Gəncənin daha bir dastanı - Gəncə üsyanının məğlubiyyətindən bu gün düz 98 il ötür

Gəncənin daha bir dastanı - Gəncə üsyanının məğlubiyyətindən bu gün düz 98 il ötür

 

…11-ci Qızıl Ordunun Azərbaycanı işğal etməsindən və cümhuriyyət parlamentinin hakimiyyəti azərbaycanlı kommunistlərə təhvil verməsindən təxminən 1 ay keçmişdi. İşğalçı ordu və yerli Hərbi-İnqilab Komitəsi təhvil-təslim razılaşmasının bir şərtinə belə əməl etməmişdi. 

Ölkədə yadellilər at oynadırdı. Sorğu-sualsız edam edilən, nə canı, nə malı, nə namusu amanda olan azərbaycanlılar sovet hakimiyyətinin qanlı simasından dəhşətə gəlmişdilər. «Doğrudanmı biz öz gözəl vətənimizi bu vəhşilərə belə asanlıqla təhvil verəcək, özümüzsə onlara qul olacağıq? Hanı bizim qürurumuz? Hanı bizim şərəfimiz? Hər bir azərinin, hər bir əsgər və zabitin üzündən bu sual oxunurdu», - sonralar cümhuriyyət polkovniki Cahangir bəy Kazımbəyli o günləri belə xatırlayacaq.

Xalqın ləyaqətli övladları bu rəzalətə çox dözə bilməzdilər.
Sovet hakimiyyətinə qarşı ən güclü silahlı müqavimət Gəncədə təşkil edildi.

Üsyana mayın 22-dən etibarən hazırlaşmağa başladılar.
Üsyana generallar – Məhəmməd Mirzə Qacar, Cavad bəy Şıxlinski, Teymur bəy Novruzov və polkovnik Cahangir bəy Kazımbəyov rəhbərlik edirdi.
Mayın 23-də hərbi müşavirə keçirildi; döyüş planı hazırlandı. Üsyanda Azərbaycan Ordusunun 1-ci piyada diviziyası, 3-cü Gəncə alayının bölmələri, 3-cü Şəki süvari alayının təlim komandası, bir top batareyası, kamendant bölüyü, Qaçaq Qəmbərin və Sarı Ələkbərin partizan dəstələri, ümumilikdə 10 mindən artıq vətənpərvər döyüşçü iştirak edirdi.
Üsyan mayın 25-dən 26-a keçən gecə – saat 2-də başladı.

Az vaxt ərzində hərbi anbar, şəhər həbsxanası, dəmir yol stansiyası, fövqəladə komissiyanın – «ÇeKa»nın binası tutuldu. Gəncənin azərbaycanlılar yaşayan hissəsindəki Qızıl Ordu bölmələri və yerli «qırmızılar»dan ibarət «Şəriət alayı» tərksilah edildi.

Mayın 28-də Azərbaycan istiqlalının 2 illiyi dairə məhkəməsinin binasında təntənəli surətdə qeyd edildi. Üsyanın rəhbəri polkovnik Cahangir bəy Kazımbəyov əsgərlərə və əhaliyə müraciətlə dedi: «Qoy biz məğlub olaq, amma düşmən öz qələbəsinə bizim minlərlə meyidimizin üstündən keçib çatsın. Qoy 28 may günü tarixə təkcə istiqlal günü kimi yox, həm də Vətən səcdəgahına verilən qurbanlar günü kimi düşsün!»
Sovet rəhbərliyi üsyanın yatırılmasına böyük hərbi-siyasi güc cəlb etmişdi.

Üsyançıların uğurlarından qorxuya düşüb köməyə xeyli əlavə bölmə gətirən qırmızılar böyük bir qüvvəylə – 5 piyada alayı, 6 süvari alayı, 7 əlahiddə hissə və dəstə, 57 top və 2 zirehli avtomobillə mayın 30-da dörd bir tərəfdən Gəncəyə hücum etdilər.

Gürcü ordusundan və Azərbaycan ordusunun Qarabağdakı hissələrindən gözlənilən köməyi almayan üsyançılar iyunun 3-dək müqavimət göstərə bildilər.

«Ləyaqətli müqavimət bizim mənəvi qələbəmizin rəmzi olacaq», – polkovnik Cahangir bəyin tarixi şəhadətinə görə, hamı belə düşünürdü.

Gəncə üsyanının qəhrəmanları Cavad xanın hünərini bir əsr sonra yenidən təkrar etdilər.
Sovet mənbələrinə görə, üsyanın yatırılması zamanı şəhər xarabazara çevrildi, 808 işğalçı həlak oldu. 1000-dən çox üsyançı şəhid düşdü. 3-4 min gəncəli həyatını itirdi. Azərbaycan Ordusunun 12 generalı, 27 yüksək rütbəli, 46 kiçik rütbəli zabiti, 148 giziri, 267 əsgəri həbs edilib güllələndi.

Publisist Ceyhun bəy Hacıbəyli yazırdı: «Gəncə üsyanı millətimizin şərəf və namusunun yenidən etibar qazandığı bir dastandır»!

O dastan bizi müstəqilliyimizin və ərazi bütövlüyümüzün keşiyində daim möhkəm dayanmağa çağırır.

 

Seymur Şahbazov


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}