MTN işçisi silahlı hədələməyə görə məhkəməyə çağırıldı - Oliqarxların məhkəməsi

MTN işçisi silahlı hədələməyə görə məhkəməyə çağırıldı - Oliqarxların məhkəməsiBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1984-cü il təvəllüdlü Araz Eyvazovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Şahid qismində dindirilən Səməd Abbasov bildirib ki, Araz Eyvazova 10 ay ərzində 2 milyon 770 min dollar pul verib: “Mən “Bank of Azerbaijan”ın 4 saylı filialında kredit şöbəsinin müdiri işləyirəm. Arazı da Eldəniz vasitəsilə tanımışam. Eldəniz mənə tapşırdı ki, onun məndə olan pullarını dediyi vaxt Araza verim. Mən Eldənizin mühasibat işlərini görürdüm. Onun pullarını bankın ofisində seyfdə saxlayırdım. Araza 2013-cü ilin yanvarında 1 milyon 160 min, fevralda 475 min, martda 156 min, apreldə 104 min, iyunda 107 min, iyulda 78 min, avqustdan oktyabra kimi isə 750 min dollar pul vermişəm. O isə mənə 870 min dollar qaytarıb. Araza pul verəndə bir neçə dəfə Şövqi Cəfərov da yanımızda olub. Eldəniz mənə demişdi ki, Şövqi Araza nəzarət edir”.

Hakim şahiddən pulları verdiyi zaman mıdaxil, məxaric qəbzi yazdığını, Arazdan pulu aldığına dair iltizam aldığını yaxud notariat qaydada müqavilə imzaladığını soruşub. Bank rəsmisi isə bu prosedurların heç birinin aparılmadığını deyib. Bu zaman məhkəmə kollegiyası Araz Eyvazovdan həmin pulları alıb-almadığını soruşub.

Təqsirləndirilən şəxs isə bu pulları almadığını deyib: “Mən Səməddən heç bir pul almamışam. Mən 870 min dolları Eldənizə vermişəm. O pullar da Türkiyədən gələn malın satışından əldə olunmuşdu”.

Hakim Azad Məcidov bildirib ki, şahid Səməd Abbasov ifadəsi ilə Eldəniz Axundovun ibtidai istintaqa verdiyi ifadə üst-üstə düşmür.

Araz Eyvazov bildirib ki, məsələnin bu yerə gəlməsinə Vüsal Cəfərovun Türkiyədən saxta mal göndərməsi səbəb olub: “Gömrüyün qiymətlərini Eldəniz də, Şövqi də çox yaxşı bilirdi. Biz birinci gələn malı gömrükdən keçirdirdik, onun satışından əldə olunan gəlirdən gömrüyün pulunu verirdik. Vüsal Türkiyədən 100 minlik mal göndərirdi, amma satış qiymətini 1 milyondan çox qoyurdular. “Ariel”in 6 kiloluğunu satışa 13 manatdan qoymuşdular, amma mən məcburən 5-6 manatdan satdım. Çünki mallar saxta idi və belə ucuz satmağımı da Eldəniz demişdi. Eldəniz özü də malın saxta olduğunu bildi, məni “Həyat Club”a çağırdı. Dedi ki, bazarda başqa da saxta mal gətirən olub və MTN onları tutub. Deyirdi ki, bu mala görə də bizim başımız ağrıyacaq, ona görə ucuz qiymətə sat getsin. Eldəniz mənə dedi ki, Vüsalla özü məsələni həll edəcək. Mən də satdım, sonra hesabladıq 335 min dollar ziyan idi. Eldəni dedi ki, ziyanı üçümüzün arasında bölək. Mən razı idim. Vüsal dedi ki, yox, mən 9 tır mebel göndərəcəyəm, onu satıb ziyanı da ödəyəcəyik, əlavə qazanc da qalacaq. Eldəniz razılaşdı, mebellər gəldi. Gömrükdə mallar yoxlananda kamera da çəkirdi. Məftun adlı gömrük əməkdaşı da yoxlayırdı. Mebellər işlənmiş idi, çoxu da yarımçıq idi. Buna görə mebelin satışında da ziyan oldu. Sonra Vüsal yenə Eldənizi yola gətirdi ki, 298 min “lampoçka” (elektrik lampası – red.) göndərəcək, bununla da bütün ziyan ödəniləcək. “Lampoçka” tırı da gömrükdən buraxılmadı. İndi bunlar “Ariel” üçün də, mebel üçün də, “lampoçka” üçün də, hətta bir dəfə mərmər də göndərdilər, onun üçün də gömrüyə verilən pulu məndən almaq istəyirlər. İttihama da həmin pulları yazıblar. Vüsal saxta mal göndərib deyə mən pulu ödəməliyəm? Mən içəridə yatmalıyam? Mebellər gəldi burada şişdi, heç kim almadı”.
Bu zaman bank rəsmisi olan şahid təqsirləndirilən şəxsin üstünə qışqırıb. Hakim şahidə xəbərdarlıq edib və ondan Araza verdiyini iddia etdiyi pulların mənbəyini soruşub: “Siz neçə milyon pulu heç bir sənəd olmadan vermisiz. Mənə maraqlıdır, bəs o pulların mənbəyi hara olub?”

Dövlət ittihamçısı şahidə bildirib ki, pulun verilməsinə dair heç bir sənəd olmadığı üçün məsələ təqsirləndirilənin xeyrinə həll olunmalıdır: “Siz deyirsiz vermişəm, o deyir almamışam. Ortada da heç bir sənəd yoxdur. Qanuna görə belə hallarda məsələ təqsirləndirilən şəxsin xeyrinə həll olunur”.

Hakim Azad Məcidov şahiddən Eldəniz Axundovla Araz Eyvazovun biznes işinin qeydiyyata alınıb-alınmadığını soruşub. Bankın şöbə müdiri isə belə bir rəsmiləşdirilmənin aparılmadığını bildirib: “Eldənizin mənə verdiyi pullar rəsmiləşdirilməmişdi, banka da qoymamışdım. İş otağımda şəxsi seyfimdə saxlayırdım. Ona görə də Araza verəndə rəsmiləşdirə bilməzdim. Bilirdim ki, nəsə uşaq bezi gətirirlər. Amma nə qədər gətirib neçəyə satdıqlarını bilmirdim”.

Hakim bildirib ki, şahid bu əməli ilə qanunsuz sahibkarlıq fəaliyyətinə kömək edib.

Bundan sonra dövlət ittihamçısı şahid barədə bank rəhbərliyinə sorğu göndərilməsini istəyib: “Bu adam xidməti yerində şəxsi biznesi ilə məşğul olub. Xahiş edirəm, bank rəhbərliyinə bu şəxsin əməlləri barədə təqdimat göndərilsin”.

Məhkəmə kollegiyasının qərarı ilə dövlət ittihamçısının vəsatəti təmin edilib.

Hakim Azad Məcidov bildirib ki, həmin dövr ərzində reallaşdırılan milyonlarla dollarlıq biznesə görə cəmi 50 manat vergi ödənilib: “Mühasib də siz olmusuz, nə qeydiyyatdan keçmisiz, nə vergi ödəməmisiz. Bununla həm qanunsuz sahibkarlıqla məşğul olmusuz, əlavə dəyər vergisi ödəməkdən yayınmısız, sosial sığorta haqqını ödəməmisiz. Siz bütün bunları dəstə şəklində etmisiz”.

Hakim Zeynal Ağayev şahiddən Araz Zeynalova verdiyi pulların konkret tarixini və məkanı deməsini istəyib. O isə konkret tarixi xatırlamadığını bildirib: “Mən pulları bir ay ərzində bir neçə dəfə vermişəm. Burda isə ümumi hər ay üzrə nə qədər verdiyimi dedim. Hansı ayın neçəsində, nə qədər pul verdiyimi xatırlamıram”.
Hakim bildirib ki, cinayətin baş verməsi üçün zaman və məkan anlayışları aydın olmalıdır: “Sizin dediyiniz də isə zaman yoxdur. Deməli cinayət olmayıb”.

Hakim Azad Məcidov bildirib ki, müdafiə tərəfi Milli Təhlükəsizlik Nazirliyində işlədiyi deyilən Emin Nəsirovun məhkəmədə ifadə verməsi barədə vəsatət verib: “Təqsriləndirilən şəxs iddia edir ki, Emin Nəsirov silahla onu hədələyib və pul tələb edib. Buna görə də onun məhkəmədə iştirakı zəruridir”.

E.Nəsirovun məhkəməyə gəlməsi barədə çağırış arayışı göndərilib, hakim bildirib ki, əgər gələn iclasda da E.Nəsirov prosesə qatılmasa onun haqda məcburi gətirilmə qərarı çıxarılacaq.

Bundan sonra şahid qismində Şərurun keçmiş icra başçısı Rəfael Rəsulovun qardaşı Cavanşir Cəfərov ifadə verib. O bildirib ki, Araza 30 min dollar pul verib, sonra isə onun pulu ödənilib.

A.Eyvazov isə Cavanşir Cəfərovdan pul almadığını deyib: “Mənə Orxan pul vermişdi, sonra dedi ki, o puldan 30 mini əmimindi. Mən də elə həmin pulu Orxana verdim, o da əmisinə qaytardı. Mən birbaşa bu adamdan pul almamışam”.

Hakim Azad Məcidov bildirib ki, işdə adı hallanan Vüsal Cəfərov haqda bir çox yerə sorğu göndərilsə də, onu tapmaq mümkün olmayıb.

Bundan sonra biznes işində adı hallanan Əfqan Əliyev, Rauf Quliyev və Ağəddin Həşimov barəsində məhkəməyə məcburi gətirilmə qərarı çıxarılıb.

Məhkəmənin növbəti iclası oktyabrın 21-nə təyin edilib.

Qeyd edək ki, hazırda məhkəmə istintaqı davam etdirilən işdə Şərurun keçmiş icra başçısı Rəfael Rəsulovun oğlu Orxan, Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlu, hazırda Gömrük Komitəsində vəzifə tutan mayor Tağı Nağıyev, “Şərur” Tikinti şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundov məhkəmədə zərərçəkmiş qismində tanınır.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}