QURBANIN QURBANLARI OLAN QANUNLAR - Və ya “aysberqin” görünməyən tərəfi – İMİŞLİDƏN ŞİKAYƏT

 

Hüquqi dövlətdə, demokratik cəmiyyətdə qanunlar onlara əməl edildikcə vərdişə çevrilir və bunun sayəsində demokratik cəmiyyət formalaşır. Lakin çox təəssüflər olsun ki, bəzi məmurlarımız qanunların aliliyini unudaraq, özlərini hər şeydən ali və üstün, qanunların isə yalnız özlərinin maraqlarını qorumaq üçün bir vasitə olduğunu sanırlar.

 

Belə məmurlar barəsində KİV-də çox bəhs edilib. İmişli rayon Məhkəməsinin sədri Qurban Hacıyev həmin məmurlardan biridir. Məhkəmə hakimiyyətini İmişli rayonunda təmsil edən, qanunların qorunmasına və ədalətin bərpasına bilavasitə cavabdeh olan Qurban Hacıyev hakimlərə dövlət tərəfindən verilmiş hüquq və səlahiyyətlərdən öz xeyirlərinə istifadə etməkdə maraqlıdır. Yüzlərlə İmişli sakini kimi, bu maraqların qurbanlarından biri də mən və ailəmdir. Belə ki, dəvət olunduğumuz 06.12.2017-ci il tarixli İmişli rayon məhkəməsinin iclasına hakimlik edən Qurban Hacıyev nə "Hakimlərin Etik Davranış Kodeks”inin tələblərinə məhəl qoydu, nə də hakimlərin fəaliyyət və hərəkətlərini, geyimlərini, hətta danışıqlarını tənzimləyən qanunların tələblərinə əməl etdi. Hakim üst geyiminə hörmət belə qoymadan çıxardaraq atdı və bizi təhqir edərək, məhkəmə gedişində dəfələrlə üstümüzə hücum çəkdi. Bu azmış kimi iki saata yaxın bizi – məni, dayımı və xalamı - məhkəmə zalında həbs etdirdi. Sonda "humanistlik göstərərək” bizləri "bağışladı” və evimizə getməyə icazə verdi.

Biz evə gedəndə artıq gecə saatları idi və iş vaxtı deyildi. Sən demə, biz evə gedəndən sonra hadisənin şahidi olmayan, həmin vaxt məhkəmənin inzibati binasının yaxınlığında belə olmayan İmişli rayon İcra və Probasiya şöbəsini icra məmurları Cəfərov Elşən, Ağasıyev Ramin, Allahverdiyev Səlim və vəkil Nəbiyev Yusifin iştirakı ilə akt tərtib edərək bizdən şikayət ediblər. Akt tərtib edərkən də tələsdiklərindən hadisənin detallarınə fikirləşib tapmayıblar, bu səbəbdən də aktda bizim "məhkəməyə necə hörmətsizlik göstərdiyimiz” və hansı ifadələri işlətdiyimiz göstərilməyib. Nəticə də bizə Ədliyyə Nazirliyinin İstintaq İdarəsində adını çəkdiyim şəxslərin yalan ifadələri və şahidliyi əsasında cinayət işi açılaraq, məsuliyyətə cəlb olunduq.

"Cinayət Prosessual Məcəlləsi”nə görə, sübutların qiymətləndirilməsinə cavabdeh şəxs olan hakim Qurban Hacıyev və məhkəmə işçiləri nədənsə bu fakt üzrə əsas sübutetmə vasitəsi olan məhkəmənin inzibati binasında quraşdırılan müşahidə kameralarının görüntülərini tərtib etdikləri akta əlavə etməkdənsə, istintaq orqanından gizlətmək məqsədi ilə silərək məhv ediblər. Məhv etməyə də bilməzdilər. O zaman onların qurduqları oyun üzə çəxar və əsl üzləri görsənərdi. Həmin görüntülərə baxılsa, adınə çəkdiyim məhkəmə icraçılarının iclas gedən zaman orada olmadıqları, sonradan qeyri-qanuni hakim köməkçisi işləyən Şahbazov Abdulla tərəfindən məhkəmənin inzibati binasına gətirilmələri faktı üzə çıxardı. Üstəlik, məhkəmə iclasında Qurban Hacıyevin hakim adına yaraşmayan davranışları və işlətdiyi təhqiramiz ifadələr sübut olunardı. Bu yazdıqlarım ilk baxışdan kimlərəsə məntiqsiz görünə bilər. O zaman keçək "aysberqin” görünməyən tərəfinə...

Похожее изображение

Məhkəmə iclasında soyğunçuluqda və oğurluqda təqsirkar bilinən Şahbazov Əfqan Əlqəmə oğlunun həbs-qətimkan tədbirinə baxılırdı. Təqsirləndirilən şəxs Qurban Hacıyevlə yaxın münasibətləri olan, keçmiş "Nigar” klinikasının sahibi olan Şahbaz Şahbazovunun qohumudur. Və adıçəkilən Şahbaz Şahbazovun qardaşı oğlu Şahbazov Abdulla da İmişli Məhkəməsində hakim köməkçisi kimi qeyri-qanuni fəaliyyət göstərir. Bundan əlavə, digər hakim köməkçisi Süleymanov Vüqar Yavər oğlunun da Şahbazov Əfqanla qohumluq əlaqəsi var və açıq-aydın onu müdafiə edir. Odur ki, bu vəziyyətdə Qurban Hacıyevin Şahbazov Əfqanı məsuliyyətdən kənar tutmaq üçün bizə təzyiq göstərmək məqsədi ilə bu oyunu qurması "vacib idi”. O, bunu da etdi. Bizi cinayət məsuliyyətinə cəlb etməklə hədələyərək, Əfqanın xeyrinə iddiamızı geri götürməyi tələb etdi. Buna nail ola bilmədikdə isə, yuxarıda göstərdiyim oyunu quraraq bizi cinayət məsuliyyətinə cəlb etdilər.

Maraqlıdır ki, bizə açılan cinayət işində Şahbazov Əfqanı "zərərçəkmiş” kimi tanıyıblar. Bu fakt da bizə tanışdır. Çünki İmişli rayon Polis şöbəsinin tətqiqatçıları Zülfüqarov Bəhruz və Əliyev Elsəvər də hələ 12 avqust 2017-ci il tarixində işin ilkin araşdırılması zamanı bizə dedilər ki, "Əfqana qarşı olan şikayət ərizənizi geri götürməsəniz, elə edəcəyik o tutulduğu halda, üç nəfər də sizdən tutulacaq”. Bunu həyata keçirməyə cəhd göstərərək, bizim haqqımızda CM-nin 127-ci maddəsi ilə cinayət işi başlasalar da, sonda nail ola bilmədilər.

Polislərin nail ola bilmədiyini Qurban Hacıyev öz səlahiyyətlərindən sui-istifadə edərək bacardı. Hətta ikinci qrup əlil, şəkər xəstəsi, müharibə iştirakçısı olan Şahbazov Bəxtiyar Nürəddin oğlunun öz maddi maraqları səbəbi ilə başına oyun açan, yalandan şahidlik edərək mənim də üzümə duran Cəfərov Elşənin vəzifəsini yüksəltməklə, ona öz minnətdarlığını bildirdi. Görünür, Cəfərov Elşənin "xidmətlərinə” Qurban Hacıyevin hələ çox ehtiyacı olacaq.

Qurban Hacıyevin ehtiyac duyacağı şəxslər içərisində Süleymanov Vüqar və Şahbazov Abdullanın da adını qeyd etmək olar. Birincisi rayon içərisində Qurban Hacıyevin zənbil daşıyanı kimi tanınırsa, Şahbazov Abdulla isə "hakim bizim adamımızdır” deyərək özünü hakim köməkçisi kimi qələmə verib, İmişli rayon Məhkəməsində fəaliyyət göstərir. İmişli rayon prokurorluq orqanları və polis şöbəsi tərəfindən hakim köməkçisi kimi tanınan, məhkəmə inzibati binasında öz şəxsi kabinetində məhkəmə işləri ilə məşğul olan Abdulla bizi məhkəmənin inzibati binasında hədələyərək "Mən burdayamsa, Əfqanı heç kim tuta bilməz, elə edəcəyəm Əfqanı tutub polisə verdiyiniz üçün ondan üzr istəyərək yalvaracaqsınız” - deməkdən belə çəkinmədi.

Qeyd etdiyim bu faktlar barədə Prezident Aparatına, Milli Məclisə, Ombudsman Aparatına, Ədliyyə Nazirliyinə və Məhkəmə Hüquq Şurasına müraciət etsəm də, dəfələrlə müvafiq dövlət qurumlarında qəbulda olsam da nəticədə mənim şikayətlərim araşdırılması üçün Qurban Hacıyevə göndərilib. O da, sağ olsun, cavab yazaraq bizim şikayətimizin əsassız olması və Şahbazov Abdulla Tofiq oğlu adlı şəxsin İmişli Məhkəməsində işləmədiyini bildirib. Adın çəkdiyim dövlət orqanları görəsən, həqiqətənmi inanırlar ki, Qurban Hacıyev müşahidə kamerasının yaddaşını sildirərək həqiqətin üzə çixmasına mane olubsa, özü bizi təhqir etdiyi halda tabeliyində olan işçiləri üzümüzə durduraraq bizi etmədiyimiz əmələ görə cinayət məsuliyyətinə cəlb etdiribsə, nə dərəcə araşdırma apararaq, həqiqəti üzə çıxardacaq?! O həqiqəti ki, Qurban Hacyev və əlaltılarına heç cür sərf etmir.

Görünür, Qurban Hacıyev kimlərinsə himayəsinə o qədər arxayındır ki, Şahbazov Abdulla İmişli Məhkəməsində işləmədiyi haqda rəsmi olaraq yalan məlumat verir. Ancaq İmişli rayonunda hüquq mühafizə orqanları başda olmaqla hamı yaxşı bilir ki, Abdulla heç kimdən çəkinmədən günü bu gündə açıq-aşkar İmişli məhkəməsində fəaliyyət göstərir. Belə çıxır ki, Şahbaz Şahbazovun qohumlarının dediyi kimi, İmişli Məhkəməsinin hakimləri onun adamlarıdır və onun istəyi bunlar üçün qanunlarımızdan dahi alidir...

Ədliyyə Nazirliyinin internet səhifəsində cənab prezidentimiz İlham Əliyevin belə bir fikri verilib:"Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir”. Bir ölkə vətəndaşı kimi üzümü cənab prezidentə tutaraq soruşuram: Cənab prezident, Elşən Cəfərov, Ramin Ağasıyev, Səlim Allahverdiyev, Vüqar Süleymanov, Abdulla Şahbazov kimi məhkəmə işçiləri, Qurban Hacıyev kimi hakimlərlə məhkəmə-hüquq sistemini təkmilləşdirmək olarmı? Bu cür məmurlar vətəndaşı dövlətdən narazı salmırlarmı? Demokratik cəmiyyət uğrunda daima mübarizə apardığınız korrupsiyaya yol açmırlarmı?..

Qanunların vərdişə çevrildiyi, məmurların qanunlara əməl etməkdə vətəndaşlara nümunə ola biləcəyi hüquqi-demokratik cəmiyyətdə yaşamaq ümidi ilə mübarizəmi davam etdirirəm. Ümid edirəm gec-tez ədalət qələbə çalacaq...

Elşən ŞÜKÜROV



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}