OLİQARX-MƏMURLARIN ƏLİNDƏ OYUNCAĞA ÇEVRİLƏN MEDİA QURUMLARI...

OLİQARX-MƏMURLARIN ƏLİNDƏ OYUNCAĞA ÇEVRİLƏN MEDİA QURUMLARI...

 

Bir çox sayt rəhbərləri MƏMUR TƏKANIndan sonra irəli getməyə müvəffəq olub

Sozcu.info qəzeti onlardan fərqli olaraq, əl-üz yumaqdan daha çox digər məqsədlər üçün istifadə olunan "Dav"la hansısa məmura yaltaqlanmır

Vüqar Məmmədov və Sərdar Cəlaloğluna qara yaxmağa çalışan saytlar sahiblərinin maraqları naminə hər şeylərindən vaz keçməyə hazırdırlar

Bu gün ölkədə fəaliyyət göstərən saytlara, xəbər portallarına, informasiya agentliklərinə nəzər yetirən, oradakı mövzularla tanış olan, kimin kimdən və nə üçün yazdığını analiz etmək bacarığına malik olan hər kəsə yaxşı bəllidir ki, bəzi kütləvi informasiya vasitələrində yayımlanmış materialların bir çoxu sırf hakimiyyətdə təmsil olunan bir qrup məmurun sifarişinin məhsuludur. Yəni bu və digər məmur göstəriş verir, onun pulu hesabına özünü ayaqda tutan, əmrə müntəzir olan media orqanı isə öhdəliyini yerinə yetirir. Bu isə bir daha onu deməyə əsas verir ki, hazırda istər yazılı, istərsə də elektron medianın böyük bir hissəsi bir neçə oliqarx-məmurun əlində cəmləşib.

Sözügedən mövzu ilə bağlı apardığımız araşdırmaların nəticəsi olaraq deyə bilərik ki, bu tip kütləvi informasiya vasitələrinin əsas vəzifəsi himayədarlarını, yəni bəzən açıq-aşkar, bəzən isə dolayı yollarla, kimlərinsə vasitəçiliyi ilə onlara maliyyə yardımı edən məmuru nəyin bahasına olursa-olsun qorumaqdır. Niyə? Ona görə ki, bir qədər əvvəl də qeyd etdiyimiz kimi, dördüncü hakimiyyət hesab olunan mətbuatın yarıdan çoxu hazırda oliqarx-məmurların nəzarəti altındadır. Belə ki, müxtəlif yüksək postlarda təmsil olunan məmurların bir qisminin saytlara, xəbər portallarına, informasiya agentliklərinə, eləcə də internet telekanallara sahib olması artıq ənənə halını alıb. Misal kimi, "APA Holdinq" (tərkibinə apa.az, lent.az, vesti.az, apasport.az, kulis.az, o cümlədən "APA ADVERTİSEMENT PR" MMC, "APA SERVİS" MMC daxildir) və "Teleqraf Holdinq" (tərkibinə publika.az, axar.az, teleqraf.com, kult.az daxildir) kimi iki böyük media qurumunu əlində saxlayan fövəqladə hallar naziri Kəmaləddin Heydərovu, report.az və qaynarinfo.az (nəzərinizə çatdıraq ki, əldən-ələ keçməsiylə yadda qalan bu sayt bir müddət deputat Asim Mollazadə və onun qardaşı, "Sazz4G" internet provayderinin sahibi Ceyhun Mollazadənin nəzarətində olub) saytlarını maliyyələşdirən Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevi, big.az, media.az, olke.az və oxu.az-a maliyyə yardımı edən "SOCAR Traiding SA" şirkətinin rəhbəri Anar Əliyevi, news.az, mugamradio.az, marka.az, gun.az, interpress.az, bakupost.az, həmçinin reklam saytları olan turbo.az, boss.az və bina.az saytlarını nəzarətində saxlayan sabiq nəqliyyat naziri Ziya Məmmədovu və digərlərini qeyd etmək olar. Məhz elə bu kimi hallara görə, bu gün böyük jurnalistikadan, mətbuatın dəyərlərindən, mediada peşəkarlıqdan ağızdolusu danışanların bir qismi normal yazı yaza bilməsə də, qısa zaman ərzində sıravi müxbirlikdən sayt, informasiya agentliyi rəhbərliyinə qədər yüksəlib. Təbii ki, mövcud reallıqda MƏMUR TƏKANI olmasa bu, olduqca çətin, bəlkə də mümkünsüzdür. Yəni hazırda özünü media kapitanı kimi təqdim edənlərin bir qisminə MƏMUR ƏLİ DƏYDİKDƏN sonra irəli getməyə müvəffəq olublar...

Ümumiyyətlə, bu gün hansı saytın və ya informasiya agentliyinin kimə məxsus olduğu artıq çoxlarına bəllidir. Görünən odur ki, kütləvi informasiya vasitələrinə nəzarəti üzərinə götürən məmurlar bu yolla media cəmeəsində əsas söz sahiblərindən biri olmaq, eyni zamanda öz maraqlarını diqtə etmək və lazımı anda rəqiblərinə qarşı kompromat savaşı açmaq niyyəti güdürlər. Bildiyiniz kimi, ara-sıra hakim komanda daxilində iri məmurlar arasında gizli müharibə gedir. Nəticədə hər bir oliqarx-məmur öz himayəsi altındakı media qurumunda rəqibini ifşa etməkdən, onun barəsində kompromat materiallar yayımlamaqdan çəkinmir. Düzdür, məmurların nəzarətində olan mətbuat hakimiyyətin ümumi maraqlarını müdafiə etsə də, bununla belə, HƏMİN MEDİA ORQANLARININ ƏSAS FƏALİYYƏT İSTİQAMƏTİ ONU SAXLAYANIN ARZU VƏ NİYYƏTLƏRİNİ REALLAŞDIRMAQ, ŞƏXSİ, SİYASİ VƏ BİZNES MARAQLARINA XİDMƏT ETMƏK, himayədarının dostu ilə dost, düşməninə düşmən olmaqdır. Odur ki, mətbuatın bir hissəsini cilovlayan məmurlar fürsət düşdükcə rəqiblərinə qarşı qılıncdan daha kəsərli silah olan sözdən - kütləvi informasiya vasitələrindən istifadə edirlər.

Onu da nəzərinizə çatdıraq ki, "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev hələ bir müddət əvvəl sözügedən mövzu ilə bağlı maraqlı açıqlama verib və bu zaman məmurların media holdinq yaratmasında müxtəlif məqsədlərinin olduğunu, lakin bu məqsədlərin ölkəyə, dövlətə heç bir xeyri olmadığını bəyan edib: "Bu tipli media holdinqlərin bir qismi öz patronlarına kəşfiyyat məlumatları ötürmək, onlara lazım olan informasiyanı əldə etmək üçün yaradılır. Bununla bağlı mənim kifayət qədər sübutlarım da var. İkinci məqam məmurların bir-birinə qarşı informasiya müharibəsi aparması və bir-biri haqda müəyyən məlumatlar yaymasıyla bağlıdır. Digər tərəfdən, media strukturlarına nəzarət etmək həmin məmurların öz təbliğatlarını aparması və hakimiyyətin maraqlarını təmin etmək məqsədi güdür". Onun fikrincə, məmurların media sektoruna nəzarəti anormal, qeyri-sağlam haldır: "Çünki bu adamlar həmin bazarın nümayəndələri deyillər və onların biznesi leqal biznes deyil ki, hər hansı təbliğat aparılsın. Ölkədə azad rəqabət olsa, həmin məmurların biznesi dərhal çökər. İndi siyasi hakimiyyət onlara imkan verir ki, öz bizneslərini qoruyub saxlasınlar. Ümumilikdə, bu tipli media orqanları ictimai rəyi çaşdırır, həqiqətə uyğun olmayan informasiyalar yayır və bu fəaliyyətlərdə cəmiyyətə, dövlətə zərbədən başqa heç nə yoxdur".

Yeri gəlmişkən, qeyd edək ki, oliqarx-məmurların müxtəlif media qurumlarına pul ayırmaqla onları əllərində saxlamasının digər məqsədi isə müxalifət mediasını sıxışdırmaq, ölkədə söz və mətbuat azadlığını boğmaqdır. 1991-ci ildən bu günədək üzləşdiyi bütün çətinliklərə, təsir və təzyiqlərə rəğmən, media cameəsində varlığını qoruyub saxlayan, müxalif mövqeyi ilə tanınan, "Kütləvi informasiya vasitələri haqqında" Qanunun, o cümlədən "Jurnalistlərin Peşə Davranış Qaydaları"nın tələblərinə daim əməl edən "Hürriyyət" qəzeti və Hurriyyet.org saytı son günlər məhz bu cür oliqarx-məmurların hədəfinə gəlib. Belə ki, SOCAR-ın əməkdaşlarının şəhid ailəsinin evini dağıtması ilə bağlı xəbər "Hürriyyət" qəzeti və Hurriyyet.org saytında yayımlandıqdan sonra saytımız Rövnəq Abdullayevin hakerlərinin hücumuna məruz qalıb. Hələ bu, azmış kimi, Dövlət Neft Şirkətinin prezidenti və "SOCAR Traiding SA" şirkətinin rəhbəri Anar Əliyevin nəzarətində olan bir sıra saytlar "Hürriyyət" qəzetinin baş redaktoru Vüqar Məmmədov, eyni zamanda qəzetin təsisçisi ADP sədri Sərdar Cəlaloğlu barəsində əsassız, cəfəng, başdan ayağa uydurma fikirlər yayımlamaqla, onlara qara yaxmağa çalışıblar. Lakin bu, baş tutan iş deyil. Çünki həm Rövnəq Abdullayevin, həm də Anar Əliyevin kim olması, hansı işlərə qol qoymaları və şəxsi maraqları naminə, ciblərini doldurmaq xətrinə nə kimi yollara baş vurduqları, demək olar ki, artıq hər kəsə bəllidir. Belə ki, onlar məhz dövlətin vəsaitləri hesabına hər ötən gün sərvətlərinə sərvət qatır, mal-mülklərinin sayını birə-beş artırırlar. "Hürriyyət" qəzetinin baş redaktoru Vüqar Məmmədov və ADP sədri Sərdar Cəlaloğlu isə nə dövlət malını talayıb, nə də hansısa əməliyyatlar zamanı milyonlarla vəsaiti mənimsəyib. Buna baxmayaraq, Rövnəq Abdullayev və Anar Əliyevin nəzarətində olan saytlar sahiblərinə yarınmaqdan ötrü ağına-bozuna baxmadan bizi reketçilikdə ittiham edib. Halbuki "Hürriyyət" qəzeti onlardan fərqli olaraq, kiminsə yanında gözükölgəli deyil. Çünki əl-üz yumaqdan daha çox digər məqsədlər üçün istifadə olunan "Dav"ı ("Dove") götürüb hansısa məmura yaltaqlanmır. Qəzetimiz satışdan əldə olunan gəlirlə və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən ayrılan vəsaitlə redaksiyanı saxlayır. Vüqar Məmmədov və Sərdar Cəlaloğluna qara yaxmağa çalışan saytlar isə onlara pul verən sahiblərinin maraqları naminə hər şeylərindən vaz keçməyə hazırdırlar. Çünki bu, onların qarşısına qoyulan əsas vəzifələrdən biri, daha doğrusu birincisidir. Bir sözlə, bu tip media qurumları oliqarx-məmurların əlində oyuncaqdan başqa bir şey deyil!



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}