Növbədənkənar parlament seçkiləri olacaq

Milli Məclisə vaxtından əvvəl seçkilər bu il keçiriləcək

Aprelin 11-də baş tutmuş növbədənkənar prezident seçkilərinin ölkədə yeni siyasi dövrün başlanğıcını qoydu. Növbədənkənar prezident seçkilərindən sonra Nazirlər Kabinetinin başçısının dəyişməsi, bir sıra nazirlik və dövlət komitələrinin rəhbərlərinin dəyişməsi, Prezident Adminstrasiyasının ən önəmli şöbələrindən birinin, humanitar siyasət məsələləri şöbəsinin rəhbərliyinə hakim partiyanın funksioneri olmayan, milli məfkurə daşıyıçısı olan Fərəh Əliyevanın gətirilməsi də ölkədə yeni siyasi dövrün başlanmasının nəticəsi idi. Qeyd edək, həm Nazirlər Kabinetinin tərkibində, həm də Prezident Adminstrasiyasında kadr dəyişiklikləri davam edəcək. Yaxın zamanlarda Prezident Adminstrasiyasının nüfuzlu şöbə müdirlərindən birinin də istefaya göndərilməsi gözlənilir. Çox maraqlıdr ki, istefaya göndərilməsi gözlənilən şöbə müdirinin yerinə də Fərəh Əliyeva kimi ictimaiyyətin müsbət mövqe bəsləyən bir ziyalının gətirilməsi gözlənilir. Bu mövzuya yaxın saylarımızın birində qayıdacağıq.

Növbədənkənar prezident seçkilərinin başlatdığı yeni siyasi dövr icraedici hakimiyyətdə dəyişikliklərə səbəb olduğu kimi, qanunverici orqanda dəyişiklik zərurəti yaradıb. Məhz bu zərurət növbədənkənar parlament seçkiləri ilə bağlı müzakirələrə səbəb olub. Bununla bağlı "Yeni Sözçü” qəzetinə daxil olan məlumatda deyilir ki, hakimiyyətdə növbədənkənar parlament seçkiləri ilə bağlı ümumi mövqe mövcuddur. Növbədənkənar parlament seçkilərinin həm də bu il, 2018-ci il ərzində keçirilməsi ilə bağlı da ümumi anlaşma var. Yeganə fikir ayrılığı növbədənkənar parlament seçkilərinin nə zaman keçiriləcəyi ilə bağlıdır. Məlumata görə, növbədənkənar parlament seçkilərinin hansı tarixdə keçirilməsi ilə bağlı iki variant müzakirə edilir. Təkliflərdən biri növbədənkənar parlament seçkilərinin avqust ayında, digəri isə dekabrda keçirilməsi ilə bağlıdır. Növbədənkənar parlament seçkilərinin avqust ayında keçirilməsinin tərəfdarları mövqelərini növbədənkənar prezident seçkilərinin başlatdığı yeni siyasi dövrün tamamlanması üçün Milli Məclisə seçkilərinin mümkün qədər erkən keçirilməsinin zərurəti ilə əsaslandırırlar.

Yay aylarının kənd təsəürrüfatı üçün çox önəmli olduğunu, yerli hakimiyyət orqanlarının fəaliyyətinin iki ciddi məsələ ətrafında bölüməsinin müəyyən problemlər yarada biləcəyini ehtimal edənlər isə, növbədənkənat parlament seçkilərinin dekabrda keçirilməsini təklif edirlər.

Növbədənkənar parlament seçkilərinin avqust ayında keçirilməsini təklif edənlər hesab edir ki, seçki kompaniaysı başlayana kimi taxıl yığımı başa çatacaq, pambıq yığımı isə sentyabrda başlayır. Buna görə növbədənkənar parlament seçkilərinin avqustda keçirilməsi heç bir problem yaratmır. Yay istirahətinə gedənlər də bir qayda olaraq ən geci avqustun sonlarına kimi evlərinə qayıdırlar. Ona görə də növbədənkənar parlament seçkilərinin avqust ayında keçirilməsi heç bir problem yaratmayacaq.

Növbədənkənar parlament seçkiləri hakimiyyət daxilində gedən müzakirələrlə bağlı "Yeni Sözçü” qəzetini məlumatlandıran mənbənin sözlərinə görə, seçki komisiyasının üzvülərinə yay aylarında məzuniyyətə getməməklə bağlı xəbərdarlıq olunub və bu da seçkilərinin avqust ayında keçirilməsi ilə bağlı fikirlərin artıq qeyri-rəsmi qərar səviyyəsinə çatdığından xəbər verir. Mənbə bildirir ki, iyunun üçüncü on günlüyündə növbədənkənar parlament seçkiləri ilə bağlı qərar verilməsi gözlənilir.

Növbədənkənar parlament seçkilərinin keçirilməsinin nə dərəcədə real olması ilə bağlı mövqeyini öyrəndiyimiz ekspertlərdən biri bu halı mümkün saydı. Adının açıqlanamısını istəməyən ekspertin sözlərinə görə, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi korrupsiyada adı hallanan AŞPA üzvlərinə, o cümlədən Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı sanksiyalar tətbiq etməsi rəsmi Bakı üçün əlverişsiz siyasi vəziyyət yaradıb. Belə bir vəziyyətdə Səməd Seyidovu Azərbaycanın AŞPA-dakı nümayəndə heyyətinin rəhbəri kimi saxlamaq da zərərlidir, onu başqa biri ilə əvəz etmək də. Çünki, birinci halda o bir sıra hüquqlardan məhrum halda fəaliyyət göstərməli olacaq. İkinci halda isə bu rəsmi Bakının zəifliyi, təzyiq qarşısıında geri çəkilməsi kimi qəbul edilə bilər.

Ancaq növbədənkənar parlament seçkiləri keçirilərsə, Milli Məclisisinin yenilənmiş tərkibi AŞPA-da nümayəndə heyyətinin tərkibini də yeniyəcək. Bu zaman nümayəndə heyyətinin yeni şəxslərdən formalaşması rəsmi Bakının təzyiq qarşısında geri çəkilməsi kimi qəbul olunmayacaq və AŞPA-da da bu məsələ ətrafında ola biləcək əlavə diskusiyaların qarşısı alınmış olacaq. Çox böyük ehtimalla Səməd Seyidov da daha deputat olmayacaq. Onu təhsil nazirinin müavini və yaxud da universitetlərdən birinə rektor təyin ediləcəyi gözlənilir.

Növbədənkənar parlaement seçkiləri bəzi deputatların da karyerasına son qoyacaq. Buna görə bəzi deputatlar icra orqanlarında vəzifə almağa çalışırlar. Yaxın günlərdə bir neçə deputatın vəzifə alması iddia olunur Onlardan ikisi icra başçısı təyin edilə bilər. Bir neçə deputat isə nazirlik və dövlət komitələrində müavin vəzifələri ala bilərlər.

Göründüyü kimi növbədənkənar parlament seçkilərinə hakimiyyət dəhlizlərində tam hazırlıq gedir. Hələlik isə bundan xəbərsiz, yalnız seçicilərdir. Onları da məlumatlandırmaq bizim üzərimizə düşür.

Arzuman Loğmanoğlu,

"Yeni Sözçü” qəzeti 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}