“Rahib Hüseynov işi” hansı cinayətləri üzə çıxardı?

 

 Üsaməddin Məlikov və başqa məmurlar cinayətə cəlb olunacaqmı?

Arif Əsgərovun baldızı oğlu, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin "Marketinq və Tarif” şöbəsinin keçmiş müdiri Rahib Hüseynovun Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi davam edir. Hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə Rahib Hüseynov külli miqdarda dələduzluqda təqsirləndirilir. Qeyd edək ki, bundan əvvəl Rahib Hüseynovun kiçik qardaşı Emil Hüsrynov 9 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilmişdi. İndi isə proseslər Rahib Hüseynovun həbsinə doğru gedir.

İstər Emin Hüseynovun, istərsə də Rahib Hüseynovun məhkəmələri açıq-aydın göstərir ki, onlar böyük dələduzluq əməliyyatında yalnız vasitəçi olublar. Bunu zərərçəkənlərin bəzilərinin istintaq və məhkəmə prosesində Emin və Rahib Hüseynov qardaşlarının vasitəçi olduqlarını, pulları isə o zaman "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri olan Arif Əsgərovun oğlu Elnar Əsgərova veriliblər.

Bunu Rahib Hüseynovun məhkəməyə təqdim etdiyi gündəlik xərcləri və görülən işlərlə bağlı ayrılan məbləğləri qeyd etdiyi kitablar da təsdiq edir. Rahib Hüseynov 2013-cü ildə həbs edilmədən öncəyə qədər həmin kitablarda görülən işlərlə, alınan məbləğlərlə bağlı qeydlər yazıb. Hüseynovun həmin 5 kitabında ayrı-ayrı şəxslərdən aldığı, iş üçün ayrılan milyonları qeyd edilib. Həmin kitablarda xeyli sayda vəzifəli şəxslərin adı keçir. O kitablarda qeyd edilən məbləğlər 20-25 milyondur. Həmin pullara Arif Əsgərovun oğlu Elnar Əsgərov dəmiryolu üçün xaricdən avadanlıqlar alaraq dövlətə baha qiymətə satıb. Bu faktı "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin indiki sədri Cavid Qurbanov da etiraf etmişdi.

Burada diqqəti çəkən məqam isə adları Rahib Hüseynovun kitabında olan məmurlarla bağlıdır. Belə ki, onlar Rahib Hüseynov vasitəsilə Elnar Əsgərova verdikləri böyük məbləğli pullara görə yaxşı faiz alıblar. Burada qeyd edək ki, Rahib Hüseynovun kitabında adı keçən şəxlərin ya özləri, ya da valideynləri dövlət məmurlarıdır. Həmin şəxslər Arif Əsgərovun oğlu Elnar Əsgərova verdikləri pullar qarşılığında xeyli qazanc əldə ediblər. Pulların alınması və aylıq faizlərin verilməsinə, "qara mühasibatlıq” işinə də R.Hüseynov nəzarət edib.

Kitablarda adı keçən və daha çox aylıq avro ilə faiz qazancı əldə edənlərin aarsında Rizvan İsmayılov və Üsaməddin Məlikovun da adları var. Üsaməddin Məlikov İxtisaslaşdırılmış Dəmir Yolu MMC-in Yol Təsərrüfatı İdarəsinin rəis müavinidir. Məhkəmədə ifadəsində Üsaməddin Məlikov deyib ki, Rahibə 2-3 dəfə pul verib, amma məbləğ qeyd edildiyi qədər deyil: "Hardasa 50 min dollar vermişəm. Deyirdi, atasının təsərrüfatında iş görür. İşləri genişləndirmək fikri var idi. Ona görə də pul verdim. Həm də Bakıda ticarət mərkəzi açmaq niyyəti vardı. Mən də ona yardım elədim”. Ancaq Rahib Hüseynovun kitablarında Rahib Hüseynovun Üsaməddin Məlikovdan 3 milyon 700 min manat aldığı qeyd edilir. Üsaməddin Məlikov isə bildirib ki, həmin məbləğdə pul verməyib: "50 min dollar vermişəm, üstündə 1-2 min qazanc almışam”.

Onun bu iddialarına qarşı hakim bildirib ki, kitablarda 2012-ci ildə sentyabr ayında təxminən Ü.Məlikovun verdiyi məbləğlərə görə 100 min dollara yaxın faiz alıb: "Bunlar nə məsələdir? Oktyabrın 1-də 30 min dollar, həmin axşamı 9 min dollar almısınız. Həmin ayın ortalarında Rahibə 1 milyon 475 min dollar pul vermisiniz. Bir müddət sonra yenindən 1 milyon 200 min pul veribsiniz”. Təqsirləndirilən Rahib Hüseynov da kitablarda yazılanları təsdiqləyib. O deyib ki, kimdən pul alıb hamısını həmin kitablarda qeyd edib: "Pullar 10 faizlə qaytarılıb. Elnar Əsgərovun tapşırığı ilə eləmişəm. Mənə pulu Elnarın özü verib. Hər pul haqq-hesabında da mənə ayrıca pay verib”.

Məhkəmənin davamında Rahib Hüsrynov daha bir maraqlı faktın üstünü açıb. O bildirib ki, istintaq dövründə Arif Əsgərovun oğlu Elnar Əsgərovun adı ətrafında 49 milyonluq borc söhbəti olub. Daha sonra Əsgərovlar ailəsi 29 milyon manatı zərərçəkmişlərə ödəyiblər. Rahib Hüseynov bildirib ki, kitabda yazılan adların hamısı doğrudur: "Heç kimə qarşı qərəzli deyiləm. Mən tutulan günə qədər faiz vermişəm. Həmin kitabdan bir nüsxəsi Elnarda var. Mənim kompüterimdə də var idi. Lakin əlimdən alıb sildilər”.

Rahib Hüseynovun kitablarında adı keçən başqa bir şəxs, Rizvan İsmayılov "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri Arif Əsgərovun bacanağıdır. Rahib Hüseynovun kitablarında adı keçən şəxslərin əməllərində Cinayət Məcəlləsinin ən azı iki maddəsinin təsir dairəsinə düşən məqamlar olması ilə bağlı şübhələr var. Belə ki, həmin məmurların əməllərində qanunsuz sahibkarlıq fəaliyyəti və vergi ödəməkdən yayınma ilə bağlı məqamlar var. Açıq-aydın görünür ki, onlar gəlir əldə etmək məqsədilə Rahib Hüseynov vasitəsilə Elnar Əsgərova külli miqdarda pul veriblər və böyük məbləğdə gəlir əldə ediblər. Əlbətdəki, onlar həmin vaxt məmur olduqları vaxt sahibkarlıq subyekti kimi vergi orqanlarında qeydiyyata alınmayıblar. Eyni zamanda onlar əldə etdikləri böyük məbləğli gəlirlərdən vergi ödəməyiblər. Buna görə də onların hamısına qarşı cinayət işi başlanmalıdır. Bu prosesin başlanıb-başlanmaması ilə bağlı aidiyyatı orqanların mövqeyini öyrənməyə çalışacağıq. Rahib Hüseynovun kitabında adları keçən şəxslərin də mövqeyni dinləməyə hazırıq. Eyni zamanda çoxsaylı ittihamlara baxmayaraq Elnar Əsgərovun ədalət məhkəməsindən yayınmasının da səbəblərinə aydınlıq gətirməyə çalışacağıq.

A.NƏBİYEV,

"Yeni Sözçü"qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}