Bir gecəyə 300 min dollar və zərər görməyən zərərçəkmiş

 

Dünən Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

İttiham aktının oxunmasından keçən 19 günlük fasilədən sonra məhkəmə istintaqı cinayət işinin epizodlarına baxılması ilə davam etdirilib.

 

İki təqsirləndirilənin bir vəkili

Vəkil İqbal Həsənov məhkəmə kollegiyasına order təqdim edərək, bu gündən sonra təqsiirləndirilən Zaur Məmmədovla yanaşı, təqsirləndirilən Füzuli Əliyevin də müdafiəsi ilə məşğul olacağını bildirdi.

Vəsatətə münasibət bildirən dövlət ittihamçısı bunun qanuna zidd olduğunu qeyd etdi, belə ki, təqsirləndirilənlərin mənafeləri arasında ziddiyyətlərin olması mümkündür.

Digər vəkillər və təqsirləndirilən şəxslər bu vəsatətin təmin edilməsini məhkəmədən xahiş etdilər.

Təqsirləndirilən Füzuli Əliyev söz alaraq bildirdi ki, dövlət ittihamçısının münasibətində məntiq yoxdur və onunla Zaur Məmmədovun mənafeləri arasında heç bir fərq ola bilməz. Bundan sonra o dedi: "Hörmətli məhkəmə, indiyə kimi bütün vəsatətlər rədd edilib. Qaydanı pozmayaq, bunu da rədd edin getsin”.

Daha sonra təqsirləndirilənm Füzuli Əliyev məhkəmə zalında toplaşanları təbrik etdi: "Hamının Novruz bayramını təbrik edirəm. O cümlədən, bu günlərdə təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olunub. Burada əyləşən bütün təhlükəsizlik orqanları əməkdaşlarını, eyni zamanda yoldaşlarımı bu münasibətlə təbrik edirəm. Biz həmişə bu dövlətə, prezidentə xidmət etmişik və inanıram ki, bundan sonra da edəcəyik”.

Məhkəməyə sədrlik edən hakim Həbib Həsənov təqsirləndiriləndən müzakirə olunan məsələyə aid çıxış etməsini və mətləbdən kənara çıxmamasını xahiş etdi.

Təxminən 10 dəqiqəlik müşavirədən sonra məhkəmə kollegiyası vəkil İqbal Həsənovun vəsatətini təmin etdi.

"300 min dollar verdim, dedilər 200 dollar əskikdir”

 

Məhkəmə istintaqı zərərçəkmiş Rauf Həsənovun iddiası üzrə epizodla başladı.

R.Həsənov ifadəsində bildirdi ki, 2010-cu ildə Bakı şəhərinin mərkəzində qızıl məmulatlarının hazırlanması üzrə sexin sahibi olub və günlərin birində ona MTN-dən tanımadığı şəxs zəng edərək nazirliyə gəlməsini tapşırıb. Ertəsi gün MTN-də onu qarşılayan təqsirləndirilən Füzuli Əliyev və Yasin Məmmədov həbs etdirəcəkləri ilə hədə-qorxu gələrək, sahibkardan 100 min dollar gətirməsini tələb ediblər.

Zərərçəkmiş bildirib ki, bu qədər imkanı yox imiş və bunun səbəblərindən biri də həmin dövrdə anasının xərçəng xəstəliyindən əziyyət çəkməsi olub. Sonra 2 həftə ərzində zərərçəkmiş MTN-ə getməyib və özünün dediyi kimi, nazirlik əməkdaşlarından "gizlənib”.

Rauf Həsənov bildirdi ki, iyul ayının əvvəllərində xalasının həyat yoldaşının dəfnindən qayıdarkən bir nəfər ona yaxınlaşıb və maşına otuzduraraq, MTN-in Səbail rayon idarəsinə gətirib. Burada onu Füzuli Əliyev qarşılayıb və birlikdə nazirliyə gediblər. Yasin Məmmədov sahibkara bildirib ki, 100 min dollar gətirə bilmirsə, 300 min gətirəcək. R.Həsənov bu qədər pulunun olmadığını dedikdə, məbləğ 500 min dollara yüksəlib. Sonradan 300 min dollara razılaşıblar və pulu çatdırmaq üçün zərərçəkmişə 1 gün vaxt verilib.

İfadəsində Rauf Həsənov qeyd edib ki, həmin axşam xəstə anası bütün qohum-əqrəbasına və tanışlarına zəng edərək, tələb olunan məbləği toplayıb və oğluna verib. Zərətçəkmiş yalnız 20 min dolları dostu Rizvan Abbasovdan aldığını və hələ də qaytarmadığını diqqətə çatdırıb.

Ertəsi gün Mərkəzi Klinik Xəstəxananın girişində Rauf Həsənov pulu Füzuli Əliyevə verib. Bundan yarım saat sonra Yasin Məmmədov ona zəng edərək, pulun üstündən 200 dolların əskik olduğunu bildirib və zərərçəkmiş məcbur qalıb MTN-ə gedərək, yerdə qalan 200 dolları da verməli olub.

 

Sahibkar borcu kimə qaytardığını yada sala bilmədi

Zərərçəkmişin ifadəsindən sonra vəkil Adil İsmayılov Rauf Həsənovu sual "yağışı”na tutdu.

Suallara cavab verən sahibkar bildirdi ki, özünün dostundan aldığı 20 min dollardan əlavə, yerdə qalan 280 min dolları bir axşama xəstə anasının kimlərdən aldığını bilmir. Sonradan borcu kimə qaytardığı barədə suala isə zərərçəkmiş pulları anasına verdiyini və onların kimə qaytarılmasından xəbərinin olmadığını dedi.

Borcu qaytarmaq üçün maşınını satdığını söyləyən zərərçəkmişin diqqətinə çatdırıldı ki, həmin ərəfədə Dubaydan aldığı "Land Cruiser” yolsuzluq avtomobili hadisədən 7 ay sonra satılıb və bundan sonra az qala hər il R.Həsənov aldığı avtomobilləri sataraq, yenisini alıb. Hadisədən 2 il sonra isə sahibkar bankdan iri məbləğdə kredit götürüb.

Maraqlı məqamlardan biri də cinayət işinin materialları arasında olan zərərçəkmişin evində və iş yerində aparılmış axtarışlar barədə protokollar oldu. Rauf Həsənov iş yerində axtarışın aparıldığını təsdiq etsə də, evində axtarışın aparılmadığını və bunu xatırlamadığını bildirdi. Vəkil Adil İsmayılov zərərçəkmişə həmin protokolu və sənədin altında zərərçəkmişin imzasını nümayiş etdirdi.

 

Zərərçəkmişin bacanağı da evdə axtarışı xatırlamadı

Şahid qismində ifadə verən Valeh Nəsirov bildirdi ki, o, zərərçəkmiş Rauf Həsənovun bacanağıdır və taksi sürücüsüdür. Şahidin sözlərinə görə, həmin dövrdə zərərçəkmişdən MTN-dən 300 min dollar tələb olunduğunu bilib.

 

"Məndə pul yox idi, ona görə də, ancaq mənəvi dəstək verə bilərdim”, - şahid deyib.

Onun sözlərindən məlum oldu ki, 300 min dollar Füzuli Əliyevə çatdırıldığı gün şahid öz maşınında Rauf Həsənovun avtomobilini müşayiət edib, lakin Parlament prospektindəki Mərkəzi Klinik Xəstəxanaya döngədə zərərçəkmiş ondan sürüb getməsini xahiş edib.

 

Vəkillər bu ana diqqət çəkərək soruşdular ki, əgər o, bacanağını müşayiət edirdisə, nəyə görə pulun verilməsini gözləməyib. Şahid bacanağının ondan getməsni xahiş etdiyini və oradan taksi kimi fəaliyyət göstərməyə yollandığını dedi.

Qeyd edək ki, Valeh Nəsirov da protokolun altında imzasının olmasına baxmayaraq, zərərçəkmişin evində axtarışın aparılmasını xatırlamadığını bildirdi.

Epizod üzrə ikinci şahid qismində ifadə verən Rizvan Abbasov yeniyetməlik dövründən dostluq etdiyi zərərçəkmiş Rauf Həsənova MTN-ə çatdırmaq üçün 20 min dollar verdiyini və borcunu hələ geri almadığını bildirdi.

 

Mübariz Paşayev: "Özümü zərərçəkmiş hesab etmirəm”

Bu gün məhkəmədə baxılan daha bir epizod zərərçəkmiş kimi tanınmış Mübariz Paşayevin ifadəsi ilə başladı.

M.Paşayev bildirdi ki, 2007-ci ildən brilyant alveri ilə məşğuldur və əsasən, Dubayda fəaliyyət göstərən sahibkarlarla işləyir. Onun sözlərinə görə, 2009-cu ildə Dubaydan 580 min dollarlıq brilyantı nisyə olaraq götürüb ki, Bakıda satdıqdan sonra pulunu çatdırsın. Bu arada böyük həcmdə qiymətli daşı özü ilə Azərbaycana gətirməsin deyə, Mübariz Paşayev Dubayda işləyən Araz adlı azərbaycanlı tanışına 280 min dollarlıq brilyantı verib ki, sonradan o, həmin malı Bakıya ötürsün.

Zərərçəkmişin sözlərinə görə, o vaxt brilyantları gətirərkən Bakıda hava limanında gömrükdə təhvil verib, sonradan 12% rüsum ödəməklə "Xətai” metro stansiyasının yaxınlığındakı adı çəkilməyən idarədən alırmışlar.

Bir gün Mübariz Paşayev Mərdəkandakı evində olarkən telefonuna zəng gəlir və ondan küçəyə çıxması xahiş olunur. Küçədə maşında təqsirləndirilən Füzuli Əliyevi görür və sahibkara MTN-ə getmək lazım olduğu bildirilir.

Nazirlikdə məlum olur ki, Dubaydan Bakıya Mübariz Paşayevin brilyantlarını gətirən Azər adlı şəxs onları ölkəyə qaçaqmalçılıq yolu ilə daxil etmək istəyib və saxlanılıb, qiymətli daşlar müsadirə edilib. "Anladım ki, brilyantlar müsadirə olunub və bunları geri qaytarmaq mümkün olmayacaq. Məndən 100 min dollar istədilər, lakin sonradan nə baş verdisə, çıxıb getməyimi tapşırdılar. Nə olduğunu anlamadım”.

Sahibkar qeyd edib ki, bu hadisədən sonra Dubayda qaşları aldığı insanlara qalan 280 min dollar borcunu ödəmək üçün Nərimanov rayonundakı evini satıb və borcu bağlayıb.

Maraqlıdır ki, Mübariz Paşayev bu epizod üzrə özünü zərərçəkmiş hesab etmədiyini deyib: "Mənim təqsirləndirilənlərin heç birindən şikayətim və tələbim yoxdur. Ümumiyyətlə, bu hadisə ilə əlaqədar özümü zərərçəkmiş hesab etmirəm”.

 

Şahid istintaqdakı ifadəsində qeyd olunanlardan imtina etdi

Zərərçəkmişin qaynı, epizod üzrə şahid Ramil Nəzərov bilrirdi ki, Mübariz Paşayevə zəng edilən vaxt bacısının Mərdəkandakı evində qonaq olub və kürəkəni olan zərərçəkmişlə birlikdə həmin gecə MTN-ə yollanıb. Təxminən bir gündən sonra zərərçəkmişin nazirlikdən buraxıldığını qeyd edən Ramil Nəzərov bundan başqa heç nə bilmədiyini dedi.

Məhkəməyə sədrlik edən hakim Həbib Həsənov şahidin istintaqa verdiyi ifadəni oxudu. Ramil Nəzərov belə ifadə vermədiyini və orada sadalanan faktlardan xəbərsiz olduğunu dedi.

Vəkillər isə qeyd etdilər ki, cinayət işinin materiallarına diqqətlə baxılarsa, zərərçəkmiş Mübariz Paşayevlə şahid Ramil Nəzərovun ifadələri tamamilə eynidir və sanki biri digərindən köçürülüb.

Hakim Həbib Həsənov məhkəmənin növbəti iclasının cümə axşamı, martın 30-da keçiriləcəyini elan etdi.(Virtulaz.org)



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}