DEPUTATIN FƏRYADI... - Qüdrət Həsənquliyev pulsuz-parasız qalıb, onu dar ayaqda qoymaq günahdır!

DEPUTATIN FƏRYADI... - Qüdrət Həsənquliyev pulsuz-parasız qalıb, onu dar ayaqda qoymaq günahdır!

 

Bir nəfər deyə bilərmi ki, bəs mən filan vaxt, filan məclisdə idim, namdar şəxslərdən söhbət düşmüşdü, adlar yad ediləndə, əhli-məclis onların ruhlarına salavat çevirdi. Belə savab əməllər indi tək-tük adamların ağlına gələr... Amma mən 70 il bundan əvvəl qədim Bakının kəndlərində belə səhnənin şahidi olmuşam. Seyid Əzim Şirvanini, Sabiri, Abşeronun nurlu üləmasını görmüş, onlarla söhbət etmiş pirani məşədilər, kərbalayılar, hacılar tarixi şəxsiyyətlərin adlarını çox böyük ehtiramla, salavatla yad edirdilər. Ərsəyə çatmaqda olan uşaq da istər babasından, istər atasından klassiklərə belə münasibət görəndən sonra, əlbəttə ki, tarixə tamam başqa gözlərlə baxırdı.

Vacib bir ricət

Üzümü son vaxtlarda himnimiz barədə nə gəldi danışan alimnümalara, ayran vətənpərvərlərinə, başabəla hərşeyşünaslara tuturam! Ey özlərini mənəvi dəyərlərin nigəhbanı sayan həşəmətli cənablar, özünüzə zəhmət verib bu cümlələri oxuyun.

Siz nə idinizsə, biz oyuq,

Sizin indiniz nədirsə,

Biz həmin olacağıq!

Hərbi səfər ərəfəsində Sparta ordusu qəhrəman əcdadların şərəfinə ucaldılmış heykəllərin, büst və barelyeflərin qarşısında səf çəkərək bu misraları oxuyardı. Dünya tarixində ən qısa, ən mənalı himn! Mətləbi uzatmıram, əsl tarixçi bu üç misranın mənasını bilir.

1960-cı illərin ortaları idi, YUNESKO Parisdə dünya dövlətlərinin himnlərinin xüsusi dinləməsini keçirtmişdi. Birinci yeri Fransanın məşhur "Marselyoza”sı ilə bizim himn bölüşdürmüşdü. Yaxşı yadımdadır, fransız sənətşünası Y.Eqertonun məlumatı bizim "Ədəbiyyat və incəsənət” qəzetində dərc olunmuşdu, öz gözümlə oxumuşdum. Bu heç kimin yadına düşmür... Neçə ildir bu barədə danışıram, qulaq asan da yoxdur.

Rus publisistlərinin işlətdikləri bir ifadə var: "Gec açılan minalar”. Çox vacib bir məsələ müzakirə ediləndə uzun-uazadı mübahisələr gedir, hərənin ağzından bir hava gəlir. Nəhayət hamını o qədər də razı salmayan qərar verilir. Amma vəzifəsindən sui-istifadə edən bədxah qəbul edilmiş qərarın altına məkrlə rusların dediyi "gec açılan minanı” qoymağa müvəffəq olur. Yaxşı bilir ki, bir il, beş il, belə lap on ildən sonra ara sakitləşəndə kimlərsə bu məsələni araşdıracaq, aləm bir-birinə dəyəcək, mübahisələr başlayacaq, onsuz da həmrəy olmağı bacarmayan toplum bir-birini didəcək. Düşmənə elə bu lazımdır... Gerbin necə qəbul edildiyini yada salın... Nə kvorum vardı, nə də işin məğzini bilənləri saya salan. Tutduğu vəzifədən xoşhallanan İsa Qəmbərin məkrli oyunu baş tutdu. Dəfələrlə deyildi ki, bu gerb heraldika elminin bütün tələblərinə ziddir. Gerbi o ölkə qəbul edir ki, onun heç bir dövlətçilik ənənəsi olmasın. Bizim isə maşallah qərinələrlə səltənət sürmüş xanədanların sayı bilinmir. Onların da hamısının rəsmi nişanları, herbləri olub.

Gözəl rəssam, əvəzsiz tədqiqatçı Elçin də səsini qaldırdı, neçə ziyalı da dilləndi, amma səmərə olmadı. Mən dözə bilməyib sərt məqalə ilə çıxış etdim. Doqquz ildə bir primitiv dissertasiyanı müdafiə edə bilməyən adi laborant işləmiş İsa Qəmbər hikkəyə salıb gürcü yəhudisi B. Telinqaterin vaxtilə çəkdiyi cızmaqaranı gerb kimi camaata sırıya bildi. B. Telinqater vaxtilə "Molla Nəsrəddin” jurnalında da əməkdaşlıq etmişdi, çox-çox sonra 1952-ci ildə hansısa maddənin əsasında onu Moskvada güllələdilər. Sovet Azərbaycanının herbini isə erməni Şıxiyan çəkmişdi. Yazdım ki, həya-abır yaxşı şeydir, əlli il erməninin çəkdiyi gerbin qarşısında indi də yəhudinin cızmaqarasının önündə mil durmalıyıq? Bir siyasətbazın, bir ayran vətənpərvərinin tükü də tərpənmədi.

İndi də buyurun tamaşa edin, herb təsdiq olunub, daha söz demək mümkün deyil. Bir az artıq-əskik eləsən, tutub basarlar qoduqluğa, yəni sən nə cürət edib xalqın qəbul etdiyi gerbi tanımaq istəmirsən.

"Xalq onu qəbul edib!”, "Camaat bir söz demir, sən niyə özünə əl qatmısan?”, "Bununla nə dəyişiləcək ki?” və s. bu kimi "dəlil” və "sübutlarla” o qəbahət və zinakarlıq qalmayıb ki, ona bəraət qazandırmayaq.

Millətin mənəvi aləminə daha kimlər sədəmə vurub?

Mərkəzi Komitədə, Mədəniyyət Nazirliyində oturmuş manqurtların razılığı əsasında (ciddi nəzarət də öz yerində) bir bədii əsər üzərində film yaradılması barədə qərar verilirdi. Moskvanın qarşısında reveranslar öz yerində, amma milli hissləri qıcıqlandırmaq üçün arada personajlara beş-on pafoslu söz işlətmək imkanı verib, ya da bir el bayramı lentə çəkilərdi. "Dəli Kür” filmində baş verənləri xatırlayın...

Çəkiliş zamanı həm buradakı lakeylərin, həm də Moskvadakı ağaların hökmü, arzuları mütləq nəzərə alınırdı. Kimin hünəri vardı əsl tarixi həqiqəti üzə çıxaraydı? Erməni, gürcü kinomotoqrafçılarına söz deyən yox idi, əsas oyunu Orta Asiya və Azərbaycan sənətkarlarının başına açırdılar. Bizimkilər də həmişə olduğu kimi lal-dinməz əmrə müntəzir oturardılar.

Uzun sözün qısası, filmin çəkilişi bitirdi, rəsmi baxış keçiriləndən sonra rejissoru, ssenaristi, rəssamı, bəstəkarı və aktyorları çıxarırdılar telestudiyaya. Və məzhəkə başlayardı, bu ona mədhiyyə deyirdi, o bunu tərifləyirdi. Əlamətdar günlərdə neçəsinə fəxri adlar əta olunardı və bununla da toxunulmazlıq hüququ qazanırdılar. Vay o gündən ki, bunların bir neçəsi yuxarıda oturanlarla qohum olaydı, məsələ bitirdi. İndi gəl bunlara söz de, görüm nə deyəcəksən...

Tək-tük istisnalar olmaq şərtilə mən bir abırlı rejissor, rəssam işi göstərə bilmərəm. İstənilən vaxt, istənilən yerdə sübut edərəm ki, bizim titullu, fəxri ad gəzdirən teatr, kino rəssamlarımız, ədalı rejissorlar bizim etnoqrafiya, tarix barədə çox bəsit təsəvvürə malikdirlər.

Əllərində bu qədər vəsait, albomlar, sənədlər, lentlər ola-ola bunlar çarizm dövrünün bir zabitini, müsəlman əyanını, hərbçisini adam kimi geyindirə bilmirlər. Mübahisə fikrinə düşənlərə ittihamımı istənilən vaxtda sübut edə bilərəm. Əlli ildir mətbuatda çıxış edirəm. Yazılarımın sayı-hesabı yoxdur... İmkan düşəndə hər dəfə rəssamlara, teatr, kino rejissorlarına demişəm, a kişilər, qədim Əndəlüsdən tutmuş ta Sumatra cəzirəsinə qədər yer kürəsinin az qala tən yarısında yazı üçün lələkdən istifadə etməyiblər. Türk-islam dünyasında yazı üçün qəmişdən, Çində, Cənub Şərqi Asiyada, Yaponiyada zərif fırçadan istifadə edilib.

Kimə deyirsən, onu görürsən ki, səhnədə, ya da kino lentində göstərilən tarixi şəxsiyyətin əlində lələk gözə çarpır.

Vəznəli çuxalardan, 30 cür əmmamə, 20 cür də papaq növündən danışmaq istərdim ki, qulağıma sədayi-qayiban çatdı, ey dili qafil, özünü həlak etsən də, fəxri adlar almış rejissorlar, rəssamlar istədiklərini edəcəklər. Yaxşısı budur, sən bizim Milli Məclisin iftixarı Qüdrət Həsənquliyevin fəryadına qulaq as, kişi pulsuz-parasız qalıb, onu dar ayaqda qoymaq günahdır.

Sizi görüm lənətə gələsiniz

Qulaq da asdım, qəzetlərdə yazılanları da oxudum. Öyrəndim ki, bizim sıravi deputat ayda 2598 manat əmək haqqı alır. Qarabağ savaşı zamanı Murovdağda uzun müddət soyuq səngərlərdə olarkən ciyərləri, böyrəkləri sıradan çıxmış, avtomat, pulemyot tətiyi basmaqdan barmaqları qabar olmuş Qüdrət ağa tələb edir ki, ona ayda 8000 manat maaş versələr yerinə düşər. O, arada vətəndaşların ləyaqətli həyatının təmin olunması zəruriyyətdən də söz açır. Farslar demiş, xeyli xub!

Qüdrət ağa, mən, mənsub olduğunuz ziyanəvər dəstənin mərhəməti ucbatından ayda 95 manat qocalıq təqaüdü alıram. Başqa heç bir yerdən qazancım yoxdur. Sənin fikrincə, adam kimi yaşamaq üçün mən bədbaxta nə qədər pul lazımdlr? Qüdrət ağa, siz Milli Məclisdə rusların təbirincə desək "dejurnıy demokrat” sınız, kimə, hansı məzhəbə qulluq etməyinizi əla bilirsiniz. Durub barənizdə üç-dörd ucu güləbətinli söz işlətsəm, məni məhkəməyə verib təqaüdümün qalan 95 manatını da əlimdən alacaqsınız. Bu sizin üçün çətin olmayacaq, çünki bu üsuli-idarə mənim kimilərinə qənim kəsilib.

Evlərinin, malikanə və maşınlarının dəqiq sayı bilinməyən, özü üçün "Heydər Əliyevin bioqrafı” adını götürmüş Elmira Axundova bir ildir ki, hər ay məndən yüz manat alır. Qüdrət ağa, sizi parlamentə aparıb rahat kresloda oturdan qüvvə üçün biz yoxuq. İmansızlıq, şərəfsizlik o yerə çatıb ki, mənim qəbir yeri üçün etdiyim neçə müraciətə tüpürən də yoxdur. Yəni, məddahımıza sataşdın, bu da cavabın, həm çörəksiz, dərmansız qalacaqsan, həm də insan kimi basdırılmağa yer tapmayacaqsan. Qüdrət ağa, fərqə fikir verirsiniz, siz səkkiz minin dərdini çəkirsiniz, mən zavallı da necə, harada dəfn olunacağımın dərdini. Elə bu əsnada 1924-cü ildə qətlə yetirilmiş Cənubi Azərbaycanın nakam şairi Mirzadə Eşqinin misraları yadıma düşdü.

"Torpaq sovurmaq istəyirəm başıma, fəqət,

Hardan alım o torpağı? Onu da satdılar!”

Müstəqillik qazanan saatdan bu sözü eşidirik. Hara barmaq tuşlasan bu meşə, pöhrəlik, bu gözəl çəmən, bu qəsrə bənzər imarət, villalar kimindir sualını versən cavab gələcək ki, sahibləri camaatın gözünə kül üfürən saray məddahları, millət vəkilləri, iri çinli məmurlardır. Dərd burasıdır ki, xalqın qanını zəli kimi soran bu zümrənin nümayəndələri şəcərəli kübar kimi görünmək xatirinə nəyə desəniz razıdırlar. Amma alınmır ki, alınmır... Yaxşı deyiblər, gədadan bəy olmaz. Əsl şəcərəli kübar olan yerdə heç kim cürət edib vətənin yarısını güdaza verib, misli-manəndi olmayan rüsvayçı məğlubiyyəti zəfər kimi reklam etməzdi.

Əlbəttə, indiki üsul-idarənin sayəsində pula pul deməyən, çörək, ev-eşik dərdini çəkməyən zinakarlar məni qınayacaqlar, mən təzə çəkilən yolları, böyük abadlıq işlərini, idman sahəsindəki uğurları görmürəm. Görürəm, lap yaxşı görürəm, amma mən təhsil, səhiyyə sisteminin tamam batdığını, mənəvi cəhətdən fəlakətə uğradığımızı da görürəm. Onu da görürəm ki, simsarsız kasıblar uşaqlarını oxutdura bilmirlər.

Sovet hakimiyyəti dövründə kasıb-kusub balaları üçün məktəbə getmək bayram idi, indi isə onların bədbaxt valideynləri üçün matəm, yas. Hamı bunu bilir, əlac edən də yoxdur, lümpenləşən zümrə sayca artır, iqtidar qapının ağzını almış bu təhlükəni görmək belə istəmir. Baş qarışıb talana və kefə. Ölkədə əgər insan heysiyyəti, şəxsiyyəti gündə açaldılır, təhqir edilirsə, minlərlə şikayət ərizəsi zibil qutularına atılırsa, Prezidentin özü, birinci vitse-prezident sadə insanlardan ustalıqla təcrid olunublarsa, orada tərəqqi, inkişaf pərdəsi altında gedən işlər, əməllər mürtəce mahiyyət daşıyırlar.

(Ardı var)

Firuz Haşımov



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}