Elşad Miri ilə Fazil Mustafaya cavab: Babək və onun mübarizəsi bizim üçün niyə şanlı tarixdi?

Elşad Miri ilə Fazil Mustafaya cavab:

 

Yazıya başlamazdan öncə oxuculara, xüsusiylə də Babək sevdalılarına onu bildirim ki, ölməz qəhrəmanımıza qarşı ilk dəfə təxribatçı çıxışlar edən deputat Fazil Mustafaya "168 Saat" qəzetinin 8 may 2015-ci il tarixli N 05 (666) nömrəsində "Bizim açıq qalan Babək problemimiz" məqaləsi ilə tənqidi cavab yazmışdım. Hətta "Xan Xəzinəsi” kitab mağazasında çalışdığım zaman, daha dəqiq desək 19 oktyabr 2017-ci ildə adı çəkilən deputat mağazamıza təşrif buyurdu. Onunla səmimi söhbət etdik, söhbət əsnasında vaxtı ilə Babək haqqında söylədiyi fikirlərə görə onu tənqid etdiyimi bildirdim. Mağazada olduğu 20 dəqiqəyə yaxın müddətdə biz yenidən Babək mövzusuna qayıtdıq və mən onu yenə də sərkərdəmizə qarşı çıxış etdiyi mövqeyinə görə tənqid etdim. O, bildirdi ki, "biz tariximizdə faydalı məsələləri saxlamalı, təbliğ etməli, şərəf duymalıyıq; Babək haqqında isə 1-2 abzaslıq məlumat verilsə bəs edir”. Ona cavab olaraq, bildirdim ki, Oliver Kromvel İngiltərə tarixində ən qan içən hökmdar kimi iz qoyub, ingilislər onu sevməsələr də tarixdən çıxartmadılar, hətta qürurla qeyd edirlər ki, Kromvel olmasaydı İngiltərə böyük imperiyaya çevrilə bilməzdi. Bu cavabımdan sonra Fazil bəy qısa bir cavab verdi: sizin fikrinizdi! Xöşbəxtlik mənə həm mətbuatda, həm də üz-üzə Fazil Mustafanı tənqid etməyi nəsib etdi.

Qayıdaq yenidən deputatın yanlışlarına. Fazil bəy "Lider” televiziya kanalındakı "Status” verlişində bildirirsiniz ki, "tariximizi düzgün dərk etmək üçün M.Ə.Rəsulzadəyə müraciət etməliyik. Həmçinin vaxtı ilə ANS televiziyasında efirə gedən "Açıq söhbət” verlişində də demişdiz: "Azərbaycan tarixində M.Ə.Rəsulzadə maştabında tarixə doğru baxış ortaya qoyan ikinci bir siyasi kimlik və bilgili adama mən rast gəlməmişəm. Birinci mənbə Rəsulzadənin dedikləridi”.

"Hörmətli” Fazil bəy M.Ə.Rəsulzadə Azərbaycan çağdaş tarixinin ən görkəmli nümayəndəsidi, hətta əminliklə deyə bilərik ki, XX əsr dövlətçiliyimiz tarixində flaqmanlıq edən şəxsdir. Doğrudur XX yüzillikdə daha 5 nəfərin - Nəriman Nərimanov, Mir Cəfər Bağırov, Şıxəli Qurbanov, Heydər Əliyev, Əbülfəz Elçibəyin adlarını da qeyd etməliyik. Onların heç biri Rəsulzadə qədər olmasalar da, ən azından böyük hünərlər göstərər Azərbaycan tarixi və bizlər üçün çox böyük işlər gördülər. Tarixə obyektiv yanaşılsa görərik bu 5 şəxsiyyətin fəaliyyətlərinin bir-birlərinə zəncir kimi bağlılıqları var.

Nəriman Nərimanov güclü siyasi fiqur olmasa da, bir marifçi, həkim kimi qara camaatın ağ günə çıxması üçün az iş görməyib. Elə onun Azərbaycanda ilk qiraətxananın açılması, milli teatrın, kinonun inkişaf etdirilməsi, kasıb insanların marifləndirilməsi, ən əsası 1923-cü ildə milli satqınlar olan Əliheydər Qarayev, Mirzə Davud Hüseynov, Ruhulla Axundov kimilər Qarabağı ermənilərə peşkəş etmək istəyəndə Nərimanov  o ünsürlərə qarşı təkbaşına mübarizə apararaq DAĞLIQ QARABAĞ ERMƏNİ MUXTAR VİLAYƏTİ adından "erməni" sözünü götürdü və Qarabağ Azərbaycanın ayrılmaz tərkibi olaraq muxtar vilayətə çevrildi. Eləcə də digər fəaliyyətlərini göstərmək olar. Təbii ki, bununla yanaşı onun mənfi xüsusiyyətləri də olub ki, onlardan ən birincisi və bağışlanmazı "Mart soyqrımları” zamanı 26-lar cəbhəsində olması, soydaşlarımızın başına gətirilən qırğınların qarşısını almaq üçün açıq etiraz bildirməməsidi. Elə bu barədə özünün yazdığı "Ucqarlarda inqilabımızın tarixina dair” xatirələrində kifayət qədər sanballı məlumatlar var. Həmin yazılarda yalnış cəbhədə aparılan mübarizə,  gəlişi gözəl vədlərlə aldadılaraq bir əşya kimi istifadə edilmiş, ümidləri puça çıxan bir solçunun həddindən çox gecikmiş etirafını görmək mümkündü. Eyni zamanda həmin yazını oxuyanda bəlli olur ki, Nərimanov bütün şərq regionda inqilab edib güclü sosialist dövlətləri ittifaqı yaratmaq istəyirdi, hətta Leninə məktublarında Əfqanıstanda, Hidistanda fəhlələri və ingilislərin zülmündən cana gəlmiş insanları marifləndirməyi, silahlandırmağı ən başlıça məqsəd olmasını israrla vurğulayırdı. O, qeyd edirdi ki, adı çəkilən ölkələrdə proletar inqilabı üçün cox gözəl şərait yetişib, əgər bundan istifadə etməsək şərq xalqlarının gözündə nüfuzumuzu itirəcəyik və ingilislər bundan istifadə edərək onları bizə qarşı qaldıracaq. Unutmayın ki, Avropada fəhlələri kapitalist istismarçılarına qarşı qaldırmaq üçün "Qərb kapitalistlərini” Şərqdə sarsıdıcı məğlubiyyətə uğratmalı, onların ayağını buralardan birdəfəlik kəsməliyik.Əgər biz şərqdə proletar inqilabını gerçəkləşdirsək, qərb özü-özlüyündə boğulacaq. Lakin onun çağırışları söz olaraq da qaldı. Nərimanovla bağlı son olaraq marifçi, yazıçı, ən əsası mövcud olan və olmayan "təhsil sistemimizlə” müqayisədə xalqın mariflənməsində daha çox xidmətləri olan, son nəfəsini verənə qədər də bu yolu  davam etdirəcək Xan Rəsuloğlunun ifadəsini qeyd etmək yerinə düşər: "İndi, az qala 300 milyonluq türk dünyasının qaytara bilmədiyi Qarabağı dövlətçiliyimizin ən zəif və hələ ki, ancaq kağız üzərində bizim olduğu bir vaxtda, Nərimanov tərkibimizdə saxlamağı bacarmışdı, özüdə üstündən "erməni" sözünü götüzdürməklə”.

Mir Cəfər Bağırov partiyanın sadiq əsgəri olsa da, o, daim Azərbaycanın bütövlüyü üçün çalışmışdı. Bugün bir çox boşqab dibi yalıyanlar, saray tarixçiləri və özlərini "vətənpərvər” kimi göstərən qərbə satılmışlar M.C.Bağırovu xalqın gözündən salmaq üçün əllərindən gələni edirlər. Unutmayaq ki, Bağırov olmasa idi, bütün Azərbaycan xalqı Kazaxstan çöllərinə sürgün ediləcək, torpaqlarımıza isə ermənilər köçürüləcəkdi. Bağırov Ruhulla Axundovu ( 1925-1926-cı ildə MK I katibi olsada, müqəvvadan başqa bir şey olmayıb və sözün hər mənasında daşnak, yəhudi-bolşevik ağalarına sadiq köpək kimi qulluq edib ) çıxmaq şərti Azərbaycana rəhbərlik etmiş ilk şəxsdi. Onun 20 ildən biraz artıq rəhbərliyi dövründə Respublikanın bütövlülüyünü qoruyub saxlaya bildi, xalqın kütləvi halda məhvinin, köçürülməsinin qarşısını aldı, erməni dığalarının Qarabağ və Naxçıvan iddialarına qarşı tək başına mübarizə apararaq onların arzularını gözlərində qoydu, ən əsası bütün vasitələrlə Cənubi Azərbaycanda Milli hökumətin yaranması üçün əlindən gələni etdi. O, şimallı-cənublu torpaqlarımızı birləşdirərək, bütöv Azərbaycan Sovet Sosialist Resbuplikasını yaratmaq istəyirdi. Amma Stalin buna imkan vermədi...

Şıxəli Qurbanov Azərbaycan dilini, yegənə milli bayramımız olan Novruzun, digər milli mənəvi dəyərlərimizi bərpa etmək üçün mübarizə apardı. Məhz Ş.Qurbanovun sayəsində Azərbaycan türkləri Novruzun gəlişini uzun həsrətdən sonra kütləvi halda məhz 1967-ci ildə daddılar. Azərbaycan dilinin dövlət dili statusu verilməsi uğrunda Moskva qarşısında məsələlər qaldırdı. Lakin onun müəmmalı ölümü ( sui-qəsd faktı ) bu işi gerçəkləşməsini 11 il yubatdı.

Məhz 11 il sonra yəni 1978-ci ildə Heydər Əliyevin səyi nəticəsində Azərbaycan SSR-nın yeni qəbul olunan Konstitusiyasında Azərbaycan dilini Respublikanın dövlət kimi qəbul etdirdi. Eləcə də, ölkədə yerli mütəxəsislərin yetişdirilməsində, vəzifələrdə irəli çəkilməsində, xüsusəndə hərbi kadrların hazırlanmasındakı xidmətləri danılmazdı. SSRİ-də siyasi vəzifələrdə önə çəkilən 3 (Nərimanov, Bağırov, Əliyev) azərbaycanlı (türk) olub ki, onlar içərisində ən yüksək vəzifə tutan məhz H.Əliyev idi. O, SSRİ MK-nin üzvü olmaqla yanaşı SSRİ Nazirlər Soveti Sədrinin I müavini vəzifəsinə irəli çəkilmişdi. Şübhəsiz ki, o SSRİ-nin Prezidenti olmağa da layiq idi. Savadı, bacarığı, zəngin idarəçilik təcrübəsi buna imkan verirdi, lakin o rus, ukrain, yəhudi olmadığına görə daha irəli çəkilmədi. Amma buna baxmayaraq biz H.Əliyevin Azərbaycanın 3-cü prezidenti olmasından çox, onun SSRİ-də yüksək vəzifə tutması ilə daha çox fəxr etməliyik. Bir azərbaycan türkü olaraq dünyanın ən böyük dövləti olmuş SSRİ-də yüksək vəzifə tutmaq hələ heç kimə nəsib olmamışdı.

Əbülfəz Elçibəyə gəlincə o, bizlərə etnik mənşəyimizi və dilimizin türk olduğunu, AXC dövrünü, və s. geri qaytardı; Rus ordusunun torpaqlarımızdan çıxarılmasında  danılmaz xidmətləri oldu. Lakin ətrafındakı boşqab dibi yalayanlar kütləsi onun humanistliyindən istifadə edərək, şəxsi mənfəətlərini güddülər ki, nəticədə ölkədə xaos yarandı. Bugün də o cür əxlaqsızlar kateqoriyası şəxsi mənfəətləri üçün mərhum Elçibəyin ideyalarının pərdəsi altında gizlənərək özlərini millətçi-demokrat, Rəsulzadə-Elçibəy yolunun ardıcılları kimi qələmə verirlər. Əslində isə Qərb imperializminə satılmış bişərəflərdi. 

Şəxsiyyətə düzgün qiymət verilməlidi. Rəsulzadə tarixçi, şərqşünas deyildi ki, Babəkə məhz onun nəzəriyyələrinə görə qiymət verək. Unutmayaq ki, Rəsulzadə kimi nəhəng dahi belə zaman-zaman fikirlərini süzgəcdən keçirərdi. Məsələn 1913-cü ilə kimi Rəsulzadə qatı islamçı meyilli milliyətçi idi. Sonda millətçi-demokrat oldu. Ümumilikdə götürsək Rəsulzadə nə Babək, nə Şah İsmail Xətai nə də digər şəxsiyyətlərimizi aşağılayaraq tarixdən çıxarmağı səsləndirməyib. Qaldıki Babəklə bağlı iyrənc iftiralara, bu ərəb tarixçilərinin qərəzli yanaşmalarıdı. Siz bunu ya görmürsüz, ya da görmək istəmirsiz... Yalnız Səid Nəfisinin Babək haqqında 1990-cı ildə nəşr olunan kitabına nəzər yetirsəz görərsiniz ki, orda bir-birinə zidd olan n qədər mənbələr var. Elə daim haqdan danışan Elşad Miriyə də bu kitabı oxumağa çağırıram.  Elşad Mirinin Babəklə bağlı həqiqətə uyğun olmayan dediklərinə nəzər yetirsək görərik ki, onun Babək haqqında oxuduqları yalnız sosial şəbəkələrdə (əsasəndə din meyilli) olan qərəzli məlumatlardı.

Babək haqqında ilk kitab yazan şəxs İshaq ibn-Əbi Yəqub İbn-əl-Nədim Bağdadi 987-988-ci illərdə "Kitab-əl-Fehrist”  əsərində məlumat vermişdi, təbii ki, qərəzli. Məhz bu əsər əsasında da Vaqid ibn-Ömər Təmimi Babək haqqında məlumat toplamağa başlamışdı.

İndi isə "hörmətli” deputat və ilahiyyatçı Babək haqqında ərəb tarixçilərinin bəzi yanaşmalarını diqqətinizə çatdıraq:

Məhəmməd Üfvi "Cavame-əl-hekayət və ləvame-ər-rəvayyət” adlı kitabında yazır: "Mötəsim dövründə baş verən hadisələrdən biri Babək hərəkatı idi. O, zındıq idi, əziz və böyük Allahı danar, halal-harama inanmazdı. Əmr və nəhyi tanımaq istəməzdi. Deyirlər ki, onun atasının kim olduğu bəlli deyildi, anası isə Azərbaycan kəndlərinin birində yaşayan taygöz bir qadın idi. Deyilənə görə İraq ətrafında olan bir nəfər nəbətli bu qadınla kəbinsiz yaşamış və ondan Babək dünyaya gəlmişdi”.

Əbu Hənifə Dinavəri özünün "Əxlaq ət-Tival” adlı əsərində yazır: "Bir çoxları Babəkin əsl-nəsəbi və məsləki haqqında müxtəlif fikirlər irəli sürür. Mənə məlum olan budur ki, o, Əbu-Müslimün qızı Fatimənin oğlu Mütəhərrin övladlarından biridir və xürrəmilərdən olan Fatimiyyə qəbiləsi də ona mənsubdur”.

Səmani "Kitab əl-Ənsab” əsərində Babək haqqında yazır: "Bunlar həmin xürrəmilərdir ki, ildə bir dəfə kişili-qadınlı bir yerə toplaşır və işığı söndürürlər. Hər kişi əlinə keçdiyi qadınla o gecəni keçirirdi. Bu qədər bəddin olduqları halda İslamdan qabaq yaşamış hökmdarlardan Şərvin adlı birisini özləri üçün peyğəmbər sanır, elə güman edirdilər ki, bu şəxs Məhəmməddən və indiyə kimi gəlmiş-getmiş peyğəmbərlərdən yüksək imiş”.

Bu tip ziddiyətli mənbələr Səid Nəfisidə çoxdu, amma bununla yanaşı obyektiv qiymət verənlərdə var. Bununla sizin hər ikinizə onu demək istəyirəm ki, əgər sizin kimi oxumuş, onlarla ölkələr gəzmiş deputat, ilahiyyatçı bir millətin qəhrəmanlıq səlnaməsini yazan tarixi şəxsiyyətə ziddiyətli, qərəzli mənbələrə görə dəyər verirsinizsə o zaman əksər insanların İslam dinini şiə klerikalizminə, rafizilərə, nurçulara, işidçilərə görə qiymət vermələrinə də normal baxmalısız. Hərçənd, mən hər ikinizin mövhumat, cəhalət, müasir şeyx nəsrullahçılara qarşı apardığınız mübarizələrini daim dəstəkləmişəm və sizinlə bu mübarizədə çiyin-çiyinəyəm. Xüsusiylə də Elşad bəy belə gülünc yanaşmanı gərər siz heç etməyəydiz. Çünki siz rafizilər, radikalçılar,  Qafqazın iki ayaqlı qarğalarının Şeyxüslamı tərəfindən ən çox mənəvi terrora məruz qalan insanlardansınız. Elə sizin "İslamda yoxdur” kitabıda dini şəxsi biznes şəbəkəsinə çevirən qara libaslı, əlində "müqəddəs kitab”, dilində "bismillah” əməli isə monopolist, feodal, sindikatdan fərqlənməyən ikiayaqlıya sərf etmədiyindən qadağan olundu. İndi siz necə haqdan danışa bilərsiniz ki, özünüzün milli qəhrəmanımıza qarşı atdığınız küfürlər mübarizə apardıqlarınız cəhalət əhlinin sizlərə qarşı etdikləri mənəvi terrordan fərqlənmir?!

Daha sonra hər ikiniz qeyd edirsiniz ki, Azərbaycan coğrafiası 690-cı ilə qədər könüllü olaraq tam  islamlaşmışdı. Bu iddianızın aşağıdakı tarixi faktlarla yalan olduğunu qarşınıza qoyacam.

İlk olaraq Azərbaycana ərəblər 639-cu və 642-ci illərdə soxulanda onlara qarşı Cənubi Azərbaycan torpalarının canişini olan İsfəndiyar ibn Mərzban, sonra isə onun qardaşı Bəhram silahlı müqavimət göstərərək savaşdılar.  Üstəgəl həmin dövr və ondan sonra  Azərbaycan coğrafiasında  3 dövlətin maraqları toqquşurdu bunlar Xəzər Xaqanlığı, Bizans İmperiyası, Ərəb xilafəti.

629-1050 (xüsusəndə onun I mərhələsi 634-718 və II mərhələsi olan 718-863)-ci illərdəki Ərəb-Bizans, 642-799-cu illərdəki Ərəb-Xəzər, IX-X əsrdəki Xəzər-Bizans müharibələrinin təsiri torpaqlarımızdan yan keçmədi. Beləki, müharibə teatrının bir hissəsi cənublu-şimallı Azərbaycan torpaqları idi. Bu müharibələr həm strateji, həm ideoloji, həm də qəsbkarlıq xarakter daşıyırdı. Elə Şimal dövlətimiz olan Albaniyanın həm xəzərlərlə, həm də ərəblərə qarşı mübarizəsi də bu torpaqlarda İslamın dinin könül xoşluğu ilə yayılmadığını və xalqın 690-cı ilə qədər islamlaşmadığını göstərir. Necə islamlaşa bilərdi ki, 705-ci ilə qədər Albaniya bir dövlət olaraq öz mövcudluğunu saxladı və əhalinin böyük bir hissəsi Xristian dininə etiqad edirdi. Istər şimalda, istərsə də cənubda xalq kütləvi olaraq İslam dinini qəbul etmədi. Bu dini ilk olaraq kölələr, zənginləşmək və mülklərini qorumaq istəyən feodallar qəbul etdi. Ən əsası da, xalq kütləvi halda yeni dinə gəlirdisə o zaman xəlifələr bu ərazilərə çoxlu sayda "Şamlı”, "Rabiya” və digər ərəb  tayfalarını niyə köçürürdü?! Təbii ki, burda dayaq yaratmaq üçün, çünki xalq içərisində ərəblərə qarşı güclü müqavimət var idi.

İndi isə Əməvilər dövründə hökmranlıq etmiş xəlifələrin siyahını diqqətinizə çatdıraq:

-        I Müaviyə    (661-680);

-        I Yezid        (680-683);

-        II Müaviyə   (683-684);

-        I Mərvan     (684-685);

-        Əbdül Malik          (685-705);

-        Əl Valid      (705-715);

-        Süleyman    (715-717);

-        II Ömər       (717-720);

-        II Yezid       (720-724);

-        Hişam         (724-743);

-        II Əl Valid; III Yezid; İbrahim (743-744);

-        II Mərvan    (744-750).

 

Siyahıya fikir verdinizsə Müaviyədən, Əbdül Malikə qədər hakimiyyətdə olanların illəri azdı. Təbii ki, bu əməvilərin, saray daxili çəkişmələrindən xəbər verir. Başları hakimiyyət davasına qarışan, 1 ilə 3 xəlifə dəyişən bir dövlətin canişinləri Azərbaycanda və digər əsarət altında olan ərazilərdə İslam dinin necə "təbliğ” olunduğunu təsəvür etmək çətin deyil. Həqiqət naminə onuda etiraf etməliyik ki, Babək kimi xəlifə Müaviyə də bizlərə 180 dərəcə fərqli təbliğ olunub. Bunun ən başlıça səbəbi şiə klerikalistləri ilə rafizilərin əvəzsiz "xidmətlərindən” qaynaqlanır. Beynimizə yeridilib ki, bizlər imam Hüseyn, Kərbəla övladlarıyıq. Bunun nəticəsində əsrlərdir ki, bizlərə İslam əvəzinə Müaviyəyə, Yezidə lənətlər oxumaq, zəncir vurmaq və digər bu kimi həm insanlığa, həm də İslama yaraşmayan iyrəncliklər təbliğ olunub. Haqq naminə qeyd etməliyəm ki, yeri gələndə imam Hüseynin Azərbaycan tarixinə, Azərbaycan türklərinə heç bir aidiyyatı olmadığı halda Müaviyənin bizə daha çox bağlılığı var. Bu bağlılıq nədir? Cavab olaraq qeyd edirəm ki, Müaviyənin Şimal dövlətimiz olan Albaniyanı müstəqil dövlət, Cavanşiri isə bu dövlətin hökmdarı kimi tanıması. Əminliklə qeyd edə bilərik ki, Müaviyə yeganə ərəb hökmdarıdır ki, azərbaycanlılarla qarşılıqlı münasibətlər əsasında diplomatik əlaqələr quran və Albaniyanın daxili müstəqilliyini tanıyan ilk və sonuncu xəlifədir. Ən azından papağımızı qarşımıza qoyub, yad imamın şəhadətinə baş yarıb, milləti degeneratlaşdıraraq, Müaviyəyə, Yezidə lənət ruhunda böyütmək əvəzinə yuxarıda qeyd etdiyimə görə, onlara minətdar olmalıyıq. Hələ xəlifələrə lənət qalsın bir kənara şimal torpaqlarımızı əsarətdən xilas etməyə çalışan zavalı Cavanşirə də lənət oxuyanları şəxsən müşaiyət etmişəm. Səbəbini soruşduqda qeyd edirlər ki, Cavanşir müsəlmanların qan düşməni, Allahın yeganə haqq "xəlifəsi” Əliyə qarşı olan Müaviyə ilə müqavilə bağlayıb. Gör bizlər nə günlərə qaldıq ki, tariximizə, şəxsiyyətlərimizə şiə klerikalistləri, rafizilər qiymət verir. Hələ bundan betər hallar da gələcəkdə baş verəcək. Bu cür halların baş verməsinə tariximizin "dini cərəyan”, "sekta” tərəfindən mənəvi terrora məruz qalmasından başqa ad vermək olmaz. 

Elə Əməvi saraylarında bu cür çəkişmələr öz təzahürünü xalqa zülm edən ərəb canişinlərinin fəaliyyətlərində göstərdi. Nəticədə 748-ci ildə Azərbaycanda Müsafirin başçılığı altında xalq üsyanı başladı, Ərəb sərkərdəsi Məhəmməd ibn Sulun ordusu darmadağın edildi. 750-ci ildə isə Əbu Müslüm Əməvilər sulaləsinin hökmranlığına son qoyur, bununlada Xilafətdə yeni sülalə -  Abbasilərin hökmranlığı başlayır. Amma bu Azərbaycanda başlayan üsyanların səngiməsinə gətirib çıxarmır, əksinə üsyanlar daha da şiddətlənir. 755-ci ildə Əbu Müslümün nüfuzunun artmasını görən xəlifə Əl-Mənsur onu edam etdirir. Nəticədə Əbu Müslümün tərəfdarları Sumbatın rəhbərliyi ilə xilafətə qarşı silahlı üsyan qaldırırlar. Huzistan, Fars və İsfahanda qələbər qazansalar da 70 gün sonra üsyan amansızlıqla yatırılır. Sumbad öldürülür. Bu üsyanda xürəmilər, şiələr, atəşpərəstlər, islami və islamda olmayan dini sektalar, müxtəlif təbəqəli ərəblər, kəndlilər, hətta sünni müsəlmalarda koalisiya şəklində iştirak etmişdilər.

752-ci ildə Azərbaycanda Qubad Asəf Beyləqaninin rəhbərliyi ilə yeni üsyan dalğası bürüsə də tezliklə o da amansızlıqla yatırılır.

776-783-cü ildə Muğanna ləqəbi ilə tanınan Həşim ibn Hakimin rəhbərliyi altında Xorasanda yeni xalq üsyanı dalğası başlayır. Muğanna öz təlimini həm məzdəkliklə, həm reyinkornasiya həm də islamın bəzi xüsusları ilə birləşdirərək özünü peyğəmbər kimi qələmə vermişdi. O, tərəfdarlarını ağ bayraq altında birləşdirmiş, hətta üzünü ağ parçayla örtmüşdü. Üsyan tezliklə Buxara, Səmərqənd, Mərv və digər ərazilərdə yayıldı. Sonda üsyan bütün Məvənnəhri bürüdü. Muğanna ağ bayrağı altına Əbu Müslümün tərəfdarları  və xürrəmiləri də cəm edə bildi.

O,  özünü Xorasanın hökmdarı təyin etdi, Bağdaddan göndərilən ərəb qoşunlarını bir neçə dəfə məğlubiyyətlərə uğratdı. 783-cü ildə isə onun hərəkatı məğlubiyyətə uğradı, Muğanna əsir düşməmək üçün özünü öldürdü.

778-ci ildə isə xürrəmilər ayrıca olaraq xilafətə qarşı İsfahanda üsyan qaldırır.  Lakin uğursuzluğa düçar olur.

796-797-ci illərdə zındığ hesab olunan Əmr ibn Məhəmməd əl-Əmrakinin rəhbərliyi ilə Curcanda yeni bir üsyan dalğası başlayır, lakin o da yatırılır.

794-795-ci illərdə isə Beyləqanda yeni xalq üsyanları başlayır və yatırılır.

808-ci ildə isə Azərbaycanda və digər ərazilərdə Cavidanın rəhbərliyi ilə xürrəmilər  yeni üsyan başlayır. Üsyan Rey, Həmədan, İsfahan və digər Azərbaycan şəhərlərini bürüyür. Saylarının 100 min olmasına baxmayaraq xəlifə Harun ər-Rəşidin göndərdiyi qoşun onları məğlub edir, sağ qalanlar Cavidanla birlikdə Bəzz şəhərinə çəkilir.

Fikir verdinizsə hələ Babəkə qədər yəni 639-cu ildən 816-cı ilə qədər  177 illik bir zaman kəsiyində həm Azərbaycan coğrafiyasında, həm Xorasanda, həm də digər ərazilərdə Ərəb Xilafətinə qarşı üsyanlar-müharibələr baş verib. Onların baş verməsi dini zəmində, iqtisadi istismarçılığa, ərəb şovinizminə və digər səbəblərə görə idi.

Bütün bu üsyanlar, Ərəb tayfalarının torpaqlarımıza kütləvi halda köçürülməsi və s. ona dəlalət edir ki,  Azərbaycanda və ona yaxın coğrafiyalarda həmin dövrlərdə İslam hakim dinə çevrilə bilmədi. 

Babək isə hərəkatı üsyandan müharibəyə çevirdi. Ərəb tarixçilərinin elə bir çoxu bunu üsyan, hərəkat deyil, milli-azadlıq müharibəsi, İslama qarşı müharibə  hesab edirdi. Zarafat deyil ki, xəlifə Mötəsim məhz Babəkə qalib gəlmək üçün Bizansla müharibəni dayandırıb, bütün qüvvəsini Babəkə qarşı səfərbər etdi.

Yoldaş Elşad Miri daha sonra çox gülünc bir ifadə gətirirsiniz ki, Babək türk olmayıb, çünki türklər heç vaxt qalaya sığınaraq, müdafiə döyüşləri aparmayıblar.  Mən sizə  hərb təhsili almış zabit olaraq cavab verim ki, müdafiə döyüş növlərindən biridi. Qədimdən iki döyüş növü olub hücum, müdafiə. Sonralar hərb elmi inkişaf edərək döyüş növləri 4-ə çevrilib ( hücum, müdafiə, geriyə hərəkətlər, və yürüş ). Müdafiənin məqsədlərindən biri də hücum üçün əlverişli şərait yaranana qədər vaxt qazanmaqdır.

Elə ölməz Babəkimizdə müdafiənin qanla yazılmış bu prinsipinə daim əməl etmişdi. Babək haqqında sosial şəbəkərdən, başı pozuq mollaların saytlarından deyil, tarixi kitabları oxusanız görərsiniz ki, o, yalnız müdafiə deyil, müdafidən hücuma prinsipinə əsasən taktik manevrlər edər, düşməni öz içərisinə çəkərək mühasirəyə alıb darmadağın edərdi. Amma Babək yalnız bununla kifayətlənməmiş hücum taktikasından da geniş istifadə etmişdi. Elə 830-cu ildə Həmədən döyüşündə ərəblərin darmadağın edilərək şəhərin azad edilməsi buna bariz nümunədi. Ümumilikdə 830-833-cü illərdə Babəkin qoşunları daha çox hücum əməliyyatlarında iştirak etmişdi. Birdə unutmayın ki, 20 minlik nizamlı süvari qoşuna malik bir sərkərdə heç vaxt qalaya sığınmazdı. Yaxud Babək quldur biri olsa idi, Bizans qoşunlarını lərzəyə salmış say-seçmə Ərəb sərkərdələrini məğlub etməz, əsir götürməz və 6 dəfə böyük ordular üzərində parlaq qələbələr çalmazdı. Elə ərəblərin ən böyük yanqılarından biri burdan qaynaqlanır. Babəkin sərkərdəlik dühasını Karfagen sərkərsi olan və Romanı lərzəyə gətirən Hannibal Barkın taktikası ilə demək olar ki, eyniyyət təşkil edir. Hannibal e.ə 216-cı ildə 40 minlik ordusu ilə 80 mindən çox Roma qoşunu müdafiə taktikası ilə pusquya salaraq darmadağın etdiyi kimi, Babəkdə 829-cu ildə düşmən qüvvəsinə nisbətən dəfələrlə az olan ordusu ilə Həştədsar döyüşündə 150 minlik ərəb ordusunu məhv etdi.

Ümumilikdə Babək Yəhya ibn Muaz, İsa ibn Məhəmməd, Züreyq ibn Əli, Əhməd ibn əl-Cüneyd (əsir götürüb), Məhəmməd ibn Hümeydə əl-Tusi, İbrahim ibn Leys(hamısı ərəb mənşəlli), Buğa əl-Kəbiri (türk mənşəlli) kimi Bizansı lərzəyə salan sərkərdələrin ordularını darmadağın edib. Sərkərdə Əli ibn Hişam 830-cu ildə Azərbaycan, Çibal, İsfahan hakimi təyin edilərək, Babəkə qarşı müharibəyə göndərilsə də, o, Babəkə qarşı vuruşmaqdan boyun qaçırtdı və buna görə 831-ci ildə Bağdadda edam edildi.

Tarixdə əksər türk dövlətləri müdafiə döyüşləri ilə daha çox qəhrəmanlıq səlnaməsi yazmayıblarmı? Türk dövlətləri olan Hun, Səlcuk, Xəzər, Göytürk, Avar, Qızıl Orda, Osmanlının hərb tarixlərinə nəzər yetirsək çoxlu sayda müdafiə döyüşləri ilə bağlı savaşlara rast gəlmək olar. Mən heç qədim dövrə deyil yeni tarixə müraciət edərək 3 döyüşü misal çəkəcəm. 1787-1791-ci illərdə baş verən Rus-türk savaşı zamanı Ocaqov (1788-ci il)  və İsmail (1790-cı il) qalaları uğrunda gedən döyüşlərdə osmanlı türklərinin inadlı müdafiə döyüşləri buna bariz nümunədi. Ocaqov qalası uğrunda döyüşlərdə 50 mindən çox rus ordusuna qarşı 15 minə yaxın türkün qəhrəməncasına dirənişi, 11 mindən çox əsgər-zabitin, eləcə də İsmayil qalası uğrunda 35 min türk əsgərindən 26 mininin təslim olmayaraq qəhrəmancasına həlak olmasına nə deyirsiz? Son olaraq Çanakqala döyüşündə ya istiqlal ya ölüm şüarı ilə vətən torpaqlarını müdafiə döyüşləri ilə qoruyaraq, hətta mərmiləri tükəndikdə belə süngülərlə özlərini pulemyot qarşısına atan on minlərlə türk məhmətçiklərinə nə sözünüz?!

Hələ bu azmış kimi ölməz sərkərdəmizi şiə kimi təqdim eləyən şiə klerikalistlərinə, rafizilərə xidmət edən bəzi  "araşdırmaçı”, "tarixçilərdə” peyda olub. Onlardan biri də "araşdırmaçı” Ceyhun Bayramlıdı. "Araşdırmaçı” Babəki müdafiə etmək istəyərkən həm özünü biyabır etdi, həm də tariximiz təhrif elədi. Yəni qaş düzəltmək istəyərkən vurub gözüdə çıxartdı. Yoldaş Bayramlı məgər bizlər bir millət olaraq şiə klerikalistlərinin, rafizilərinin əlində manipulyasiya edici vasitə olan "Əhli-beyt” ə möhtacıq ki, siz Babəki şiyəliyin müdafiəçisi, Allah "imamların” sadiq qulu və s. bu kimi təqdim eliyirsiniz? Heç şiəliyi qoydum bir kənara Azərbaycan tarixi yazılanda, bu ərazilərdə qədim dövlət qurumlarımız, dövlətlərimiz, qəhrəmanlıq səlnamələrimiz olanda heç  İslam dini meydana gəlməmişdi. Bəli İslam mədəniyyəti qılınc bahasına olsa da Azərbaycan coğrafiyasında yayıldı, tariximizə həkk oldu, kimsə Azərbaycan-İslam mədəniyyəti dövrünü çıxarıb atmır, heç atada bilməz bu bizim tariximizdi. Lakin bu bizə əsas vermir ki, İslamiyətdən qabaq tariximizi yaddan çıxarmalı, təhrif etməli, silməliyik. Heç bizə sırınan "əhli-beytin” Azərbaycan tarixinə umumiyyətlə aidiyyatı yoxdur. Əgər qarşıma fakt olaraq bəzi "seyidlərin” vətənimizdə dəfn olunması göstərirsinizsə bu bağlılıq deyil. Ona görə ki, birincisi onların sırf Məhəmməd peyğəmbərin nəslindən olmaları şübhəlidi. Şeyx Nəsrullah kimilərinin və onun ardıcıllarının rəvayət-uydurmaları xaric əsl din-ilahiiyat alimləri və tarixçilər bu barədə heç bir məlumatlar bildirməyib. Lap deyək ki, bu torpaqlarda seyidlər həqiqətən yaşayıb, dəfn olunublar, axı bu bizim millət olaraq "seyidlər” yurdu, Kərbəla övladları,  Əlini, Hüseyni atamız,  Fatimeyi-Zəhranı anamız, xomeyniləri, xamneyliləri, sistaniləri, ocaq necatları, və digərlərini ağalarımız adlandırmağa haqq vermir.

Alban-roma müharibələri zamanı məğlubiyyətimizdən sonra bu ərazilərdə romalılar, Xristianlığın inkişafı nəticəsində Avropadan buralara çoxlu sayda missionerlər köç edib, Sasani istilası zamanı burda fars mənşəlli tatlar yaşayıb, Məzdəkilik hərəkatı süquta yetdikdən sonra vətənimizə yəhudilər köç ediblər, Xəzər xaqanlığıda süquta yetdikdən sonra da bir çox yəhudilər Dərbənd və onun ətrafında məskən salıblar, ərəblər bura tayfalarını köçürüblər, XVII əsrdə Abşeron yarımadamızda hindlilər yaşayıb və Atəşgah məbədini tikiblər, XVIII əsrdən torpaqlarımıza rusların, "Gülüstan” ilə "Türkmənçay” faciələrindən sonra erməni dığaları tormaqlarımıza kütləvi halda köçürüldü, XIX əsrin ikinci yarısında almanlar köçərək Göygöldə və Şəmkir rayonlarında məskənlər saldılar. O zaman bütün bu sadaladıqlarımızdan belə çıxır ki, Azərbaycan romalıların, tatların, yəhudilərin, missionerlərin, ərəblərin, hindlilərin, rusların, ermənilərin, almanların torpaqları olub?! Yaxud Stalin 74  illik ömrünün təqribən 50 ilini  Rusiyada yaşayıb, belə çıxır ki, bu böyük tiranın rus olması anlamına gəlməlidi?! Əlbətdə ki, yox!

Qaldı ki, Bəzz şəhərində əzan oxunub, namaz qılınmasına burda təəccüblü nəsə yoxdu. Çünki Babək ətrafında hər millətdən olan kimi, ərəblərdə var idi. Məgər yuxarıda biz əməvilərə və abbasilərə qarşı üsyan qaldıran müsəlman inancında olan insanları misal gətirmədikmi. Elə Əməvi və Abbasi xanədanlığında tez-tez taxt sahiblərinin dəyişməsidə müsəlmanlar içərisində narazılıq doğurmurdumu? Təbii ki, doğururdu, burda məsələ yalnız hansısa devrilmiş xəlifədən getmirdi, həmçinin devrilənlə, yeni taxta çıxanın tərəfdarları arasında qarşıdurmalar demək idi.

Bəli o millət ki, tarixinə düzgün qiymət vermirsə, tarixi təhrif olunmağa və özgələşdirilməyə məhkumdu.

Yoldaş Miri heç sizin çıxışlarınız zamanı tez-tez nümunə çəkdiyiniz Məkkə müşriklərini belə, müsəlmanlaşan ərəblər sizin Babəkə bəslədiyiniz münasibəti göstərmirlər. Onların məbədlərini dağıtsalar da, onları daim xatırlayır və tarixdən çıxarmırlar. Əksinə hər bir imanlı müsəlman o müşriklərin əmməllərini züriyətlərinə ötürə-ötürə təbliğ etdilər ki, bax əcdadlarımız bu cür cahil olublar. Sizdə onların əməllərini təkrar etmədən, İslamı qoruyun. Hətta müqəddəs kitablarınızda belə dəfələrlə adı çəkilən müşriklərinizdən söhbətlər açılır. O müşriklər olmasaydı ərəblər nə İslam dininin qədrini bilər, nə də Məhəmməd peyğəmbərə hörmət edərdilər.

Əyyaş, narkoman, korrupsiner, zinakar, homoseksual, pedofil, nekrofil eləcə də bu qəbildən olan digər murdarların şəxsi maraqları və yaşam tərzlərinə uyğun İslam dinini necə təbliğ edirlərsə, siz Elşad Mirinin də Babəkə fikir bildirməyiniz  o cürdü.

Yoldaş mustafalar, mirilər, bayramlılar məhz sizlərin tariximizə qərəzliliyiniz, təhrih etməyiniz, biganəliyiniz sayəsində ölkə xaricində və içimizdəki separatçı talışların (sözüm talış xalqına aid deyil) təbliğatı nəticəsində http://freetalyshistan.com saytlarında bizim tarixi şəxsiyyətlərimiz olan Zərdüşt peyğəmbəri, Atropatı, Babəki, Şeyx Səfiyəddin Ərdəbillini, Həzi Aslanovu, Kərim Kərimovu və digərlərini talış xalqının qəhrəmanları və tarixi şəxsiyyətləri kimi təbliğ edirlər. Onsuzda əsrlər boyu sapı özümüzdən olanlara görə istirablar çəkmişik, Nadir Şah kimi ən qüdrət hökmdarımızın dövründə regionda böyük imperiyadan xəyanətlər nəticəsində parçalana-parçalana kiçilmişik. İndi balaca bir Respublika səviyyəsində dövlətçiliyimizi qorumağa çalışırıq. Amma sizin kimilərin sayəsində itirdiklərimizdən də dəyərli olan tarixi şəxsiyyətlərimiz düşmənlərimiz tərəfindən özününküləşdirilir. Düşmən dedikdə mən əsirlərlə bizimlə yaşayan, qız alıb-verərək qohumluq bağlarımız olan talış xalqını qətiyyən nəzərdə tutmuram. Suverenliyimizi qəbul etməyərək, bəzi dövlətlərdən maliyə dəstəyi alaraq, torpaqlarımıza göz tikən, Əlikram Hümbətov və onun düşüncəsində olan murdar separatçıları nəzərdə tuturam. Özünü bu torpağın övladı hesab edən türk, talış, ləzgi, avar, tat, dağlı və digərləri dövlətçiliyimizə əl atanlara və xalq içərisində nifaq salan separatçılara Xocalıda hamilə qadınlarımızın, südəmər körpələrin başına gətirilən vəhşilikləri edən erməni vandallarına bəslədiyimiz nifrətdən də çox nifrət etməlidi. Eynilə bu dediklərim şimal torpaqlarımıza göz dikən murdar sadvalçılara və Qarabağımızda "Kürd dövləti” yaratmaq istəyən həşəratlara da aiddir!

Qaldı ki, Babəkin etnik kimliyinin müəmmalı olması məsləsinə burda da ərəb tarixçilərinin bizə gəlib çıxan mənbələrinin ziddiyətli olması ilə bağlıdı. Amma buna baxmayaraq onu azərbaycanlı, türk hesab edənlərdə az deyil.

Məsələn İmam Fəxri Razi "Etiqadatu firəq –il-müslimin və-l–müşrikin” adlı kitabında yazır: "Babəkilər, Babəkin tərəfdarları idilər. Babəkin özü isə azərbaycanlı idi. Onun qüdrəti uzun müddət artmaqda idi. O, küfrün yolunu açdı, bir çox adam onun başına toplandı. Bu iş isə mötəsimin zamanında oldu. Bir çox şiddətli vuruşmalardan sonra onu tutdular və beləliklə də onun bəlası aradan qaldırıldı”.

Bəzi mənbələrdə onun atasının Ktesifondan olduğu bildirilir ki, buda onun fars-sasani olmasi kimi qiymətləndirilir.

Bir məsələ dəqiqdir, hansı ki, əksər tarixçilər-araşdırmaçıların burda həmrəydilər. Bu onun anasının Ərdəbildən olması faktıdır. Eyni zamanda Babəkin qədim türk əcdadlarımızdan olan maday türkü olmasıda istisna deyil.

Hətta lap deputat və ilahiyyatçının irəli sürülən (hərçənd bu fakt deyil) iddiaları ilə razılaşaraq Babəkin türk-azərbaycanlı olmadığını qəbul edək. Amma bu o anlamada gəlmir ki, Babəki tarixdən silib atmalıyıq. Ən azından Babək bütöv Azərbaycan coğrafiyası uğrunda mücadilə aparıb, qısa müddətdə olsa torpaqlarımızda ərəb istilasının qarşısını alıb. Azad olsun Azərbaycan şüarı ilə döyüşlərə atılıb, öləndə də son fəryadı Azərbaycan olub.

1689-1702-ci illərdə İngiltərənin kralı olmuş Oranlı III Vilhelm milliyətcə ingilis deyil, hollandiyalıdı, kraliça Viktoriyanın dövründə Böyük Britaniyanın 40-cı və 42-ci Baş naziri olmuş Bencamin Dizrayeli də ingilis deyil, yəhudidir.

Fransanı qüdrətli imperiyaya çevirən Napaleon Bonopart fransız deyil, italyan mənşəlli korsikalıdı.

Avraam Linkoln yəhudi, Martin Van Büren hollandiyalı, Herbert Huver ilə Duayt Eyzenhauer mənşəçə almandılar, Kennedi irlandiyalıdı, Barak Obama keniyalıdı. Etnik rəngarəngliklərinə baxmayaraq onların hər biri ABŞ prezidentləri kimi tanınır.

Mixail Lermontov şotland; Aleksandr Puşkin həbəş; Lev Şestov, Semyon Frank, Samuil Marşak yəhudi mənşəlli; II Yekaterina, Boris Yakobi, Karl Neselrod, Alfred Şnitke, general Pavel fon Renenkampf, Pyotr Vrangel, admiral-səyyah Fadey Belinsqauzen mənşəcə alman; İvan Ayvazovski erməni mənşəlli, generallar Pyotr Baqration, Pavel Sisiyanov gürcü; Nikolay Karamzin, İvan Bunin, Mixail Bulqakov, Mixail Saltıkov-Şedrin, Sergey Aksakov, Nikolay Berdyayev, İvan Turgenev, Nikolay Qoqol, Anna Axmatova, admiral Aleksandr Kolçak, general Aleksandr Kutaisov, general Aleksey Yermolov və digərləri etnik mənşəcə  tatar-türkdürlər. Siyahını davam etdirə bilərəm amma lüzum görmürəm. Adları çəkilənlərin hamısı Rusiyanın tarixi şəxsiyyətləri kimi tanınır. 

Marşal Konstantin Rokossovski rus deyil, polşalıdı; ordu generalı Aleksey Antonov da rus yox metisdi (anası polşalı, atası belorusdu) amma onların hər ikisi SSRİ sərkərdələri kimi tanınır.

Mişel Platini etnik mənşəcə italiyalı, Zinəddin Zidan isə əlcəzairlidi amma biz onları Fransa futbolunun əfsanələri kimi tanıyırıq. Bu cür misallar gətirməklə davam edə bilərəm lakin lüzum görmürəm. Adları çəkilən tarixi şəxsiyyətləri etnik mənşəyilərinə görə deyil, dövlətlər qarşısında öhdəlikləri, xidmətlərinə görə tanyırıq.

Bu gedişlə mirilər, mustafalar sayəsində tariximizin ən şərəfli səhifələrindən biri olan Babək hərəkatı, Azərbaycan Səfəvi dövləti  tam şəkildə silinərək itəcək; bayramlar və onun kimi şiə klerikalizminə, rafiziliyə xidmət edənlərin sayəsində  isə təhrif edilərək mollaların moizələrinə, mərsiyələrinə çevriləcək!

Babək və onun mübarizəsi bizim üçün ona görə daim yaşadılmalıdır ki, bu bizim qəhrəmalıq dühamızın, tariximizin bir hissəsidir. Tarixi heç bir millət seçmir bu təyin olunan statusdu. Bizlərdə tariximizi pis-yaxşı olmasına görə seçə bilmərik, pisi-yaxşısı ilə qəbul etməli və ordan nəticələr çıxarmalıyıq!

Son olaraq onu qeyd etmək istəyirəm ki, Vətənə xəyanət yalnız savaş zamanı düşmən tərəfə keçmək, silah işlətməkdən boyun qaşırmaq, döyüş vasitələrini düşmən üçün qoyub getmək, batmaqda olan gəmini tərk etmək, cəsusluq, təxribat, çevriliş kimi fəaliyyətlərlə məhdudlaşdırmaq absurddu, tarixi təhrif etmək, şəxsiyyətləri fərqli cür qələmə vermək, milli-mənəvi dəyərlərinə qarşı amansız mövqe tutmaq, öz dilinə qarşı qənim kəsilərək ana-dövlət dilində danışmağı ar bilən, danışanları "tüşqa” adlandırmaq  və s. bu kimi binamusluqlar da Vətənə xəyanət qədərdi, hətta daha böyük xəyanətdi!

 

Abdulla İsmayıloğlu, 

"Yeni Sözçü"qəzeti                                                                                                                            



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}