Şahin Mustafayev dönəminin sonu ola bilər

Şahin Mustafayev dönəminin sonu ola bilər

 

  

 

İqtisadiyyat Nazirliyinə islahatçı və təşəbbüskar nazirin təyin olunması zərurətə çevrilib.

Neftin qiymətinin kifayət qədər yüksək olmasına baxmayaraq ölkə iqtisadiyyatı çətin günlərini yaşayır. Halbuki neftin qiymətinin yazdan başlayaraq ucuzlaşması ehtimalı çox yüksəkdir. Əgər, neftin qiyməti ehtimal olunduğu kimi ucuzlaşarsa ölkə iqtisadiyyatında böhran dərinləşəcək. Ekspertlər bunun əsas səbəbini ölkə iqtisadiyyatının çox ciddi şəkildə neftdən asılı olması ilə izah edirlər. Baxmayaraq ki,üç il əvvəl Prezident İlham Əliyev hökumətə və məmurlara müraciət edərək demişdi: "Biz nefti və qazı bir kənara qoymalı, ümumiyyətlə onları unutmalıyıq. Və gün gələcək ki, neftin qiyməti bizim üçün heç bir əhəmiyyət kəsb etməyəcək. Ona görə ki, sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları Azərbaycanda inkişaf edir və daha da yüksək templərlə inkişaf etməlidir”.

 Prezidentin müraciətindən üç il ötməsinə baxmayaraq ölkə iqtisadiyyatında struktur dəyişikliyi baş verməyib və hətta bunun ciddi əsası da qoyulmayıb. Dövlət Gömrük Komitəsinin rəsmi məlumatına görə, 2018-ci ilin yanvar-fevral aylarında Azərbaycanın 2 milyard 210 milyon dollarlıq ixracının 2 milyard 31 milyon dolları və ya 92%-i dövlət sektorunun, 173 milyon dolları və ya 7,8%-i özəl sektorun, 6,4 miyon dolları fiziki şəxslərin payına düşüb. Çox maraqlıdır ki, 2017-ci ilin ilk 2 ayı ərzində 1 milyard 654 milyon dollarlıq ixracın 1 milyard 467 milyon dolları dövlət sektorunun, 161 milyon 720 min dolları özəl sektorun, 23 milyon 595 min manatı fiziki şəxslərin payına düşmüşdü. Ötən ilə nisbətən bu ilin iki ayı ərzində ixracın artması oxucuları çaşdırmamalı, bu iqtisadiyyatın inkişafı kimi qəbul olunmamalıdır. Sadəcə olaraq ötən ilin yanvar-fevral ayı ilə müqayisədə indi neftin qiyməti təxminən 40 faiz bahalaşıb. Azərbaycanın ixracının artması da bununla bağlıdır. Maraqlı məqam isə ondan ibarətdir ki, ötən ilin iki ayı ilə müqayisədə 2018-ci ilin ilk iki ayında ixracda qeyri-dövlət sektorunun payı kəskin azalıb. Bu hal xüsusilə fiziki şəxslərin payına düşən ixracın azalmasında müşahidə olunur. Belə ki, ötən ilin iki ayı ərzində fiziki şəxslər tərəfindən 23 milyon 595 min manatlıq məhsul ixrac olunubsa, bu ilin ilk iki ayı ərzində bu rəqəm 6.4 milyon manata düşüb. Yəni, təxminən 400 faiz azalma müşahidə olunub. Fiziki şəxslərin bir qayda olaraq kiçik və orta biznesi təmsil etdiklərini nəzərə alsaq, belə qənaət yaranır ki, kiçik və orta biznesin ixracda fəallığı 400 faiz azalıb. Bu ölkə iqtisadiyyatında struktur islahatlarının aparılmadığının göstəricisidir. Dövlət şirkətləri isə neft, neft məhsulları, qaz və elektrik enerjisi ixrac edir. Əgər, neft, neft məhsulları, qaz və elektrik enerjisi olmasa, Azərbaycan çox ciddi iqtisadi böhranla üzləşə bilər. Ən azından neftin ucuzlaşması bu vəziyyəti gündəmə gətirəcək.

Azərbaycanın iqtisadiyyatında yaşanan problemlərdən biri də yeyinti məhsullarının idxalının artmasıdır. Dövlət Gömrük Komitəsinin rəsmi məlumatına görə 2017-ci ilin 2 ayında 179 milyon dollar olmuş yeyinti məhsulları idxalı 2018-ci ilin eyni dövründə 206,7 milyon dollara yüksəlib. Rəsmi məlumata görə əsasən ət, süd, kərə yağı, çay, buğda və bitki yağları idxalı artıb.

Çox maraqlıdır ki, iki-üç il əvvəl müstəqil ekspertlər, iqtisadçılar və sahibkarlar ölkədə baş verən bəzi iqtisadi proseslərin Azərbaycanın tezliklə ət, süd, yağ və buğda idxalından asılı düşəcəyi haqqında həyəcan təbili çalsalar da,onların səsini eşidən olmadı.

Dövlət gömrük komitəsinin məlumatlarının təhlili həm də onu göstərir ki, ölkə iqtisadiyyatı tamamilə dövlət sektorundan asılı düşüb. İqtisadiyyatın dövlət sektoru isə əsasən neft-qaz sənayesinin üzərində qurulduğundan neftin ucuzlaşmasının hansı fəsadları doğuracağını görmək üçün iqtisadçı olmağa gərək yoxdur. Qeyri-neft sektorunun inkişafı ilə bağlı Prezident İlham Əliyev tərəfindən hökumət və ilk növbədə İqtisadiyyat Nazirliyi qarşısında qoyduğu vəzifə yerinə yetirilməyib. Hətta bu sahədə geriləmə açıq-aydın hiss olunur.

Ancaq çox maraqlıdır ki, Şahin Mustafayevin rəhbərlik etdiyi İqtisadiyyat Nazirliyi bütün bunları görməzdən gəlir. On il əvvəl İqtisadi İnkişaf  Nazirliyinin rəhbərliyinə gətirilən Şahin Mustafayevi sələflərinin heç biri ilə müqayisə etmək mümkün deyil. Sabiq iqtisadi inkişaf nazirləri Fərhad Əliyev və Heydər Babayev islahatçı və təşəbbüskar nazirlər hesab olunurdular. Şahin Mustafayev isə nə islahatçılığı, nə də təşəbbüskarlığı ilə diqqət çəkmir.

"Yeni Sözçü” qəzetinə daxil olan məlumata görə iqtisadiyyat naziri Şahin Mustafayevin istefaya göndərilməsi ilə bağlı yekun fikir hələ bir neçə ay bundan əvvəl yaranıb. Hətta sabiq təhsil naziri Mikayıl Cabbarovun Şahin Mustafayevin yerinə iqtisadiyyat naziri təyin olunması ilə bağlı fikir də mövcud olub. Ancaq Fazil Məmmədovun məsələsinin fövqəladə qaydada həll olunması ehtiyacı yarandığı üçün Şahin Mustafayev mövqeyini qoruya bilib. İndi hər kəs anlayır ki, bu şəxslə iqtisadi böhrandan çıxmaq mümkün olmayacaq. Əksinə, həmin böhranlı vəziyyət çox pis şəkildə dərinlşə bilər. Buna görə də Şahin Mustafayevin əvəzinə iqtisadiyyat Nazirliyinin rəhbərliyinə islahatçı və təşəbbüskar nazirin təyin olunması zərurətə çevrilib. Şahin Mustafayevdən sonra iqtisadiyyat naziri postunun kimə tapşırılacağı ilə bağlı redaksiyamıza daxil olan məlumatları dəqiqləşdirdikdən sonra oxucularımızla bölüşəcəyik. Hələlik isə onu qeyd edək ki, Şahin Mustafayevin istefaya göndərilməsindən sonra İqtisadiyyat Nazirliyi "Regionların inkişafına dəstək Qrant Proqramı” çərçivəsində bəzi şirkətlərlə həyata keçirdiyi maliyyə əməliyyatları aidiyyatı orqanların diqqətini çəkə bilər. Belə əməliyyatlardan biri "Arpa Consulting”  Məhdud Məsuliyyətli Cəmiyyəti, digərləri isə "Bis Co” MMC və "SRS Consulting” MMC-ilə həyata keçirilib. Bu maliyyə əməliyyatlarının ümumi həcmi isə təxminən altı milyon manata yaxındır. Həmin maliyyə əməliyyatlarının mahiyyətinə aydınlıq gətirməyə çalışır və bununla bağlı araşdırma aparırıq. Həmin araşdırma ilə yaxın saylarımızın birində tanış ola biləcəksiniz. İqtisadiyyat Nazirliyinin rəsmi şəxslərinin, şəxsən nazir Şahin Mustafayevin də mövqeyini dinləməyə hazırıq. Əlbəttə, əgər deməyə sözləri varsa...

"Yeni Sözçü" qəzeti.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}