Hakimiyyət daxilində savaş böyüyür - Klanlar arasında münasibətlər daha kəskin və həlledici fazaya qədəm qoyub

Hakimiyyət daxilində savaş böyüyür - Klanlar arasında münasibətlər daha kəskin və həlledici fazaya qədəm qoyub

 

Abel Məhərrəmovun BDU rektoru vəzifəsindən kənarlaşdırılmasından dərhal sonra müxalifətçilərin həbsi ruspərəstlərlə qərbpərəstlər arasındakı mübarizənin təzahürlərindəndir

Norveçin Azərbaycandakı səfirliyinin bağlamasından qısa müddət sonra belə bir olayın baş verməsi ölkəmizin beynəlxalq imicinə mənfi təsir göstərir

Bu ilin aprel ayında keçirilən növbədənkənar prezident seçkilərindən sonra ölkədə cərəyan edən bir sıra mühüm olaylar belə deməyə əsas verir ki, hakimiyyət daxilindəki klanlar arasında uzun illərdən bəri mövcud olan mübarizə artıq daha kəskin və həlledici fazaya qədəm qoyub. Belə ki, tərəflər bir-birini zərərsizləşdirmək naminə, müxtəlif üsullarla qarşı cəbhənin ən etibarlı kadrlarının "vurulması"na çalışır və əksər hallarda buna nail olmağı bacarırlar. Məsələn, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun, kənd təsərrüfatı naziri Heydər Əsədovun, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin, baş nazirin müavinləri Abid Şərifov, İsmət Abbasov və Elçin Əfəndiyevin, o cümlədən "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevin, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun işdən çıxarılması məhz sözügedən mübarizənin nəticəsi kimi qiymətləndirilməlidir.

Onu da qeyd etmək lazımdır ki, bugünlərdə Abel Məhərrəmovun Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsindən kənarlaşdırılması və buna cavab olaraq müxalifətçilərin həbsi də klanlararası mübarizənin təzahürlərindəndir. Bildiyiniz kimi, bununla bağlı mətbuatda yayılan informasiyalarda deyilir ki, Abel Məhərrəmov İspaniyada "Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi" mövzusunda keçirilən beynəlxalq konfransda baş verən hadisələrə görə işdən çıxarılıb. Belə ki, noyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə başda olmaqla geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə yola düşüb. Lakin "Airbus-319A" təyyarəsi ilə uçmağa hazırlaşan nümayəndə heyəti öz yerini tutduqdan sonra təyyarə 2 saata qədər havaya qalxa bilməyib. Buna səbəb isə Abel Məhərrəmovun 2 tonluq baqajı olub. Səfər iştirakçıları noyabrın 10-da Madriddən qayıdanda da eyni hadisə ilə üzləşməyə məcbur olublar. Yalnız Abel Məhərrrəmova və onun ölkəmizin İspaniya Krallığındakı səfir işləyən oğlu Anar Məhərrəmova məxsus 2 tona qədər yük boşaldıldıqdan sonra təyyarənin uçuşuna icazə verilib. Nəzərinizə çatdıraq ki, sözügedən məsələ ilə bağlı aparılan araşdırmaların nəticəsində bəlli olub ki, Anar Məhərrəmov 2016-cı ildən İspaniyaya səfir təyin edildikdən sonra bu ölkədə Azərbaycan şərablarının satışı ilə də məşğul olub. Belə ki, Anar Məhərrəmov İspaniyada Azərbaycan, Azərbaycanda isə İspaniya şərablarının satışı üzrə monopoliyanı öz üzərinə götürüb.

Bu arada, Abel Məhərrəmovun Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən kənarlaşdırılmasının digər səbəbi kimi, onun oğlu Anar Məhərrəmovla şeyxin qudası Əli Evsen adlı iş adamı arasında olan ixtilaflar göstərilir. Deyilənlərə görə, Əli Evsenin ona və oğluna lazımi diqqət göstərməməsindən narazı qalan Abel Məhərrəmov qəzəblənərək karyerasını bitirəcək ifadələr işlədib. Belə ki, o, "BDU elə-belə yer deyil. Minlərlə gəncin, yüzlərlə ziyalının toplaşdığı bir müəssisədir. Əgər mən istəsəm onların gücü ilə bir anda ölkədəki sabitliyi poza bilərəm" deməklə özünü klanlararası mübarizənin növbəti qurbanlarından birinə çevirib. Söz yox ki, əgər yuxarıdan "dabro" gəlməsəydi, o zaman Abel Məhərrəmovun yol verdiyi kobud səhv görməzdən gəlinə bilər, yəni "bir daş altda, bir daş da üstə" deyib məsələnin üstündən sükutla keçilərdi. Lakin bu, baş vermədi və sabiq BDU rektoru klanlararası savaşın növbəti hədəflərindən biri kimi arenanı tərk etdi.

Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli və Şəhidlər xiyabanını ziyarət etmək istəyən onlarla müxalifətçinin həbsinə gəldikdə, bir qədər öncə də vurğuladığımız kimi, çoxları üçün təsadüf görünsə də, əslində, bu olay da sözügedən mübarizənin təzahürlərindəndir. Məlum olduğu kimi, noyabrın 17-də Milli Dirçəliş Gününün 30-cu ildönümünü qeyd etmək məqsədiylə Şəhidlər Xiyabananı ziyarət edən AXCP sədri və partiyanın bir sıra üzvləri saxlanılaraq polis idarəsinə aparılıb. Məsələnin maraqlı tərəfi ondadır ki, Əli Kərimli barəsində saatlarla məlumat almaq mümkün olmayıb. Yəni onun harada, hansı şəraitdə saxlandığı haqda ictimaiyyətə və təmsil olunduğu qurumlara, o cümlədən ailə üzvlərinə və yaxınlarına məlumat verilməyib. Deyilənlərə görə, hətta vəkillərin də onunla görüşməsi mümkün olmayıb. Məhz bundan sonra nüfuzlu beynəlxalq təşkilatlar, diplomatlar və dünyaca məşhur media orqanları Əli Kərimlinin müdafiəsinə qalxmaqla, baş verən olayı Azərbaycanda sərbəst toplaşmaq kimi fundamental haqqa təcavüz kimi dəyərləndiriblər.

Belə ki, 1990-cı illərdə ABŞ-ın Azərbaycanda səfiri kimi fəaliyyət göstərmiş nüfuzlu diplomat Riçard Kozlariç özünün feysbuk səhifəsində AXCP sədri Əli Kərimlinin həbsinə münasibət bildirib. Amerikalı diplomat bunu "iyrənc hadisə" adlandırıb: "Əli Kərimlinin həbsi iyrənc hadisədir. Mən onu 20 ildir ki, tanıyıram. Heç bir şübhə yoxdur ki, o mövcud rejimə müxalifətdə olduğuna görə həbs edilib. Baş vermiş hadisə göstərir ki, Azərbaycan hakimiyyəti repressiya siyasətini dayandırmaq niyyətində deyil. Bu səhv siyasətdir və mən dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün yaxşı adamları bu barədə açıq danışmağa çağırıram". Bunun ardınca dünyanın ən böyük xəbər agentliklərindən olan "Associated Press"ə istinadən onlarla xarici media orqanı, o cümlədən ABŞ-ın "Vaşinqton Post" və "Nyu York Tayms" kimi nüfuzlu qəzetləri də Əli Kərimlinin həbsini işıqlandırıb.

Təbii ki, Norveçin Azərbaycandakı səfirliyini bağlayıb, onu Gürcüstana köçürməsindən qısa müddət sonra belə bir olayın baş verməsi ölkəmizin beynəlxalq imicinə mənfi təsir göstərir. Lakin görünən odur ki, hakimiyyət daxilindəki qüvvələr bu məsələdən də öz məqsədləri üçün istifadə etməyi planlaşdırıblar. Bəzi iddialara görə, bu yolla tərəflərdən biri digərinin mövqeyini zəiflətməyi, daha dəqiq desək, müxalifətçilərin həbsinə şərait yaradan ruspərəst qruplaşma bununla Qərbyönlü qüvvələrin nüfuzunu zərbə altında qoymaq niyyətində olub. Ancaq son anda müxalifətçilər və Əli Kərimli üzərindən aparılan mübarizə fiaskoya uğrayıb. Belə ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs edilən AXCP sədri Əli Kərimli 2500 manat cərimələnərək azadlığa buraxılıb. Bununla da hakimiyyət daxilindəki ruspərəst qüvvələrin planları alt-üst olub. Maraqlıdır, görəsən klanlararası savaşın növbəti qurbanı kim olacaq?..



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}