Cahangir Hacıyevin vəkillərindən 4.1 milyard və 1.7 milyonluq iddialara ETİRAZ

Cahangir Hacıyevin vəkillərindən 4.1 milyard və 1.7 milyonluq iddialara ETİRAZ

 

Sabir bankir Cahangir Hacıyev 21 nəfərlə birlikdə növbəti dəfə hakim önünə çıxarılıb.

Sozcu.info xəbər verir ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin idarə heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.

Cahangir Hacıyevin vəkilləri məhkəməyə bir neçə vəsatət təqdim ediblər.

Vəkil Fəxrəddin Mehdiyev ilk vəsatətində bildirib ki, 2015-ci ildə ölkə prezidentinin fərmanı ilə Beynəlxalq Bankın maliyyələşdirdiyi layihələr "Aqrokredit" QSC-nin idarəçiliyinə verilib.

Vəkil vəsatətində bildirib ki, məhkəmə istintaqında sənədlərin tədqiqi mərhələsinə qədər "Aqrokredit"ə transfer edilmiş layihələrin mövcud vəziyyəti, texniki, iqtisadi göstəriciləri, avadanlıqların həcmi, dəyəri kimi məlumatların alınması işin bütün hallarının araşdırılması üçün zəruridir. Müdafiəçi sorğu verilərək qeyd edilən məlumatların əldə edilməsini məhkəmədən istəyib.

Cahangir Hacıyevin digər vəkili Aqil Layıcov isə vəsatətində təkrar məhkəmə-mühasibat ekspertizasının keçirilməsini istəyib.

Vəkil deyib ki, ekspert rəylərində təsviri hissə ilə yekun rəy arasında ziddiyyətlər var. Müdafiəçinin sözlərinə görə, təsviri hissədə kredit vəsaitinin hansı layihələrə köçürüldüyü göstərilir, nəticə hissəsində isə vəsaitin leqallaşdırıldığı qənaətinə gəlinir.

"Çünki ölkə xaricində kreditləşdirilən müəssisələr istintaq tərəfindən yoxlanılmayıb, qiymətləndirilməyib. Bu səbəbdən də həmin sənədlər ekspertə təqdim olunmayıb"- deyə vəkil vəsatətində qeyd edib.

Vəkillər digər vəsatətində 4 milyard 130 milyon manatlıq mülki iddianın rədd edilməsini istəyiblər.

Müdafiəçilərin sözlərinə görə, "Aqrarkredit" Cahangir Hacıyev də daxil olmaqla 23 nəfərdən bu məbləğin tutulmasını istəyir:

"Həmin vəsaitlər Beynəxalq Bank tərəfindən ölkə daxilində və xaricindəki layihələrə ayrılıb. 2015-ci ildə isə layihələrə nəzarət "Aqrarkredit"ə verilib. Mülki iddia verilərkən 4 il əvvəlki vəziyyət nəzərdə tutulub. Layihələrdən gələn gəlirlər nəzərə alınmayıb. Həmçinin xarici ölkələrdəki layihələrə ayrılmış vəsaitlər də qiymətləndirilməyib. Buna görə də mülki iddia rədd edilməlidir".

Sonuncu vəsatət isə Vergilər Nazirliyi tərəfindən Cahangir Hacıyevə qarşı qaldırılmış mülki iddia ilə bağlı olub.

Vəkillər bildirib ki, Vergilər Nazirliyi 1.7 milyondan artıq mülki iddianı bundan əvvəl də təqsirləndirilən şəxs olan Dünyamın Xəlilova qarşı irəli sürüb.

Bildirək ki, Cahangir Hacıyevin dostu olan Dünyamın Xəlilov barəsində məhkəmə hökm çıxarıb və mülki iddia təmin edilib.

Müdafiəçilər bildirib ki, qanuni qüvvəsinə minmiş hökmdə əksini tapmış iddianın yenidən Cahangir Hacıyevə qarşı qaldırılması yolverilməzdir.

Dövlət ittihamçısı vəsatətlər münasibət bildirmək üçün məhkəmədən vaxt istəyib.

Rəsmi məlumata görə, aparılmış istintaqla 2001-2015-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin idarə heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,1 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}