“Atam evə tez-tez kişi gətirirdi, onlarla ...”

 

Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə, meyiti yandırmaqda ittiham olunan oğul - Bakı şəhər sakini 21 yaşlı Elməddin Əliyev, dostu 26 yaşlı Nəcməddin İsmayılov və əvvəllər məhkumluq həyatı yaşamış 42 yaşlı Vəlican Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Xatırladaq ki, bu səs-küylü qətl hadisəsi 2018-ci il yanvarın 31-də baş verib. Zirə qəsəbəsində oğul-Elməddin Əliyev iki tanışı (yaxud dostu) ilə əlbir olaraq atasını öldürüb, daha sonra tikiliyə od vuraraq meyitlə birlikdə yandırıblar. Dəhşətli cinayətin motivi isə deyildiyi kimi E.Əliyevin əsgərlikdən qayıdandan sonra atasının homoseksual olduğunu, qəsəbədə müxtəlif kişilərlə intim münasibətlər qurduğunu eşitməsi idi...

Virtualaz.org istintaq materiallarına istinadən  xəbər verir ki, 57 yaşlı atası İbrahim Əliyevin cinsi azlığın nümayəndəsi olduğunu öyrənən Elməddin Əliyev ailəsini rüsvay etdiyinə görə onu öldürmək qərarına gəlib. Bu barədə tanışları Vəlican Dadaşov və Nəcmədiin İsmayılovla danışaraq plan qurublar.  Plana uyğun olaraq V.Dadaşov İ.Əliyevə zəng vuraraq intim münasibətdə olması üçün kişi tapdığını deyərək onu Zirə qəsəbəsində sonuncunun qardaşına məxsus bağ evinə çağırıb. Hər üçü pusquda dayanıb İ.Əliyevin gəlməsini gözləyiblər. İ.Əliyev həyətə daxil olan kimi V.Dadaşov baltayla onun baş nahiyəsinə zərbə endirib. Öldüyünə əmin olduqdan sonra isə izi itirmək üçün evi yandırıblar.

E.Əliyev ilkin ifadəsində göstərib ki, atası uzun illər gəmidə matros işləyib. İki il əvvəl hərbi xidmətdən qayıdan Elməddinin atası ilə münasibətləri o qədər də yaxşı olmayıb. İbrahimin ondan pul istəməsi, təhqir etməsi, tez-tez döyməsi, anasını incitməsi ata-oğul arasındakı münasibətləri daha da kəskinləşdirib.  Hadisədən iki həftə əvvəl qonşuluqda yaşayan taksi sürücüsü Nəcməddin İsmayılovun ona atasının görüşdüyü kişiləri əmisi Azərə məxsus bağ evinə apardığını bildirib.

Elməddin Əliyevin istintaqa dediklərindən:  "Atam qabaqlar dəfələrlə evə kişi gətirib, onları öz dostu kimi təqdim edib, bir otaqda qalıblar, biz heç vaxt heç nədən şübhələnməmişik. Həmin kişilərlə yaxınlıq etdiyini bilməmişəm. Bu söhbətləri bir dəfə anama dedim, inanmadı. Atama isə qorxumdan heç nə demirdim. Onsuz da illərlə bizə rahat yaşamağa imkan vermədiyinə görə ona qarşı qəlbimdə kin yaranmışdı. Ürəyimdə ata məhəbbəti yox idi. Bir neçə dəfə öldürmək ağlımdan keçsə də, qorxumdan bunu etməmişdim”.

Zirədəki istixanalarda fəhləlik edən Elməddin hadisədən iki-üç gün əvvəl kənddəki bağ evlərindən birində gözətçi işləyən tanışı Vəlican Dadaşovla söhbət edərkən atasının onları döydüyünü deyib. Həmin vaxt Nəcməddin də yanında olub.  Nəcməddin Elməddinə atasının "qoluboyluğunu”  və kişilərlə cinsi əlaqədə olduğunu deyəndə Vəlican belə bir insanın yaşamağa haqqının olmadığını, "ölməli adam olduğunu” bildirib.

" Axşam atam yenə məndən pul istəyəndə pul almadığımızı dedim, əsəbləşib evdən çıxdım. Nəcməddinlə birgə Vəlicanın yanına gəldik. Artıq bezdiyimi söylədim, ondan atamı öldürməyi istədim. Hər üçümüz əmim Azərin tikilisinin olduğu yerə gəldik. Nəcməddin atama zəng vurub görüşmək üçün bir nəfər kişi olduğunu, gəlib-gəlməyəcəyini soruşdu. Atam da gələcəyini dedi. Nəcməddinlə mən maşında oturduq, Vəlican evə girdi. On dəqiqə sonra çıxıb dedi ki, İbrahimi öldürüb. Bizə meyiti göstərdi”-E.Əliyev ifadəsində hadisəni belə nəql edib.

Elməddin və tanışları həmin gecə izi itirmək üçün hadisə yerinə qayıdıblar. Vəlican evə benzin töküb, Elməddin isə təkəri meyitin üstünə qoyaraq od vurub.

Lakin məhkəmədə ifadə verən E.Əliyev atasının qətlində əli olmadığını, onun öldürülməsini Vəlicana sifariş etmədiyini, yalnız cinayəti bilib xəbər verməməkdə özünü təqsirli bildiyini göstərib. Deyib ki, Vəlicandan "qorxduğu üçün” onun törətdiyi cinayət haqda heç kimə xəbər verməyib, polisi məlumatlandırmayıb.

N.İsmayılov də cinayətin planlaşdırılmasında, törədilməsində iştirakının olmadığını, İ.Əliyevi Vəlican Dadaşovun öldürdüyünü bildirib. Qətlin motivini isə "borc pul məsələsi” ilə əlaqələndirməyə çalışıb.

 "Elməddin atasından borc pul alıb Vəlicana vermişdi. Vəlican borcunu qaytarmırdı. İbrahim verdiyi pulu geri ala bilmədikdə Vəlicanla özü görüşmək qərarına gəlmişdi. Biz həmin yerə gələndə Vəlican İbrahimi öldürmüşdü, dedi  İbrahim onu söydüyünə görə öldürüb. Bu hadisədə mənlik heç nə olmayıb. Cinayətin törədilməsindən hadisədən sonra xəbər tutmuşam. Elməddin mənə zəng vurub dedi ki, Vəlican atamı öldürüb, tez gəl. Mən cinayəti bilib gizlətmişəm, başqa günahım olmayıb. İbrahim kişinin  haqqında deyilənlər isə yalandır”-təqsirləndirilən İsmayılov da məhkəmədə fərqli ifadə verib.

Lakin o, istintaqa verdiyi ifadəsində İbrahimi kənddə cinsi azlığın nümayəndəsi kimi tanıdıqlarını, görüşdüyü kişiləri qardaşı Azərə məxsus bağ evinə apardığını bildirib, təfərrüatları danışıb.

Həmin ifadədən sitat: "Azərin evi bizim qonşuluğumuzdadır. Həmin evdə heç kim yaşamırdı. Ora İbrahim nəzarət edirdi. İbrahim yaxınlıq etdiyi kişiləri həmin evə aparırdı. Elməddin həmişə atasını öldürmək dərəcəsinə çatdığını deyirdi. Hadisədən bir neçə gün əvvəl bu barədə Vəlicana da demişdi. O vaxtdan İbrahimi necə öldürmələri barədə söhbət etmişdilər. Elməddinin İbrahimin üzdəniraq olmaması haqda dedikləri yalandır. Ailə adını qorumaq üçün belə ifadə verib”.

Təqsirləndirilən Vəlican Dadaşov da  məhkəməyə verdiyi ifadəsində qətli törətdiyini boynundan atıb.

İstintaqa ifadəsində isə o, qətli necə törətdiyini ətraflı danışıb. Deyib ki,  Zirə qəsəbəsində Bəhman adlı şəxsə məxsus bağ evində həm gözətçi işləyib, həm orada yaşayıb, Elməddini istixanalarda fəhləlik edən dövrlərdən tanıyıb, arabir onun yaşadığı evə gəlib-gedib. Sitat:  ”Elməddin ögey atasının onu incitdiyini, anasını döydüyünü deyirdi, evə getmək istəmirdi, hətta bir neçə dəfə evdən qaçıb bizdə qalmışdı. Dəfələrlə mənə ögey atasını öldürməyi təkilf etmişdi. Əvvəlcə razılaşmırdım. Hadisədən iki gün əvvəl yenə İbrahimi öldürməyi təklif etdi, bunu heç kimin bilməyəcəyini dedi. Hadisə baş verən gün Nəcməddin zəng vurub İbrahimi Azərin bağ evinə çağırdı. İşığı olmayan qaranlıq otağa keçib qapının arxasında dayandım. Bir qədər keçmiş qapı açıldı, hündürboylu bir kişi içəri girdi. Baltayla onun baş nahiyəsinə zərbə endirdim, yerə yıxıldı, bıçaqla sinəsindən vurdum. Alışqanın fənərini yandıranda Elməddinlə Nəcməddinin evə sarı gəldiklərini gördüm”.

V.Dadaşovun ifadəsinə görə, İbrahimi qətlə yetirdikdən sonra Elməddingilə "öldürdüm, bundan sonra nə edəcəksinizsə, edin” deyib: "İbrahimi öldürdükdən sonra yolda Nəcməddin mənə onun Elməddinin doğma atası olduğunu, kişilərlə yaxınlıq etdiyini dedi. Elməddin özü də bunu təsdiqlədi. Evə gələndən sonra qanlı paltarlarımı sobaya atıb yandırdım. Nəcməddin və Elməddin dedilər ki, izi itirmək üçün meyiti ya basdırmaq, ya da yandırmaq lazımdır. Dedim, heç birini eleməyəcəyəm. Əvvəldən danışdığımız kimi ancaq öldürmək işini həll etmişdim, qalan işləri Elməddin və Nəcməddin görəcəkdilər. Elməddin onunla birlikdə getməyim üçün yalvardı. Özümüzlə iki litrlik qabda benzin götürüb həmin yerə gəldik. Elməddin maşın təkərini evin içinə atıb üstünə benzin səpdi, alışqanla yandırdı. Biz ordan aralananda gördük ki, ev od tutub yanır”.

Məhkəmənin bu ziddiyətlərdən hansına inanacağını prosesin sonrakı gedişi göstərəcək. Hərçənd qeyd olunmalıdır ki, qətlə yetirilən şəxsin homoseksual olduğu və oğulun da bu səbəbdən  atasından yaxa qurtarmağa can atmasına dair tutarlı dəlillərin olduğu məlumdur...

İnarə Rafiqqızı



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}