Çarəsiz vətəndaş dövlət qurumlarından KÖMƏK İSTƏYİR

Çarəsiz vətəndaş dövlət qurumlarından KÖMƏK İSTƏYİR

 

Valeh Cahangirov: "Mən bir ata kimi qızımın, onun həyat yoldaşının və iki tələbə oğlunun taleyindən çox nigaranam, dincliyimi itirmişəm, ürəyim qan ağlayır, balamın, ailəsinin həyatı təhlükə altındadır”

Notarius Daxil Kərimov: "Mən heç bir işimdə saxtakarlığa yol verməmişəm, hər şeyi qanunla etmişəm, ürəyin istəyən yerə məndən şikayət edə bilərsən”

"Hürriyyət” qəzetinin noyabr ayında dərc olunan saylarında "Şirvan məhkəməsində böyük rəzalət: XƏBƏRİ OLMADAN EVİ BANKA GİROV QOYULDU" səlövhəli məqalə dərc etmişdik. Həmin məqalədə oxucularımıza bir ailənin faciəsinə səbəb ola biləcək haqsızlıqdan söhbət açmışdıq. Belə ki, yeganə qızının və onun ailəsinin - həyat yoldaşı ilə iki yeniyetmə oğlunun taleyindən nigaran ata redaksiyamıza gələrək, səsinin aidiyyatı qurumlara çatdırılması üçün göz yaşları içində bizdən kömək istəmişdi.

Təbii ki, bu olaya təkrar qayıtmağımız səbəbsiz deyil. Amma mətləb üstə keçməzdən öncə məsələdən hali olmayanları adıçəkilən olayın qısa xülasəsi ilə tanış etmək istəyirik.

"Daxil Kərimov mənə söylədi ki, heç bir məhkəmədən bildiriş almayıb, heç bir məhkəmə-filan da tanımır”

Məsələ ondadır ki, bizə müraciət edən şikayətçi Cahangirov Valeh Məhəmməd oğlunun qızı Günel Abıyevanın qaynı Abıyev Şamil Famil oğlu ilə "Expressbank” ASC-nin Şirvan filialı arasında 03.2014-cü il tarixli 500850-0014/14 saylı kredit müqaviləsinə əsasən Şamil Abıyevə illik 20 faiz olmaqla, 36 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit verilib. Qeyd edilən kredit müqaviləsinin təminatı qismində isə Günel Abıyeva ilə onun həyat yoldaşı Vüqar Abıyevin birgə mülkiyyəti olan Şirvan şəhəri, Xaqani küçəsi 3, ev 124 ünvanında yerləşən fərdi yaşayış evi banka ipotekaya qoyulub və bu barədə Vüqar Abıyevlə bank arasında 03 sentyabr 2014-cü ildə ipoteka müqaviləsi bağlanıb.

İpoteka predmeti olan bağ evi Günel Abıyeva ilə həyat yoldaşının birgə nigah dövründə tikildiyi üçün əmlak qanunvericiliyinin tələbinə əsasən, ər-arvadın birgə mülkiyyəti hesab edilir. Bu üzdən ipoteka müqaviləsi rəsmiləşdirilərkən Günel Abıyevanın da razılığı alınmalı və o da həmin müqaviləni imzalamalı idi. Amma Günel Abıyeva müqavilənin bağlandığı Şirvan şəhəri 1 saylı Notariat Kontorunda olmayıb, bu müqavilənin bağlandığından da tamamilə xəbərsiz olub.

Qanunvericiliyə görə hətta ölkə prezidenti belə hakimin çağırışına cavab verməyə borcludur. Elə isə necə ola bilər ki, saxtakarlıqda ittiham olunan xırda məmur hakimin çağırışına məhəl qoymadan məhkəməyə gəlməsin?

Adıçəkilən müqavilə rəsmiləşdirilərkən Günel Abıyevanın həyat yoldaşı Vüqar Abıyev Ukraynada sanatoriyada istirahət edib, Abıyeva Günel isə Bakıda, atası Valeh Cahangirovun evində qalıb. Odur ki, nə Vüqar Abıyevin, nə də Günel Abıyevanın bu işdən xəbəri olmayıb. Günel Abıyevanın qaynı Şamil Abıyev hansı yollasa onun şəxsiyyət vəsiqəsini ələ keçirib və cinayət yoldaşı Notariat Kontorunun o vaxtkı notariusu Kərimov Daxil Fazil oğluna qızımın adından saxta etibarnamə tərtib elətdirib.

Həmin etibarnaməyə əsasən, guya Günel Abıyeva həyat yoldaşı Vüqar Fərman oğlu Abıyev tərəfindən öz mülahizəsinə görə istənilən şərtlərlə, isənilən qiymətə və istənilən müddətə, istənilən bank qarşısında İPOTEKA qoyulmasına, onun tərəfindən istənilən vaxt ipoteka şərtlərinin dəyişdirilməsinə və təkrar ipotekalara yüklü edilməsinə icazə verir. Günel Abıyevanın saxta imzası ilə tərtib edilən bu "etibarnamə” notarius Daxil Kərimov tərəfindən təsdiqlənib.

Şamil Abıyevlə notarius Daxil Kərimovun qanunsuz əməlindən xəbər tutan Günel Abıyeva və onun həyat yoldaşı Vüqar Abıyev dəfələrlə məhkəməyə və aidiyyati qurumlara şikayət ərizələri ilə müraciət ediblər.

Təqdim olunan sənədlərin Vüqar Abıyevin İPOTEKA müqaviləsi bağlanan müddətdə həqiqətən Azərbaycanda olmadığını, ekspertiza tədqiqatının isə Günel Abıyevanın imzasının saxtalaşdırıldığını təsdiq etməsinə, Şamil Abıyevin məhkəmədə Günel Abıyevanın Notarial kontorda olmadığını etiraf etməsinə baxmayaraq, şikayətçilərin iddiası məhkəmə tərəfindən təmin edilməyib.

Ən qəribəsi isə odur ki, məhkəmənin qətnaməsində Şirvan Şəhər 1 saylı Notarius Kontorunun o vaxtkı notariusu Daxil Kərimovun rəsmi bildirişlə məhkəmə iclaslarına çağırılsa da, bir dəfə də olsun məhkəməyə təşrif buyurmadığı və hakim Ziya Əliyevin məhkəmə iclaslarınının onun iştirakı olmadan keçirilməsini məqbul saydığı qeyd olunub.

Bütün söylənənləri və təqdim edilən faktları incələyərək, adıçəkilən yazımızı bu cümlələrlə bitirmişdik:

"Maraqlıdır, necə ola bilər ki, saxtakarlıqda ittiham olunan xırda məmur hakimin çağırışına məhəl qoymadan məhkəməyə gəlməsin? Axı qanunvericiliyə görə hətta ölkə prezidenti belə hakimin çağırışına cavab verməyə borcludur. Bəs belə isə buna nə ad vermək olar? Buna səbəb Şirvan Şəhər Məhkəməsinin hakimi Ziya Əliyevin səbatsızlığı, yaxud notarius Fazil Kərimovun hakimi saymayacaq qədər arxalı olmasıdırmı? Ya bəlkə ziya Əliyevlə Daxil Kərimovu hansısa başqa münasibətlər bağlayır, bəlkə bu iki şəxs cinayət ortağıdır?

Təbii ki, faktsız danışmaq və kimisə ittiham etmək özü bir cinayətdir. Amma zənnimizcə, bu müəmmalarla dolu işin təkrar və daha ciddi, daha detallı araşdırılması zamanı bu məqamlara da xüsusi diqqət ayrılmalıdır”.

Ümud edirdik ki, aradan ötən bu iki ayda sözügedən cinayət işi lazımınca araşdırılıb və günahkarlar öz haqlı cəzalarına çatıblar.

Amma bu günlərdə təkrar redaksiyamıza gələn əli hər yerdən üzülən çarəsiz atanın söylədiklərindən sonra boşuna ümidləndiyimizi anladıq.

"Son ümid kimi bütün bu müsibətləri başımıza açan notarius Daxil Kərimovu tapıb, onunla söhbət etmək qərarına gəldim”

Şikayətçi Valeh Cahangirovun dediklərini olduğu kimi çatdırırıq:

"Ev məsələsi ilə bağlı döymədiyim qapı, şikayət etmədiyim qurum qalmayıb, bütün rəsmi qəzetlərə müraciət etmişəm, hamısından xahiş etmişəm ki, kömək edin, qızımın evi dağılmasın, bu işin vicdanla araşdırılmasını tələb etmişəm, amma sonda məhkəmə yenə də iddiamızı təmin etmədi. Odur ki, son ümid kimi bütün bu müsibətləri başımıza açan notarius Daxil Kərimovu tapıb onunla söhbət etmək qərarına gəldim.

Daxil Kərimov hazırda Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 23 saylı Notariat Kontorunun müdiridir. Onunla görüşmək üçün həmin kontora getdim. Dedim, qardaş, sənin saxtakarlığının ucbatından qızımın ailəsi dağılır. Mənə cavab verdi ki, mən heç bir işimdə saxtakarlığa yol verməmişəm, hər şeyi qanunla etmişəm, ürəyin istəyən yerə məndən şikayət edə bilərsən.

Ona dedim ki, axı qızım sənin yanında olmayıb, müqaviləni imzalamayıb, kürəkənim həmin vaxt xaricdə olub, sənsə qızımın imzasını saxtalaşdıraraq onların evinin girov qoyulmasını sənədləşdirmisən. İşlə bağlı dəfələrlə məhkəmə olub, heç birində də iştirak etməmisən, heç bir bildirişə məhəl qoymamısan.

Daxil Kərimov bunun cavabında mənə söylədi ki, heç bir məhkəmədən bildiriş almayıb, heç bir məhkəmə-filan da tanımır. "Əlindən gələni beş qaba çək”,- deyib, məni otağından qovdu.

"Rüşvət alan kənarda qalıb, heç bir günahı olmayan qızımın evi isə əlindən alınır”

Hazırda sözügedən iş yenidən Şirvan Şəhər Apellyasiya Məhkəməsindədir. Sizin qəzet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin sədri Rəşad Səmədova müraciət edirəm və ondan xahiş edirəm ki, bu işlə özü yaxından maraqlansın. Əgər qızımın o evə heç bir haqqı-hüququ yoxdursa, nədən imzasını ekspertizaya yollayırdılar? Nə üçün ekspertiza tədqiqatı imzanın qızıma məxsus olmadığını təsdiq etdiyi halda, bu cinayətin başında dayanan notarius Daxil Kərimov bir dəfə də olsun məhkəmədə iştirak etməyib? Doğrudanmı onu heç bir məhkəməyə dəvət etməyiblər? Bu necə ola bilər axı?!

Rüşvət alan kənarda qalıb, heç bir günahı olmayan qızımın evi isə əlindən alınır. Bəs mən indi dərdimi kimə deyim, nə edim?

Apellyasiya məhkəməsinin növbəti iclası fevral ayının 13-ə təyin edilib. Məhkəmə öncəsi Rəşad Səmədovun qəbuluna düşüb hər şeyi ona anlatmaq istəyirəm. Çünki son ümidim onadır.

Sizin qəzetiniz vasitəsilə Azərbaycan xalqının qeydinə qalan bütün rəsmi dövlət qurumlarına üzümü tutub onlardan bu işdə mənə yardımçı olmalarını xahiş edirəm”.

P.S. Bizdən kömək uman dərdli ataya necə kömək edəcəyimizi bilmədiyimizçün özümüzü çox gücsüz, çox üzgün hiss etdik. Amma yenə də ümid edirik ki, Valeh Cahangirovun dediyi o Azərbaycan xalqının qeydinə qalan rəsmi qurumlar səsimizə səs verəcək və ədalət gec də olsa, zəfər çalacaq. Sabahın əsgəri olan iki tələbə övlad böyüdən zəhmətkeş valideynlər min bir arzu ilə tikdikləri evi itirməyəcəklər, həmin evdən oğullarını əsgər yola salacaqlar, qayıdıb gələndə isə elə həmin evdə toylarını edəcəklər, nəvə-nəticə sahibi olacaqlar.



Oxşar Xəbərlər

Xəbər lenti