ADP MNTK-NIN SƏDRİ RAMİL USUBOVA MÜRACİƏT ETDİ

ADP MNTK-NIN SƏDRİ RAMİL USUBOVA MÜRACİƏT ETDİ

 

Bəhruz Məmmədov Nəsimi Rayon Polis İdarəsinə çağırılıb və 2 gün saxlanıldıqdan sonra məhkəmə qərarı ilə 200 manat cərimələnib

"Mən xəstə adam 3 nəfər sağlam, güssəli polis əməkdaşına necə müqavimət göstərə bilərəm?!"

Sozcu.info n ötən sayında ADP-nin mətbuat xidmətindən verilən məlumata əsasən qeyd etmişdik ki, bir neçə gündür partiyanın üzv və tərəfdarları polis orqanlarına çağırılaraq, Milli Şuranın 19 yanvar 2019-cu il tarixində Yasamal rayonu ərazisindəki "Məhsul" stadionunda keçirdiyi mitində iştirak edib-etməmələri barədə uzun-uzadı sorğu-suala tutulurlar. Məlumatda həmçinin o da bildirilirdi ki, polis orqanlarına çağırılan şəxslərdən son zamanlar kütləvi aksiyalara radikal çağırışlara qoşulmamağı və təşkil ediləcək növbəti mitinqlərdə iştirak etməkdən çəkinmələri tələb olunur.

Nəzərinizə çatdıraq ki, ADP-nin Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Bəhruz Məmmədov da bugünlərdə Nəsimi Rayon Polis İdarəsinə çağırılıb və təxminən, 2 gün saxlanıldıqdan sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 200 manat məbləğində cərimələnib.

"3 kvadratmetrlik yerdə 5 nəfər idik, səhərə qədər bir stulda oturmuşam, nə çay, nə su, nə də yemək yeriblər"

Məsələ ilə bağlı "Hürriyyət"ə açıqlama verən Bəhruz Məmmədov bildirdi ki, ötən həftənin cümə günü, yəni yanvarın 25-də telefon zəngi gəlib və Nəsimi Rayon Polis İdarəsinə baş çəkməsi tələb olunub: "Telefon edən şəxs qeyd etdi ki, Nəsimi Rayon Polis İdarəsindən Babazadədir. O dedi ki, sizi bölməyə dəvət edirik. Bildirdim ki, uzaqdayam, şəhərdən bir qədər kənara çıxmışam. Saat 2 radələrində Nəsimi Rayon Polis İdarəsinə gəldim. Orda məni Müşfiq Şükürov qəbul etdi. Təxminən, 1 saata qədər söhbət etdik və ordan çıxıb evə qayıtdım.

Qeyd edim ki, səhhətim qaydasında deyil, xəstə adamam. Onurğa fəqərələrimin çıxıntıları sınıb və bu səbəbdən də 3-4 aydır ki, müalicə alıram. Evdə olarkən qapı döyüldü və iki 2 nəfər polis geyimində, 1 nəfər isə mülkü geyimli şəxs yenidən mənim polis bölməsinə getməyimi tələb etdi. Dedim ki, məni polisə çağırmağınızla bağlı rəsmi sənəd, kağız-filan varmı? Dedilər ki, yoxdur, getməliyik".

Beləliklə, polis əməkdaşlarının avtomobili ilə deyil, piyada Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə getdiyini vurğulayan ADP-nin Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədrinin sözlərinə görə, bundan sonra onu Nəsimi Rayon Məhkəməsinə aparıblar: "20-ci polis bölməsində bir xeyli söhbət etdikdən sonra məni Nəsimi Rayon Məhkəməsinə apardılar. Məhkəmə isə öz növbəsində, araşdırdıqdan sonra dedilər ki, birda elə bir şey yoxdur. Bundan sonra məni yenidən Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə qaytardılar. 20-ci polis bölməsindən isə 19-cu polis bölməsinə apardılar. Beləcə, axşam saat 5-dən səhər saat 10-a qədər ac-susuz 19-cu polis bölməsində qaldım. Deməli, 3 kvadratmetrlik yerdə 5 nəfər idik, səhərə qədər bir stulda oturmuşam. Xəstə adamam, səhərə qədər nə çay, nə su, nə də yemək yeriblər. Deyirəm ki, evə xəbər verin dərmanımı gətirsinlər, buna da imkan vermədilər.

Növbəti gün isə məni yenidən 20-ci polis bölməsinə apardılar. Qeyd edim ki, orada münasibət bir xeyli yumşaldı. Günortaya qədər polis bölməsində qaldım, daha sonra Nəsimi Rayon Polis İdarəsinə apardılar və orda rəisin, müavinin yanında oldum. Hamısı qəbul edib, sorğu-sual etdikdən sonra bir daha Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə qaytardılar".

"Son 10 ildə mitinq və piketlərdə iştirak etməmişəm, çünki həm səhhətim buna imkan vermir, həm də partiyamızın bununla bağlı bir qərarı olmayıb"

Həftənin bazar günü yenidən Nəsimi Rayon Məhkəməsinə aparıldığını deyən Bəhruz Məmmədov bildirdi ki, məhkəmə onu 200 manat məbləğində cərimə edib: "Soruşdum ki, günahım nədir? Yazıblar ki, guya polisə müqavimət göstərmişəm. Halbuki məni polisə dəvət edəndə zor tətbiq etmədən getmişəm. Mən xəstə adam 3 nəfər sağlam, cüssəli polis əməkdaşına necə müqavimət göstərə bilərəm?! Nəzərinizə çatdırım ki, son 10 ildə mitinq və piketlərdə iştirak etməmişəm, çünki həm səhhətim buna imkan vermir, həm də partiyamızın bununla bağlı bir qərarı olmayıb ki, mən də orda iştirak edim. Görünən odur ki, kimsə məni bu yolla şantaj edir, provakasiyaya çəkməyə çalışır.

Onu da qeym edim ki, polisə aparıldığım vaxt bu barədə evimə, ailəmə heç bir məlumat verilməyib. Ailə üzvlərim haqqımda maraqlandıqda biri deyib ki, Binəqədidədir, biri 19-cu, digəri 20-ci polis bölməsində olduğumu deyib. Başqası tutulduğumu, biri isə buraxılacağımı bildirib. Bir sözlə, 3 gün ərzində mənə kifayət qədər ziyan vurublar, əzab veriblər. Lakin indiyədək bunun səbəbini bilmirəm".

"Polisdə hansı işlə məşğul olmağım, hara getməyim və harda olmağım haqda, eyni zamanda "facebook"da olub-olmamağım, mitinqlərdə iştirak edib-etməməyimlə maraqlanıblar"

Elə buna görə də "Hürriyyət" vasitəsiylə daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciət edən ADP-nin Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri məsələnin obyektiv şəkildə araşdırılmasını xahiş etdi: "Bu məsələnin araşdırılmasını və qanunsuzluğa yol verilməsinin qarşısının alınmasını xahiş edirəm. Bir daha qeyd edirəm ki, 2009-cu ildən bu günə qədər heç bir mitinqdə iştirak etməmişəm. Buna rəğmən, hələ də hansı səbəbdən saxlanıldığımı bilmirəm. Sadəcə, polis bölməsinə dəvət ediblər, mən də getmişəm. Orda isə hansı işlə məşğul olmağım, hara getməyim və harda olmağım haqda, eyni zamanda "facebook"da olub-olmamağım, mitinqlərdə iştirak edib-etməməyimlə maraqlanıblar. Bu sualları cavablandırdıqdan sonra isə məni məhkəməyə göndəriblər və orda 200 manat cərimələyiblər. Odur ki, bütün bunları nəzarə alaraq, mənə qarşı edilmiş haqsızlığa son qoyulmasını xahiş edirəm".


Redaksiyadan: Mövzu ilə bağlı rəsmi qurumların mövqeyini işıqlandırmağa hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}