"Qanuni oğrular" niyə qan tökür? - Dəhşətli sirrin üstü açıldı

"Qanuni oğrular" niyə qan tökür? -

 

Rəsmi statistikadı: Moskvada hər il 6 min ton göyərti, daha dəqiqi, şüyüd və keşniş istehlak edilir. Göyərtinin bir kiloqramı isə topdansatış bazarlarında 200 rubldan bahadır. Adi riyazi hesablama aparsaq, Moskvada təkcə şüyüd və keşnişdən gələn gəlir ildə 20 milyon dolları ötür. Və bu yağlı tikə, daha doğrusu milyonlarla "göy” gətirən göyərti bazarı uğrunda illərdir, Rusiya paytaxtında qanlı müharibələr gedir: "Göyərti müharibələri…”.
 
 
Hə, qan tökülür. Bu ilin martında Moskvada "göyərti kralı” kimi tanınan Canbulat Şamil oğlu evinin qarşısında öldürülür. Ona 3 güllə vurmuşdular. Canbulatın qətlindən sonra göyərti biznesinin kimin əlinə keçəcəyi Moskvadakı bazarlarda əməlli müzakirə mövzusu idi. Heç kim risk edib Rusiya paytaxtının göyərti ilə təminat məsələsini boynuna götürmək istəmirdi. Tək bir səbəbə görə: ortada Rövşən Lənkəranski amili vardı.
 
 
Həmin vaxt Moskvadakı bazarlarda azərbaycanlılar arasında bir narazılıq da vardı. Söhbət ondan gedir ki, Orxan Zeynalov olayından sonra bağlanan – əslində bunun özü də bir oyun idi – "Pokrovsk” bazasının necə deyərlər satıcı kontingenti "Domodedovo” bazarına üz tutmuşdular. Moskvanın eyni adlı rayonunda, eyni adlı məşhur aeroporta yaxın ərazidə yerləşən bu bazarı baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun açdığı da deyilirdi. Abbasov heç bir tərəddüd etmədən özünə yaxın, əslən Şəmkirdən olan Məhərrəmi "Domodedovo” bazarına rəhbər qoyur. İlk narazılıqlar da bundan sonra başlayır. Məhərrəm Abbasovun köməkliyi ilə bəzi inzibati rıçaqlardan istifadə edərək Moskvaya gətirilən meyvə-tərəvəz və göyərtini məhz öz bazarında satdırmaq üçün hər şeyə əl atır. Təsəvvür edin, Azərbaycandan gedən və Moskvaya kənd təsərrüfatı malları aparan soydaşlarımız adətən Moskva Dairəvi yolunun yaxınlığındakı "41” adlanan bazara getməyə üz tuturdular. Burada həmin rəsmi, həm də qeyri-rəsmi rüsum az idi, həm də rəhbərlik satıcıları incitmirdi.
 
Amma bir daha qeyd edək, inzibati yollarla Moskvaya Azərbaycandan gətirilən meyvə-tərəvəz dolu maşınların zorla "Domodedovo”ya aparılmasına başlanır. Orada isə Şəmkirli Məhərrəmin qoçuları bir maşının bazara daxil olması üçün onlardan 1200-1500 dollar almağa başlayır. Kütləvi narazılıq yaranır. Narazı azərbaycanlılar Rövşən Lənkəranskinin adamlarına kömək üçün müraciət edirlər. Lənkəranskinin müdaxiləsindən sonra qeyri-rəsmi rüsum azaldılır. Hələ bu harasıdır, Lənkəranski ümumiyyətlə bazarın özünə əl qoyur. Göyərtidən tutmuş, başqa mallara qədər topdansatışa məhz onun adamları nəzarət etməyə başlayır. Məhərrəm isə ciddi cəzalandırılır.
 
Xatırladaq ki, Şəmkirli Məhərrəmin adı Azərbaycanda bir neçə qalmaqallı məsələdə hallanıb. O, Şəmkir şəhər stadionunu alıb, oranı sökdürərək torpağına sahib çıxmaq istəyində olmaqda ittiham edilirdi. Amma son anda buna nail ola bilməmişdi.
Lənkəranski Türkiyədə yaşasa da, bütün Moskva regionunun meyvə-tərəvəzin topdansatışı ilə məşğul olan bazarları birbaşa onun nəzarətindəydi. Bazarlara məsul isə Lənkəranskiyə yaxın "qanuni oğru” Levan Canqveladze sayılırdı...
 
***
 
2013-cü ildə "Pokrovsk” bazarı məlum səbəbdən bağlanandan sonra əslən Qubanın Qırmızı Qəsəbəsindən olan yəhudi əsilli iş adamları Zarah İliyev və Qod Nisanov yeni sahəyə, ərzaq biznesinə girişmək qərarına gəldilər. Rusiyada daşınmaz əmlak biznesindən milyardlar qazanan cütlük üçün meyvə-tərəvəz bazarı yeni sahəydi. Söhbət həm də ondan gedir ki, bu sahə artıq tutulmuşdu. İliyev və Nisanov əvvəlcə Moskva dairəvi yolunun bir neçə yüz metr kənarında yerləşən "Lotos” ticarət mərkəzini nə az, nə çox 1 milyard dollara satın aldılar. Həmin ərazidə isə Moskvanın kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan ən böyük bazasını - "Food city”ni inşa etdilər. "Food City”nin sahiblərinin əsas məqsədi Moskvanın bütün topdansatış meyvə-tərəvəz və ərzaq bazarını əllərində cəmləşdirmək idi. Bir daha təkrar edirik, bütün topdan satış mərkəzlərini. Bazaya maraq o qədər böyük idi ki, onun açılışına hətta Moskva meri Sergey Sobyanin də gəlmişdi. Açılış zamanı S.Sobyanin bildirmişdi ki, bundan sonra Moskvada cəmi 4 belə iri bazanın yaradılması planlaşdırılır. Bazanın sahiblərindən olan Qod Nisanov isə qeyd etmişdi ki, artıq baza Azərbaycan və Türkiyədən meyvə-tərəvəz təchizatçıları ilə razılaşmalar əldə edib. Bu ölkələrdən topdansatış bazasına ərzaq malları daşınır. O, satıcılara öz mallarını satmaq üçün bütün şəraitin yaradıldığını da bildirmişdi.
 
***
 
Amma heç bir razılaşmadan söhbət gedə bilməzdi. Hələ bu bazaya satıcılar, iri yük maşınları, bir sözlə kontingent cəlb etmək lazım idi. Məhz belə bir vaxtda "Ded Xasan”ın varisi, Lənkəranskinin qatı düşməni "Şakro Molodoy” və onun yaxın adamı "Vaqif Bakinski” yada düşür. Lənkəranskinin və ətrafının əlində olan bazarları bir-bir almaq, necə deyərlər, hamını bura yığmaq isə müşkülə dönmüşdü. Düzdür, Lənkəranski həmin vaxt Türkiyədəydi, ona təsir dairəsindəkiləri qorumaq çətin idi. Bir sözlə, mövqelərini saxlamaqda çətinlik çəkirdi. Amma bununla belə, yenə də heç kim onunla açıq müharibəyə getmək həvəsində deyildi.
 
 
Ancaq "Şakro”yla danışıqlar və "Vaqif Bakinski”nin də onu dəstəkləməsi getdikcə artan münaqişəni daha da dərinləşdirirdi. Bu arada "Şakro Molodoy”un qvardiyasında olan və "Vaqif Bakinski”nin "qanadı altında” işləyən Canbulatın qətli aranı yenidən qızışdırdı. Bundan sonra Moskvada Rövşənə yaxın iki nəfər öldürüldü. Bir sözlə, müharibə yenidən alovlandı.
 
***
 
İndi Rövşən yoxdur. Və Rövşənin yerinə bu müharibəni kimin aparması da məlum deyil. İndi "Şakro” da yoxdu. Daha doğrusu, ortada yoxdu. Bir qədər əvvəl o, yenidən həbs edildi. Yaxın günlərdə azadlığa çıxması da mümkün deyil. Bazar, xüsusən göyərti biznesi isə "Vaqif Bakinski”nin adamlarının və həm də "Food city”nin inhisarına keçir.
 
İlk baxışda müharibənin başa çatdığı qənaətinə gəlirsən. Amma yox, səhv edirsiniz. Bu - bazar savaşıdır. Və hər an kimsə bu savaşa atılır. Çünki burada milyonlar fırlanır. Həm də adamlar…/azxeber.com/


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}