Bəzi hakimlər müstəqil qərar çıxarmaqda ACİZLİK NÜMAYİŞ ETDİRİRLƏR

Bəzi hakimlər müstəqil qərar çıxarmaqda ACİZLİK NÜMAYİŞ ETDİRİRLƏR

 

Vətəndaşların ölkənin məhkəmə sisteminə inamı hakimlərin çıxardığı qərarların ədalətli olub-olmamasından asılıdır

Hər bir hakim icaatındakı işi incələməzdən öncə "Məhkəmələr və hakimlər haqqında" Qanunun 95-ci maddəsində qeyd olunan hakimlərin andını nəzərə almalıdır

Etiraf etmək lazımdır ki, son illər ölkənin məhkəmə sisteminin təkmilləşdirilməsi, Avropa standartlarına cavab verməsi istiqamətində bir sıra ciddi və təqdirəlayiq addımlar atılıb. Lakin buna baxmayaraq, hələ də elə məhkəmə hakimləri var ki, onların qəbul etdiyi qərarlar ədalət prinsipindən bir xeyli uzaqdır. Çünki bu qəbildən olan hakimlər müxtəlif səbəblər üzündən bu və digər məsələ ilə bağlı obyektiv, müstəqil qərar çıxarmaqda acizlik nümayiş etdirirlər. Onlar özlərini elə aparırlar ki, sanki əsas vəzifələri ədalət mühakiməsini həyata keçirmək yox, hansısa məmura, nüfuzlu şəxsə vəkillik etməkdir. Məhz bu cür hakimləri gördükdə vətəndaşlarda belə bir təsəvvür yaranır ki, bu gün ölkədə ədalətli məhkəmə və ədalətli hakim tapmaq olduqca müşkül məsələdir.

Qeyd edək ki, bugünlərdə Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı qaydasında keçirilən növbəti açıq məhkəmə iclasında yaşanan olayı deyilənlərə misal olaraq çəkə bilərik. Belə ki, sözügedən iclasda C.Əzimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 2 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin vəkilinin çıxışını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib. Qərarda deyilir ki, İnqilab Əlizadənin Cəlal Əzimova qarşı borcun qaytarılması tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 2 aprel tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı, 418.1-ci və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

Gördüyünüz kimi, Fərhad Abdullayevin sədrliyi ilə baş tutan iclasda Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib. Bu fakt onu təsdiqləyir ki, Ali Məhkəmənin qeyd olunan məsələ ilə bağlı çıxardığı qərar ədalətli olmayıb. Maraqlıdır, görəsən buna görə həmin hakim hansısa formada cəzalandırılıbmı? Bununla bağlı məlumat verilməsə də, aydın şəkildə görünür ki, Ali Məhkəmənin hakiminin qərarı ədalətsiz olduğundan Konstitusiya Məhkəməsi haqlı olaraq onu ləğv edib. Bu, həm də onu deməyə əsas verir ki, ədalətsizlik hazırda hər yerdə və hər sahədə var. Bu səbəbdən də təhsildə, səhiyyədə, polis orqanlarında, məhkəmə, sığorta və bank sistemində, hətta tikinti sektorunda da ədalətli insan tapmaq artıq müşkülə çevrilib. Görünür, son vaxtlar bəzi nəsnələr kimi, sanki ədalət də qeybə çəkilib. Adam onu axtardıqca ədalətdən bir qədər də uzaqlaşır. Ha çalışırsan ki, onun yoluna doğru istiqamət alasan, bir də görürsən ki, getdiyin səmtdə ədaləti gördüm deyən yoxdur. Halbuki inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, hüquqi və demokratik cəmiyyət quruculuğunun başlıca şərtlərindən biri də yeni dövrün tələblərinə cavab verən hüquq islahatlarının aparılması, ədalət mühakiməsini həyata keçirən məhkəmələrin müstəqilliyinin təmin edilməsi, qanunun aliliyinin bütün səviyyələrdə qorunmasıdır. Məhz bu səbəbdən də dinamik inkişafı qarşısına məqsəd qoyan ölkələrdə ədalətli və qərəzsiz hakimlərin, məmurların, vəzifəli şəxslərin sayı ildən-ilə artmalıdır. Əfsuslar olsun ki, bu gün Azərbaycanda bunun əksini müşahidə etməkdəyik. Yəni bizim məmurların bəziləri təmsil olunduqları postun hesabına gəlirlərini artırmaqla, yeni-yeni villalar, bahalı avtomobillər əldə etməklə bərabər, orta və aşağı təbəqənin nümayəndələrini sıxma-boğmaya salır, onların onsuz da acınacaqlı olan sosial durumlarını bir qədər də dözülməz hala salmaqla məşğuldurlar. Halbuki dövlət məmuru müəyyən şəxs və təbəqəni digərlərindən üstün tutmamalı, nəyin bahasına olursa-olsun yalnız düzgünlüyü özü üçün əsas iş prinsipi hesab etməlidir.

Ümumiyyətlə, hər bir hakim icraatında olan işə baxarkən, "Məhkəmələr və hakimlər haqqında" Qanunun tələblərini unutmamalı və Azərbaycan dövləti adından qərar verdiklərini xatırlamalıdır. Yəni onların bu və ya digər şəxs haqqında çıxardıqları qərar ədalətsiz olarsa, sonda Avropa Məhkəməsi tərəfindən bunun "faturası" Azərbaycan dövlətinə kəsilə bilər. Odur ki, hər bir hakim icaatındakı işi incələməzdən öncə "Məhkəmələr və hakimlər haqqında" Qanunun 95-ci maddəsində qeyd olunan hakimlərin andını nəzərə almalıdır. Həmin andda deyilir ki, təyin olunmuş hakimlər vəzifələrinin icrasına başlamazdan əvvəl Ali Məhkəmənin Plenumunun iclasında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə "Ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyimə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağıma, yüksək hakim adına hörmət ruhunda davranmağıma and içirəm" məzmunda öhdəlik götürürlər. Bundan başqa, sözügedən maddəyə görə, andiçmə dövlətin, vətəndaşın və ədalət mühakiməsinin qarşısında hakimlərin məsuliyyətinin təcəssümüdür. Qeyd olunan qanunun 99-cu maddəsində isə bildirilir ki, hakimlər ədalət mühakiməsini həyata keçirərkən qanunların tələblərinə dəqiq və dönmədən əməl etməli, məhkəmə fəaliyyətinin mənəvi və tərbiyəvi təsirini təmin etməli, ədalətli və qərəzsiz olmalı, müşavirə otağının sirrini qorumalı, qapalı məhkəmə iclaslarında müəyyən olunmuş məlumatları gizli saxlamalı, ədalət mühakiməsinin nüfuzuna, hakimin yüksək adına, şərəf və ləyaqətinə xələl gətirən hər hansı hərəkətdən çəkinməlidirlər. Bir sözlə, vətəndaşların ölkənin məhkəmə sisteminə inamı məhz hakimlərin çıxardığı qərarların ədalətli olub-olmamasından asılıdır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}