Ekologiya və Təbii Sərvətlər Nazirliyi vədinə niyə əməl etmir?


 

Nazir Hüseynqulu Bağırovun olaylardan xəbəri varmı?

Bir zamanlar ictimaiyyətə və mətbuata ən açıq dövlət strukturlarından olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir müddət əvvəl açıqlama ilə çıxış edərək nazirliyin tabeçiliyində olan qurumlarla bağlı suallara aydınlıq gətirmək üçün yerli qurumlarla deyil, Nazirliyin Mərkəzi Aparatı ilə əlaqə saxlanılması tövsiyyə edilirdi.

Ancaq çox qəribədir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu açıqlamasına uyğun olaraq Nazirliyə ünvanladığımız bir neçə sorğu cavabsız qalıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin isə açıqlamağa borclu olduğu məqamlar az deyil. İlk öncə Nazirlik Ağcabədi Meşə Mühafizə İdarəsinin sabiq direktoru Müzəffər Cəfərovun həbsi ətrafında yaranmış məqamlara aydınlıq gətirməlidir. Xatırladaq ki, Ağcabədi Meşə Mühafizə İdarəsinin sabiq direktoru Müzəffər Cəfərova qarşı irəli sürülən iddialar arasında büdcə vəsaitlərinin mənimsənilməsi, rüşvətxorluq və vəzifə səlahiyyətlərindən sui-istifadə də var. Bütün bunları isə bir müəssisə direktoru təkbaşına edə bilməzdi. Xüsusilə də maliyyə əməliyyatlarını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Maliyyə İdarəsinin iştirakı olmadan həyata keçirə bilməzdi. Müzəffər Cəfərovun direktor olduğu dövrdə Nazirliyə dəfələrlə şikayətlər olsa da, Bakıdan göndərilən yoxlamalar həmin şikayətlərin araşdırmaq əvəzinə, üstünü ört-basdır etməklə məşğul olublar. Bütün bunlar isə səbəbsiz və yoxlamada iştirak edənlərin maraqları olmadan mümkün ola bilməzdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aydınlıq gətirməli olduğu məqamlardan biri də orta ixtisas təhsilli Cahid Məmmədovu Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru təyin edilməsi ilə bağlı məlumatdır. Bu məlumatda qeyd edilirdi ki, Cahid Məmmədov Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsində direktor müavini vəzifəsinə orta ixtisas təhsilli şəxs kimi təyin edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərindən biri Cahid Məmmədovun ali təhsilli olmaması haqqında açıqlama versə də, bunu sübut edəcək addımlar atmır. Halbuki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cahid Məmmədovun diplomunun sürətini mətbuata təqdim etməklə bütün söz-söhbətə bir dəfəlik aydınlıq gətirə bilər. Ancaq Nazirlik bunu etmək bir yana, bununla bağlı sorğumuzu da cavablandırmaqdan yayınır.

Qeyd edək ki, bütün bu məsələlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanladığımız sorğularda Azərbaycan Respublikasının Konstitusiyasına, Kütləvi İnformasiya Vasitələri haqqında Qanuna hörmət edilərək suallarımızı cavablandıracağınıza ümid etdiyimizi vurğulamışdıq. Ancaq belə görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri Azərbaycan Respublikasının Konstitusiyasına, Kütləvi İnformasiya Vasitələri haqqında Qanuna hörmət etmirlər. Əks halda bir neçə sorğumuzdan heç olmasa birinə cavab verə bilərdilər. Bu həm də o deməkdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin deməyə sözü yoxdur. Əgər, onların deməyə sözü varsa, biz onların mövqeyini olduğu kimi, hətta nöqtə-vergülünə toxunmadan dərc etməyə hazırıq.

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}