Hacıbala Abutalıbov yazıçıları hakimiyyətdən narazı salır

Hacıbala Abutalıbov yazıçıları hakimiyyətdən narazı salır

 Çingiz Abdullayev:"Bizim hörmətli merimiz üzr istəməlidir!”

 

 


Hacıbala Abutalıbovun fikirincə Yazıçılar Birliyinin binasındakı "26” adlı kafe dahi şəxslərin ruhuna zidd fəaliyyətidir.


 

Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun Yazıçılar Birliyinin binasındakı "26” adlı kafenin fəaliyyətinin dayandırılmasına birliyin rəhbərliyi tərəfindən kəskin qarşılandı. Yazıçılar Birliyinin olayla bağlı yaydığı bəyanatda kafenin icarəsindən alınan məbləğin yazıçıların qayğı, problemlərinə sərf olunduğu açıqlandı və paytaxt merinə qarşı kəskin ittihamlar səsləndi. İlk öncə Hacıbala Abutalıbovun rəhbərlik etdiyi şəhərin ən yeni tarixindən xəbəri olmadığı vurğulandı. Məsələn, Hacıbala müəllim iddia edir ki, "Sözü gedən məkan əvvəllər fəaliyyət göstərmiş Məmməd Arif Dadaşzadə adına kitabxanaya, eyni zamanda görkəmli Azərbaycanın şair və yazıçıları olan Hüseyn Cavid, Səməd Vurğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Rəsul Rza və digər bu kimi dahi şəxsiyyətlərin tarixi izlərinin olduğu Natəvan klubuna aiddir. Belə bir yerə əxlaqsız gecə klubu olan «26-lar kafesi»nin fəaliyyət göstərməsi bu dahi şəxslərin ruhuna və Azərbaycan xalqına hörmətsizlikdir”.

Ancaq məlum oldu ki, Natəvan klubu Hüseyn Cavidin və Mikayıl Müşfiqin represiyalarından sonra istifadəyə verilib. Digər tərəfdən böyük alim Məmməd Arifin yaşadığı evə xatirə lövhəsi vurulması ilə bağlı Yazıçılar Birliyinin müraciəti hələ də icra edilməyib. Bu isə paytaxt merinin davasının əsl mahiyyətini üzə çıxarır. Belə ki, Hacıbala Abutalıbovu narahat edən dahi şəxslərin ruhu deyil, şəhərin sahibliyinin ona məxsus olmasıdır.

Yazıçılar İttifaqının katibi Çingiz Abdullayev Feysbuk sosial şəbəkəsindəki səhifəsində "Bizi öz ölkəmizdə təhqir edirlər” yazısı isə paytaxtın ədəbi dairələri ilə siyasi dairələri arasında kəskin fikir ayrılığının olduğunu göstərdi.

Çingiz Abdullayev yazırdı: "Yazıçılar Birliyi atası və qardaşı şəhid olan maliyyə direktoru ilə müqavilə bağlayıb! Düşünürəm, hamı başa düşər ki, belə bir insan daşnakların himayəçisi ola bilməz! Və ya kafeni, öldürülmüş komissarların şərəfinə adlandırmaq. Bütün bu baş verənlər məni şəxsən çox məyus edir! Ondan çox pis qoxu gəlir! Və bir xahiş. Mən güman edirəm ki, bizim hörmətli merimiz də, həmçinin üzr istəməlidir! İcarədarları "daşnakların himayəçiləri” adlandırmaq, öz xalqını təhqir etməkdir! Hazırda ölkədə yaşayan yeddi xalq yazıçısı və şairinin dördü Birliyin rəhbərliyindədir. Bu insanlar öz həyatları və yaradıcılıqları ilə sübut ediblər ki, onlar öz ölkələrində belə təhqirlərə məruz qalmamaq hüququ qazanıblar”.

Bizi düşündürən isə başqa bir məsələdir. Niyə bir iaşə obyektinin bağlanması bu qədər səs-küy yaradır və paytaxtın çoxsaylı problemlər məngəsində boğulduğu bir zamanda Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun başqa işi-gücü yoxdurmu?

Son zamanlar paytaxtın su-kanalzasiya sistemində ciddi problemlər üzə çıxmağa başlayıb. Qarşıdan gələn yağışlı payız və qışda bu problemlərin daha da qabarıq üzə çıxacağı hər kəsə məlum olsa da, belə görünür ki, bütün bu problemlər Hacıbala Abutalıbovu narahat etmir.

Digər tərəfdən, paytaxtın qaz və elektrik sistemində də kəskin problemlərin olduğunu göstərir. Həmin problemlər payızda və qışda daha da kəskinləşəcək. Belə görünür ki, paytaxt merinin bu problemlərdən də xəbəri yoxdur.

Paytaxt merinin xəbəri olduğu yeganə məsələ isə Yazıçılar Birliyinin binasındakı "26” adlı kafenin Hacıbala Abutalıbovun fikirincə dahi şəxslərin ruhuna zidd fəaliyyətidir.

Məlum olduğu kimi Azərbaycan tədricən prezident seçkiləri ilinə daxil olur. Digər tərəfdən Qafqazda maraqları olan böyük dövlətlər Azərbaycana yönəlik siyasətlərini gücləndiriblər. Hətta Azərbaycan məsələsini Qərbin və Rusiyanın siyasi gündəminin birinci məsələsi kimi də göründüyünü söyləmək olar. Elə bir gün olmur ki, Azərbaycanla bağlı hansısa tədbir keçirilməsin, ciddi məqalələr dərc olunmasın. Belə bir zamanda paytaxt merinin ölkənin ən nüfuzlu yazıçılarına qarşı müharibə açması ən azından anlaşılan deyil. Anlamaq olmur ki, bununla paytaxt meri nəyə nail olmaq istəyir. Artıq həmin nüfuzlu yazıçıların sərt etirazları eşidilməyə başlayıb. Məsələn Çingiz Abdullayevin bir qədər yuxarıda bəhs etdiyimiz Facebbok yazısı və Yazıçılar Birliyinin sədri Anarın kəskin cavabı bunun sübutudur. Belə görünür ki, Hacıbala Abutalıbov ölkədə və paytaxtda hansı proseslərin getdiyinin fərqində deyil. Əgər fərqində olsaydı siyasi proseslərin həssaslaşdığı, hakimiyyət əleyhinə çıxışların gücləndiyi bir zamanda günün-günorta çağı bu boyda qovğa qoparmazdı. Onun qopardığı bu qovğanın tozu isə siyasi proseslərin cərəyan etdiyi məkanın rəngini daha tünd etməyə qadirdi.

Əgər hakimiyyət bununla bağlı ciddi tədbirlər görməsə, proseslər öz axarından çıxa bilər. Çünki, paytaxt meri kimi məmurların belə incəliklərin fərqində olmadığı növbəti dəfə üzə çıxdı.

A.Nəbiyev,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}