“Bu heyvanları mənə məcburi verdilər...” - Oğuz sakini nazirliyin ona xəstə mal verdiyini iddia edir

“Bu heyvanları mənə məcburi verdilər...” - Oğuz sakini nazirliyin ona xəstə mal verdiyini iddia edir

 

"Heyvanlar xəstə, yararsız vəziyyətdə idilər, balaları da yox idi”

Fazil Talıblı: "Vətəndaş öz günahını etiraf etmək əvəzinə, yenidən mal-qara almaq üçün özünüməşğulluq proqramının icraçılarını ittiham edib”

Oğuz rayonu Xaçmaz kənd sakini Mənsimov Elçin Cahangir oğlu Sozcu.info qəzetinə ünvanladığı məktubunda özünüməşğulluq proqramı çərçivəsində ona verilmiş aktivlərin yararsızlığından şikayət edib. Şikayətçinin məktubunda deyilir: "Mən Mənsimov Elçin Cahangir oğlu, Oğuz rayon Xaçmaz kənd sakiniyəm, ailləliyəm, işləmirəm. Oğuz rayonu Məşğulluq Mərkəzinə işsiz kimi qeydiyata düşdüm, özünüməşğulluq proqramına qoşuldum, imtahanlardan uğurla keçdim.

Cənab Prezdentin 01.01.2018-ci il tarixli qərarına əsasən, özünüməşğulluq proqramının icrasına 35.8 miliyon manat vesait ayrıldı. Biznes planımda 5 min manat dəyərində 2 südlük mal-qara istədiyimi qeyd etmişdim.

Bu heyvanları mənə məcburi verdilər. Heyvanlar xəstə, yararsız vəziyyətdə idilər, balaları da yox idi. Halbuki, kursda bizə yanı balalı heyvanlar veriləcəyi bildirilmişdi.

Sizdən bu məsələdə bizə kömək etməyi xahiş edirik, biz bu korrupsiya faktının ölkə başçısına çatdırılmasını istəyirik”.

Sözügedən məsələyə aydınlıq gətirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı ilə əlaqə saxladıq. F. Talıblı bu məsələdən xəbərdar olduğunu, nazirliyin vətəndaşın şikayətinə münasibət bildirdiyini söylədi.

Məlum oldu ki, Elçin Mənsimov ötən ilin 20 noyabrında ona mal-qara təqdim olunarkən videoçəkiliş zamanı narazı qalmadığını ifadə edib və aktivlərin təhvil alınması ilə bağlı aktda şəxsən imza ataraq, öz əli ilə etirazının olmadığını qeyd edib.

Fazil Talıblının sözlərinə görə, verilmiş mal-qaranın 2 ay ərzində düzgün qulluq göstərilmədiyindən pis vəziyyətə düşdüyünü görən vətəndaş öz günahını etiraf etmək əvəzinə, yenidən mal-qara almaq üçün özünüməşğulluq proqramının icraçılarını ittiham edib.

Nazirlik rəsmisinin bizə təqdim etdiyi video yazı və vətəndaşın imzaladığı akt da deyilənləri təsdiq edir.

Vəziyyətə aydınlıq gətirmək üçün şikayətçi elçin Mənsimovla telefon bağlantısı qurduq. Elçin Mənsimov bizə bildirdi ki, fevralın 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən nümayəndələr, eləcə də aktivləri gətirən podratçı onun həyətinə gəliblər, mal-qaranın vəziyyəti ilə yerindəcə tanış olublar və akt tərtib edərək, heyvanların həqiqətən də xəstə, yararsız olduğunu qeyd ediblər, söz veriblər ki, 2 gün ərzində aktivlər yeniləri ilə əvəz ediləcək.

Elşin Mənsimovdan nazirlik rəsmisinin bizə təqdim etdiyi fotoda və video yazıda gördüyümüz buzovu xəbər aldıqda, bildirdi ki, ona həqiqətən iki inəklə bərabər buzov da verilmişdi, hazırda həmin buzov 3-4 aylıqdır. Sadəcə körpə olduğundan soyuq dəyməsin deyə, xəstə inəyin görüntüsünü lentə alanda onu tövlədən çıxarmayıblar.

Elçin Mənsimov onu da qeyd etdi ki, aktivlər ona veriləndə indikindən də pis vəziyyətdə imiş. Onları ayağa qaldırmaq üçün 250-300 manat pul xərcləyib.

Elçin Mənsimovdan xahiş etdik ki, yeni aktivləri təhvil alanda bizə bildirsin. Ümidvarıq, deyilən vaxt vətəndaş ysağlam mal-qaraya qovuşacaq.

Sozcu.info 

P.S. Sözügedən məsələdə bir neçə məqam diqqətimizdən yayınmadı. Əvvəla, nazirlik rəsmisinin vətəndaşın iddialarını əsasız adlandırdığı və sözlərini sənədlərlə təsdiq etdiyi halda, nə əsasla onun səhlənkarlığı üzündən xəstələnib yararsız hala gələn mal-qara yeniləri ilə əvəz olunur. İkincisi, Elçin Mənsimov bizə ünvanladığı şikayət məktubunda biznes planda qeyd olunan yanı balalı mal-qara əvəzinə qoca, xəstə heyvan aldığını yazmışdı, amma bizimlə söhbət zamanı buzovun tövlədə olduğunu dedi. Ən əsası isə, əgər vətəndaşa öz dediyi kimi xəstə, yararsız mal-qara təqdim edilmişdisə, nə üçün buna etiraz etmək əvəzinə, təşəkkür edib, təhvil-təslim aktını imzalayırdı?



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}