Suvalski dəhlizi Avropanın yeni “Berlin divarı” olacaqmı?

Suvalski dəhlizi Avropanın yeni “Berlin divarı” olacaqmı?

 


 

Britaniyalı ekspertlər Rusiya – NATO qarşıdurmasının real hərbi əməliyyatlara keçəyi təqdirdə məhz bu "dəhlizin”, Baltikyanı ölkələri Qərbi Avropaya birləşdirən kiçik quru ərazisinin əsas döyüş səhnəsinə çevrilə biləcəyini iddia edirlər.

 

Əslində bir neçə gün öncə "The Times”-ın səhifələrində yer almış bu mülahizəni yeni adlandırmaq olmaz. Çünki, 2014-cü ildə Rusiyanın Krımı öz tərkibinə qatmasından az müddət sonra belə bir fikir bəzi qərb ekspertləri tərəfindən dəfələrlə səsləndirilmişdi. Amma məsələ bundadır ki, ekspertlərin Qərb cəmiyyətinə israrla çatdırmaq istədikləri "dəhliz böhranı” xəbərdarlığını əsassız da adlandırmaq olmaz. Belə olduğu halda isə, Azərbaycanın həm Rusiya, həm də Avropa İttifaqı ilə sıx iqtisadi əlaqələrinin olduğu nəzərə alınmaqla, bəzi Qərb ekspertlərinin hadislərin inkişafını məhz bu istiqamətdə proqnozlaşdırmaqda hansı əsaslara dayandıqlarını araşdırmaq bizim üçün də maraqlı olmalıdır.

 

            Yeni "divar”ın Suriyada qoyulan bünövrəsi  

İlk növbədə əlbəttə ki, ümumiyyətlə Rusiya – NATO qarşıdurmasının məhz hansı səbəblərdən silahlı münaqişəyə çevrilə biləcəyi ehtimalının ortaya qoyulduğunu nəzərdən keçirək. Əlbəttə, belə bir ehtimal hər zaman mövcud olub. Lakin bu dəfəki iddialar qətiliyi və kəskinliyi ilə diqqəti cəlb edir. Aydındır ki, tərəflər arasında münasibətlərin böhran həddinə yaxınlaşmasına əsas səbəblərdən biri kimi Suriyada davam edən hərbi əməliyyatlar və bu əsasda Rusya ilə NATO ölkələri arasında yaşanan ciddi narazılıqlar göstərilir. Xatırladaq ki, artıq 2011-ci ildən bəri Suriyada silahlı müxalifətə və terror qruplaşmalarına qarşı aparılan genişmiqyaslı hərbi əməliyyatlarda hökumət qüvvələri ilə yanaşı, rəsmi Dəməşqin müraciəti əsasında Rusiya Federasiyası, İran və İraq dövlətlərinin silahlı qüvvələrinin məhdud kontingentləri də iştirak edir. Digər tərəfdən isə, Suriya hökumətinin qəti etirazlarına baxmayaraq, ABŞ-ın rəhbərlik etdiyi ikinci bir koalisiyaya daxil olmuş daha bir neçə dövlətin silahlı qüvvələri də bu ölkədə gedən proseslərə aktiv müdaxilələr edirlər. Diqqəti cəlb edən əsas məqam isə budur ki, Avstraliya, Bəhreyn, Belçika, Böyük Britaniya, Almaniya, Danimarka, İsrail, Kanada, Hollandiya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı və Fransanın daxil olduqları bu koalisiya əslində öz səylərini terrorçu birləşmələrinin məhv edilməsinə deyil, daha çox Bəşər Əsəd rejiminin devrilməsinə yönəldir. Qəribə bir mənzərə yaranır. Belə çıxır ki, Rusiya, İran və İraq hərbi birləşmələrinin Suriya ərazisində mübarizə apardıqları terrorçu birləşmələr əslində koalisiya ölkəri ilə eyni maraqlardan çıxış edirlər. Təbii ki, bu vəziyyətdə həmin ölkələrin Suriya ərazisindəki terrorçu birləşmələri dəstəkləmələri barədə irəli sürülən iddialar da kifayət qədər inandırıcı  səslənir. Məhz elə bu məqam da tərəflər arasında, ilk növbədə Rusiya ilə koalisiya qüvvələrinin özəyini təşkil edən NATO ölkələri arasında bilavasitə münaqişənin yaranmasına səbəb ola biləcək əsas amil kimi təqdim olunur.

 

İdlib əməliyyatları "sonun başlanğıcı” ola bilərmi?

Böyük hesabla, Suriyada artıq yeddi ildir ki, davam edən vətəndaş müharibəsi İdlib əməliyyatlarının başlanması ilə özünün son mərhələsinə keçmiş oldu. Məlumdur ki, məhz bu şəhər terroçu birləşmələrin və silahlı müxalifət dəstələrinin son sığınacağı kimi təqdim olunur. Aydındır ki, bu qüvvələr Rusiya, İran və İraqdan dəstək alan Suriya hökumət qüvvələrinin zərbələri qarşısında davam gətirə bilməyəcəklər. Lakin bu məqamda məlum koalisiya qüvvələrinin də tutacaqları mövqeyi nəzərə almaq lazım gələcək. ABŞ-ın rəhbərlik etdiyi bu qüvvələri isə, sanki Bəşər Əsədin devrilməsindən başqa heç bir məqsəd maraqlandırmır. Xüsusilə okeanın o tayından səsləndirilən təhdid xarakterli bəyanatlarda da, bu məqsədə nail olmaq üçün hətta Rusiya ilə birbaşa hərbi qarşıdurmaya belə getməyin mümkünlüyünə də aşkar işarələr vurulur. İki gün öncə də ABŞ-ın ən nüfuzlu qəzetlərindən olan The Wall Street Journal-da dərc olunmuş bir materialda rəsmi Vaşinqtonda Suriya ilə birgə həm də Rusiya, İran və yaxud da İraq silahlı qüvvələrinə zərbələr endirmək kimi bir qərarın qəbul edilə biləcəyi bəyan olunmuşdu. Mənbə iddia edir ki, ABŞ bu dəfə də Bəşər Əsədin guya ki, İdlibə hücum zamanı kimyəvi silah işlətmək barədə qərar qəbul etdiyini bəhanə edərək, Suriya ordusuna sarsıdıcı zərbələr endirəcək. Amma bu dəfə artıq rəsmi Dəməşqə dəstək verən ölkələr də "hədəfə alınıblar”.

Maraqlıdır ki, hələ bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov öz növbəsində Vaşinqtonu xəbərdar etmişdi ki, onların Suriyada atdıqları düşünülməmiş addımlar ABŞ-la Rusiya arasında müharibəyə səbəb ola bilər. Əlbəttə, bu iki super dövlətin hətta müharibə edəcəkləri təqdirdə, öz nüvə arsenallarını işə salacaqları barədə düşünmək belə ağılsızlıqdır. Digər tərəfdən də ambisiyaların son dərəcə qızışdığı bir vaxtda dünya hegemonu statusu uğrunda kimin hansı qurbanlara hazır olduğunu düşünmək belə çətindir.

 

Münaqişə ocağı qərbi Avropa ərazisinə necə keçə bilər?

Təbii ki, NATO ölkələri, xüsusilə də ABŞ iştirak etdikləri hərbi münaqişələrin öz sərhədlərindən hər zaman kifayət qədər uzaq olmasına artıq çoxdan öyrəşiblər. Lakin iqtisadi cəhətdən öz rəqiblərindən daha zəif olan Rusiyanın Suriya və ya hər hansı başqa bir Yaxın Şərq dövləti ərazisində uzunmüddətli müharibə aparmaq imkanları çox məhduddur. Gözləmək olar ki, az qüvvə sərf etməklə daha böyük effektə nail olmaq üçün Rusiya ilk növbədə məhz hərbi əməliyyatların aparılacağı əraziləri yenidən seçmək barədə düşünə bilər. Məhz bu məqsədlər üçün də Polşa və Litva arasında yerləşən Suvalski dəhlizi ideal döyüş səhnəsi rolunu oynya bilər. Məsələ bundadır ki, Baltikyanı dövlətləri Avropaya birləşdirən bu kiçik quru ərazisi Rusiyanın nəzarətinə keçərsə, bu artıq Avropa ölkələrinin NATO tərəfindən müdafiə oluna bilmədiyi fikrini formalaşdırar və alyansın nüfuzu birdəfəlik sarsılmış olar. Eyni zamanda da Rusiya özünün müttəfiqi olan Belorus ərazisindən birbaşa Kalininqradda yerləşən hərbi kontingentlə əlaqə saxlamaq imkanı əldə edər ki, bu NATO qoşunlarının şərq cinahda dayanıqlığını və manyovr imkanlarını xeyli məhdudlaşdırar. Ən əsası da budur ki, ilkin mərhələdə Suvalski dəhlizinə nəzarəti ələ keçirməklə Rusiya sonradan Baltikyanı dövlətləri yenidən Avropadan "qopara” bilər.

Aydındır ki, bütün bu mülahizələrin fonunda Rusiyanın son bir neçə ildə məhz Kalininqradda öz hərbi arsenalını möhkəmləndirməsi Avropalıları kifayət qədər narahat etməyə bilməz.

 

E.Samioğlu,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}