“Tender kralı” biznesini ölkədən çıxarır

 


Əli Həsənovun "vurulması” Qorxmaz Paşayevi qorxuya salıb

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov nəvəsi Nail Allahverdiyevin iki nəfərin ölümü, iki nəfərin ağır yaralanmasına səbəb olması ictimaiyyətin haqlı narazılığına səbəb oldu. Bu narazılıq Əli Həsənovun istefası ilə bağlı vətəndaş təşəbbüslərinin meydana çıxması ilə yeni mərhələyə qədəm qoydu. Bununla bağlı son məlumatda qeyd olunur ki, ərazisi işğal olunmuş rayonlardan məcburi köçkün düşən vətəndaşlarımız üçün inşa edilən qəsəbələrin inşası və bu günki vəziyyəti ilə bağlı araşdırma aparılmasını tələb edirlər. Bu tələbi özündə əks etdirən müraciətlər artıq rəsmi şəxslərə, ilk növbədə isə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göndərilib. Prosesin belə inkişafı Əli Həsənova bağlı olan məmur və iş adamlarında narahatlığa, bəzilərində isə qorxuya səbəb olub. Məlumata görə, Əli Həsənovun himayəsi altında olan məmurların bəziləri artıq başqa oliqarxların himayəsinə sığınmaq üçün hərəkətə keçiblər. Eyni vəziyyət Əli Həsənova bağlı olan işadamlarının davranışında da müşahidə olunur. Məmurlardan fərqli olaraq işadamlarının daha geniş manevr imkanları var. Məsələn, onların bəziləri həəta ölkəni tərk etməyi belə düşünürlər. Biznesini və sərvətini başqa bir ölkəyə köçürmək istəyənlər arasında "Tender kralı” kimi tanınan Qorxmaz Paşayevin də ölkəni tərk etməyə hazırlaşması haqqında məlumatlar var.

Biznesə doğulduğu kəndin adıyla bağlı yaratdığı "Alıbəyli” Kooperativi ilə qatılan Qorxmaz Paşayev tikinti materiallarının alqı-satqısı ilə məşğul olur. Ancaq tezliklə dövlət büdcəsi hesabına həyata keçirilən layihələrə qoşulmağı bacarır. Bu layihələrdə Qorxmaz Paşayev özünün "Alıbəyli” Kiçik Müəssisəsi ilə iştirak edir. Məlumatlı mənbənin sözlərinə görə, Qorxmaz Paşayevin "Alıbəyli” Kiçik Müəssisəsi dövlət büdcəsi hesabına həyata iri məbləğli layihələrə qatılması Əli Həsənov Qaçqınların və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin sədri təyin olunduqdan sonra mümkün olub. Bu layihələr arasında əsas yeri ilk illər məcburi köçkünlər üçün tikilən qəsəbələr təşkil edir. 2004-cü 

ildə "Alıbəyli” Kiçik Müəssisəsi "Alıbəyli Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilir. Qorxmaz Paşayevin biznesində isə dəyişiklik yalnız bununla bitmir. "Alıbəyli” Kiçik Müəssisəsi "Alıbəyli Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsindən sonra Qorxmaz Paşayev yol şəbəkəsi, su və qaz xətləri, elektrik şəbəkəsi, drenaj və kanalizasiya sistemlərinin inşası üzrə tenderlərə qoşulmaq imkanı qazanır. Məsələn, Azərsu Açıx Səhmdar Cəmiyyətinin Qrantlar hesabına Şamaxı rayonunda həyata keçirilən su paylayıcı sisteminin və sugötürücü qurğuların tikintisi üzrə 13.5 milyonluq tenderin "qalibi olur. Tezliklə isə bütün ölkə boyu su və kanalizasiya çəkilişləri ilə bağlı tenderləri qazanmağa nail olur. Bir müddətdən sonra isə "Alıbəyli Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin həyata keçirdiyi tenderləri "T.T.Ş” Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirməyə başlayır. Bu isə ictimaiyyətdə "Alıbəyli Şirkəti” MMC-nin "T.T.Ş” MMC-yə çevrilməsi kimi qəbul olunur. Mətbuatda Qorxmaz Paşayevin"T.T.Ş” MMC-nin direktoru olması ilə bağlı məlumatlara da rast gəlinib.

İddialara görə, Qorxmaz Paşayevin "Alıbəyli” Kiçik Müəssisəsi kimi başlayıb "Alıbəyli Şirkəti” MMC-i ilə davam edən və hazırda "T.T.Ş” MMC-i kimi fəaliyyət göstərən tender biznesinin bu günə kimi həyata keçirdiyi layihələrə 500 milyon manatdan artıq büdcə pulu, beynəlxalq maliyyə institutlarından alınan kredit və qrant sərf edilib. Ancaq rəqəmin bir milyard manatdan artıq olduğunu da iddia edənlər var.

İndi isə Qorxmaz Paşayevin bu tenderlərin həyata keçirilməsi zamanı qazandığı sərvətini və bu sərvətlər hesabına qurduğu biznesini Azərbaycandan çıxarması haqqında məlumatlar dolaşmağa başalayıb. İddialara görə, bu şaiyələrin yayılması Qaçqınların və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun hakimiyyətdəki mövqelərinin zəifləməsi ilə bağlıdır.

Məsələ ondan ibarətdir ki, Əli Həsənov nəvəsi Nail Allahverdiyevin iki nəfərin ölümü, iki nəfərin ağır yaralanması olayından sonra cəmiyyətin kəskin etirazları ilə qarşılaşdı. Hətta bir qrup Ağdam rayon sakini Əli Həsənovun istefasını tələb etdi. Daha sonra bu proses daha da böyüdü. Belə ki, Ağdamlıların Əli Həsənovun istefa tələbinə başqa rayonların 

sakinləri də qoşuldu. Məlumata görə, ictimaiyyətin kəskin narazılığı hakimiyyətin yüksək dairələrində müzakirə edilib və Əli Həsənovun istefası ilə bağlı ilkin qərar qəbul olunub. Sadəcə bu qərarın elanı bir qədər təxirə salınıb. Əli Həsənovla bağlı bu olay isə ilk növbədə məhz Qorxmaz Paşayevin planlarını pozub.

Məlumata görə, Qorxmaz Paşayev hətta Əli Həsənovun dəstəyi ilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı postuna öz kadrını, hazırda Ağdam rayonundakı məcburi köçkün qəsəbələrini əhatə edən Mənzil İstismar İdarəsinin rəisi Rizvan Əliyevi də gətirməyi planlaşdırıbmış. Ancaq Əli Həsənovla bağlı olay bu planı gündəmdən çıxarıb. İndi isə Qorxmaz Paşayev sərvətini qorumağı əsas məqsədinə çevirib. Bunun üçün də sərvətini ölkədən çıxarır. Onun seçdiyi ölkənin isə Ukrayna olduğu iddia olunur. Gəncliyində Rusiyada yaşamış, ailəsini də bu ölkədə qurmuş Qorxmaz Paşayevin yenidən Rusiyanı seçməməsi çox maraqlıdır. İddialara görə, onun yenidən Rusiyaya qayıtmaması Kemerova vilayətinin türkmən əsilli qubernatoru Aman Tuleyevlə bağlıdır. Qorxmaz Paşayevin bu şəxslə qohumluq əlaqəsi olduğu iddia olunur. Hazırda səhhətində ciddi problemlər olan Aman Tuleyevin tezliklə vəzifəsindən kənarlaşdırılacağı gözlənilir. Ukrayna isə Avropanın qapısıdır və bu ölkədə biznes mühiti gündən-günə yaxşılaşmaqdadır. Buna görə Rusiyanı deyil, Ukraynanı seçənlərin seçiminin səbəbini anlamaq olar. Qorxmaz Paşayevin tenderlərin həyata keçirilməsi zamanı qazandığı sərvətini Azərbaycandan çıxarıb aparmağa imkan verilib-verilməyəcəyi isə tezliklə məlum olacaq. Mövzu ilə bağlı adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq. Məcburi köçkünlər üçün inşa edilən qəsəbələrin inşası və bu günki vəziyyəti ilə bağlı araşdırma aparılmasını tələb edən ictimaiyyət nümayəndələrinin müraciətlərinə rəsmi dövlət qurumlarının hansı reaksiyanı verəcəyini izləməkdə davam edəcəyik. Qaçqınların və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin həyata keçirdiyi layihələrlə bağlı araşdırmalarımız isə davam edir.

 

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}