Mübariz Qurbanlı:“Konstitusiyada ölkəmizin hansı dinə mənsub olması təsbit edilməyib” - MÜSAHİBƏ

Mübariz Qurbanlı:“Konstitusiyada ölkəmizin hansı dinə mənsub olması təsbit edilməyib” - MÜSAHİBƏ

 

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Amerikanın Səsi” radiosuna müsahibəsində ölkədəki dini durumla bağlı tənqidlərə cavab verib.

 

Strateq.az müsahibəni oxucularına təqdim edir:

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının illik hesabatında deyilir ki, Azərbaycan dini azadlıqlara münasibətdə sərt mövqeyini dəyişməyib. Dini icma və qrupların rəsmi qeydiyyatı xeyli çətinləşdirilib, mövcud qanunlar hökumətə "tam və hüdudsuz səlahiyyətlər” verir. Sizin münasibətiniz?

-Dini Azadlıq üzrə ABŞ Komissiyasının hesabatı ilə tanışıq. Onu ətraflı təhlil etmişik. Biz çox təəssüf edirik ki, bu hesabatda yanlış məlumatlar var. Əvvəlki illərdə yanlış olan və zamanında bizim həmin yanlış məlumatlarla əlaqədar verdiyimiz məlumatlara baxmayaraq hesabat yenə də təkrar olaraq yanlış verilib. Azərbaycanda "Dini etiqad azadlığı haqqında” qanun var, Azərbaycan konstitusiyası dini azadlıqları təmin edir. Azərbaycanda dini baxımdan hər hansı bir sərt mövqe nümayiş etdirilmir. Bizim ölkəmiz azad, demokratik, tolerant ölkədir. Ölkəmizdə dini konfensiyaların, müxtəlif dini qrupların azad şəkildə fəaliyyətinə hər cür şərait yaradılıb.

-Hesabatda bildirilir ki, Azərbaycanda müsəlman təşkilatları başqa dinlərə aid qruplardan daha çox məhdudiyyətlə üzləşir, hazırda dini fəaliyyətinə görə yüzədək məhbus var. Siz necə hesab edirsiniz?

-Əvvəla qeyd edim ki, Azərbaycanda siyasi məhbus və yaxud dini fəaliyyətə görə məhbus termini ilə razı deyilik. Bu terminlərin hesabata salınmasını məqbul hesab etmirik. Azərbaycan müsəlman ölkəsidir. Əhalinin 96 faizi müsəlmandır. Bu gün Azərbaycanda 809 dini icma qeydiyyatdan keçib. Bunun 777-si müsəlman, 31-i qeyri-müsəlman icmasıdır. Azərbaycanda bütün dini icmalar arasında konsensus var. Ölkə prezidenti cənab İlham Əliyevin siyasətində də multikultural və tolerant dəyərlərin hərtərəfli şəkildə təsbit olunması öz əksini tapıb. Ölkəmizdə müsəlman əhalisinin üstün mövqedə olduğu aydın şəkildə özünü büruzə versə də qanunlarımızda, konstitusiyamızda ölkənin hansı dinə mənsub olması təsbit edilməyib. O ki qaldı guya müsəlman icmalarına və ya mömin insanların fəaliyyətinə bu və ya digər formada təzyiq olunması, bununla da razılaşa bilmərik. Biz dini radikal qruplara qarşı mövqe göstəririk və dini radikal qruplara qarşı mübarizə aparılması üç istiqamətdə həyata keçirilir. Bu inzibati, ideoloji və iqtisadi metodlardır. Bu da bütün ölkələrdə həyata keçirilir. Dini radikal qruplara rəvac verilməsi nəticə etibarı ilə təriqətlər, məzhəblərarası qarşıdurmaya və dini səpkidə toqquşmalara gətirib çıxara bilər. Bunun qarşısını almaq isə dövlətin borcu və vəzifəsidir.

-Ölkədə dini durum necədir? Dini təşkilatların qeydiyyatı, fəaliyyəti, ümumilikdə dini azadlıqların daha da genişləndirilməsi sahəsində hansı islahatlara ehtiyac var?

-Ölkədə dini durum sabitdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi birgə fəaliyyət göstərir. Biz maarifləndirici tədbirlərimizi həyata keçirməliyik. Bu iş kütləvi informasiya vasitələri, görüşlər vasitəsi ilə edilir. Çoxlu kitablar nəşr olunur. Biz dini sabitliyin təmin olunması üçün dini konfensiyalarla sıx əməkdaşlıq edirik. Ölkəmizdə yəhudi, xristian, bəhai dini icmaları var. Dini durumun sabit qalması üçün bütün dini icmalarla birgə fəaliyyət göstəririk. Dövlət dini icmalara, dini qurumlara hərtərəfli dəstək verir. Hər il dövlətin büdcəsindən, yaxud prezidentin ehtiyat fondundan müxtəlif dini konfensiyalara maddi yardımlar göstərilir. Sineqoqlar, kilsələr tikilir, məscidlər restavrasiya olunur, yeni məscidlər tikilir. Bakı şəhərində Heydər məscidi istifadəyə verilib, Naxçıvanda daha böyük məscid yaxın vaxtlarda istifadəyə veriləcək. Bu gün məscidlərin sayı 2500-ə çatıb. Halbuki, sovetlər dağılanda cəmi 17 məscid var idi. O cümlədən, dövlət dini kadrların hazırlanmasına xüsusi diqqət yetirir. Prezidentin sərəncamı ilə bu ildən İlahiyyat İnstitutu fəaliyyətə başlayır. İlahiyyat İnstitutu payızda artıq tələbələrini qəbul edəcək. Eyni zamanda Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb. Həmin fonda vəsait ayrılıb. Həmin fond vasitəsi ilə fəaliyyət göstərən din xadimlərinə dövlət maddi dəstəyi həyata keçirilməkdədir. Bütün bunlar dini durumun sabit olduğunu, dövlət-din münasibətlərində Azərbaycan modelinin özünü doğrultduğunu göstərir. Bu da hakimiyyətin apardığı siyasətdir.

-Qafqaz Müsəlmanları İdarəsinin digər müsəlman dini icmaların qeydiyyatı ilə bağlı rəy verməsi nə qədər ədalətlidir?

-Öncə də qeyd etdim ki, Azərbaycanda əhalinin 96 faizi müsəlmandır. Ölkədəki dini icmaların da böyük əksəriyyəti müsəlman dini icmalarıdır. Ona görə də Qafqaz Müsəlmanları İdarəsinin yaradılan dini icmalara rəy verməsi tamamilə qanunauyğundur. Bu, "Dini etiqad azadlığı haqqında” qanunda da təsbit olunub. Biz hesab edirik ki, bu formanın olması daha doğrudur. Çünki dini icmalarla ən çox təmas quran və məscidlərə təyinatı həyata keçirən Qafqaz Müsəlmanları İdarəsidir. Məscidlərin nəzdində fəaliyyət göstərən dini icmaların da ilkin olaraq qeydiyyatının aparılması həmin qurum tərəfindən həyata keçirilir. Amma sonda Qafqaz Müsəlmanları İdarəsinin təqdimatı əsasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmaların hüquqi fəaliyyətini özündə əks etdirən şəhadətnaməni onlara verir. Biz hesab edirik ki, bu, normaldır və bu cür davam etməlidir.

– Terror təşkilatlarının tərkibində olan Azərbaycan vətəndaşları nə qədərdir? Onlara qarşı hansı tədbirlər görülür?

– Azərbaycan qanunvericiliyinə görə, qeyri-qanuni silahlı dəstələrdə iştirak edən şəxslər cəzalandırılır, məhkəmə qarşısına çıxarılır. Suriyada, İraqda və digər ərazilərdə iştirak edənlər aşkara çıxarılır, cəzalarını alırlar. Profilaktik tədbirlər görülür. Xüsusi xidmət orqanları bununla məşğuldur və çox səmərəli məşğuldur.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}