“SOCAR Trading SA” şirkəti ANAR ƏLİYEVİN ƏLİNDƏN ALINDI

“SOCAR Trading SA” şirkəti ANAR ƏLİYEVİN ƏLİNDƏN ALINDI

 

Rövnəq Abdullayevin qohumunun Bakı meri olmaq iddiası ona baha başa gəldi

"Hakimiyyət daxilində baş verən bu qarşıdurma ölkə rəhbərliyini ciddi narahat etdiyindən, təcili tədbirlər görülməkdən başqa yol qalmayıb. Bu zaman isə SOCAR prezidenti Rövnəq Abduallayevin vəzifə kariyerası da ciddi təhlükə altına düşüb. Nəticədə, o, özünü xilas etmək üçün yaxın qohumu olan Anar Əliyevi "SOCAR Trading SA” şirkətindən uzaqlaşdırmaq məcburiyyətində qalıb”

Sozcu.infodə dərc olunan "Latviyalı bankirin qətlini hansı azərbaycanlı oliqarx sifariş edib?” sərlövhəli yazı oxucularımızın ciddi marağına səbəb olub. Xatırladaq ki, həmin yazıda mayın 30-da Riqada qətlə yetirilən Latviyanın "Trasta komercbanka” bankının rəhbəri Martıniş Bunkusla SOCAR prezidenti Rövnəq Abdullayevin qohumu, "SOCAR Trading SA” şirkətinin keçmiş rəhbəri (Niyə keçmiş? Bu haqda az sonra – müəl.) Anar Əliyevin vaxtilə yaxın əlaqədə olduğu iddia edilirdi. Bu haqda redaksiyamızı bilgiləndirən mənbənin sözlərinə görə, A.Əliyev M.Bunkusla bu əlaqəsindən istifadə edərək Azərbaycandan çıxarılan böyük həcmdə çirkli pulların yuyulmasını təşkil edib.

Təbii ki, çirkli pulların məşhur yuyucusu M.Bunkusun qətlində azərbaycanlı "biznesmenlər”in ittiham olunduğu bir vaxtda A.Əliyevin mərhum bankirlə əlaqəsinin olması haqda deyilənlər diqqətimizi çəkməyə bilməzdi. Amma bu məsələ daha çox hüquq mühafizə orqanlarının işi olduğundan, bizi bu qətlin hansı azərbaycanlı oliqarx tərəfin sifariş edildiyindən daha çox, ölkədən çıxarılan milyardların taleyi maraqlandırır. Hansı ki, bu pullar anar əliyevlər tərəfindən alın təri ilə qazanılmayıb, dövlətdən və xalqdan oğurlanan vəsaitlərdir. Odur ki, həmin vəsaitlərin aşkara çıxarılaraq Azərbaycana qaytarılmasına ehtiyac var...

Xatırladaq ki, bu çirkli əməliyyatda adı keçən Latviyanın "Trasta komercbanka” bankının törəmə şirkəti olan "TKB Leasing” şirkəti ötən ilin avqust ayında Azərbaycandakı nümayəndəliyinin ləğvini elan edib. Azərbaycan Vergilər Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, kreditorlar iki ay müddətində şirkətlə bağlı iddialarını Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi, 27 ünvanına təqdim edə bilərlər.

Şirkətin bağlanma səbəblərinə gəldikdə isə, ötən yazımızda qeyd etdiyimiz kimi, Avropa Mərkəzi Bankı "Trasta komercbanka” nın lisenziyasını ləğv etməsi idi. Buna səbəb kimi isə bankın uzun müddətdir fəaliyyətində ciddi pozuntulara yol verməsi, ziyanla işləməsi və cinayətkar yollarla əldə edilmiş gəlirlərin leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi sahəsində intensiv pozuntulara yol verməsi göstərilirdi.

Onu da xatırladaq ki, "Trasta Komercbanka” Azərbaycan bazarına 2010-cu ildə daxil olub, "TKB Leasing” Səhmdar Cəmiyyəti adı altında törəmə şirkət təsis edib. Bu törəmə şirkətin əsas funksiyası da məhz Azərbaycandan Avropa İttifaqına üzv ölkələrin banklarına pul köçürmələrini və yerləşdirilməsini təmin etməkdən ibarət olub. Bu məqsədlə Latviyada və offşor zonalarda qeydiyyatdan keçmiş, "kağız üzərindəki şirkətlərdən istifadə olunub. Söhbət çirkli pulların leqallaşdırılması əməliyyatından gedir və mənbələr bildirir ki, bu bankda leqallaşdırılan vəsaitə görə "komission” kifayət qədər yüksək olub-təxminən 20 faiz təşkil edib.

Şirkətin rəsmi saytında isə göstərilirdi ki, "TKB Leasing” Səhmdar Cəmiyyəti Azərbaycanda sahibkarlara lizinq xidmətləri göstərilməsi, kommersiya fəaliyyəti, eləcə də kiçik və orta biznesin inkişafı üçün kreditlərin verilməsi kimi fəaliyyətlərlə məşğuldur. "TKB Leasing”-in rəhbəri və "Trasta Komercbanka”-nın Azərbaycan nümayəndəsi Bayəli Mürsəlov təyin edilib.

2014-cü ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Latviyada qeydiyyatdan keçmiş "Trasta Komercbanka” Səhmdar Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Bəyəli Mürsəlov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açıb.

Cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Bakı sakinindən daxil olmuş şikayət əsasında başlanılıb. Araşdırmalar zamanı müəyyən olunub ki, B.Mürsəlov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Bakı şəhər sakininin həmin bankda hesabında olan 600 min avro məbləğində pulunu istixana üçün avadanlıq alınması adı ilə xaricdə fəaliyyət göstərən şirkətlərin bank hesablarına köçürməklə mənimsəyib. Bu cinayət işinə dair istintaqın nəticələri və Bəyəli Mürsəlovun digər qanunsuz əməlləri barədə növbəti yazımızda ətraflı məlumat verəcəyik.İndi isə Martıniş Bunkusla əməkdaşlıqda adı hallanan Anar Əliyevi niyə "SOCAR Trading SA” şirkətinin keçmiş rəhbəri kimi təqdim etməyimizə aydınlıq gətirək.

Öncə ondan başlayaq ki, Martıniş Bunkusla əməkdaşlıq etdiyi haqda iddialar üzə çıxanadək, Anar Əliyevin hakimiyyət daxilində məxsus olduğu şəbəkə onu yüksək vəzifəyə hazırlayırmış. Bu haqda redaksiyamızı bilgiləndirən etibarlı mənbə deyir ki, son 1 aya qədər hakimiyyət daxilində A.Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı postuna təyin olunacağı haqda informasiyalar dolaşırdı. Belə deyilirmiş ki, keçmiş mer Hacıbala Abutalıbovdan sonra həmin vəzifə məhz Anar Əliyevə görə uzun müddət boş qalıb. Çoxları gözləyirmiş ki, SOCAR prezidenti Rövnəq Abdullayev və onun mənsuv olduğu qruplaşma tezliklə A.Əliyevi bu vəzifəyə təyin etdirəcək. Amma, necə deyərlər, "sən saydığını say, gör fələk nə sayır”.

Qeyd edək ki, "SOCAR Trading SA” rəhbərinin Bakı meri olmaq iddiası onun nəzarətində olan media şəbəkəsində bəzi məmurların əleyhinə sifarişli yazıların dərc edilməsi ilə eyni vaxta təsadüf edir. Bəzi məlumatlara əsasən, A.Əliyevin sahib olduğu KİV-in hədəfində olan məmurlar birmənlı şəkildə onun BŞİH rəhbəri gətirilməsinə qarşı çıxıblar. Çünki, çoxları bilməsə də, həmin məmurlar onun bütün qaranlıq fəaliyyətindən xəbərdar olub. Təbii ki, bu da Anar Əliyevin və daxil olduğu qruplaşmanın xoşuna gəlməyib və nəticədə sözügedən məmurlara qarşı mediada savaş elan olunub.

Mənbə deyir ki, hakimiyyət daxilində baş verən bu qarşıdurma ölkə rəhbərliyini ciddi narahat etdiyindən, təcili tədbirlər görülməkdən başqa yol qalmayıb. Bu zaman isə SOCAR prezidenti Rövnəq Abduallayevin vəzifə kariyerası da ciddi təhlükə altına düşüb. Nəticədə, o, özünü xilas etmək üçün yaxın qohumu olan Anar Əliyevi "SOCAR Trading SA” şirkətindən uzaqlaşdırmaq məcburiyyətində qalıb. Hazırda "SOCAR Trading SA” şirkətinə rəhbərliyi R.Abdullayevin təmsil olunduğu qruplaşmaya heç bir bağlılığı olmayan şəxsin (Bu haqda daha ətraflı məlumat verəcəyik – müəl.) həyata keçirdiyi bildirilir. Hansı ki, bununla da A.Əliyevin bir iş adamı olaraq "qürub çağı”nın başladığını deyə bilərik...

Yeri gəlmişkən, vaxtilə bəzi mətbua orqanlarda Rövnəq Abduallayevin Azərbaycan dövlətinin neft satışını öz qohumuna həvalə etdiyi bildirilsə də, ötən yazımızda mənbə bunu təkzib etmişdi: "Əslində, hakimiyyət daxilində də bir çoxlarına bəllidir ki, Rövnəq Abdullayevin sözügedən qohumu neft satışı ilə deyil, qanunsuz yollarla əldə edilən milyonları xaricə çıxarmaqla məşğul olub. Əks halda Azərbaycan dövlətinin neft satışını bir uşağa həvalə etdiyi haqda iddialar nə dərəcədə inandırıcı ola bilər? Burada A.Əliyevin missiyası sadəcə bəzi oliqarx-məmurların pulunu ofşorlara daşımaqdan ibarət olub”.

Mənbə onu da demişdi ki, "SOCAR Trading SA” şirkətinin rəhbəri 2015-ci ildə təkcə bir əməliyyat zamanı 20 milyon dollara yaxın vəsaiti "Trasta komercbanka” bankı vasitəsilə ofşor hesaba ötürə bilmişdi...



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}