Bakının başı üzərindəki ağ ölüm- bizi boğan toz hardan və necə gəlir…

 

Səhiyyə Nazirliyinin rəsmisi maska taxmağı məsləhət görür; pediatr: "Havadakı toz nəinki allergik, sağlam uşaqlara da zərərlidir” 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin məlumatına görə,  avqustun 30-da Bakı və Abşeron yarımadasında tozun miqdarında saat 19:00-da artım müşahidə olunub. Belə ki, tozun miqdarının sanitar normadan 6 dəfə yuxarı olduğu qeydə alınıb. Atmosferdə müşahidə olunan toza səbəb Türkmənistandan atmosfer axınları ilə toz-dumanının daxil olmasıdır və belə tozlu hava şəraitinin 2 gün davam edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, departament Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır. Xatırladaq ki, saat 10:00-da bu göstərici 3, 13:00-da 5,4, 16:00-da 5,6 dəfə sanitar normadan yuxarı olub. İddia edilir ki, Bakı və Abşeron yarımadasında atmosferdə tozun miqdarının normadan çox olması əslində Türkmənistanla deyil, Bakıda gedən tikinti və söküntü işləri, bir də daş karyerləri ilə əlaqədardır.

İddialara cavab verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji təbliğat sektorunun müdiri Umayra Tağıyeva "Yeni Müsavat”a bildirir ki, keçmişdə də belə proseslər müşahidə  olunub: "Sadəcə indi müasir texnika, peyk sistemlərinə əsaslanaraq  təbiətdə baş verən hadisələri izləmək, proqnozlaşdırmaq və səbəbləri araşdırmaq imkanımız genişlənib. Türkmənistandan bizim ərazimizə gələn toz cənub-şərq axınları ilə hərəkət edən hava kütləsi ilə gəlib. Biz bunu müasir rəqəmli modellərin nəticəsini təhlil edərək müəyyənləşdiririk, eyni zamanda peyk müşahidə sistemləri də bu fikri təsdiqləyir. Düzdür, tikinti zamanı, karxanalarda aparılan iş zamanı atmosferdə tozun miqdarı artır. Lakin bu proses lokal ərazini əhatə edir. Yəni çirklənmə mənbəyinə yaxın yerlədə konsentrasiyalar daha çox olur. Hazırda müşahidə olunan proses sırf sinoptik proseslə bağlıdır. Türkmənistanda tozlu burulğan baş verib. Və həmin toz cənub – şərq axınları ilə tozlu bulud bizim üzərimizə hərəkət edib. Bu toz  Abşeron yarımadasını bütövlüklə əhatə edib. 3 gün əvvəl tozun miqdarı normadan 5-6 dəfə çox deyildi. 5 gün bundan əvvəl, yaxud bir ay əvvəl şəhərdə tikinti yox idi? Daş karyerləri işləmirdi?  İşləyirdi. Onda ilin 365 günü atmosferdə tozun miqdarı 5-6 dəfə çox olmalı idi”.

Maraqlıdır, bəs atmosferdə tozun normadan dəfələrlə çox olması insan orqanizminə necə təsir edir?

Ä°lgili resim

Pediatr Vaqif Qarayev hesab edir ki, Bakı kimi tozlu ikinci şəhər təsəvvür etmək çətindir: "Şəhərin hər yerində tikinti gedir, heç kəs də ətrafı nəzərə almır. Qara Qarayev prospektində 2-3 həftə əvvəl küləkli günlər idi. Ağacların altına təzə torpaq tökürdülər ki, üstünə qazon düzsünlər. Təkcə orada işləyənlər deyil, ətrafdakılar da nəzərə almırlar. Külək torpağı göyə sovururdu. Axı niyə külək olanda tökürsünüz, hava sakit olanda tökmək olmazmı? Deyirlər, Bakıya toz Türkmənistandan gəlib. Bu toz uşaqlara birmənalı ziyandır. Adam hava əvəzinə tozla nəfəs alır, tənəffüs orqanlarına toz gedir. Həmçinin allergik problerləri olan uşaqlarda mütləq kəskinləşmə yaradır. Gözlərdə konnektivit yaradacaq. Yaydır, açıq geyinirik. Tozdakı infeksiya uşaqların dərisinə oturacaq, dəridə müxtəlif problemlər yaradacaq. Allergiyası, astması, bronxiti olmayan sağlam uşaqlarda da mütləq problem yaradacaq. Bu problemlə heç kim məşğul olmur. Toz gözlə görünəndə ən çox da media yazır, amma bir balaca diqqətlə baxsaq, Bakının üzərində həmişə toz olur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Türkmənistanı günahlandırmaqdansa, hər gün şəhərin müxtəlif yerlərində toz-dumana qarışır. Bununla mübarizə aparmalıdır. Ümumdünya Səhiyyə Təşkilatının qənaətinə görə, insanın sağlamlığının cəmi 10-15 faizi təbabətdən asılıdır. Qalan ekoloji faktor, geyim, yemək, yuxu, iş şəraiti filan və s. bunların da təbabətə qətiyyən aidiyyəti yoxdur. Sadəcə, tibb personalı maarifləndirmə baxımından deyə bilər, filan-filan şeylərdən uzaq olun. Vəssalam. İcrası tibb personalına aid deyil. Şəhərin ekoloji vəziyyəti pis gündədirsə, bununla kimsə məşğul olmalıdır. Həkim deyir, uşağı təmiz havada çıxarın. Hara çıxartsın? Bir verilişə baxdım, parklar qupqurudur. Su yoxdur. Su yoxdursa, nəyə getsinlər? Parkların hamısı mərmər, daşdır. Bəs bu yazıq uşaq harada oynasın? Axı uşağın ayağı torpağa, gilə dəyməlidir”.

Pediatr 15-20 il əvvəl Bakının bu vəziyyətdə olmadığını deyir: "Yayın qızmar vaxtı camaat gedirdi ”Torqovı” deyilən əraziyə. Orada yarım saat oturmaq kifayət edirdi ki, insan normal nəfəs alsın. Dənizdən gələn rütubətli hava insanın ağciyərlərini açırdı. Amma indi "Torqovı”da cəmi 5 dəqiqə otursaq, tər basır. Çünki havanın ventilyasiyası yoxdur. "Troqovı”nın ətrafında o qədər göyə dirənən binalar tikiblər ki, hava gəlmir. Sonra Bakının ətrafı daş karyerləri ilə doludur. Yanıma bir ailə gəlmişdi ki, bəs uşağın bədənini yara basıb. Atası soruşdu ki, həkim, siz ancaq uşaqlara baxırsınız? Dedim, bəli. Dedi, mənim də, yoldaşımın da bədənində eyni yaralar var. Məlum oldu ki, hamısı eyni infeksiyadır. Ata daş karyerində işləyirdi. O adamın dediyi məni varımdan yox elədi. Nə iş yerində su var, nə kirayə yaşadığı evdə. İşdən gələndə yuyuna bilmir. Ondan iki gün sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi elan verdi ki, daş karyerlərində tozun miqdarı 10-30 dəfə çoxdur. Daş karyerləri illərdir işləyir, indi oyanmısınız? O karyerlər neçə insanın ömrünü yarıda qoydu, neçə insanı əlil etdi. Yəni Bakının ətrafında xeyli toz var. Türkmənistanı boş verin, oradan gələn toz uçub gedəcək. Daimi qalanla mübarizə aparmaq lazımdır”.

Ziyəddin Kazımov ile ilgili görsel sonucu

"Yeni Müsavat”a danışan Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə havadakı tozun miqdarı normadan artıq olduğu üçün əhalini maska taxmağa çağırır: "Havada toz miqdarının normadan artıq olması ilə əlaqədar hər kəs tozdan özünü qorumaq üçün maska taxmalı, çalışmalıdır ki, belə havada bayırda çox qalmasın. Bu toz gözün selikli qişasına, ağız-burun boşluğuna mənfi təsir göstərir. Bu toz insan orqanizminə uzun müddət təsir göstərərsə, yuxarı tənəffüs yolları xəstəliyi olan insanlarda xəstəliyin kəskinləşməsinə gətirib çıxara bilər”.

Ləman MUSTAFAQIZI,
"Yeni Müsavat”




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}