Böhran Bankları vurdu


Bankların bağlanması prosesi başladı

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli, 06/1 və 06/3 nömrəli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə "Yunayted Kredit Bank” ASC və "NBCBank” ASC-nin bank lisenziyaları ləğv edilib. Mərkəzi Bank "Banklar haqqında” qanunun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 26.01.2016-cı il tarixdən banklara müvəqqəti inzibatçı təyin edib. İki Bankın lisenziyasının ləğv olunduğu bir vaxtda başqa iki maliyyə qurumunun "AGBank” və "DəmirBank” Açıq Səhmdar Cəmiyyətlərinin konsolidasiya olunacağı ilə bağlı məlumat da yayıldı. Bu barədə məlumatı da Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov verərək deyib ki, artıq hər iki bank arasında konsolidasiya ilə bağlı ilkin razılıq protokolu imzalanıb. Qeyd edək ki, ötən ilin mayında Asiya İnkişaf  Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin dövlət idarəçiliyi, maliyyə və ticarət sektoru şöbəsinin direktoru Betti Uilkinson Azərbaycan kimi ölkə üçün 45 bank çox olmasını deyəndə, Mərkəzi Bankda bu fikirlə razılaşmadılar. O zaman Betti Uilkinson bildirmişdi ki, bank sahəsində idarəetmə sisteminin nə dərəcədə yaxşı təşkilinə və bankların hansı maliyyə mənbələrinin, müştəri bazasına və inkişaf strategiyasına baxmaq, sonra kiçik bankları daha böyük banklarla birləşdirmək lazımdır. Bu prosesin dünyanın bir çox ölkəsində keçirildiyini, normal proses olduğunu vurğulayan xanım Betti Uilkinson bildirmişdi ki, təmsil etdiyi Asiya İnkişaf Bankının Azərbaycan banklarından birində pay sahibi olmaq və mümkün birləşmədə iştirak etmək kimi planı yoxdur. Təxminən 8 ay əvvəl xanım Uilkinsonun Bankların birləşdirilməsi təklifini süngü ilə qarşılayan Mərkəzi Bank indi bu prosesə başlayır. Bu gecikmə isə ən azı iki Bankın artıq bağlanması ilə nəticələndi. Ancaq ekspertlər hesab edir ki, Mərkəzi Bankın çevik hərəkət edə bilməməsi bir neçə başqa Bankın da bağlanmasına səbəb ola bilər. Buna görə ekspertlər ölkənin maliyyə institutlarını qorumaq üçün Bankların birləşməsi prosesini sürətləndirməyi təklif edirlər. Ekspertlərə görə neftin ucuzlaşmağa davam etdiyi bir zamanda manatın üçüncü devalvasiyasının qaçılmaz olduğu görünməyə başlayır. Baxmayaraq ki, Mərkəzi Bankın İdarə Heyyətinin sədri Elman Rüstəmov dollar qarşısında manatın kəskin dəyərdən düşmə ehtimalını rədd edərək, bir dolların iki manata bərabər olmayacağını qeyd edib. Ancaq iqtisadiyyatı Mərkəzi Bankın rəhbərinin sözü və ya göstərişi ilə idarə etmək mümkün deyil. Buna görə də fevral-mart aylarında üçüncü devalvasiyanı istisna etməyən iqtisadçılar manatın tam üzən məzənnəyə keçməsini təklif edirlər. Ancaq belə görünür ki, hakimiyyət buna hazır deyil. Belə hiss olunur ki, manatla bağlı qərar verməyə hakimiyyətin siyasi iradəsi çatmır. Bir müddət əvvəl regionalarda baş qaldıran etiraz dalğası iqtidarı qorxudub və yeni devalvasiyanın daha böyük narazılıqlara yol açacağından ehtiyyat edilir. Ancaq bunun da çıxış yolu olmadığını normal məntiq sahibi hər kəs dərk edir. Belə demək olar ki, Azərbaycan hakimiyyəti bütün iqtisadi siyasətini bahalı neft üzərində qurduğundan indi pat vəziyyəti ilə üzləşib. İndi isə neftin qiyməti bir barellə görə 28-31 dollar arasında rəqs etməklə əsəbləri daha da tarıma çəkir. Neftin yaxın bir neçə gündə yenidən ucuzlaşmağa başlayacağı gözlənilir və bu Azərbaycanın Bank sektoruna daha bir zərbə vuracaq. Mərkəzi Bankın adının açıqlanmasını istəməyən mütəxısisi bizimlə söhbətdə yaxın zamanlarda Deka Bank, Atra Bank, Əmrahbank, Gunay Bank, Gəncə Bank, Kredobank və Muğanbank kimi Bankların bağlanma təhlükəsi ilə üzləşə biləcəyini qeyd edir. Mənbə belə təhlükənin Deka Bank üçün da çox ehtimal olunduğunu, ancaq iki-üç bank istisna olmaqla ölkənin bütün banklarının ciddi problemlə üzləşdiyini bildirir. Mənbənin sözlərinə görə ən böyük təhlükə problemli kreditlərin artması, müştərilərin sürətlə azalmasıdır. Bu iki problem hal-hazırda bütün bank sektorunu təhdid edir. Mənbə bildir ki, əgər tezliklə ciddi addımlar atılmasa ilin sonuna kimi 30 Bankı xilas etmək mümkün olmayacaq. Artıq bir sıra Banklar kəskin ixtisarlar aparmaqla ayaqda qalmağa çalışırlar. Ancaq bu ixtisarlar onların yavaş-yavaş bazardan çıxması prosesindən başqa bir şey deyil. Belə görünür ki, Azərbaycanın Bank sisteminin Qafqazda ən güclü Bank sistemi olması dövrü də bahalı neftlə birlikdə tarixə qovuşub və bundan sonra ancaq nostalgiya ilə xatırlana bilər.

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}