"A-92" benzin də bahalaşacaq - EKSPERTDƏN XƏBƏRDARLIQ

"A-92" benzin də bahalaşacaq - EKSPERTDƏN XƏBƏRDARLIQ

 

Məhəmməd Talıblı: ""Premium" markalı benzinin qiyməti artımı növbəti aylarda A-92 markalı benzinin qiymət artımı üçün əsas yaradır"

"Ölkədə "Premium" (Ai-95) markalı benzinin qiyməti 1,25 manatdan 1.50 manatadək, yəni 17 faiz artıb. "Super Premium" (Ai-98) markalı benzinin qiyməti isə 10 qəpik artaraq, 1.60 manat təşkil edib. Yəni, 7 faiz. Hər iki marka üzrə ortalama olaraq 12 faizlik artımdan söhbət gedir". 

 Bu fikirlər "İqtisadi Təhlil İnstitutu" İctimai Birliyinin rəhbəri Məhəmməd Talıblıya məxsusdur.

Hər iki benzin markasının ölkəmizdə istehsal olunmadığını, yəni idxal hesabına təmin olunduğunu vurğulayan iqtisadçı ekspertin sözlərinə görə, istənilən məhsulun dəyər zəncirində kənarçıxma varsa, bu qiymətə təsirsiz ötüşməyəcək: "Yəqin ki, deyəcəklər, bu markanı biz istehsal etmirik ki, qiymətləri artıraq? İdxal qiyməti artırsa, qiymət artımı da qaçılmaz olur. Qonşu Gürcüstanda bu markalı benzinin qiyməti 1,82 ANZ-dir, Türkiyədə 1,94 AZN və s. Əgər bu markalı benzinləri Avropa ölkələrindən idxal edən şirkətlərin sayı və kimliyi məqsədyönlü formada müəyyənləşdiriblərsə, o zaman söhbət inhisar qiymətlərinin diktə olunmasından getməlidir. Əgər bu idxalı həyata keçirən şirkətlər arasında rəqabət olarsa, bu zaman qiymət artımı olmaya da bilərdi. Çünki "Premium" markalı idxal mallarının qiymətlərini Tarif Şurası müəyyənləşdirmir, onu bazar müəyyənləşdirir. Bazarda isə həmin məhsulların məhdud idxalçısı varsa, o zaman qiymət də tələb-təklif əsasında yox, inhisar qiymətləri əsasında formalaşacaq. Bunun da adı idxal inhisarçılığıdır. İnhisarçılığı ya istehsal, yaxud idxal üzərində et, yenə fərq etməyəcək. İstənilən məhsulun dəyər zəncirində kənarçıxma varsa, bu qiymətə təsirsiz ötüşməyəcək".

Hər iki yüksək oktanlı benzini böyük mühərrik gücü olan avtomobillərin istifadə eydiyini deyən Məhəmməd Talıblı bildirib ki, neft pullarının ölkəyə sürətlə daxil olduğu müddətdə bu tip avtomobillər kütləvi olaraq ölkəyə idxal olunub: "Ortalama olaraq ildə 100 min ədəd idxal olunan avtomobillər sırasında mühərrik gücü böyük olan avtomobillər azlıq təşkil etmirdi. Demək, bu qiymət artımı eyni zamanda yaxın müddətdə bu tip avtomobillərin qiymətlərinə təsirsiz ötüşməyəcək. 
Sadə vətəndaşlar düşünə bilərlər ki, bu qiymət artımı bizdən yan keçdi. Çünki ölkədə ölkədə əksər avtomobil istifadəçiləri A-92 markalı benzindən istifadə edir. Keçmiş təcrübələrdən çıxış edərək düşünmək olar ki, böyük ehtimalla "Premium" markalı benzinin qiyməti artımı növbəti aylarda A-92 markalı benzinin qiymət artımı üçün əsas yaradır, vətəndaşlar psixoloji baxımdan bu qiymət artımına hazırlanır. Bu təminatın isə olub-olmaması heç kimə bəlli deyil".

Vazeh BƏHRAMOĞLU



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}