Sumqayıtda ərini öldürən qadının 1 illik istintaqı və onun nəticəsi

 

 

Sumqayıtda ərini öldürən qadının 1 illik istintaqı və onun nəticəsi

 

Sumqayıt şəhər sakini Məhəyəddin Məmmədov adlı bir nəfər "Yeni Sözçü" qəzetinin  redaksiyasına  44 səhifəlik rəsmi bir "ittiham aktı” gətirmişdi bu günlərdə. Ona görə rəsmi deyirəm ki, onu tərtib edən müstəntiq Ozal Həsənovun və Sumqayıt şəhər prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanovun imzaları ilə tərtib edilib, təsdiq olunmuşdur. Özü də bilirsiniz nə vaxt? – 28 avqust və 31 avqust 2017-ci il tarixlərində.

 

İttiham aktı 2016-cı il sentyabr ayının 7-dən 8-nə keçən gecə saat 01:30-da, yəni gecə saat ikinin yarısında, Sumqayıt şəhəri, 2-ci mikrorayon 29169 nömrəli evin 10-cu mənzilində sağ budunun yuxarl iç və sol budunun yuxarı çöl səthlərindən bıçaq yarası alan Məmmədov Namiq Məhəyəddin oğlunun ölməsi faktına görə Sumqayıt şəhər prokuroru tərəfindən 08.09.2016-cı il tarixində Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsinin əlamətləri ilə başlanmış və iş üzrə aparılan 1 illik istintaqın son nəticəsidir.

İttiham aktından məlum olur ki, həmin cinayətin istintaqı prokurorluğun beş nəfər müstəntiqi: - əvvəlcə böyük müstəntiq Faiq Nadirovun, sonra da növbə ilə Samir Məmmədovun, Fərman Allahverdiyevin, Samir Hüseynovun Ozal Həsənovun icraatında olmuş və ittiham aktını da O.Həsənov tərtib etmişdir.

Həmin ittiham aktını oxuyanda təcrübəli, bir də mətbuat işçiləri kimi bizi təəccüb-heyrət bürüdü. Ən əvvəl təəccübləndirən o oldu ki, həmin şəhər prokurorluğunun müstəntiqləri ya vəzifə məsuliyyətlərini unudublar, ya da nəyinsə xatirinə bir gəncin ölümü ilə nəticələnən istintaq-təhqiqat işinə başdansovdu yanaşıblar, yəni cinayəti hər vasitə ilə ölən adamın boynuna qoyublar. Niyə? Niyəsini biz də bilmirik. Amma üzdə olan budur. Axı, ölülər danışmırlar və ədalətsizlik baş alıb gedəndə günahkar həmişə ölülər olur, deyəsən?!

Bu ittiham aktı da belədir. Qəribə deyilmi? İndi biz deyək həmin qəribəliklərin ucundan-qulağından, oxucularımız da oxuyub bilsinlər.

1.Qaydadır, ağır cinayətlər, xüsusən də ölümlə nəticələnən cinayətlər baş verdikdə ilk növbədə şübhə doğuran şəxs və ya şəxslərə müvəqqəti həbs qətimkan tədbirləri seçilir. Bu cinayət də ölümlə nəticələnib, amma heç kəs müvəqqəti həbs olunmayıb. Niyə?

Həmin cinayət baş verən evdə 4 nəfər olub: ər-arvad və iki azyaşlı uşaq (9-10 yaşlarında). Kişinin ölümü də həmin azyaşlı uşaqları gözləri önündə olub. Yəni ər-arvad dalaşıb, nəticədə də biri o birini, yəni kişi özü-özünə (müstəntiqlərin və ya arvadın-Xatirə Məmmədovanın dediyi kimi) xəsarət yetirmişdir. Çünki Xatirə Məmmədovanın təbirincə desək, Namiq Məmmədov sol əlindəki bıçaqla əvvəl sağ budunun iç hissəsindən, sonra da sol budunun bayır səthindən vurub. Arvad isə qanı kəsmək əvəzinə, qışqıra-qışqıra qonşuları inandırmağa çalışıb ki, "mən vurmadım, mən vurmadım. Namiq öz-özünü vurdu”.

Bəs nə deməliydi? Deməliydi ki, Namiqi mən vurdum? Cinayət törədən şəxslər özlərini müdafiə etmək üçün ilk bu sayaq deyirlər: "onu mən öldürməmişəm” və ya "bu işi mən görməmişəm”. Əsl təhqiqatçı və peşəkar müstəntiq isə bu hay-küylü yalanı diqqətlə araşdırıb, həqiqəti üzə çıxarmalıdır. Əminəm ki, işin istintaqını aparan müstəntiqlər də Xatirənin uydurduğu yalanı dərhal duyurlar. Amma nədənbsə işin ilk ibtidai istintaqını aparan müstəntiq Faiq Nadirov Xatirə Məmmədovanın çığır-bağırının məqsədinə əhəmiyyət verməyib. Versəydi, onu şübhəli şəxs kimi həbs etməyib. Təəssüf!

2. Xatirə Rəşid qızı Məmmədova izahatında deyir ki, Namiq onu mütəmadi döyüb incitdiyinə görə ondan iyrənirmiş və boşanıbmış. Amma nədənsə boşanmış ər-arvad bir mənzildə yaşayırmışlar və hərdən də yorğanaltı zarafatları-cinsi əlaqələri də olurmuş. Bəzən də Xatirə ər-arvad olmadıqlarını bəhanə edib, Namiqi yaxına buraxmırmış. Çünki həmin hadisədən 1 il öncə Sumqayıt Şəhər Məhkəməsi Namiqlə Xatirənin nigahını birtərəfli qaydada pozubmuş və Namiqin bu boşanmadan xəbəri yox imiş. Onu çox gec-9 aydan sonra - Xatirənin telefonunda Roma adlı bir nəfərə sevgi mesajını oxuyandan sonra bilib. Və "sən Romaya niyə mesaj yazmısan?” deyə sual edəndə, Xatirə cavab verir: "Haqq eləmişəm. Mən subay qadınam. Kimi istəyirəm, ona da mesaj yaza bilərəm”.

Bu söhbətdən sonra Namiq Sumqayıt Şəhər Məhkəməsinə gedir. Və məhkəmənin 08 iyul 2015-ci il tarixli boşanma qətnaməsinin surətini alır. Baxır ki, Xatirə birtərəfli qaydada Namiqdən boşanıb. Əsl dava-dalaş da bundan sonra başlanır.

Amma müstəntiqlər bu boşanma sirrinin səbəbini araşdırmayıblar və Sumqayıt Şəhər Məhkəməsinin bir ünvanda, bir dam altında ər-arvad kimi yaşayan ailəni qadının sözü ilə ailə yuvasını dağıdır. Hakimin kəbini pozmaqda məqsədi nə imiş?

Elə həmin cinayətin baş verməsinin ilk addımı həmin boşanma əhvalatını Namiq biləndən sonra atılıb və sonra da ayaq tutub yeriyib. Nəticə isə göz qabağındadır. (Bu, çox ciddi məsələdir).

3. Xatirə Məmmədovanın və qonşuların izahatında deyilir ki, Namiq Məmmədov 2016-cı il sentyabrın 7-dən 8-nə keçən gecə saat 01 radələrində yaşadığı evin qapısını bərk döyüb. Bu zaman "o, həddən ziyadə spirtli içki qəbul etmişdi. Ayaq üstə güclə dayanırdı. Səndələyə-səndələyə yeriyirdi və sözləri axıradək deyə bilmirdi, dili söz tutmurdu”.

Tutaq ki, deyilənlər düzdür. İndi siz deyin, belə halda içəri girən bərk sərxoş kişi arvadını nəyəsə məcbur edə bilərdi? Axı onda hey yox idi. Amma Xatirə Məmmədova deyir ki, Namiq onu zorla yerə yıxıb, cinsi əlaqəyə girmək istədi. "Mən etiraz etdim, çünki ondan iyrənirdim. Namiq zorla gecə köynəyimin ön hissəsini və alt paltarımı, yəni tumanımı cırdı. Paçamı aralaya bilmirdi deyə üstümdən qalxıb, mətbəxə getdi və əlində bıçaq geri qayıdıb, məni öldürmək istədi. (İnanan daşa dönsün). Heydən düşmüşdüm, zobla əlaqədar təngnəfəs olmuşdum. Birdən mənə güc gəldi və Namiqin bıçaq tutan sol əlinin biləyindən ikiəlli yapışıb ki, onun bıçaqla məni vurmasına imkan vermədim”.

Maraqlıdır, niyə Namiq bıçağı sol əllə tutub? Məgər o, solaxay idi? (Bu hal araşdırılmayıb). Axı, bioloji əlamətlərə görə, sağ əl sol əldən güclü olur. Bəs, Namiqin həmin vaxt sağ əli nə ilə məşğul idi? Və yaxud sağ əli bəlkə şikəst imiş? Sağ qol da yerli-dibli yox imiş? Var idisə, niyə Xatirəni vurub üstaltmırmış, hə?

Amma izahata görə, sən demə, Namiq bu zaman təsadüfən öz-özünü vurub – deyir Xatirə Məmmədova. Müstəntiq də ona inanıb və istintaq işinin səmtini dəyişib. Nədən? Çünki ölülər danışmırlar.

4. Xatirə ilk öncə qonşulara, təcili yardımın həkimlərinə və polislərə deyir ki, Namiq bıçağı ona vurmaq istəyəndə səhvən özünə vurub, özü də sağ budunun yuxarı iç hissəsin, sonra da həmin bıçaqla eyni vaxtda həm də sağ budunun yuxarı bayır hissəsinə Namiqin özü xətər yetirib.

Bu, inandırıcı söz deyil, cənab müstəntiqlər. Arteriya damarından fəvvarə vuran yaralı heç zaman özünə ikinci zərbəni vura bilməz.

Müstəntiq də Xatirənin dediklərinin təsdiqinə nail olmaq üçün təqribən 4-5 aydan sonra gülməli səhnə qurub, komediya göstərir. Beləliklə, o, bir nəfərin sol əlinə bıçaq verib, sol əllə eyni vaxtda həm sağ budun iç tərəfinə, həm də sol budun bayır tərəfinə zərbə vurdurur və bu təcrübə ilə də hadisənin Namiq Məmmədov tərəfindən icra edildiyini təsdiqləyir.

Bax, bu sayaq "komediyalar” oxuyanda adamdan savayı, bişmiş toyuğun da gülməyi gələrdi. Bir də müstəntiq bilməyib ki, Namiq Məmmədov təhlükəsizlik üzrə mütəxəssisdir. Sumqayıt Dövlət Universitetinin "Həyat fəaliyyətinin təhlükəsizliyi” fakültəsini bitirib.

5. Daha bir maraqlı müəmma. Xatirə Məmmədova izahatında göstərmir ki, Namiq ona təcavüz edəndə öz paltarını-cins şalvarını və tumanını çıxarmışdı, ya yox. İttiham aktında göstərildiyi kimi, həmin vaxt Namiq Xatirənin gecə köynəyini və alt paltarını cırır, amma paçasını aralaya bilmir. Belə halda gərək Namiqin özü də soyunaydı, yəni şalvarnı və alt paltarını əynindən çıxarmalı idi. Amma onun qanlı köynəyini, arxadan və öndən deşilib-kəsilmiş cins şalvarını və qanlı ayaqqabısını evdən yox, xəstəxanadan götürüblər. Tibb işçisinin izahatına görə, Namiq öləndən sonra həmin əşyaları (üçdüymə köynəyini, cins şalvarını və ayaqqabısını) prokurorluğa verib. Həmin paltar əşyayi-dəlil kimi yenə də Sumqayıt prokurorluğunda saxlanılır.

6. Qanı fontan vuran Namiq bayıra çıxır. Səs-küyə qapıya çıxan qonşudan xahiş edir ki, təcili yardıma zəng etsin. Rus millətindən olan qonşu zəng edir. Xatirə isə Namiqin arxasınca bayıra çıxıb, qorxu içində bağıra-bağıra: "Onu mən vurmadım, özü-özünü bıçaqladı”- deyir. Əminəm ki, həqiqəti üzə çıxaran peşəkar müstəntiq bu sözləri eşitsəydi, Xatirəyə deyərdi: "Soğan yeməmisən, için niyə göynəyir?”.

Cins parça adətən çox qatı, qalın və ikiqat toxunur və ondan ancaq təsərrüfat, tikinti, sənaye və s. işlərdə çalışanlar üçün paltar (şalvar, köynək...) tikirlər. Həmin parça hələm-hələm adi hallarda cırılan, dağılan, deşilən və kəsilən deyil. Onu cırmaq, kəsmək və deşmək üçün daha böyük güc-qüvvə lazımdır.

Həmin hadisədə sol əldə olan bıçaq təsadüfən cins şalvarı deşib-kəsə bilməzdi, özü də həm öndən, həm arxadan. Gəlin, həqiqətin üzünə düz baxaq.

7. İbtidai istintaqın şahidi kimi ilk sorğu-sual edilən Namiq Məmmədovun 10 yaşlı qızı və 9 yaşlı oğlu da dindirilir. Qızı Nuray belə söyləyir: "Hadisə gecəsi atam evə gec gəldi. Anam Xatirə bərk hirslənmişdi və onu söyüb yamanladı. Atam anamı sakitləşdirmək üçün mətbəxə keçəndə anam daha bərkdən qışqıra-qışqıra taxta ilə özünü döyməyə başladı və özünü döyə-döyə də deyirdi: "Bu saat polis çağıracaq və atamı tutduracaq”. Atam onun əlindən taxtanı almaq istəyəndə o, stolun üstündəki mətbəx bıçağını götürüb, atamı vurdu. Atam ucadan qışqırıb, əli ilə baldırının iç tərəfini tutdu. Onun baldırından qan axırdı. Atam arxaya dönüb mətbəxdən çıxmaq istəyəndə, anam həmin bıçaqla atama arxadan daha bir zərbə vurdu. Bir anda evimiz qan oldu. Anam əməlinə peşman kimi tez otağa yüyürdüvə döşəyin üstündəki mələfə ilə atamın ayağını sarıdı. Qan isə dayanmadan axırdı. Atam axsaya-axsaya qapıya gedib bayıra çıxdı və qapının bayır tərəfində yıxıldı. Qonşular mənzillərindən çıxmışdı. Bir nəfər qonşu təcili yardıma zəng eləyəndə anam bayıra çıxıb ucadan deyirdi: "Onu mən vurmadım. Namiq bıçaqla öz-özünü vurdu”.

Bir azdan təcili yardım maşını gəldi və atamı xəstəxanaya aparanda rus millətindən olan qonşumuz qardaşımla məni öz evinə apardı. Anam atamla xəstəxanaya getmədi. Evə, artırmaya, pilləkənə axan qanı və qanlı bıçağı yuyub-təmizləyirdi”.

Bir azdan həmin mənzilə gələn polis işçiləri də Xatirənin evin qanını silib-təmizlədiyinin şahidi olurlar. Bunun səbəbini soruşanda, Xatirə deyir ki, evdə azyaşlı uşaqlar var, onlar qandan çox qorxurlar”.

Xatirə yalan deyirdi. O, evi təmizləyəndə Nurayla Elnuru qonşu öz evinə aparmışdı. Sentyabrın 8-də səhər tezdən isə uşaqların ata babası Niyaməddin kişi Nurayı öz evlərinə gətirir və həmin gündən bu günə qədər də nəvələr nənə-babaları ilə birgə yaşayırlar.

Azyaşlı olmalarına baxmayaraq (Nurayın 10, Elnurun 9 yaşı var), hadisəni görən şahid qismində müxtəlif vaxtlarda iki dəfə dindiriliblər (bir dəfə prokurorluqda, bir dəfə də xüsusi komissiya qarşısında). Hər iki dindirmə zamanı uşaqlar özlərini sərbəst aparmış, gördükləri hadisəni necə görüblər, o sayaq da danışmışlar. Lakin müstəntiqlər guya başqa təsirlərə düşdüklərinə görə uşaqların dediklərinə inanmır və onların danışıqlarını Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzində yenidən ekspertizadan keçirirlər.

Mərkəzdən verilən 03.04.2017-ci il tarixli rəydə göstərilir ki, "yetkinlik yaşına çatmayan Nuray tez uyğunlaşmaq, sərbəstlik, fəallıq, inamlı tərzdə dediyi fikirlərini müdafiə etməyə və digər fərdi psixi xüsusiyyətlərə malikdir. Onun əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmamış, əqli inkişaf xüsusiyyətlərinə görə, baş vermiş hadisə barədə düzgün məlumat vermək iqtidarına malik olmuşdur”.

Bundan sonra ekspert də müstəntiq sayaq bəhanə gətirir ki, onda hadisəni şərh edərkən başqalarının təsirinə düşmə meyilliliyi müşahidə edilir. Bunu əsas gətirən müstəntiq Ozal Həsənov Nurayın və Elnurun adlarını hal şahidlərinin siyahısından silir.

8. Xatirə Məmmədova və qonşuları izahatlarında yazırlar ki, Namiq həmin gecə evə həddən artıq sərxoş gəlmişdi. O, hətta sərbəst yeriyə və danışa bilmirdi. Hadisədən təqribən saat yarım sonra Namiq qanaxmadan ölür. Tibbi-pataloji yoxlama üçün nəşini meyidxanaya qoyurlar. Orada onun sərxoşluq dərəcəsi yoxlanılmalı idi, amma yoxlanılmır (bu barədə rəy yoxdur).

Həmin yoxlama mütləq olmalı idi. Namiqin sərxoş vəziyyətdə evə gəlməsi ilə ölməsi arasındakı vaxt 1,5 saatdan da artıq olub. Bu az vaxt ərzində mədədə alkoqol əlamətləri müşahidə olunmalıdır. Müstəntiqlər nədənsə bu vacib məsələni də unudublar.

9. Həkimlərin dediyinə görə, arteriya damarı zədələnən yeri azca yuxarıdan sıxılardısa, arteriyadan qanaxma azalardı. Həkimin məlumatına görə damar möhkəm sıxılmasa, beş dəqiqəyə bədəndə qan qurtarar və bu hal ölümlə nəticələnər. Bunu bilən həkimlər xəstəxanaya sağ gətirilən yaralıya təcili tibbi yardım göstərib, axan qanın əvəzinə ona yeni qan vursaydılar, yaralı sağ qala bilərdi. (Görünür, həkimləri xəstənin ağır vəziyyəti yox, onun sahibinin kimliyi maraqlandırıb).

10. Sumqayıt şəhər prokuroru Sərdar İmanov tərəfindən təsdiqlənmiş 44 səhifəlik ittiham aktında 16 hal şahidinin adı rəsmiləşib. Dindirilənlərdən isə 23 nəfər iştirak edib. Namiqin ata-anasından savayı, hamı Xatirə Məmmədovanın tərəfini saxlayıb. Onu işgüzar, səmimi, mehriban, qayğıkeş, namuslu, ismətli bir qadın kimi tərifləyiblər. Namiq Məmmədovu isə içki və qadın düşkünü, tüfeyli, işsiz, avara kimi xarakterizə ediblər. Niyə? Ona görə ki, Namiq artıq ölüb. Ölülər isə danışmırlar. Buna görə də sağ qalana tərəfkeşlik edirlər, heç kəs pis olmaq istəmir.

Amma namuslu, ismətli, ləyaqətli, sədaqətli qadın, on bir ildən çox ər-arvad kimi yaşayan, iki uşaq anası Namiqin son gününə kimi bir dam altında yaşadığı qanuni ərindən birtərəfli və özü də gizlin boşanıb, subaylıq həyatı yaşayır, gündə birinə eşqnamə oxuyur, sevgi mesajları göndərir. Axırda da...

Müstəntiq Ozan Həsənov isə nəyinsə xatirinə bu qatı və dəhşətli cinayətin izini itirmək yolunu tutaraq, ilk öncə Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsini sürtə-sürtə 124.1-ci maddəsinə çevirir. Məhkəmə baxışına qədər Xatirə Məmmədova üçün şəhərdən çıxmamaq haqqında qətimkan tədbirləri seçir. (Afərin!).

Bəli, belə barmaqarası aparılan istintaqın nəticəsi də belə barmaqhesabı verilir. Ona görə də hər gün qarşılaşdığımız hadisələrin - ərini öldürən arvadların, atasını baltalayan oğulların, arvadını doğrayan ərlərin, özünü asan binəsiblərin sayı da get-gedə artır.

Həmin ittiham aktında bu sayaq qanunazidd hal-hərəkətlər istənilən qədərdir. Amma biz onların bir hissəsini yazdıq. Əminik ki, haqq ilə nahaqqı göz ilə qulaq arasında axtarıb tapan bir vicdanlı hakim tapılacaq və Sumqayıt şəhər prokurorunun, onun beş müstəntiqinin apardığı 1 illik təhqiqat işini, üstəlik də Ozal Həsənovun tərtib və Sumqayıt şəhər prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanovun təsdiq etdikləri ittiham aktını ləğv edib, cinayət işini təkmili istintaqa göndərəcək.

 

"Yeni Sözçü” qəzeti


 

Sumqayıtda ərini öldürən qadının 1 illik istintaqı və onun nəticəsi

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}