“Xətai” stansiyasının bağlanacağı vaxt məlum oldu- Açıqlama

“Xətai” stansiyasının bağlanacağı vaxt məlum oldu- Açıqlama

 

Bakı metrosunun "Xətai” stansiyasının bağlanacağı və açılacağı tarix məlum olub.

Bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, Bakı Metropoliteninin 1968-ci ildə istismara verilmiş "Xətai” stansiyasında istismar müddəti başa çatan eskalatorların yeniləri ilə əvəzlənməsi zərurəti yaranıb:

"Stansiya birçıxışlı olduğu üçün təmir dövründə onun bağlanması zərurətə çevrilib. Bunu nəzərə alaraq, "Xətai” stansiyası 2018-ci il sentyabrın 27-dən sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq. Həmçinin "Cəfər Cabbarlı-Xətai” istiqamətində və əksinə olmaqla, sərnişin qatarlarının hərəkəti dayandırılacaq. Bütün təmir-bərpa və quraşdırma işlərinin 2019-cu il avqustun 10-da başa çatdırılması nəzərdə tutulub. Təmir müddətində infrastrukturla bağlı digər təmir-bərpa, yenidənqurma işləri də görüləcək”.

B.Məmmədov bildirib ki, "Xətai” stansiyasında istismar müddətini başa vurmuş 3 eskalator yeniləri ilə əvəzlənəcək:

"1968-ci ildən stansiyada istifadədə olan "LT-2” tipli 3 eskalator söküləcək. Onların əvəzinə Almaniyanın "ThyssenKrupp Fahrtreppe” şirkətinin "Viktoriya Tube” tipli 4 eskalatoru quraşdırılacaq. Dərin özüllü stansiya bir giriş-çıxışlı olduğundan, quraşdırılacaq 4 eskalator sərnişin axınının sürətini daha rahat tənzimləməyə, təhlükəsizliyi gücləndirməyə imkan verəcək. Xatırladaq ki, buna qədər "28 May” və "Sahil” stansiyalarında aparılmış yenidənqurma tədbirləri çərçivəsində sökülmüş 3 eskalatorun yerinə onların 4 ədəd yeni nəsil analoqları quraşdırılıb. Esklatorların dəyişdirilməsi müddətində infrastrukturla bağlı digər təmir-bərpa, yenidənqurma işləri də görüləcək. Bütün təmir-bərpa və quraşdırma işlərinin 2019-cu il avqustun 10-da başa çatdırılması nəzərdə tutulub”.

Metropoliten rəsmisi qeyd edib ki, esklatorların sökülüb yenilənməsi ilə yanaşı, "Xətai” stansiyasında eskalatorların yenilənəcəyi müddətdə vestibülün əsaslı təmiri də aparılacaq:

"Burada divar və döşəmənin istismar müddətini başa vurmuş mərmər-qranit örtüyü sökülərək yenilənəcək, maili gedişin divarları və tavanı dövrün tələblərinə uyğun təmir olunacaq. Həmin müddət ərzində, həmçinin "Xətai” stansiyasının 2-ci baş yolunun və "Xətai-Cəfər Cabbarlı” mənzilinin 2-ci yolunun sağlamlaşdırılması, əsaslı təmiri və yenidən qurulması da başa çatdırılacaq. "Xətai” stansiyasında təmir-bərpa işləri səbəbindən "Xətai-Cəfər Cabbarlı” mənzilində də sərnişin qatarları hərəkət etməyəcək. Lakin "Cəfər Cabbarlı” stansiyası fəaliyyətini davam etdirəcək. Sərnişinlər buradan "28 May” stansiyasına keçid kimi istifadə edə biləcəklər”.



Oxşar Xəbərlər

Xəbər lenti