21 yaşlı qızını həbsdən qurtarmaq üçün anası hansı yola əl atdı

 

Şəhərin mərkəzində "Hüquq xidmətləri” ofisində fəaliyyət göstərən xanım vəkil vətəndaşların hüquqlarını müdafiə etmək adı ilə onlara sözün əsl mənasında "hüquqi yardım” göstərib. Vəkilin toruna düşənlər isə təkcə yaxınlarının həbsdən azad edilməsinə çalışanlar olmayıb. Onların arasında məktəbə müəllimə düzəlmək istəyən, "əlillərin binası”ndan ev almağa çalışanlar da var.

Zərərçəkmişlər hamısı eyni üsulla aldadılıb. Əvvəl işin həlli üçün müəyyən məbləğdə pul alınıb, sonra isə telefonlar söndürülüb və vəkil gözəgörünməz adama çevrilib. Necə deyərlər, vəkil atlı olub, onlarsa piyada...

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Sumqayıt şəhər sakini 46 yaşlı Emilya Həşimovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Səbuhi Hüseynov sədrlik edib.

İstintaqla müəyyən edilib ki, Emilya Həşimova müxtəlif şəxslərə qarşı dələduzluq etməklə onlara külli miqdarda – 100 min manat ziyan vurub. Cinayət işi üzrə on nəfər zərərçəkmiş var. E.Həşimovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

 

"Pul alsam da, söz verdiyim işləri görməmişəm”

Təqsirləndirilən şəxs qismində dindirilən Emilya Həşimova ifadəsində ABU-nun hüquq fakultəsini bitirdiyini, Nərimanov rayonu, Atatürk prospekti, 2 ünvanında "Hüquq xidmətləri” ofisi icarəyə götürdüyünü və nümayəndə kimi fəaliyyət göstərdiyini bildirib: ”Vəkillər kollegiyasının üzvü olmamışam, amma vəkil kimi vətəndaşlara hüquqi yardım göstərmişəm. Vətəndaşlardan iş görmək adı ilə müxtəlif məbləğlərdə pul alsam da, söz verdiyim işləri görməmişəm və aldığım pulları xərcləmişəm. Zarema Tarverdiyeva məndən 21 yaşlı qızı Nübarın həbsdən buraxılmasına köməklik etməyimi istədi. Bunun müqabilində 2700 manat pul aldım, lakin heç bir köməklik edə bilmədim. Aldığım pulu qaytara bilmədiyimə görə məndən polisə şikayət etdi”.

Eyni üsulla E.Həşimova yol-nəqliyyat hadisəsi törədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il cəza almış Rauf Əsgərovun həbsdən buraxılması üçün onun qardaşından 12 min manat pul alaraq mənimsəyib: "Pulu xərclədiyimə görə qaytara bilmədim. Hər dəfə müxtəlif bəhanələrlə vaxtı uzadırdım”.

E.Həşimovanın toruna düşənlərdən biri də Məmmədovlar ailəsi olub. Ailə başçısı, birinci qrup əlil olan Sabit Məmmədova Korlar Cəmiyyətinin Bakı şəhəri, Xuluflu küçəsində inşa etdiyi binadan mənzil verilməsində köməklik göstərəcəyini vəd edib və bunun müqabilində onların 8 min manat pulunu mənimsəyib: "Dəfələrlə Korlar Cəmiyyətinə gedib-gəlsəm də, heç bir müsbət nəticə əldə olunmadı, onlara köməklik edə bilmədim. Pulları isə xərcləmişdim deyə qaytarmamışam”.

E.Həşimova Vəfa Əliyevanı paytaxtdakı orta məktəblərdən birinə müəllimə düzəldəcəyinə inandıraraq, onun 13 min manat pulunu ələ keçirib. Lakin nə iş düzəlib, nə də pulu geri qaytarıb.

 

"Qızımı həbsdən buraxdıracağına söz verdi”

Zərərçəkmiş Zarema Tarverdiyeva ifadəsində qızının həbs olunduğunu və 9 il həbs cəzası aldığını göstərib:

"Xadimə işləyirəm. Qızımın həbsi ilə bağlı iş yoldaşıma danışdım, o da məni Emilya ilə tanış etdi. Emilya ilə görüşəndə məni inandırdı, dedi ki, narahat olma, qızın azyaşlı olduğuna görə onu əfv edərlər. Mən də inandım. Məndən 5 min manat istədi. Bu məbləğə gücüm çatmadığına görə 3 min manata razılaşdıq. Emilya "əgər işimiz alınmasa, pulunu qaytaracağam” dedi. Onun dediyi vaxt tamam olsa da, qızım həbsdən buraxılmadı. Emilyadan pullarımı geri istədim. Sonradan telefonlarına zəng çatmadı, bir daha onu görmədim. Emilyanın məni aldatdığını başa düşüb polisə şikayət etdim”.

 "Qaçıb gizlənir, telefonlara cavab vermirdi”

Zərərçəkmiş Hidayət Ağayev ifadəsində bankla bağlı problemləri olduğunu, məhkəmə tərəfindən evlərinə həbs qoyulub hərraca çıxarıldığını göstərib: "Bizə özünü vəkil kimi təqdim etdi, mülki işlə bağlı köməklik göstərəcəyini, qısa müddətdə işi yoluna qoyacağını dedi. Amma uzun müddət keçməsinə baxmayaraq, evin girovluqdan çıxarılıb üzərində olan həbsin götürülməsi istiqamətində heç bir iş görmədi. Emilyanın məni aldatdığını başa düşdüm və ona verdiyim 5 min manatı tələb etməyə başladım. Hər dəfə müxtəlif bəhanələrlə aldadır, işi uzadır, pulumuzu qaytarmırdı. Bir müddət sonra isə qaçıb gizlənir, telefonlara cavab vermirdi. Sonradan Emilyanın həbs olunduğunu eşitdim”.

 

"Qardaşımın evini, özümə məxsus mal-qaranı satıb Emilyaya verdim”

Zərərçəkmiş Ceyhun Əsgərov ifadəsində qardaşı Raulun Ələt-Astara yolunda avtoqəza törətdiyini, avtomobildə olan iki nəfər sərnişinin dünyasını dəyişdiyini, faktla bağlı araşdrıma aparıldıqdan sonra Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il cəza aldığını göstərib: "Hökmdən Şirvan Apellyasiya məhkəməsinə şikayət etmək istəyirdik. Emilya bizə qardaşımın cəzasının azaldılmasında köməklik göstərəcəyini, bunun müqabilində isə 12 min manat lazım olacağını dedi. İmkanım çatmadığını dedikdə isə "əgər bu məbləğ verilməsə iş düzəlməyəcək” dedi. Onun dediyi məbləği düzəltmək üçün Salyana qayıdıb qardaşıma məxsus həyət evini 8 min manata satdım. Pul düzəlmirdi deyə həyətimdəki iribuynuzlu heyvanlarımı da satıb pulları Emilyaya çatdırdım”.

C.Əsgərov ifadəsində göstərib ki, Şirvan Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. E.Həşimova zərərçəkmişə narahat olmamağı, bu məsələnin Ali Məhkəmədə həllini tapacağını desə də, sonradan onunla əlaqə saxlamaq mümkün olmayıb: "Bizdən aldığı puldan mərhumların yaxınlarına heç nə verməyib hamısını ələ keçirmişdi. Aldanlıdığımı başa düşüb DİN-in 102 xidmətinə zəng vurub məlumat verdim”.

 "Həyat yoldaşımın qızıllarını satıb pullarını vəkilə verdim”

İkinci qrup Qarabağ əlili Kamran Abdiyev ifadəsində qanunsuz ticarətlə məşğul olduğuna görə Qaradağ rayon Məhkəməsi tərəfindən barəsində 6 min manat cərimə cəzası təyin edildiyini göstərib: "Heç yerdə işləmirəm. Yalnız cümə günləri Müşfiqabad məscidinin qarşısında ətir, kitabçalar satırdım. Qanunsuz ticarətlə məşğul olduğum üçün məhkəmə tərəfindən 6 min manat cərimə cəzası təyin edilmişdi. Cəriməni ödəyə bilmirdim. Mənə dedilər ki, yaxşı vəkil tapsan cəriməni ləğv etdirə bilərsən. Bibim qızına dedim, o da məni Emilya ilə tanış etdi. Emilya işin həlli üçün 2 min manat istədi. Sonra isə cəriməni yarıbayarı həll etmək üçün əlavə 1000 manat da lazım olduğunu bildirdi. Həyat yoldaşımın qızıllarını satıb pullarını Emilyaya verdim. Amma Emilya məni aldadaraq qaçıb gizləndi”.

Haşiyə çıxaraq qeyd edək ki, cəriməni yarıbayarı azaltmaq üçün Emilyaya verdiyi 3000 manatı ödədiyi halda zərərçəkmişin borcu onsuz da yarıbayarı azalacaqdı.

 

"Həyat yoldaşım Korlar Cəmiyyətinin üzvü idi”

Zərərçəkmiş Mirvari Məmmədova ifadəsində həyat yoldaşı Sabit Məmmədovun Korlar Cəmiyyətinin üzvü olduğunu, orada ev növbəsinə yazıldıqlarını göstərib: "Həyat yoldaşım Qarabağ müharibəsi iştirakçısıdır. Müharibədə yaralanmışdı, uzun müddət müxtəlif tibb müəssisələrində müalicə olunmuşdu. Korlar Cəmiyyətində mənzil növbəsinə yazılmışdıq. 2016-cı ildə əlillər üçün inşa olunmuş mənzil paylaşımında bizə mənzil verilmədi. Buna görə müxtəlif təşkilatlara müraciət etdik, nəticəsi olmadı. Bizə mənzil verilmədiyinə görə vəkil axtarmağa başladıq. Bir nəfər tanışımız bizə Emilyanın telefon nömrəsini verib yaxşı vəkil olduğunu dedi. Zəng vurub görüşdüm. Məni dinlədikdən sonra bu məsələni on günə həll edəcəyini bildirdi. Bu işin həll olunması üçün borc pul tapıb Emilyaya 8 min manat pul verdim. Bir neçə ay keçsə də, Emilya bizə mənzil verilməsi ilə bağlı heç bir iş görmədi. Dəfələrlə ofisinə getdim, qapısı bağlı olurdu, zənglərimə cavab vermirdi”.

Məhkəmənin hökmü ilə Emilya Həşimova 9 il müddətinə azadlıqdan məhrum edilib.

İnarə Rafiqqızı




Oxşar Xəbərlər

Xəbər lenti

Videolar