayətçinin sözlərinə görə başına gətirilənlərdən sonra Mənzil İnşaatı Dövlət Agentliyinə rəsmən müraciət edib. MİDA-dan ona bildirilib ki, qurumun Könül Kərimova adlı əməkdaşı yoxdur və istənilən məsələdə ona hüquqi yardım göstərməyə hazırdırlar. 

Müslüm Quliyev Könül Kərimova barədə dələduzluq faktı ilə bağlı Xətai rayon Polis Bölməsinə müraciət edib və sözügedən xanımla yazışmalarını onlara təqdim edib. Polis Bölməsindən isə ona bildirilib ki, şikayətçinin əlində maddi dəlil olmadığından məsələ nəzarətə götürülmür. 

Barəsində səsləndirilən iddialarla bağlı Könül Kərimovanın mövqeyini almaq üçün onunla əlaqə yaratdıq. O, Müslüm Quliyevi tanımadığını, onunla hər hansı yazışma və ya kontaktda olmadığını dedi. 




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}