Hakimiyyət daxilində kəskin rəqabət başlayıb

 

Hakimiyyət daxilində kəskin rəqabət başlayıb

 

 

Əli Həsənova qarşı ittifaq yarandığı hiss olunur

 


"Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi və azadlığa çıxması prosesi ərəfəsində aşkar hiss olunan məqamlardan biri də bu olayların hakimiyyət daxilində rəqabəti kəskinləşdirməsi oldu.

Məlumdur ki, xarici təzyqilərin olmadığı, hakimiyyətin ciddi çağrışlarla üz-üzə qalmadığı zamanda hakimiyyət daxili rəqabət də zəifləyir. Çünki, bütün qruplar belə vəziyyətdə dövlət başçısının qəzəbini üzərlərinə çəkməkdən ehtiyat edirlər. Lakin, xarici təzyiqlər  və ölkə daxilində siyasi prosesləri gərginləşdirməyə başladıqdan sonra hakimiyyət daxili qruplar da fəallaşır. Qeyd edək ki, Prezidentinin Administrasiyasının strukturunda dəyişiklik edilməsindən sonra bəzi məmurların yeni münsibətlər sistemindən razı qalmadığı kimi məlumatlar yayılmışdı.

 "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi və azadlığa çıxması prosesi zamanı bəzi qüvvələrin yaranmış vəziyyətdən istifadə edərək rəqib hesab etdikləri məmurları açıq mətinlərlə "vurmağa”  başladılar. Bəzən üstü örtülü, bəzən isə hər kəsin anlaya biləcəyi mətinlərlə hücuma məruz qalanlardan biri də Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov olduğu çox aydın hiss olunurdu. Prezident Adminstarsiya və Nazirlər Kabineti kimi hakimiyyətin ən yüksək dairələrində peşəkarlığı, çevikliyi ilə  diqqəti çəkən çox az sayda yüksək vəzifəli məmurlardan olan Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi bu günə kimi ciddi qalmaqallardan uzaqda qalmağı bacarması ilə də diqqəti çəkir. Bir çox məmurların kredit qalmaqqalı və övladları ilə bağlı ciddi qalmaqalla üzləşdiyi bir zamanda Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisinin ən azından belə qalmaqallarda adının hallanmaması onu önə çıxarır. Bu isə bəzilərində qısqanclıq yaradır.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun adı ətrafında yararlanmağa çalışan qalmaqalın ilk işartıları Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən ikinci binadan mənzil verilmiş KİV əməkdaşlarının adları açıqlanmasından sonra aydın sezilməyə başladı.

Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun açıqladığı siyahıda mənzil alan 255 jurnalistin heç də hamısının jurnalist olmadığı məlum oldu. Təbbi ki, bu prosesdən haqlı olaraq narazı qalanlar da oldu. Bu zaman isə dövriyəyə hansısa qüvvələrin girdiyi və narazılığı Əli Həsənova qarşı yönəldiyi hiss olunmağa başladı. Belə təəssürat yarandı ki, kimlərsə şüurlu şəkildə 255 nəfər jurnalistin ev alması kimi əlamətdar hadisənin üzərinə kölgə salmaq və günahkar qismində isə Əli Həsənovu göstərməyə çalışırlar. Qeyri-rəsmi mənbədən aldığımız məlumata görə, hətta dövlət başçısının yanında ev alan 255 nəfər jurnalistin heç də hamısının jurnalist olmadığı ilə bağlı məqamlar müzakirə olunub. Belə iddialar var ki, bəzi şəxslər katibələrinə jurnalist kimi ev verilməsinə nail olublar. Bundan başqa siyahıda elə şəxslərin adları var ki, onlar haqqında media camiəsində heç kim heç bir məlumata malik deyil. Məlumata görə, bu məqamlarla bağlı prezident İlham Əliyevə çatan məlumat ətrafında dövlət başçısı hesabat tələb edib. Bundan bacarıqla istifadə edən bəzi şəxslər isə bütün narazılıqları  Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun üzərinə yönəltməyə çalışıblar. Ancaq hər kəs bilir ki, bu proses necə baş verib.

Əli Həsənova qarşı rəqiblərinin ikinci, açıq hücumu ABŞ-ın "The Washington Post” nəşrində Azərbaycanda 255 media nümayəndəsinə ev verilməsinə həsr olunmuş və "jurnalistləri ələ almaq cəhdi”  kimi dəyərləndirilmiş "Azərbaycanda bəzi jurnalistlər pulsuz mənzil alır. Digərləri isə zindan” məqaləsinə münasibətdə yaşandı.

Əli Həsənov "The Washington Post” nəşrinin Azərbaycana qarşı həmişə qərəzli münasibətilə seçilməsinə, ABŞ Prezidenti Donald Tramp tərəfindən bir neçə dəfə "Washington Post”u yanlış məlumatlar dərc etməkdə, faktları saxtalaşdırmaqda, müxtəlif siyasi dairələrin maraqlarına xidmət göstərməkdə və "feyk xəbərlər” üzrə ixtisaslaşmaqda ittiham etməsinə çəkərkən, bu nəşrin ABŞ-ın müəyyən siyasi və monopolist dairələri tərəfindən dövlət başçılarına, ictimai-siyasi xadimlərə, biznes strukturlarına və hətta ayrı-ayrı dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə olunmasına və heç bir halda azad media nümunəsi hesab edilə bilməzliyinə diqqət çəkərkən, bəzi qüvvələr tam əksini iddia etdilər. Bu iddialar isə küçə və çayxanalarda deyil, rəsmi qəzetdə səsləndi. "The Washington Post” qəzeti Dövlət Departamentinin rəsmi orqanı kimi təqdim, burada dərc olunan fikirlər isə rəsmi Vaşinqtonun fikirləri kimi ictimailəşdirildi. Görünür, "Azərbaycan” qəzetində "ABŞ-da Obama dövrünün stereotipləri yaşayır” başlıqlı məqaləsinin müəllifi və ya müəllifləri (məqalə redaksiya məqaləsi kimi təqdim olunub-müəl.) Dövlət Departamentinin ABŞ-ın idarəçiliyində üçüncü mühüm orqan olduğunu, hətta rəsmi dövlət möhrünün də Prezident Adminstrasiyasında deyil, Dövlət Departamentində olduğunu bilmirlər. Bilsəydilər, "ABŞ-da Obama dövrünün stereotipləri yaşayır” başlıqlı məqalə tamamilə fərqli fikirlər üzərində qurulardı. Üstəlik, bu məqalə müəllifi və ya müəllifləri Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun "The Washington Post” nəşri haqqındakı fikirlərini əsas götürə bilərdilər. Ancaq aydın görünür ki, məqsəd tamam fərqli olub.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla bağlı hücumun sonuncu akordu isə ölkə gündəminin əsas mövzusu olan "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin  həbsi və azadlığa çıxması olayı ətrafında vurulur. Belə ki,bu olaya görə əsas günah  Əli Həsənovun üzərinə qoyulmağa çalışılır. Halbuki, "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi ilə bağlı Azərbaycan hakimiyyətini çətin duruma kimlərin və hansı qurumların gətirməsi  hər kəsə aydındır.

Arzuman LOĞMANOĞLU,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}