“Uşağınızın kor olmasını istəmirsinizsə, bunları edin!” - Paşa Qəlbinurla MÜSAHİBƏ

“Uşağınızın kor olmasını istəmirsinizsə, bunları edin!” - Paşa Qəlbinurla MÜSAHİBƏ

 

Azərbaycanda ötən illərə nisbətən azyaşlı uşaqlarda göz xəstəliklərinin artması müşahidə edilib. Orta yaşlı insanlarda, gənclərdə ağır iş və dərs rejimi, komüterdən istifadə, telefon şüası görmə itiliyinin itirilməsinə səbəb olur. Əgər siz uşağınızın gözlərində hər hansı bir qeyri-adi hal - buynuz qişasının çox böyük və ya çox kiçik ölçüdə olması, göz qapaqlarının tam bağlanmaması, yaxud sallanması, buynuz qişasının bulanması, göz qapaqlarında hər hansı bir törəmələrin olması, göz alması və göz qapaqlarının selikli qişalarının qızarması, göz bəbəyi rənginin ağ, boz, sarımtıl rəngə çalması və digər bu kimi halları müşahidə edərsinizsə, dərhal həkimə müraciət etməyiniz tövsiyə edilir. Bu və digər səbəbdən gözdə yaranan zəiflik müxtəlif fəsadlara səbəb ola bilir. Bəs bu görmə zəifliyinin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Publika.az bu məsələlərlə bağlı suallarını tanınmış cərrah-oftalmoloq, professor Paşa Qəlbinur cavablandırıb:

Paşa müəllim, ötən illərlə müqayisədə azyaşlılarda görmə zəifliyinin artımı müşahidə edilir. 0-16 yaş arası insanlarda görmə zəifliyinin ilkin səbəbləri nələrdir?

- Ümumiyyətlə, hamiləlik zamanı ananın vəziyyəti bətndəki uşağa çox ciddi təsir edir. Qadınların hamiləlik dövründə güclü stress keçirməsi uşaqlarda görmə zəifliyinə gətirib çıxara bilər. Hər hansı bir virus xəstəlik ehtimalı, valideynlərin yaxın qohumluq əlaqələri, genetik olaraq nəsildə hansısa pozğunluqlar (qlaukoma, katarakta, yüksək dərəcəli miopiya - yaxınıgörmə və uzağıgörmə) varsa, uşaqlarda bu müşahidə edilə bilər. Bu səbəbdən də daha diqqətli olmaq lazımdır. İlkin mərhələlərdə uşaqlarda yaranan görmə problemlərini aradan qaldırmaq asan olur. Hər zaman valideynlərə tövsiyə edirik ki, azyaşlı uşaqları hər 6 aydan bir həkim konsultasiyasına aparsınlar. Daha böyük yaşlarda uşaqlar üçün isə ildə 1 dəfə həkim müayinəsindən keçmək kifayətdir.

- Qidalanma prosesi buna nə dərəcədə təsir edir?

- Əlbəttə ən böyük məsələlərdən biri qidalanmadır. Digər orqanlar kimi, görmə orqanları da düzgün qidalanma olmadıqda zərər görür. Məsələn, anaların körpələri ana südü ilə deyil, modifikasiya edilmiş məhsullarla bəsləməsi buna səbəb ola bilər. Televizor, kompüter və digər şüalar da gözün zəifləməsini, görmə itiliyinin kəskin şəkildə itirilməsinə təkan verən səbəblərdəndir. Yaxşı olardı ki, valideynlər uşaqları bu vasitələrdən mümkün qədər uzaq saxlasınlar. Görməsi zəif olan uşaqlara həkim nəzarəti altında müalicə üsulları yazılır. Eləcə də düzgün qida rasionu önəmlidir. Gözün torlu qişasını möhkəmləndirən qidalar arasında qaragilə, qara qarağat, kök, süd məhsulları, balıq və digər məhsullar tövsiyə edilir.

- Uşaqlar görmə problemlərinin olduğunu valideynlərə izah edə bilmir, bəzən valideyn səhlənkarlığı səbəbindən müalicə ilə aradan qalxacaq xırda problem eynək seçimi, linza təyinatı, hətta lazer əməliyyyatına qədər apara bilir. Bu halların qarşısını necə almaq lazımdır?

- Çox düzgün vurğuladınız. Valideynlər bu mövzuda daha diqqətli və tədbirli olmalıdır. Amma onu da nəzərə almaq lazımdır ki, səhiyyə sistemi olduqca inkişaf edib. Artıq ana bətnində belə, bəzi genetik xəstəlikləri korreksiya etmək mümkündür. Uşaq dünyaya gələn kimi bütün həkimlərin müayinəsindən keçir. Və müəyyən zaman qoyulur ki, valideyn övladının mütəmadi olaraq həkim konsultasiyalarına gətirsin. Təəssüflər olsun ki, bəzi problemlərin həlli həkimlərin əlində deyil. Nə qədər peşəkar həkim olsan da, heç kimi evindən məcburi şəkildə həkimə gətirmək olmaz. Tək yol maariflənmədir.

- Eynək, yoxsa linza daha faydalıdır?

- Bu suala birmənalı cavab vermək mümkün deyil. Bu, xəstəliyin mərhələsindən asılı olaraq təyin edilir. Təbii ki, müalicə üsulu ilə itirilmiş görməni bərpa etmək mümkündür. Üstəlik eynək seçimi normaldırsa, yaxşı olar ki, xəstələr eynəkdən istifadəni kompleks etməsinlər. Müxtəlif fizioterapevtik üsullar var, göz məşqləri, cərrahi korreksiyalar, implantasiyalar və s. Linza gözdə yad cisim olaraq xarakterizə edilir və təbii ki, buynuz qişaya müəyyən qədər zərər verir. Bu baxımdan görmə zəifliyinin dərəcəsini nəzərə alaraq peşəkar həkim təyinatı ilə istər eynək, istər linza, istərsə də lazer əməliyyatı ilə uğurlu nəticələr əldə etmək olar.

- Gözdəki yorğunluqlar görmə zəifliyinə səbəb ola bilər? Bəs gözdə yaranan yorğunluğu necə aradan qaldırmalı?

- Gözdəki yorğunluqlar ümumi yorğunluq kimi səciyyələndirilir. Bu görmə zəifliyi yaratmır. Lakin, göz elə orqandır ki, insanın məhsuldarlığına xidmət edir. Təbii ki, xüsusi qulluq lazımdır. Xüsusi göz məşqləri var, kompüterdən çox istifadə edən insanlara təyin edilən süni göz damcıları var. Bütün bunlar həkim təyinatı ilə yerinə yetirilərsə, gözdə yorğunluq hissi aradan qalxar. Onu da qeyd edim ki, yuxu rejiminin pozulması, gecə saatlarında zəif işıq altında kitab oxumaq və telefonla, kompüterlə məşğul olmaq, habelə uzanmış vəziyyətdə diqqət tələb edən məşğuliyyətlər görmənin itirilməsinə təsir edir.

- Həkim təyinatı ilə yazılan eynəklərin keyfiyyətini bilmədən istifadə edən xəstələrin görmə qabiliyyətində ağırlaşmalar olur. Bu kimi hallarda həkimlər xəstələri necə yönləndirməlidir?

- Bəli, qeyri-peşəkar şəkildə hazırlanan eynəklər var. Birinci hər kəs sağlamlığına qiymət verməlidir və 5-10 manat fərqə görə qeyri-rəsmi şəkildə fəaliyyət göstərən, keyfiyyətsiz Çin istehsalı olan şüşələrdən istifadə edilən optikalara müraciət etməməlidirlər. Rəsmi yerlərdən eynək sifarişləri verilməlidir. Həkim xəstəyə düzgün ünvana yönləndirərək ona yardım göstərə bilər. Eeynək hazır olduqdan sonra isə onun şüşəsinin və eynək ölçülərinin düzgün olub-olmaması xüsusi aparat vasitəsilə yoxlanıla bilər.

- Paşa müəllim, suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik.

- Maarifləndirici xarakterli məqalələrə yer verdiyiniz üçün mən təşəkkür edirəm.

Könül Cəfərli



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}