Şahdağ Milli Parkına sahib çıxan tapılacaqmı?

 


Ekologiya və Təbii Sərvətlər Nazirliyi məmurlara qarşı tədbir görə biləcəkmi?

Şahdağ Milli Parkı Prezident İlham Əliyevin 2006-cı il 8 dekabr tarixli, 1814 saylı sərəncamı ilə yaradılmışdır. Ərazisi ilkin olaraq 115,895 hektar təşkil etsə də, Nazirlər Kabinetinin 8 iyul 2010-cu il tarixli, 193/S nömrəli Sərəncamı ilə Şahdağ Milli Parkının ərazisi 14,613.1 hektar genişləndirilərək 130,508.1 hektara çatdırılmışdır. Şahdağ Milli Parkına İsmayıllı və Pirqulu Dövlət Təbiət Qoruqları 21,014 hektar, Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu torpaqları 81,797 hektar və həmin rayonların hüdudlarındakı yüksəkliklərdə yerləşən və istifadəsiz yaylaqlar daxildir. Şahdağ Milli Parkının yaradılmasında məqsəd çoxlu sayda endemik və nəsli kəsilməkdə olan növlər və transsərhəd köçəri heyvanlar da daxil olmaqla qlobal əhəmiyyətli dağ meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin bərpası, qorunması və idarə edilməsi, torpağın münbit qatının qorunub saxlanılması, ərazi üçün xarakterik olan fauna və flora növlərinin qorunması, artırılması və zənginləşdirilməsi, həmçinin, təbii kompleksin sabitliyinin tənzimlənməsi, elmi-tədqiqat işlərinin aparılması üçün daha əlverişli şəraitin yaradılması, eləcə də ətraf mühitin monitorinqi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və böyük turizm potensialı olan ərazidə ekoturizmin inkişafının təmin edilməsidir.

Bu vəzifənin icrası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə qoyulub. Ancaq Şahdağ Milli Parkının əhatə dairəsinə düşən rayonlardan gələn məlumatlar belə deməyə əsas verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu vəzifəsinin öhdəsindən gələ bilməyib. Belə ki, Şahdağ Milli Parkının ərazisinin bir qisminin ayrı-ayrı məmurlar tərəfindən zəbt olunması, həmin ərazidə villalar, istirahət mərkəzləri və iaşə obyektlərinin  tikilməsi haqqında məlumatlar var. İddiaya görə, sabiq nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu Yaşar Qəhrəmanov Quba rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad olunduqdan sonra Şahdağ Milli Parkının bu rayon ərazisinə düşən hissəsində ayrı-ayrı məmurlara məxsus olan mülk və obyektlər sökülüb. Bu məlumat ətrafında daha geniş araşdırma aparmağa çalışacağıq.

Hələlik isə başqa bir rayonda, İsmayıllıda Şahdağ Milli Parkının bir hissəsinin məmurlar tərəfindən zəbt olunması haqqında məlumatı oxucularımızla bölüşmək istəyirik.

Məlumata görə, İsmayıllı rayon Talıstan kəndindən bir neçə kilometr aralıda yerləşən Talıstan Forestpark İstirahət Mərkəzinin yerləşdiyi ərazi də Şahdağ Milli Parkına aiddir. Bu məsələyə aydınlıq gətirmək üçün "Yeni Sözçü” qəzeti Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi sorğu ilə müraciət edib. Ümid edirik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Talıstan Forestpark İstirahət Mərkəzinin yerləşdiyi ərazinin də Şahdağ Milli Parkına aid olması haqqında iddiaları ciddi və şəffaf şəkildə araşdıracaq. Eyni zamanda onu da qeyd edək ki, bu məsələinin araşdırılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilməsi haqqında məlumat da var.

Hələlik isə qeyd edək ki, Talıstan Forestpark İstirahət Mərkəzinin yerləşdiyi ərazinin Talıstan Bələdiyyəsi tərəfindən bir neçə il qabaq "Bilal” Fermer Təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyətinə satdığı 1.85 hektar ərazi ilə eyni ərazi olduğu haqqında iddialar var.

Qeyd edək ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısının  müavini — Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanov hələ Talıstan Bələdiyyəsinin sədri olduğu vaxt Bələdiyyəninin ərazisindən 1.85 ha ərazini "Bilal” Fermer Təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmasını rəsmiləşdirib. .

Hüquqi ünvanı İsmayıllı rayon Talıstan kəndi, 10 manat Nizamnamə kapitalı olan, 2004-cü ilin yanvar ayının 19-da yaradılan və hal-hazırda Əzizov Teymur Eldar oğlunun rəhbərlik etdiyi "Bilal” Fermer Təsərrüfatı MMC-nin M.Süleymanovun ailə üzvünə məxsus olması haqqında iddialar var.

Hələlik isə onu qeyd edək ki, Talıstan Bələdiyyəsi tərəfindən "Bilal” Fermer Təsərrüfatı MMC-yə 1.85 ha ərazini satılması zamanı ciddi qanun pozuntusuna yol verilməsi haqqında fikirlər var. Çox maraqlıdır ki, 1.85 hektar ərazinin Talıstan Bələdiyyəsi tərəfindən "Bilal” Fermer Təsərrüfatı MMC-yə satılması ilə bağlı Bələdiyyənin iki protokolu mövcuddur. Həmin protokolların hər ikisini bələdiyyə sədri M.Süleymanov imzalayıb. Həmin sənədlərin birində tarix 16 oktyabr 2007-ci il olaraq, digərində 12 mart 2008-c i il göstərilib. Talıstan Bələdiyyəsinin 16 oktyabr 2007-ci il tarixli protokolu əgər 13 saylıdırsa,  12 mart 2008-c i il tarixli protokolu 3 saylıdır. Bu protokollardakı fərq yalnız bu rəqəmlərdə öz əkisini tapıb. Hər iki protokolda iclasın sədri M.Süleymanovun çıxış edərək "Bilal” Fermer Təsərrüfatı MMC-nin tikinti məqsədilə 1.85 ha torpaq sahəsinin ona verilməsi barədə müraciətindən bəhs edir və hər kəsdən bu məsələyə öz münasibətini bildirməsini xahiş edir. Hər iki protokolda yazılıb ki, bələdiyyə üzvü K.Xəlilovun çıxış edərək bələdiyyənin yararsız torpağından 1.85 ha sahənin "Bilal” Fermer Təsərrüfatı MMC-yə satılmasını təklif edib. Bələdiyyə üzvülərindən Ş.Məhərrəmov və E.Ağamirzəyevin çıxış edərək K.Xəlilovun təklifi ilə razı olduqları da hər iki protokolda öz əksini tapıb. Eyni şəxs tərəfindən yazılması da şübhə doğurmayan bu iki protokolun müqayisəsindən məlum olur ki, Talıstan Bələdiyyəsinin iclas protokolları eynidir, onların sadəcə tarixlləri dəyişdirilib. Bu isə səbəbsiz ola bilməzdi. İddiaya görə Talıstan Bələdiyyəsi tərəfindən 1.85 ha torpaq sahəsinin "Bilal” Fermer Təsərrüfatı MMC-yə satılmasını dair bələdiyyənin iki protokolunun olması 2008-ci ildə torpaqların həracdan kənar satışının dayandırılması ilə bağlıdır. Həmin iddiaya görə Talıstan Bələdiyyəsinin 12 mart 2008-ci il tarixli iclasında "Bilal” Fermer Təsərrüfatı MMC-nin tikinti məqsədilə 1.85 ha torpaq sahəsinin ona verilməsi barədə müraciəti təmin edilib. Həmin ilin aprelin 24-də "Bilal” Fermer Təsərrüfatı MMC-i 1.85 ha torpaq sahəsinin pulunu Talıstan Bələdiyyəsinin Kapital bankın İsmayıllı rayon filialındakı hesablna köçürüb. Bu əməliyyatın 2008-ci ildə aparıldığını İsmayıllı Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin mühəndisi V.Məcidovun Talıstan Bələdiyyəsinin sədrinə ünvanladığı 136 saylı 10.03.2008-ci il tarixli cavab məktubu da təsdiq edir. Həmin məktubda V.Məcidov M.Süleymanova yazır ki, "İsmayılıı RİH-nin Memarlıq və Tikinti şöbəsi 2008-ci il 04 fevral tarixli 05 nömrəli məktubunuzla əlaqədar məlum edir ki, "Bilal” Fermer Təsərrüfatı MMC-yə kəndin tikinti üçün nəzərdə tutulmuş bələdiyyə torpağından 1.85 ha torpaq sahəsnin ona satılmasına etiraz etmir”. Göründüyü kimi, həm bank sənədindən, həm də Talıstan Bələdiyyəsinin sədri M.Süleymanovla İsmayıllı Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin mühəndisi V.Məcidov arasında gedən yazışmalardan aydın görünür ki, 1.85 ha sahənin "Bilal” Fermer Təsərrüfatı MMC-yə satılması 2008-ci ildə həyata keçirilib. Əgər M.Süleymanovun imzası və Talıstan Bələdiyyəsinə məxsus möhürün olduğu, "Bilal” Fermer Təsərrüfatı MMC-yə 1.85 ha ərazini satılmasına dair Bələdiyyənin 16 oktyabr 2007-ci il tarixli 13 saylı iclas protokolu olmasaydı, ortalığa heç bir sual da çıxmazdı. Fərqli tarixə və sıra sayına malik ikinci protokolun mövcudluğu bu torpaq alqı-satqısı zamanı hansısa qanun pozuntularına yol verilməsi haqqında iddiaları gündəmə gətirib. Bu və yuxarıda qeyd olunan məqamlarla bağlı araşdırmalarımız davam edir. Yazıda adı çəkilən qurum və şəxslərin də mövqeyni dinləməyə hazırıq.

Azad Aydın,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}