İttiham olunan qadın: ”Elə bildim həbs edəcəklər, uşağımı da gətirdim”

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən həkim-pediatr Samirə Mansurova və Təhsil Nazirliyinin sabiq əməkdaşı Aytəkin Bağırovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Prosesə hakim Mirzə Xankişiyev sədrlik edib. Prosesdə A.Bağırova son sözlə çıxış etmək üçün məhkəmədən vaxt istəyib. O, zərərçəkmişlərin pulunu qaytarmaq niyyətində olduğunu bildirib. Hakim M.Xankişiyev təqsirləndirilən şəxsə bir daha məhkəməyə körpə uşağını gətirməməsini deyib.

A.Bağırova isə "elə bilirdim bu gün hökm oxunacaq, həbs ediləcəm. Ona görə gətirdim ki, uşağı da özümlə aparım" deyə cavab verib.

Məhkəmə prosesi oktyabrın 24-də davam edəcək.

Xatırladaq ki, dövlət ittihamçısı ötən prosesdə hər iki təqsirləndirilənin 9 il azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, təqsirləndirilən şəxslər işə düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq ediblər.

S.Mansurova məhkəmədə 5 dil bildiyini, 1989-cu ildən Xəzər rayonunda uşaq poliklinikasında həkim-pediatr işlədiyini və YAP-ın Seçki Komissiyasının üzvü olduğunu deyib.

S.Mansurova A.Bağırovanı 2014-cü ildə tanıdığını və uşağını həmin poliklinikaya qeydiyyata saldığını deyib.

Aralarında yaran münasibətdən sonra S.Mansurova A.Bağırovaya ona işə düzəltmək üçün adam tapmasını istəyib. A.Bağırova da vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyib.

S.Mansurova həmin vəzifəli şəxslərlə əlaqə qurmaq üçün A.Bağırovanın təklifi ilə razılaşdığını söyləyib.

Qeyd edək ki, S.Mansurova həbsdədir. A.Bağırova barəsində is həbs qətimkan tədbiri seçilməyib. O, ev dustaqlığındadır.

Hər iki qadın Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunur.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}