Bakını sel sularına qərq edənlər CƏZALANDIRILMALIDIR

Bakını sel sularına qərq edənlər CƏZALANDIRILMALIDIR

 

Sovet dövründən qalan kanalizasiya sistemi paytaxtın tələbatını təmin etmək iqtidarında deyil

Müvafiq qurumlar yaxasını kənara çəkmək məqsədiylə məsuliyyəti bir-birinin üzərinə atır

Natiq Cəfərli: "2000-ci illərdə xaotik tikinti bumu başlayanda təməl qazılarkən yağış üçün nəzərdə tutulan xəttlərin çoxu sıradan çıxarılıb"

Xəbər verdiyimiz kimi, sentyabrın 23-də Bakıda səhər saatlarından etibarən güclü yağış yağmağa başlayıb. Nəticədə paytaxtın mərkəzi küçə və prospektləri də daxil olmaqla, bütün yollar, tunel və metro girişlərində hərəkət iflic vəziyyətə düşüb. Belə ki, yağan leysan yağısı kanalizasiyaların daşmasına, yolların asfalt örtüyünün çökməsinə və küçlərdə tıxaclara səbəb olub. Bir sözlə, həmişə olduğu kimi, bu dəfə də Bakı yağışa təslim oldu.

Təbii ki, bu, bir daha onu göstərir ki, müvafiq qurumlar zamanında profilaktik tədbirlər görmədiyindən paytaxtımız yağışın qarşısında aciz duruma düşür, metrostansiyaların keçidlərini, o cümlədən evləri su basır, avtomobillərin və piyadaların hərəkətinə ciddi əngəl yaranır. Bununla yanaşı, o da qeyd olunmalıdır ki, sentyabrın 23-də yaşanan mənzərə Bakının İtaliyanın "Sular şəhəri" adını almış Venesiyaya bənzədiyini qəti əminliklə təsdiqlədi. Sadəcə fərq ondadır ki, Venesiyada suda qayıqla, Bakıda isə maşınla hərəkət edilir.

Mövzu ilə bağlı apardığımız araşdırmaların nəticəsində məlum olub ki, Bakı küçələrinin cəmi 16-17 faizində yağış-kanalizasiya sistemi mövcuddur. Və bu sistem 1970-1980-ci illərdə yaradıldığından həmin dövrün tələbatı üçün hesablanıb. Yəni paytaxtın kanalizasiya sisteminin əsas hissəsi sovet dövründən qaldığı üçün hazırkı kanalizasiya xətləri əhalisi artan Bakını təmin etmək iqtidarında deyil. Çünki bəzi işbazlar iki və ya beşmərtəbəli binanı söküb yerində daha çox insanın yaşadığı 16 mərtəbəli bina tikirlər. Lakin bu zaman yeni kanalizasiya xətti çəkilmir, nəticədə hündürmərtəbəli binalar da köhnə xətlərə qoşulub əlavə yükə səbəb olurlar. Məsələnin maraqlı tərəfi isə ondadır ki, müvafiq qurumlar yaranmış problemi aradan qaldırmaq, bununla bağlı zəruri tədbirlərə başlamaq əvəzinə bir-birini ittiham edirlər. Belə ki, Bakı Şəhər İcra hakimiyyəti (BŞİH) sentyabrın 23-də yağan yağışın törətdiyi fəsadlarla bağlı yaydığı məlumatda ittiham obyekti kimi məhz "Azərsu" ASC-ni göstərib. Mərkəzdə yağış sularının fəsadlarının daha çox olmasının təbii səbəblərindən əlavə texniki səbəbinin də olduğunu bildirən Bakı meriyası hesab edir ki, son dövrlərdə paytaxtın mərkəzi ərazilərində inşa edilən çoxsaylı yeni tikililərin daha da çoxalması, həmçinin "Azərsu" ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ bilinməməsi buna səbəb kimi göstərilə bilər: "Həmin gün Neftçilər prospekti boyu uzanan "Sahil" kollektorunda yağış sularının daşınması üçün nəzərdə tutulan təxliyə xətlərinin çox gec açılması da əlavə problem yaratmışdır. Sonradan bu problem aradan qaldırılmış və axıdılan suyun səviyyəsi kəskin azalmışdır. Bununla əlaqədar gələcəkdə belə halların baş verməməsi üçün "Azərsu" ASC tərəfindən kollektorların gücü ilə bağlı yeni hesablamalar aparılmalı və əlavə tədbirlər görülməlidir". Söz yox ki, qarşı tərəfin Bakı meriyasına cavabı özünü çox gözlətməyib. Belə ki, "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı meriyanın ittihamlarının doğru olmadığını qeyd edib. Onun sözlərinə görə, məhz "Azərsu" əməkdaşlarının çevik davranması nəticəsində "Sahil" metrostansiyası və "Neftçilər" prospekti suların altında qalmaqdan xilas edilib: "Bütün qurğularımız, kollektorlar və digər xətlər tam işlək vəziyyətdə olub. Heç bir gecikmə olmayıb. Gecikmə ilə bağlı deyilənlər yalandır". Öz aramızdır, Bakı meriyası ilə "Azərsu" arasındakı gedən bu mübahisə lap "Evləri köndələn yar" teletamaşasındakı mahnını xatırladır: "Şap elə bilir şudadır, şup elə bilir şapdadır, nə şapdadır nə şupda, yaman tarap-turupda…"

Gördüyünüz kimi, müvafiq qurumlar yaxasını kənara çəkmək məqsədiylə məsuliyyəti bir-birinin üzərinə atır. Halbuki artıq hər kəsə bəllidir ki, paytaxt Bakı da daxil olmaqla, ölkənin az qala bütün şəhər və rayonlarında infrastrukturun inkişafı, yolların çəkilməsi zamanı, bəzi hallarda kanalizasiya sisteminin su ötürmə qabiliyyəti nəzərə alınmayıb. Qeyd edək ki, məsələyə məhz bu konteksdən yanaşan İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov hələ bir müddət öncə paytaxtın mövcud kanalizasiya sisteminin yağış normasına uyğun olmadığını bildirib. 1971-1986-cı illərdə Bakı Baş Tikinti İdarəsinin rəisi və Bakı Şəhər Soveti sədrinin birinci müavini vəzifəsində çalışmış Əzim Məsimov da bu qənaətdədir ki, Bakının su altında qalmasının başlıca səbəbi kanalizasiya sisteminin yararsız halda olmasıdır: "Kanalizasiya sisteminin iki hissəsi var: biri çirkli suların təmizlənməsi, ikincisi isə yerüstü yağış sularının axıdılması üçündür. Bizim hər iki sistem bu gün bərbad vəziyyətdədir".

 

Bu arada, yağışdan sonra Bakının əksər küçə və prospektlərinin, yolların suyun altında qalmasına münasibət bildirən tanınmış iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, paytaxtın kommunal təsərrüfatı, o cümlədən kanalizasiya sistemi maksimum 2 milyon insana hesablanmışdı: "Sovet vaxtı kanalizasiya xəttlərinə paralel yağız suyu üçün əlavə xəttlər də çəkilmişdi. Bu da yağmurlar zamanı kanalizasiya sisteminə yük gətirmirdi, yağış-qar suyu əlavə xəttlərlə dənizə axıdılırdı. Bakı "amfiteatr" stilində tikilmişdi deyə yuxarıdan aşağıya kanalizasiya xəttlərinin diametrində fərq var idi – aşağı endikcə diametr daha böyüyürdü". Son 25 ildə isə 4 milyondan çox insanın Bakıya toplandığını deyən ekspert qeyd edir ki, 2000-ci illərdə xaotik tikinti bumu başlayanda təməl qazılarkən yağış üçün nəzərdə tutulan xəttlərin çoxu sıradan çıxarılıb: "Müxtəlif obyektiv (yəni, Qarabağ müharibəsi, qaçqın və məcburi köçkünlər) və subyektiv (hökumətin bacarıqsızlığı, ölkənin proporsional inkişaf etdirilməməsi, regionlarda dolanışığın olmamağı) səbəblərdən, ölkənin bütün iqtisadi potensialının Bakıya toplanması əhali sayını artırdı, 4 milyondan çox insan Bakıya toplanıb. 2000-ci illərdə xaotik tikinti bumu başlayanda təməl qazılarkən yağış üçün nəzərdə tutulan xəttlərin çoxu sıradan çıxarıldı. Ya kəsib atdılar, ya da onları kanalizasiya xəttlərinə birləşdirdilər ki, bu da xəttlərin daha çox yüklənməsinə səbəb oldu".

Xaotik tikintinin Bakının stilini və seluetini pozduğunu bildirən Natiq Cəfərli yolların və prospektlərin düşüncəsiz tikintisinin çox yerdə "şüşə boğazı" effikti yaratdığını vurğulayıb:"Yəni, çox geniş yollar sonda dar boğaza dirənir, bu da yağış sularının axıntısının olmadığı bir şəraitdə küçələrdə çayların, sellərin yaranmasına səbəb olur. Bundan başqa, su və kanalizasiya sisteminə ayrılan milyardlarla manat korrupsiya sxemlərinə yem oldu. Bunu deməyə ən böyük əsas odur ki, bu günə qədər "Azərsu" ilə bağlı ciddi araşdırma, audit aparılmayıb, nə beynəlxalq kreditlər, nə də büdcədən ayrılan vəsaitlərlə bağlı hesabatlar verilməyib. Korrupsiya sxemləri işlərin əhəmiyyətini, həcmini azaldır, kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə çevrilməsinə imkan vermir. Nəticə olaraq da 2-3 saatlıq yağış Bakını iflic edir". Odur ki, ekspert sözügedən problemlərin siyasi həllini Böyük Şəhər Bələdiyyəsinin yaradılmasında, Mer seçkiləri, şəhər hökumətinin formalaşdırılmasında gördüyünü qeyd edib.

Xülasə, bütün bunların fonunda belə bir nəticəyə gəlmək olar ki, yağışdan sonra yaranan utancverici mənzərəyə görə məsuliyyət daşıyan qurum rəhbərləri mütləq cəzalandırılmalı və yalnız bundan sonra Bakının kanalizasiya sisteminin yenilənməsinə başlanılmalıdır.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}