Növbədənkənar Prezident seçkilərinin təyini barədə rəsmilər inandırıcı izah vermirlər

Növbədənkənar Prezident  seçkilərinin təyini barədə rəsmilər inandırıcı izah vermirlər

 

Həftə bütün cəmiyyət üçün gözlənilməz xəbərlə, növbədənkənar Prezident seçkilərinin təyin olunması xəbəri ilə başladı. Məlum oldu ki, Prezident İlham Əliyev növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq dövlət başçısı növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edib. Sərəncama görə Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir. Növbədənkənar Prezident seçkiləri elan olunması bütün cəmiyyət üçün gözlənilməz olduğu kimi, deputatlar üçün də gözlənilməz oldu. Belə ki, növbədənkənar seçki ilə bağlı mətbuata açıqlama verən deputatlar bu qərarın nədən irəli gəldiyini izah edə bilməyiblər. Məsələn,deputat Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa bildirib ki, 2025-ci ildə parlament seçkiləri ilə prezident seçkilərinin üst-üstə düşməməsi üçün çox güman ki, belə addım atılıb. Onun həmkarı Vəhdət Partiyasının sədri Tahir Kərimli vaxtından əvvəl seçki təyinini belə əsaslandırıb. "Birinci halda Azərbaycan Respublikasının Prezidenti öz istefa ərizəsini Konstitusiya Məhkəməsinə təqdim edir, məhkəmə qəbul etdiyi halda, istefa verdiyinə görə o, vəzifədən getmiş sayılır. Yaxud qanuna əsasən, prezident öz vəzifələrini icra edə bilməyəndə Milli Məclis Konstitusiya Məhkəməsinə müraciət edir və müvafiq qərar verilir. Lakin bu sadaladığım halların heç biri mövcud deyil”. Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri deputat Araz Əlizadə isə tam səmimi şəkildə bildirib ki, "məsələnin xırdalıqlarını bilmir, amma uzatmaq da lazım deyil”. Onu qeyd etmək istərdik ki, hər üç deputat dövlət başçısının bu addımını dəstəklədiklərini də bəyan ediblər. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə bəyan edib ki, Azərbaycan Konstitusiyasına uyğun olaraq 2018-ci il prezident seçkilərinin payızda - oktyabrda keçirilməsi nəzərdə tutulmuşdu: "Ancaq bu il may ayından başlayaraq ölkəmizdə çoxlu sayda mühüm yerli və beynəlxalq səviyyəli tədbirlər keçiriləcək. Onların sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi çərçivəsində silsilə tədbirləri, Beynəlxalq Humanitar Forumu və digərlərini qeyd etmək olar. Həmin tədbirlərin əksəriyyəti ilin sonuna təsadüf edir və seçkilərlə üst-üstə düşür.Digər tərəfdən, Azərbaycanda mövcud olan praktikaya əsasən, bütün seçkilər payız aylarında keçirilir. Bu mənada, dünyada mövcud olan təcrübəni nəzərə almaqla, müxtəlif səviyyəli seçkilərin ilin ayrı-ayrı fəsillərində, o cümlədən də əvvəlində keçirilməsi daha məqsədəuyğundur.Həmçinin, Azərbaycan Prezidentinin 7 il müddətinə seçilməsi prezident səlahiyyətlərinin yerinə yetirilməsinə təsərrüfat ilinin əvvəlindən başlamasını təmin edir. Bu da sosial və iqtisadi sahədə qarşıda duran vəzifələrin daha effektli icrasına əlavə imkan yaradır”. Deputatlardan fərqli olaraq Əli Həsənov növbədənkənar Prezident seçkisi ilə bağlı dövlət başçısının qərarını bir neçə səbəblə əsaslandırmağa çalışıb. Ancaq bu zaman bir sual açıq qalır. İki il əvvəl Rusiyanın "RİA Novosti” agentliyinə müsahibəsi zamanı prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməyəcəyini demişdi. Ötən ilin sonunda isə vaxtından əvvəl seçkilərlə bağlı mətbuatın suallarını cavablandıran YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov növbədənkənar seçki keçiriləcəyi barədə söhbətlərin əsassız olduğunu bildirmişdi: "Hər bir seçkinin öz müddəti var. Məsələn, 100-cü və 101-ci maddədə göstərilib ki, Azərbaycan Respublikasında prezident seçkiləri müddət başa çatdıqdan sonra oktyabr ayının üçüncü həftəsinin 3-cü gününə təyin olunur. Yəni müddət, gün, vaxt hamısı dəqiq göstərilib. Sadəcə Seçki Məcəlləsində bir norma var, bu da günlə əlaqədar ola bilər. Yəni müəyyən məsələlər üst-üstə düşdükdə, yaxud seçki günü bayram gününə təsadüf etdikdə vaxt dəyişdirilə bilər. Burada da çox yox, bir neçə gündən söhbət gedir. Deyək ki, oktyabrda prezident, noyabrda isə parlament seçkiləridir. O da iki mərhələdən sonra ola bilər. Belə görünür ki, növbədənkənar Prezident seçkiləri ilə bağlı düşüncə YAP-ın rəhbərliyində təxminən ay yarım əvvəl olmayıb. Yəni 2018-ci ilin yanvar ayı və fevral ayının ötən dörd günü ərzində baş verənlər, yaxud da bu müddətdə dövlət başçısının aldığı məlumat növbədənkənar seçkini gündəmə gətirib. Növbədənkənar prezident seçkisinin elan olunması isə Musavat Partiyasının namizədi, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin planlarını dəyişməyib:”Mənim prezidentliyə namizədliyim 2014-cü ilin sentyabrında Müsavat Partiyasının 8-ci qurultayında irəli sürülüb. Ona görə namizədliyim qüvvədədir. Konkret detallarla bağlı müzakirələr aparacağıq”. Ancaq çox maraqlıdır ki, deputat Zahid Oruc ötən ilin sonlarında mart ayında prezident seçkisi keçirilməsi təklifi ilə çıxış etmişdi. O zaman deputat fikirini belə əsaslandırmışdı ki, 2025-ci ildə iki fərqli hakimiyyət orqanına - Ali icra hakimiyyəti və parlamentə seçkilərin keçirilməsi hakimiyyətin dayanıqlığına mənfi təsir göstərə bilər. "Belə seçki kolliziyasından çıxmaq üçün seçkilərin bir neçə ay irəli çəkilərək, gələn ilin mart ayında prezidentlik uğrunda marafona start verilməsi məqsədəuyğun olardı”. Qeyd edək ki, bu əsaslı mövqe hesab oluna bilməz. Yeddi il sonra nə olacağını, nəyə mənfi təsir edəcəyini indidən söyləmək ciddi siyasi proqnoz sayıla bilməz. Deməli, prezident deputatın fikirlərindən fərqli məqamları əsas götürüb və seçkinin vaxtını bir neçə ay önə çəkib. Hakim partiyanın prezidentliyə namizədinin kim olacağı ilə bağlı ötən il mətbuatda müzakirələr gedəndə politoloq Xəqani Cəfərli "Yeni Sözçü” qəzetinə açıqlamasında bildirmişdi ki, hakimiyyətin prezident seçkisi ilə bağlı siyasəti postsovet məkanında baş verən proseslərlə bağlı olacaq. İndi növbədənkənar prezident seçkisinin elan olunması ilə bağlı politoloqun fikirlərini öyrənmək istədik. Xəqani Cəfərli hesab edir ki, Prezident İlham Əliyevin bu qərarını ölkədaxili məsələlərlə əlaqələndirilməsi, guya payıza kimi sosial-iqtisadi vəziyyətin pisləşəcəyi,hansısa müxalif güc mərkəzinin yaranma ehtimalı ilə bağlı deyil. "Ölkə daxilində bütün sahələr hakimiyyətin tam nəzarəti altındadır. Payıza kimi sosail-iqtisadi vəziyyətin pisləşəcəyi heç inandırıcı deyil. Azərbaycanda əhalinin sosial-iqtisadi vəziyyəti bir qayda olaraq qış aylarında çətin olur. Çünki, qış aylarında ərzaq qiymətləri yüksək olur, kommunal xərclər, geyim xərcləri artır. Yazdan başlayaraq payızın sonuna kimi isə ərzağın qiyməti aşağı düşür, kommunal və geyim xərcləri azalır”. Politoloq hesab edir ki, növbədənkənar prezident seçkilərinin təyin olunması dünyada, xüsusilə Qərbin postsovet məkanına yönəlik siyasəti ilə bağlı ola bilər. "ABŞ Konqressində elan olunan "Kreml Hesabatı” Rusiya ilə Qərb arasında münasibətləri daha gərginləşdirib. Bu tendensiya davam edəcək və postsovet məkanındakı proseslərə də təsir edəcək. Dövlət başçısı bu məqamı nəzərə alıb, seçkilərin vaxtını dəyişmək qərarı vermiş ola bilər”. Arzuman LOĞMANOĞLU,
"Yeni Sözçü" qəzeti


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}