Sumqayıtdakı partlayışda rəis ölüb, 3 yaralı var - Rəsmi

Sumqayıtdakı partlayışda rəis ölüb, 3 yaralı var - Rəsmi

 

Sumqayıt şəhər Prokurorluğu şəhərdəki metaləritmə zavodunda baş vermiş partlayışla əlaqədar məlumat yayıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, martın 22-də Sumqayıt şəhəri ərazisində yerləşən "STP-3 Metaləritmə" zavodunda partlayış baş verməsi ilə bağlı daxil olan məlumat əsasında dərhal hadisə yerinə Sumqayıt şəhər polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilib və digər təxirəsalınmaz zəruri prosessual hərəkətlər yerinə yetirilib:

"İlkin araşdırmalarla həmin gün saat 13 radələrində zavodun poladəritmə sexində metalın əriyib sobanın soyutma radiatoruna toxunması nəticəsində partlayış baş verməsi müəyyən olunmuşdur.

Hadisə nəticəsində fəhlələr Mürşüd Məmmədov, Vüqar Cəlilov, Ceyhun Qaraşovun və sex rəisi Minyaz Seyidəliyev müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Minyaz Seyidəliyev müalicə olunduğu xəstəxanada aldığı xəsarətlərdən martın 27-də vəfat edib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

Hadisənin baş vermə səbəbləri və təqsirkar şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}