15 il azadlıqdan məhrum edilən azadlıqda necə gəzir?

Elman Tağıyevi kimlər himayə edir?

Bu gün, 24 fevral 2016 - ci il tarixində Bakı Apellyasiya Məhkəməsində Faiq Adil oğlu Qasımovun sədrliyi ilə baxılacaq 1(103)-39/16 saylı cinayət işi Azərbaycan hüquq sisteminin tarixinə qara bir ləkə kimi düşəcəyinə şübhə yoxdur. Bu hələlik Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin qəralarının ədalətli olmaması ilə bağlı deyil. Çünki, hakimlərin qərarlarının nə olacağı yalnız fevralın 24-də, saat 3-də başlayacaq məhkəmə iclasının sonunda bəlli olacaq. Ancaq buna baxmayaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin Tağıyev Elman Həsənqulu oğlu, Minəçeva Roza Yakovlevna, Məhərrəmov Soltan Kərim oğlu və Əzizov Çingiz Əziz oğlu haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2014-cü il tarixli Hökmündən verilən apellyasiya protesti və apellyasiya şikayətləri üzrə Bakı Apellyasiya Məhkəməsində baxılacaq işin gələcəkdə hüquq tarixi ilə bağlı dəsrliklərə salınacağı şübhəsizdir. Çünki Cinayət Məcəlləsinin 178. 3.2, 213.2.2 və 313 maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilən "Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və sədri olmuş Tağıyev Elman Həsənqulu oğlu bu gün Bakı Apellyasiya Məhkəməsində hakimlərin qarşısına çıxarılmayacaq. Çünki, o digər müttəhimlərdən fərqli olaraq həbsxana divarları arasında deyil. Burada hörmətli oxucuda belə bir təəssürat yarana bilər ki, 15 il müddətinə azadlıqdan məhrum edilmiş Elman Tağıyevin orqanizmi bu cəzaya dözməyib və xəstələnib, buna görə də apellyasiya şikayəti üzrə keçirilən Məhkəmə iclasında iştirak edə bilməyəcək. Ancaq hörmətli oxucu yanılır. Çünki, Elman Tağıyev xəstə-filan deyil. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə, hakimlər Ramella Allahverdiyeva və Tamila Nəsrullayevadan ibarət məhkəmə heyyətinin 15 il müddətinə azadlıqdan məhrum etdiyi Elman Tağıyev məhkəmə salonundan həbsxanaya göndərilməyib. Çünki, bundan əvvəl 2012-ci ilin 19 mart tarixində hakimlər yalnız özlərinə məlum səbəbdən Elman Tağıyev haqqında 21 oktyabr 2011-ci ildən həbs qətiimkan tədbirini ləğv edərək, onu ev dustaqlığı ilə əvəz ediblər. Bununla da kifayətlənməyən hakimlər 17 aprel 2012-ci il tarixində ev dustaqlığı əvəzinə başqa yerə getməmək haqqında qətiimkan tədbiri seçiblər. Bundan sonra hansı ağılsız 15 il müddətinə mühakimə olunacağını bilə-bilə məhkəmə zalına gələr? Elman Tağıyev də məhz belə davranıb və Bakı Ağır Cinayətlər Məhkəməsində hakimlər onu 15 il müddətinə azadlıqdan məhrum edəndə, "Birlik İnşaat” MMC-nin təsisçisi və direktoru azadlığın dadını çıxarmaqla məşğul idi. Əlbətdə ki, ona bu şəraiti yaradan hakimlərin köməyi ilə. Haqqında 15 il azadlıqdan məhrum etmə cəzasının çıxarılmasına imkan verən 178. 3.2 (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddədən göründüyü kimi Elman Tağıyev kimlərinsə külli miqdarda pulunu mənimsəyib. Elman Tağıyev vəzifə səlahiyyətlərindən vətəndaşların etibarından sui-istifadə edərək iki yüzə yaxın insanı aldatmaqla onların pulunu mənimsəyib. Onun bu mənimsəmə əməliyyatı Bakıda yaşanan tikinti zamanı müşahidə olunan dələduzluq sxemindən ibarətdir.

Cinayətkarın məhkəmə zalından sərbəst buraxılması nəyin nəticəsidir?

15 il azadlıqdan məhrum edilən azadlıqda necə gəzir?

 

Dövlət orqanlarının vətəndaşlar qarşısında öz missisyasını yerinə yetirməməsinin nəticəsi olaraq meydana çıxan belə halda Elman Tağıyev kimi dələduzlar insanların mənzilə olan ehtiyacının kəskin olmasından və milli dövlətinə güvənindən, etibarından sui-istifadə edərək öz çirkin əməllərini törədə biliblər. Yenə də dövlət hakimiyyəti orqanlarının öz missiyalarını, vəzifəli şəxslərin vəzifə borclarını yerinə yetirməməsinin nəticəsidir ki, haqqında məhkəmənin 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası çıxarmış Elman Tağıyev bu gün də azadlıqda gəzir. Çox maraqlıdır ki, Elman Tağıyevin cinayətlərinin qurbanları, məhkəmə tərəfindən zərərçəkmiş şəxs kimi tanınmış vətəndaşlarımızın üzləşdikləri hüquqi nihilizmlə bağlı dövlət orqanlarına müraciətləri heç bir nəticə vermir. Elman Tağıyevin cinayətkar əməlinin qurbanlarından biri, 15600 manatı dələduz qurup tərəfindən mənimsənilmiş Bakı şəhər, Məzahir Rüstəmov küçəsi, Babək 94 bina 11, mənzil 46-da yaşayan Əfəndiyev Nadir Əli oğlu üzləşdiyi qanunsuzluq və hüquqi nihilizmlə bağlı başda prezident İlham Əliyev olmaqla Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova ünvanladığı müraciətin nəticəsi Müraciətinin qeydə alınması haqqında Baş Prokurorluqdan aldığı Bildirişdən ibarətdir. Həmin Bildirişdə Nadir Əfəndiyevə bildirilir ki, onun müraciəti Baş prokurorluğa daxil olub və qeydiyyata alınıb. Müraciətə baxılmasının nəticələri haqqında əlavə məlumat veriləcəyi də qeyd olunub. Bəli, hörmətli oxucu, yalnız bu qədər. Bir dələduz yaratdığı cinayət sxemi ilə yüzlərlə insanı aldadır, onların var-dövlətini mənimsəyir, vətəndaşını qorumalı olan dövlət, onu təmsil edən dövlət orqanları isə bu cinayətlərin qarşısını almaq əvəzinə, cinayətkarın məsuliyyətdən yayınmasına da imkan yaradır. Bütün bunlar niyə mümkün olur? Necə olur ki, İmişli rayonun Muradxanlı kəndində dünyaya gəlmiş Elman Tağıyev Bakıda yüzlərlə insanı aldadıb, onların pullarını mənimsəyir və törətdiyi cinayət əməlinə, haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 il müddətində azadlıqdan məhrum etmə cəzası ola-ola necə azadlıqda gəzir? Bu sualların üzərində çox düşünmək də lazım deyil. Hər kəsə məlumdur ki, Elman Tağıyev sıradan bir vətəndaş olsaydı, bu əməlləri törədib, bir gün də azadlıqda qala bilməzdi. Deməli Elman Tağıyevi toxunulmaz edən, onu Azərbaycan qanunlarını ayaqları altına alıb, əzməsinə imkan yaradanlar var. Qeyd edək ki, Elman Tağıyev Milli Televiziya və Radio Şurasının sədri Nuşiravan Məhərəmli ilə əmioğludur. Elmanın qardaşı Rafiq həm də Nuşirəvan Məhərrəmli ilə qudadır. Çox maraqlıdır ki, beş qardaş olan Elmangilin ailəsində qardaşlardan bəziləri Məhərrəmov, bəziləri isə Tağıyev soyadını daşıyırlar. Ona görə də bu qardaşlardan Məhərrəmov soyadını daşıyanlar diqqətdən kənarda qalır. Tağıyev-Məhərrəmov qardaşlarının həm dövlət orqanlarında, həm də biznesdə güclü mövqeləri var. Qardaşlardan biri, Məhərrəm Məhərrəmovun da tikinti maqnatı olması haqqında məlumatlar var. Elmanın başqa bir qardaşı Adilin isə İqtisadiyyat Nazirliyində məsul vəzifə tutması haqqında iddilar da səslənir. Bu qardaşlarla bağlı rast gəldiyimiz başqa bir məlumatda isə Tağıyev-Məhərrəmov qardaşlarından birinin prezident İlham Əliyevin əmisi oğlu Rasim Əliyevlə kirvə olması ilə bağlıdır. Qeyd edək ki, bu günə kimi adı bir qalmaqalda da hallanmamış, tanınmış memar olan Rasim Əliyevin yüzlərlə insanın pulunu dələduzluqla mənimsəyən insan(larla)a hansısa bir münasibətinin olacağı mümkün görünmür. Ancaq o da məlumdur ki, Elman Tağıyev Bakı şəhərində, hüquq-mühafizə orqanlarının gözü qarşısında yüzlərlə vətəndaşı aldadıb, onların on milyon manatdan (söhbət 2011-ci ildən, devalvasiyadan dörd il öncənin pulundan gedir-müəl.) artıq pulunu mənimsəyən bir şəxsin həbs olunduqdan sonra azadlığa buraxılması, sonradan isə hüquq-mühafizə orqanlarının onu "tapa bilməməsi”nin çox güclü səbəbləri olmalıdır. Həmin səbəblərdən biri və birincisi yəqin ki, Elman Tağıyevin dələduzluq yolu ilə insanlardan mənimsədiyi puldur. Görünür, bu pulların önəmli bir hissəsi məhz kimlərisə satın almağa yönəlib. Aldadılan yüzlərlə insanın, onların ailə üzvülərinin qarğış və göz yaşları ilə lənətlənən bu pulların müqabilində Elman Tağıyevə məsuliyyətdən yayınmağa və bu gün azadlıqda gəzməyə imkan yaradanlar hökmən ifşa olunacaqlar. Kömək üçün redaksiyamıza müraciət edən Nadir Əfəndiyevin xahişi üzərinə Elman Tağıyevin dələduzluq əməllərinin arxasında duranları üzə çıxarmaq üçün "Yeni Sözçü” qəzetinin Araşdırma Qrupu geniş araşdırmalara başlayır. İnanırıq ki, bir çox məmurların korrupsiya fəaliyyətini fakt və sənədlərlə ifşa etmiş "Yeni Sözçü” qəzetinin Araşdırma Qrupu Nadir Əfəndiyev və onun kimi yüzlərlə vətəndaşımızın məruz qaldığı dələduzluq əməlinin himayədarlarını ifşa etməyə, Elman Tağıyevin haqq etdiyi cəzanı çəkməsinə öz tövhəsini verəcəkdir.

 

Yeni Sözçü qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}