Oliqarxların idmana himayəsi də fiaksoya uğradı

 

Ölkə idmanı özünün ən ağır günlərini yaşamaqdadır.

Milliləşdirilmiş əcnəbilər ölkəmizi tərk edir, Azərbaycanın fəxri ola biləcək yerli idmançılar başqa ölkələrə üz tuturlar

Oliqarxların idarəetməyə cəlb edilməsi, iqtisadiyyatın inkişafında onların üzərinə xüsusi vəzifələr qoyulması özünü doğrultmadığı kimi, idmanın inkişafının da oliqarxların öhdəsinə buraxılması heç bir müsbət nəticə vermədi.  

Azərbaycan idmanının belə acı sonluqla bitəcəyi hələ bir neçə il əvvəldən məlum idi. Sabiq iqtisadi inkişaf naziri Heydər Babayev 2008-ci ildə nazir vəzifəsindən azad edildikdən sonra prezidenti olduğu Azərbaycan Həndbol Federasiyasını maliyyələşdirməkdən imtina etdi və bu sahə iflas etməyə başladı. Ancaq Heydər Babayev Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri, daha sonra isə İqtisadi İnkişaf Nazirliyinə rəhbərlik edəndə həndbolçulara verməyə pul tapırdı, vəzifəsindən azad edildikdən sonra idmançılara verməyə pul tapmadı.

Kredit oliqarxı Hacı İbrahim Nehrəmli də Azərbaycan Beynəlxalq Bankından girov qoymadan böyük məbləğdə pullar götürəndə təsisçisi olduğu futzal komandasına xaricdən bahalı oyunçular cəlb etməkdən çəkinmirdi. Ancaq banklardan kredit götürə bilməyəndə idmançılara pul vermədi. Onlar da öz ölkələrinin Bakıdakı səfirliyinə, Azərbaycanın rəsmi qurumlarına çoxsaylı müraciətlər etdikdən sonra bir qismini ala bildilər və dərhal da ölkəmizi tərk etdilər.

İndi də eyni hal Qolf Federasiyası ilə bağlı müşahidə olunur. Məlum olub ki, maliyyə vəsaiti ayrılmadığı üçün Federasiya beynəlxalq tədbirlərdə iştirak etmir, daxili yarışlar keçirilmir, əməkdaşlarına isə maaş ödənilmir. Çünki Qolf Federasiyasının prezidenti sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur. Nə qədər ki, Ziya Məmmədov nazir idi Anar Məmmədovun Azərbaycanda qolfun inkişafı ilə bağlı nəhəng planları olduğunu qeyd edirdi. Ziya Məmmədov nazir vəzifəsindən azad edildikdən sonra Anar Məmmədovun da qolf sevgisi sona çatdı. Ən azından Anar Məmmədovun Azərbaycanda qolfun inkişafına olan sevgisinin başa çatdığını söyləmək olar. Bu fani dünyada heç bir sevgi deyəsən əbədi deyil. Necə ki, Heydər Babayevin həndbola, Hacı İbrahim Nehrəmlinin futzala, Anar Məmmədovun qolfa olan sevgiləri də asan gəlir imkanları yoxa çıxan kimi başa çatır. Eyni aqibəti otüstü hokkeyçilərimiz də yaşadı. Sabiq vergilər naziri Fazil Məmmədov məşqçilərə və idmançılara maaşların verilməsini dayandırıb. Azərbaycan komandaları heç bir yarışlarda iştirak etmirlər, milli komandamız isə dünya reytinqindən çıxarılıb və illər boyu zor-bəla ilə topladığı bütün xallar silinib.

Fazil Məmmədovun kurasiyasında olan  güləş və velosiped idmanı federasiyalarında da  vəziyyət pisləşməkdə davam edir. Sabiq vergilər nazirinin velosiped zavodu tikmək ideyası da iflas etdi. Halbuki, bu məqsədlə təcili qaydada torpaq sahəsi ayrılmışdı. Bu məsələyə iqtisadiyyatın oliqarxlara həvalə edilməsinin acı nəticələri ilə bağlı araşdırmamızda toxunacağımız üçün burada geniş bəhs etmirik.

Hələlik isə ölkə idmanı özünün ən ağır günlərini yaşamaqdadır. Milliləşdirilmiş əcnəbilər ölkəmizi tərk edir, Azərbaycanın fəxri ola biləcək yerli idmançılar başqa ölkələrə üz tuturlar. Bir zamanlar böyük pullar sərf edilərək milliləşdirilən Aleksandar Aleksandrov, Boris Yotov, Albert Səlimov, Lorenzo Sotomayor, Abdulqədir Abdullayev, Məhəmmədrəsul Məcidov, Yana Alekseyevna, Şərif Şərifov, Xetaq Qazyumov, Cəmaləddin Məhəmmədov, Saman Təhmasibi, Sabah Şəriəti, Mariya Stadnik, Nataliya Sinişin, Yuliya Ratkeviç, Boris Kirillov, Maksim Averin, Yelena Pavluxina,  Olqa İsmayılova, Oleq Stepko, Pyotr Paxnyuk, Marina Durunda, Valentin Demyanenko, İnna-Osipenko Rodomskaya, Yure Meqliç, Uşanqi Kokauri, Hayle İbrahimov, Enis Kiplaqat, Anna Skidan, Olqa Senyuk,  Rostislav Pevtsov, Milad Beiqi Harçeqani, Patimat Abakarova və Radik İsayevin indi harada olması məlum deyil. Azərbaycanın istedadlı övladları isə oliqarxların idman federasiyalarının başına bəla etdikləri məmurların özbaşınalıqlarından bezərək xarici ölkələrə üz tutur, onların bayraqlarını yüksəkliklərə qaldırırlar.

Qazaxıstan bayrağı altında iki hərəkətin cəmində 379 kq (165+214) nəticə göstərərək, dünya rekordu  qırıb və olimpiya çempionu olan Nicat Rəhimovun Azərbaycanda üzləşdiyi biabırçılıqlar oliqarxların idmanımızın başına açdıqları oyunun bariz nümunəsidir. Dünya rekordunu təzələyən, olimpiya çempionu olmağa qadir istedadlı bir Azərbaycan övladını ölkədən didərgin salanlar isə heç bir cəza almayıblar. Qeyd edək ki Qazaxıstan bayrağı altında olimpiya çempionu olan Nicat Rəhimovun atası oliqarxların sevimli idman məmurları tərəfindən təhqir olunub, onun özü yığmadan uzaqlaşdırılacağı, federasiyadan aldığı 500 manatın kəsilməsi ilə təhqir və təhdid olunub. Bu da nəticə. Nicat Rəhimov sonda Qazaxıstana Olimpiadanın qızıl medalını qazandırdı. Görəsən Azərbaycan idmanına rəhbərlik edən oliqarxlar bundan xəcalət çəkirlərmi? İnanmaq mümkün deyil. Necə ki, oliqarxların idmanı inkişaf etdirəcəyinə inanmaq mümkün deyil.

Arzuman Loğmanoğlu,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}