Böyrəyini satan şəxs: "12 minə razılaşmışdıq, 2 min ala bildim" - MƏHKƏMƏ

 

Orqan alveri ilə məşğul olmaq da ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Sozcu.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində insan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər dindirilib.

Prosesdə zərərçəkmiş qismində Rasim Bayramov ifadə verib.

Zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxsi Sahib adı ilə tanıyıb.

"Məni onunla Fazil Həsənzadə tanış edib. Fazilin qohumuna böyrək lazım idi. Mən də verməyə razılaşdım. Birlikdə İrana getdik. Orada yoxlamadan keçdik. Sonra Vahidin maşını ilə Gürcüstana getdik və orada əməliyyat olundum"- deyən zərərçəkmiş bildirib ki, bunun qarşılığında təqsirləndirilən şəxsdən yalnız 2 min dollar alıb.

Xudadatov isə buna etiraz edib. O deyib ki, zərərçəkmiş yalan danışıb, qeyd edib ki, Fazil Həsənzadənin qohumuna böyrək lazım olduğu üçün Rasim Bayramova 12 min manat pul verib.

"Ona istədiyi pul verilib. Bakıda kirayə ev tutmuşdu, həm də mağaza işlədirdi. Pulun hamısını da ora verib. Hətta ona pul lazım olanda Fazil müəllimə zəng edirdi. Rasimə şəxsən 12 min manat pul vermişəm. Fazil müəllim isə mənə ayrıca 3 min dollar pul verdi"- deyə zərərçəkmiş bildirib.

Rasim Bayramov isə söyləyib ki, böyrəni 12 min dollara satacaqmış. Amma həmin puldan 2 min dollar ala bilib.

Zərərçəkmiş pulun qalan hissəsini tələb edib.

Məhkəmədə zərərçəkmiş Rufan Əhmədli də dindirilib.

O, işsiz olduğu üçün böyrəyini satmaq qərarına gəldiyini və internetdə elan verdiyini söyləyib.

"Elandan sonra Sahib müəllim zəng elədi. Oqtay adlı şəxsə böyrək lazım olduğunu söylədi. Biz 12 min manata razılaşdıq. İrana getdik, sonra Gürcüstanda əməliyyat olundum, pulumu da almışam"- deyən zərərçəkmiş şikayət və tələbinin olmadığını deyib.

İttihama görə, 62 yaşlı Vahib Xudadatov böyrək çatışmazlığından əziyyət çəkib orqan köçürməsinə ehtiyacı olan şəxslərlə imkansızlıqdan böyrəyini satanlar arasında vasitəçilik edib.

Bunun müqabilində hər iki tərəfdən də pul alıb. Böyrəyini satanlar saytlarda, sosial şəbəkələrdəki elanlar, ortaq tanışlar vasitəsilə tapılır, xəstəlikdən əziyyət çəkənlərin özləri, yaxınlarıyla görüşdürülür və qiymət məsələsi razılaşdırılıb. Öncə Bakıda müxtəlif tibb müəssisələrində qan analizi verilib, sonra hər iki tərəf İrana həkim Mohsen Tahirinin yanına aparılıb, orada ətraflı müayinədən keçirilib, transplantasiya qərarı veriləndən sonra böyrək köçürmə əməliyyatı Gürcüstanda "Lanseti” klinikasında aparılırıb. Əməliyyatı Tbilisidə Mohsen Tahiri gedib özü həyata keçirirmiş. 2016-cı ilin martından sonra Tbilisidə "Lanseti”nin azərbaycanlı rəhbəri Fərman Ceyranlının həbsilə əlaqədar klinikanın fəaliyyəti dayandırıldığından ondan sonra əməliyyatlar Tacikistanda Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "İnsan orqanları və toxumaları transplantasiyası Milli Mərkəzi”ndə aparılıb. Orada da əməliyyatları Mohsen Tahiri həyata keçirib.

Hər əməliyyata orqan köçürülən xəstənin yaxınları böyrəyini satan donora onunla razılaşdırılmış məbləğlə yanaşı, əməliyyat həyata keçirilən klinikaya 8 min, iranlı həkimə 10 min dollar pul ödəyirmiş. Vasitəçilik edən Vahib Xudadatova isə 200 manatdan 2 min manata qədər pul verilib.

Böyrəyini satanlarla onu alanlar arasında Bakıda notarial qaydada müqavilə imzalanıb. Orada göstərilib ki, guya bu adamlar qohumdular və biri digərinə böyrəyini verir.

Xudadatov məhkəmədəki ifadəsində övladının böyrək əməliyyatından sonra bu problemdən əziyyət çəkən şəxslərə vasitəçilik etdiyini deyib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. V.Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər.

Ona qarşı Cinayət Məcəlləsinin 137-ci (insan orqanları və ya toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə), 144-1-ci (insan alveri), 178 (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittihamlar verilib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}