Faciəvi şəkildə ölən gənc həkimin anası ədalətin bərpa olunacağına inanır

 

Gənc həkim Lalə Sadayzadənin ölümünə səbəb olan 18 yaşlı sürücü Sabir Talıblının barəsindəki apellyasiya şikayətinə baxışın vaxtı məlum olub.

Bu barədə virtualaz.org-a mərhumun anası Gülsüm İsmayılova məlumat verib. Şikayətə dekabrın 24-də hakim Mirzəli Abbasovun sədrliyi ilə baxılacaq.

Bu il noyabrın 13-də Ali Məhkəmədə zərərçəkmiş tərəfin kasassiya şikayətinə və Baş Prokurorluğun protestinə baxılıb. Hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib, zərərçəkmiş tərəfin kassasiya şikayəti və Baş Prokurorluğun protesti təmin edilib, iş yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə qaytarılıb.

Mərhumun anası Gülsüm İsmayılova virtualaz.org-a açıqlamasında məhkəmənin ədalətli qərar çıxaracağına ümid etdiyini söyləyib: "Bu dəfə inanıram ki, haqq-ədalət bərpa ediləcək, övladımın qatilinə layiqli cəza veriləcək, onu məhkəmə zalında həbs edəcəklər. Qızımın qatilinin tez bir zamanda həbsə göndərilməsini istəyirəm”.

 

G.İsmayılova dəfələrlə əlaqədar qurumlara şikayət ünvanladığını, iki dəfə Prezident Adminstrasiyasında qəbulda olduğunu, hər dəfə hörmətlə qarşılandığını bildirib: "Mənə dedilər ki, bu işə ədalətlə baxılacaq, təqsirləndirilənə lazımi cəza veriləcək. İnanıram ki, belə də olacaq. Çünki Baş Prokurorluq da protest verib. Prokurorluğun protesinin təmin ediləcəyinə, ədalətin bərqərar olacağına, övladımın qanının yerdə qalmayacağına ümid edirəm”.

Qeyd edək ki, qəza hadisəsi bu il yanvarın 18-də Səbail rayonunun Parlament prospektində - Lalə Sadayzadənin işlədiyi Mərkəzi Klinik Xəstəxananın qarşısından keçən küçədə, piyada zolağında baş verib. Sabir Talıblı idarə etdiyi "Mazda” markalı avtomobillə piyada keçidindən yolu keçən həkim-kardioloq Lalə Sadayzadəni vurub. Nəticədə gənc həkim hadisə yerində ölüb.

L.Sadayzadənin ölümünə səbəb olan sürücü Sabir Talıblı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2019-cu il tarixli qərarı ilə Sabir Talıblının cəzası dəyişdirilərək 4 il 6 aya endirilib. Həmçinin, məhkəmə S.Talıblının cəzasını cəzaçəkmə müəssisəndə deyil, məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar çıxarıb.

Baş Prokurorluq həmin qərardan Ali Məhkəməyə kassasiya protesti, zərərçəkmiş tərəf isə kassasiya şikayəti verib.

Xatırladaq ki, 28 yaşlı Lalə Sadayzadə Azərbaycan Tibb Universitetini bitirib, öz bilik və bacarığı sayəsində oxuyub, Mərkəzi Klinik Xəstəxanada ürək-damar cərrahiyyəsi şöbəsində həkim-kardioloq kimi işə qəbul olunub. Faciəli ölümündən cəmi iki ay öncə ailə qurub...



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}