“Türkiyədəki vətəndaşlarımızı itiririk, fırıldaqçıların, əxlaqsızlıq yuvalarının hədəfi olurlar”

 

Aynur İmranova: "Problemlərlə boğulan insanları köməksiz qoymaq olmaz"

Azərbaycanda araşdırma jurnalistikası ilə məşğul olan, eyni zamanda vətəndaş cəmiyyətində, siyasətdə də aktiv olan Aynur İmranova artıq Türkiyədədir. Sozcu.info bildirir ki, sosial şəbəkədə ölkədaxili proseslərə aktiv reaksiya verən həmkarımız qardaş ölkədə təhsilini davam etdirir. Musavat.com-un əməkdaşı Türkiyə səfəri zamanı A.İmranova ilə görüşüb və onunla bəzi məsələlər ətrafında danışıb.

-Aynur xanım, Türkiyəyə köç hekayəniz nə vaxt baş tutub və niyə?

-İki il yarımdır Türkiyədə yaşayıram. Amma buna köç deməzdim. Çünki mən təhsilim bitdikdən sonra ölkəmə geri dönməyi planlaşdırıram. Bilirsiz ki, ölkədə doktoranturada təhsilimə süni əngəllər yaradılmışdı. Mən isə akademik təhsilimi davam etdirmək arzusundaydım, ona görə də doğma Türkiyəni seçdim.

- Çox adam ölkəni tərk edərkən Avropanı tərcih edir. Sizin seçiminiz fərqli oldu... Halbuki istəsəniz, Avropadan da sığınacaq ala bilərdiz...

-Mən bu gün də Avropadan sığınacaq ala bilərəm. Amma bunu istəmirəm. Bilirsiz, ölkəni həmişəlik tərk etmək sıfırlanmaqdır. Mən Avropaya gedən bir çox soydaşımız üçün həqiqətən də üzüntü yaşayıram. Düşünün, bir yaşa gəlmisiz, az-çox fəaliyyətiniz, təhsiliniz, sosial çevrəniz var, gedirsiniz və tamamilə sizin böyüdüyünüz, alışdığınız mühütə uyğun olmayan bir yerdə sözün əsl mənasında "heç kim" olursuz. Hər şey sıfırdan başlamaq zorundasız. Təhsil, sosial çevrə, əgər dili tam qavrasanız və mühütə alışsanız yeni dostlar, karyera. Ölkədən gedənlərin arasında uğurlu karyera sahibi olan az insan tanıyıram - bir əlin barmaq sayını keçməyəcək qədər. Bundan başqa, çox mühüm olan ən əsas amil - mən Azərbaycanla bağlı ümidlərimi itirməmişəm, onun gözəl gələcəyinə inanıram.

- Türkiyə əslində biz azərbaycanlıların yaşaması üçün yad ölkə sayılmır. Dil, din adaptasiya baxımdan heç bir problem yaşatmır. Bu, təkcə kənardan belə görünür, yoxsa gerçəkdən belədir?

-Yox, bu, kənardan belə görünür. Türkiyə doğmadır, candır, əzizdir. Dil, din eynidir. Burda lazı da, kürdü də ən az türklər qədər bizi qardaş sayr. Amma ortam fərqlidir, bizim alışmadığımız, görmədiyimiz dəyərlər var. Bu yaxşı və ya pis dəyərlərdir demirəm, amma yaddır. Məsələn, bir yeni il ağacı bəzədiyimiz üçün qapımızı döyüb etiraz edə bilən qonşular var. Türkiyə cənnətdir, amma burası kapitalist bir ölkədir. Yaşamaq üçün sabah 7, axşam 8 ə qədər çalışmalısan. Həyatının təminatını səndən başqa kimsə düşünməz - nə qardaş, nə ailə. Ailə münasiətləri fərqlidir, sosial münasibətlər fərqlidir. Yenə də çıxış yolu olmayanda, xaric yolu tutanda yaşamaq üçün ən doğma gələni Türkiyədir.

- İş, təhsil problemləri Türkiyədə yaşayan azərbaycanlılar üçün nə dərəcədə tez həll olunur? Bu sahədə nə kimi əngəllər var?

-Təhsillə bağlı bir problem olduğunu düşünmürəm. Türkiyədə Azərbaycan vətəndaşları ən aşağı attestat balı ilə belə ali məktəbə qəbul ola bilirlər. Bir çox özəl universtetdə Azərbaycanlılar üçün 50 faiz enidirim edilir. Təhsil turizmi ilə bağlı dövlətin xüsusi siyasəti var, tələbələr üçün maksimum şərait yaratmağa çalışırlar. Təhsillə bağlı Azərbaycanın Türkiyədəki səfirliyinin fəaliyyəti də qənaətbəxşdir. Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova mütəmadi şəkildə Türkiyənin bütün bölgələrində tələbələrlə görüşməyə çalışır və tələbələrdən sadəcə bu barədə məmnunluq ifadələri eşitmişəm. Bir az ilgi, bir az dəstək, arxasında dövləti görmək onları yetərincə məmnun edir. Amma iş sahəsi doğrudan da problemlidir. Burda suriyalılardan başqa heç kimsəyə işlə bağlı xüsusi güzəşt edilmir. İşə düzələnlər çalışma izni almalıdırlar, iş yeri sahibinin xarici vətəndaş işə alması üçün qanunla müəyyən olunmuş əlavə öhdəliklərə əməl etməsi lazımdır. Bu da təbii ki, ciddi əngəllər yaradır. Həmvətənlərimizin çoxu qeyri-leqal işləmək məcburiyyətində qalır.

- Türkiyədə azərbaycanlıları sevirlər, bu, doğrudur. Amma hansı məqamda soyuqluq, ikili standartlarla üzləşirsiz?

-Burda bizə qarşı ikili standart deyə bir şey yoxdur. Bəzi insanlar suriyalıları örnək göstərir, amma suriyalı qaçqınlarla bağlı Türkiyə hökümətinin üzərinə götürdüyü öhdəliklər var, ümumiyyətlə, suriyalılar mövzusu fərqli dinamiklərin nəticəsidir, burda paralalellik aparmaq düzgün olmaz və bu məsələni önə çəkib Azərbaycanla Türkiyə arasında soyuqluq yaratmaq istəyənləri qınayıram. Burda dövlət üçün xarici vətəndaş xarici vətəndaşdlr. Burda mənim gözləntim Azərbaycan hökümətindəndir, burdakı vətəndaşlarımızın problemlərinin həllinə bir az yardımçı olmağa çalışmalıdır, çünki bu məsələdə dövlətin öz maraqları da var. Son dönəm Türkiyədə xarici vətəndaşların ölkədə qalmaq ilə bağlı müəyyən sərtləşmələr var. Türkiyədə bütün xarici vətəndaşlar kimi turistik oturma icazəsi ilə qalan azərbaycanlıların problemləri böyüyür. Burda çalışanlar Azərbaycandakı yaxınlarına maddi köməklik edirlər. Birmənalı şəkildə son illərdə Türkiyə bu məsələdə Rusiyanı da keçib. İndi burdakı vətəndaşların vəziyyəti çox ağırdır. Onlar ölkəyə qayıtsa, işsizlik artacaq, onların kömək elədikləri yaxınları ilə birlikdə ehtiyacda olanların sayı artacaq, sosial problemlər böyüyəcək. Burda söhbət bir necə on min şəxsdən getmir, Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarının sayı düşündüyümüzdən xeyli çoxdur. Bir də ölkəyə geri dönən vətəndaşlar ölkədən çıxdığı kimi qayıtmır ki, burda bəzi təriqətlərin təsirinə düşənlər olur, yaxşı yaşayışı görmüş, az-çox özünü dolandıra bilən və turistik oturum icazəsi ala bilməyib, geri qayıdan, etiraz hissi daha yüksək şəxslər var. Bunların da sabahkı davranışı nəzərə alınmalıdır. Buna görə də insanlarımızın burdakı iş və təhsil həyatına Azərbaycanın rəsmi dairələri imkan daxilində dəstək verməlidir. Məsələn, Köç idarəsi ilə müəyyən razılıqlar əldə edib burdakı həmvətənlərimizin ikamət alması prosesini yüngülləşdirmək olar. Məncə, Azərbaycan-Türkiyə rəsmilərinin yaxınlığı və səmimiyyəti belə bir razılaşma əldə etməyə imkan verir. Bu ölkəmizə isti pul axınına da dəstək verər.

-Məsələn, bunun üçün nə eləməlidir Azərbaycan tərəfi?

Aynur İmran adlı şəxsin şəkli.


-Bu gün elə bir dövrə gəlmişik ki, Azərbaycanla-Türkiyə heç bir iki dövlətin olmadığı qədər yaxındılar, ciddi partnyordular. Ölkələrimiz arasında çox böyük neft-qaz anlaşmaları var, əsas iqtisadi münasibətlər energetika üzərinə qurulub. Star Rafineri işə düşəndən sonra Türkiyənin əsas yanacaq ehtiyacını, xüsusən də dizel yanacağına ehtiyacını ödəyəcək və bu da Türkiyənin cari açığında, idxal-ixrac münasibətlərində mənfi saldonun düzəlməsinə böyük dəstək olacaq. TANAP tam işə düşəndən sonra Türkiyəyə təqribən 6-7 milyard kubmetr qaz veriləcək və bu anlaşmalara görə Azərbaycan qardaş ölkəyə qaz qiymətlərində ciddi rəqəmlərlə hesablanacaq güzəştlər edir. Bu 6-7 milyard Türkiyənin qaz ehtiyacının təxminən 15-20 faizini ödəyəcək. Bundan əlavə, bilinməyən investisiyalar var.

- Bilinməyən investisiyalar?

-Bilinən investisiya dövlət səviyyəsində qoyulan sərmayələrdir. Azərbaycanın xaricdə ən çox sərmayə qoyduğu ölkə Türkiyədir. Məsələn, SOCAR Türkiyəyə 20 milyard dollara yaxın investisiya qoyub. Bu, bilinən investisiyadır. Bilinməyənlər qeyri-dövlət, yəni vətəndaşlar tərəfindən edilən yatırımlardır. Bizim orta və kiçik sahibkarların, xüsusən də orta və xırda məmurların ən çox yatırım etdiyi ölkə də Türkiyədir. Məsələn, Azərbaycan vətəndaşları Türkiyə daşınmaz əmlak alımında xaricilər arasında hər zaman ilk beşlikdə olur. Bütün bunlar iki tərəf arasında oturub danışılmalı, ən azından əldə olunan rəqəmlərə görə həmvətənlərimizə oturum və çalışma icazəsinin alınmasında daha rahat şərtlər təklif olunmasına nail olunmalıdır. Biz vətəndaşlarımızı itiririk, çarəsiz qalan insanlarımız dini və terror qruplaşmalarının, fırıldaqçıların, əxlaqsızlıq yuvası işlədənlərin hədəfinə tuş gəlir.

-Ən çox kimlərdir Türkiyədə problem yaşayan insanlarımız?

-Hər kəsimin öz problemi var. Minlərlə qızımız Türkiyədə ailə həyatı qurub. Elə bu günlərdə televiziyalarda artıq necənci dəfədir ki, bir gəlinimizin həyat yoldaşı tərəfindən döyülüb öldürüldüyü xəbəri verildi. Ailə qurandan sonra qadın 3 il vətəndaş ola bilmir, bu saxta nikahların önünü almaq üçün düşünülmüş bir prosedurdur. Amma digər tərəfdən də bu 3 il qızlarımızın tam hüquqsuz yaşadığı dövrdür, bu dönəmdə ailəsi dağılanların nə övladlarına haqqı tanınır, nə hər hansı bir əmlaka, nə də kompensasiyaya. Bundan başqa, sənədsiz insanlarımız var burda. 20 ildir gəlib çalışırlar, nə oturum alıblar, nə pasport yeniləyiblər. Onlar evlənib, övladları var, onlar da sənədsizdir. Kimliksiz insanlardır, nə təhsilləri var, nə övladları məktəbə gedir. Faciədir.

-Bunu konsulluq edə bilməz?

-Edə bilər, amma edirmi? İnsanlarımızın da konsulluğumuza münasinəti birmənalı deyil axı.

-Səbəb?

-Mən əlavə şərh olmadan sizi konsulluğun önünə dəvət edirəm. Lütfən, gedin və kənardan müşahidə edin. Qapıda qalan onlarla insan, saatlarca günəşin, qarın-yağışın altında, isti-soyuq bilmədən gözləyirlər. Növbə nömrələrini belə özləri yazırlar, laqeyd münasibət, içəridə cəmi bir pəncərə xidmət göstərir. Yüzminlərlə vətəndaşının yaşadığı bir şəhərdə həm də. İnsanlar konsulluqla bağlı sadəcə neqativ şeylər danışırlar. Bu, məni çox üzür. Çünki vətəndaşa sahib çıxan dövlətdir, dövlətin də üzü xaric ölkədə səfirlik və konsulluqdur. Belə münasibət vətəndaşa "sahibsizsən” deyir, məncə, bu münasibətlərin qaydaya düşməsi üçün ilk öncə elə o xidməti, insanların qəbulunu, şikayətləri ilə bağlı müəyyən fəaliyyət ortaya qoymaqla başlaya bilərlər. Məgər konsulluğun qəbul otağında o küçədə dayanan insanların sayına uyğun gözləmə zalı düzəltmək, onlayn növbə almaq üçün sistem tətbiq eləmək, 5-6 xidmət pəncərəsi yaratmaq bu qədər çətindir? Vətəndaşı dövlətdən incitmək nəyə lazımdır axı? Axı o küçədən keçən hər kəs bilir ki, ora Azərbaycan konsulluğudur və o qapıda saatlarca ayaqüstə gözlədilən də Azərbaycan vətəndaşıdır. Müraciət edən vətəndaşa münasibəti belə olan bir qurumdan gedib tək-tək sənədsiz insanlarımızı kimliklə təmin etməyi gözləmək də absurddur.

- Bəs diasporanın fəaliyyəti ilə bağlı nə demək olar? Türkiyədə diasporamız lazımi səviyyədə işlər görürmü? Əksikləri nələrdir?

- Diaspora Komitəsinin öncəki sədrinin dövrü ilə bağlı heç nə demək istəmirəm. O rəzaləti xatırlamaq belə istəmirəm. Burda dəstək verilən dərnəklərin hamısı Qars və İğdırdan olan, hətta bəzilərinin soyu Azərbaycan kökənli olan insanlardır, amma təbii olaraq onlar bizim insanlara tam çıxış tmin edə bilmədilər, kütləvilik yox idi. Problemlərimiz də onlara tanış deyildi. İndi yavaş-yavaş həmvətənlərimizin öncüllüyündə dərnəklər yaranmağa başlayıb. Axı bizim burda saysız professorlarımız, alimlərimiz, həkimlərimiz var. Bu qədər insana bir dəstək verilsəydi, müxtəlif sahələrdə fəaliyyət göstərən dərnəklər qurub necə gözəl işlər görə bilərdilər. Əminliklə deyə bilərəm ki, bu günə qədər Türkiyədə Azərbaycan diasporunun fəaliyyəti uğurlu deyildi. Düşünün ki, burda nə qədər insan Azərbaycanı tanıyır, tarixini, mədəniyyətini bilir? Siz bayaq dediniz ki, dimimiz, dilimiz, milliyyətimiz birdir, ən tez adaptasiya olunduğumuz cəmiyyətdir.

-Diaspora Komitəsinin rəhbərliyində dəyişiklik oldu, sizcə, yeniliklər də olacaqmı?

-Düzü, məni bu fikrimlə bağlı çox qınasalar da, mən Fuad Muradova inanıram, inanmaq istəyirəm. İlk seçilən dövürdə gəlib, burda bütün kəsimlərin insanları ilə görüşüb. İnsanların problemlərlə bağlı düşüncələrini və təkliflərni öyrənib. Ümid edirəm ki, bu yeni rəhbərliklə komitə öz fəaliyyətini öncəki dövürdə aparılan siyasətdən bir az daha sərfəli istiqamətə yönləndiriləcək...

-Məsələn?

-Məsələn, Komitə Avropada fəaliyyətə daha çox önəm verir. Bizim Avropada yaşayan insanlarımızın orda ictimai rəyi nə qədər dəyişmək həcmi və ya imkanı var? Ora sərf olunan əməyin yarısı boşunadır. Eyni məsələni Türkiyə ilə əlaqəli düşünün. Həmvətənlərimiz Türkiyənin iş və sosial həyatının hər sferasında var. Burda böyük iş adamlarımız da var, universtet müəlimlərimiz də, xəstəxana sahibləri də... Burda necə bir fəaliyyət qurmaq olar, təsəvvür edirsiz? Amma varmı o fəalliyyət? Yoxdur! İnsanlarımız bir birindən qopuqdur, birgə hərəkət edəcək bir proqram yoxdur, onları bir araya gətirib yönləndirəcək güclü bir ələ ehtiyac var.

-Burda ermənilər də çoxdur...

-Bəli, dünyada ən çox erməni propoqandası ilə üzləşdiyimiz yer də Türkiyədir. Araşdıma mərkəzləri, qəzetləri, ildə yüzlərlə kitab buraxıb yayırlar. Ermənilər hər yerdədir - siyasətdə, mədəniyyətdə. Bizim diaspora, lobbiçilik kültürümüz formalaşmayıb, insanlarımız "mən" olaraq düşünür, "biz"olaraq deyil. Öncə bunun önünə keçməliyik. Biz türk insanına anlatmalıyıq ki, Türkiyənin ermənilərlə münasibətləri bizim üzümüzdən pisləşmir, ermənilərin onları dünyada qətliamçı kimi tanıtması uzun illər sürən və gizli bir kindən qaynaqlanan, ardıcıl, davamlı siyasətin nəticəsidir. Biz güclərimizi birləşdirməliyik, çünki bu mübarizə silahdan çox, informasiya ilə, bilgi ilə, təbliğatla qazanıla bilər. Bax, o zaman zəruri olan qələbələrə nail olacağıq!



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}